Məhkəmə qərarları › İş №1(044)-26/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-26/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-26/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məsləhətçi məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakları ilə, 22.08.1983-cü ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin etibarından sui-istifadə edərək və aldatma yolu ilə zərərçəkmiş şəxsin xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünə məxsus “Kapital Bank” tərəfindən verilmiş qızıl kartı hesabında 51000 ABŞ dolları pul olmasını, lakin həmin kartın kilidə düşdüyü üçün hesabından pulu çıxarda bilməməsini, həmin kart hesabına 20000 manat pul köçürüləcəyi təqdirdə 3 gün ərzində kartın kiliddən çıxacağını, kart kiliddən çıxdıqdan sonra verəcəyi 20000 manat pulun müqabilində əlavə 10000 manat artıq pul verəcəyini Şahid vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq 27 avqust 2019-cu il tarixdə təxminən saat 17 radələrində Şahid yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 19000 manat məbləğində, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olmuşdur. Şahid ilə 2019-cu ilin mart ayında tanış olmuşdur. Onunla münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin avqust ayında pula ehtiyacı olduğu üçün Məlahətdən borca 20.000 manat pul istəmişdir. Məlahət də özündə 20.000 manat pulun olmamasını, lakin tanışı Zərərçəkmiş şəxs evini satmasını, hal-hazırda yeni ev almaq istəməsini və ondan alıb borc verə biləcəyini bildirmişdir. 27 avqust 2019-cu il tarixdə Məlahət zəng edərək Anar ilə danışmasını və 20.000 manat pulu vermək üçün onun yaşadığı Gəncə şəhəri, Nizami Rayonu, M.Abbaszadə küçəsinə gəlməsini demişdir. Ona görə də Məlahətin yaşadığı evinə getmişdir. Məlahətin evinə çatdıqdan sonra Anar da həmin evə gəlmişdir. Evdə üçü olmuşlar. Anara adına qızıl kartın olmasını, həmin kartın balansında da 51.000 ABŞ dolları pulun olmasını, lakin kart kilidə düşdüyündən kartın balansından pulu çıxara bilməməsini, həmin qızıl kartının balansına təcili 20.000 manat pul yükləmək lazım olduğunu, pul yükləndikdən sonra isə kartın kiliddən 3 gün ərzində çıxacağını və kart kiliddən çıxdıqdan sonra isə 20.000 manat pulun əvəzində ona 10.000 manat artıq da pul verəcəyini demişdir. Anar təklifi ilə razılaşmışdır. Lakin, Anar 20.000 manat deyil, 19.000 manat pulunun olmasını bildirmişdir. Bu zaman Məlahət də özündə 400 ABŞ dolları və 150 manat pulun olmasını, ümumilikdə 20000 manat pul düzəlməsi üçün həmin pulu da gətirib verəcəyini demişdir. Həmin vaxt 100 ABŞ dollarının dəyəri 170 manat olmuşdur. Məlahətin verdiyi pulu hesablamış ki, 830 manat pul edir. Onlara 170 manat pulun çatmamasını, həmin pulu da özünün tapacağını bildirmişdir. Bundan sonra Anar 19.000 manat pulu Quran kitabının arasına qoymuş və sayıb verməsi üçün Məlahətə vermişdir. Məlahət də həmin pulu saymış və 19.000 manat olmasını görüb, sonra vermişdir. Pulu götürdükdən sonra çıxıb oradan getmişdir. Sonra Zərərçəkmiş şəxs aldığı 19000 manat və Şahid borca aldığını 400 ABŞ dolları və 150 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu evini 2019-cu ilin avqust ayının əvvəllərində 24000 manata satmışdır. Evi satdığı Lumayə adlı qadın ilkin olaraq 20000 manat pul vermiş və evdən nə zaman köçsə, 4000 manat pulu da, həmin vaxt verəcəyini bildirmişdir. Evinin satılmasını da əvvələr tanıdığı Şahid bildirmişdir. Məlahətə bildirməkdə məqsədi isə təzə ev almaqda köməklik etməsi olmuşdur. X3 şəhərində bir neçə evlərə almaq üçün birlikdə gedib baxmışlar. 27 avqust 2019-cu il tarixdə Məlahət tanışı Təqsirləndirilən şəxs Kapital Banka məxsus qızıl kartının olmasını, həmin kartın içərisində 51.000 ABŞ dolları pulun olmasını, lakin kart koda düşdüyündən Əlabbasın pulu kartdan çıxarda bilməməsini, əgər həmin kartın balansına 20.000 (iyirmi min) manat pul yüklənilsə, kartın koddan çıxacağını demişdir. Həmçinin Məlahət təklif etmiş ki, satdığı evinin pulunu həmin kartın balansına yükləsə, kart koddan çıxdıqdan sonra 20.000 manat pulun əvəzində Gəncə şəhərindən 30.000 manat dəyərində ev alacaqdır. Məlahətə 20.000 manat puldan 1000 manatını xərcləməsini, 19.000 manat pulunun qalmasını demişdir. Məlahət də ona 19000 manat pul verməsini, 1000 manat pulu da özünün tapacağını bildirmişdir. Bu məqsədlə 27 avqust 2019-cu il tarixdə Məlahət onu yaşadığı evinə dəvət etmiş və həmin evə getmişdir. X1 da öz evinə dəvət etdiyini bildirmişdir. Həmin günü Məlahətə 19.000 manat pulu sayıb Əlabbasa verməsi üçün saat 17 radələrində Məlahətin yaşadığı Gəncə şəhəri, Nizami Rayonu M.Abbaszadə küçəsində Quran kitabının arasına qoyub vermişdir. Çünki, Əlabbası yaxşı tanımır, Məlahəti isə yaxşı tanıyır və etibar edir. Məlahət də yanında 19.000 manat pulu saymış və Əlabbasa vermişdir. Məlahət pulu almamışdan əvvəl həmin kartdan pulu ən geci 3 günə çıxardıb verəcəyini demişdir. Lakin, bu günə qədər də Məlahət pulunu qaytarmamış və vəd etdiyi kimi 30.000 manat dəyərində ev almamışdır. Hər dəfə Məlahətdən pulunu istədikdə isə müxtəlif bəhanələr gətirərək aldatmışdır. Bu günə qədər 19.000 manat pulunu geri qaytarmamışdır. 19.000 manat pulu Şahid verən zaman yanında Şahid və Təqsirləndirilən şəxs olmuşdur. Ümumilikdə ona 19.000 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq boşanmasa da, həyat yoldaşı ilə təxminən 8 il bundan əvvəl ayrılmışlar. İki oğlu vardır. Oğullarının ikisi də Rusiya Federasiyasında yaşayırlar. Zərərçəkmiş şəxs rəfiqəsinin vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs təxminən 1 il olar ki, Təqsirləndirilən şəxs isə 2019-cu ilin iyul ayından tanıyır. Əlabbasın arvadı Aytən icarəyə verdiyi obyektdə işləyir. Aytənin vasitəsilə də Əlabbası tanımışdır. Zərərçəkmiş şəxs özünə məxsus evini satmasını və yeni ev almaq üçün ev axtarmasını demişdir. Hətta bunun üçün Anar ilə birlikdə Gəncə şəhərində yerləşən evlərə də baxmışlar. 2019-cu ilin avqust ayında Anarla birlikdə ona ev almaq üçün Gəncə şəhərində evlərə baxmışlar. Bu zaman Əlabbas istifadəsində olan telefon nömrəsinə zəng edib harada olmağını soruşmuşdur. Əlabbasa Anarın evini satmasını və ona yeni ev almaq üçün evlərə baxmaqlarını bildirmiş və sağollaşdıqdan sonra telefon əlaqəsini kəsmişlər. Təxminən 1 saatdan sonra Anar ev tapmaq üçün makler yanına getmişdir. Özü isə yaşadığı ünvana gəlmişdir. Təxminən 1 saatdan sonra Əlabbas yaşadığı evinə qonaq gəlmişdir. Əlabbas gəldikdən təxminən 10 dəqiqə sonra da Anar evinə gəlmişdir. Əlabbas və Anar evində söhbət etməyə başlamışlar. Özü isə mətbəxə keçmiş və onlara çay hazırlamışdır. Mətbəxdə olsa da, Əlabbasın Anardan pul istəməyini, həmçinin Anara pulu ona versə, 3 gündən sonra ona 30.000-40.000 manat arası pul verəcəyini deməsini eşitmişdir. Sonra onlara çay gətirmişdir. Əlabbas Anardan 20000 manat pul istəmişdir. Əlabbas Anara qızıl kartının olmasını, həmin kartdan pul çıxartmalı olmasını, kartdan pul çıxartmaq üçün də balansa pul yükləməli olduğunu, kartın balansına pul yükləndikdən 3 gün sonra Anara ev alması üçün 30.000-40.000 manat arası pul verəcəyini demişdir. Anar da hal-hazırda onda 20.000 manat deyil, 19.000 manat pulun olmasını, həmin pulu saxlaması üçün qohumuna verməsini, gedib pulu qohumundan alıb gətirəcəyini bildirmişdir. Anar evindən getmiş və təxminən 30 dəqiqədən sonra pulu gətirib gəlmişdir. Anardan pulu sayıb-saymamasını soruşmuşdur. Anar da pulu verib “götür sən də say” demişdir. Pulu Anardan almış və sayaraq 19.000 manat olmasını görmüşdür. Həmin 19.000 manat pulu sellofana bükmüş və stolun üzərinə qoymuşdur. Əlabbas kartın balansına 20.000 manat yükləməli olduğunu, 1000 manat pulun çatmamasını demişdir. Bu zaman özündə olan 400 ABŞ dolları və 150 manat pulu da Əlabbasa vermişdir. Əlabbas pulu aldıqdan sonra stolun üzərində olan 19.000 manat pulu götürmüş və çıxıb getmişdir. 3 gün keçsə də, Əlabbas Anarın və onun pulunu geri qaytarmamışdır. Əlabbasdan nə üçün pulu geri qaytarmamasını soruşduqda, Əlabbas da müxtəlif bəhanələr gətirərək pulu verəcəyini bildirsə də, bu günə qədər də nə Anarın, nə də onun pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 aprel 2020-ci il tarixli ittiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında qərarın surətindən görünür ki, 22.08.1983-cü ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 3 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və yeri müəyyən edildiyi təqdirdə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim olunması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.04.2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, 10.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 may 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 10.04.2020-ci il tarixdə elan olunmuş ittiham və barəsində həmin tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində rüşvət vermə cinayətinin tərkib əlaməti olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub özgənin əmlakını aldatma yolu ilə ələ keçirməsi öz təsdiqini tapmadığından, bu xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Şahid 23 may 2019-cu il tarixdə 2565 manat, 24 avqust 2019-cu il tarixdə 2655 manat, sonra 700 manat, 27 avqust 2019-cu il tarixdə 400 ABŞ dolları və 150 manat, ümumilikdə 6750 manat borca pul alması xüsusatı mülki xarakterli olduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, iş üzrə Şahid Təqsirləndirilən şəxs 400 ABŞ dolları və 150 manat pul verməsi xüsusatı mülki xarakterli olduğundan, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində hədə-qorxu ilə tələb etmənin əlamətləri müəyyən edilməyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin etibarından sui-istifadə edərək və aldatma yolu ilə zərərçəkmiş şəxsin xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, ...Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Plenum qərarının 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Plenum qərarının 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Odur ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübut növlərini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, bu cinayətin törədilməsində təqsirlidir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 20.11.2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 11 fevral 2021-ci il tarixli № 78/19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-35/2019 saylı, 12.06.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 06 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını 04.02.2020-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 aprel 2020-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-97/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsinin 13.12.2020-ci il tarixli 121-29028-1220 saylı məktubundan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 23.10.2020-ci il tarixdən Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsi tərəfindən axtarışda olan, 22.08.1983-cü ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Asif Yusifov küçəsi, ev 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə Bakı şəhərində tutularaq Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş və 12.12.2020-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 21 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli qərarına əsasən həbs edilərək 18.12.2020-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-26/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-26/2021 saylı 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilməsi, barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsinin 16.04.2021-ci il tarixli 121-12346-1221 saylı məktubundan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 17.03.2021-ci il tarixdən Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsi tərəfindən axtarışda olan, 22.08.1983-cü ildə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Asif Yusifov küçəsi, ev 5-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 16.04.2021-ci il tarixdə Göygöl şəhərində tutularaq həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməmişdir. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdən 17.03.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə və ev dustaqlığında saxlandığı 11 dekabr 2020-ci il tarixdən 17.03.2021-ci il tarixədək olan 3 ay 6 gün müddət, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş ifadələr, protokollar və digər sənədlər cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə cinayət əməli törətmiş şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120(yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Eyni zamanda iş üzrə mülki iddia və məhkəmə xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 11 dekabr 2020-ci il tarixdən 17.03.2021-ci il tarixədək olan 3 ay 6 gün müddət, həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar