Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-26/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X6, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Büsronun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 0.609 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 fevral 2020-ci il tarixdə saat 24 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, A.Sultanova küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nə gətirilmiş və 13 fevral 2021-ci il tarixdə saat 02 radələrində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0.609 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, narkotik vasitə aludəçisidir və 2 ildir ki, narkotik vasitə olan heroin qəbul edir. 12.02.2021-ci il tarixdə gecə saat 24 radələrində Gəncə şəhərində Xanbağının yaxınlığında, yaşadığı evin qarşısında olarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir bükümdə narkotik vasitə olan heroin saxlamış, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, ardınca vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və qanunla qadağan olunmuş əşyanın olubolmadığı soruşulmuş və bu zaman o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyinin içərisində gümüşü rəngli siqaret falqasına bükülmüş qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan narkotik vasitə heroini təqdim etmişdir. Polis əməkdaşları onun vəkilinin iştirakı ilə həmin bükümü açaraq baxış keçirmiş, bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, sellofan kəsiyi və siqaret falqası ilə birlikdə 1 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 5-6 gün əvvəl Gəncə şəhərində, Xan bağının yanından, yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə baxış keçirilməsi isə videokamera vasitəsi ilə qeydə alınmışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nə də ki satmamış, özü istifadə etmək üçün yerdən götürüb üzərində saxlamışdır. Hazırda etdiyi cinayət əməlindən peşmandır. Ailəsinin yeganə qazanc gətirən şəxs kimi ona böyük ehtiyac vardır. Oğlu 44 günlük Vətən müharibəsi veteranı olmaqla qazidir və onun himayəsindədir. Məhkəmədən qeyd edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Gəncə şəhər Nizami RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Nizami RPİ-yə Gəncə şəhəri, Nizami rayonu. A.Sultanova küçəsi, ev 18, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra 12.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə saat 24 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, Xan Bağının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Nizami RPİ-nin əməkdaşları Şahid1 və Şahid3 ilə birlikdə Gəncə şəhəri, Xan Bağına getmiş, onlar orada olarkən Təqsirləndirilən şəxs Xan bağının yaxınlığında A.Sultanova küçəsində yaşadığı evin qarşısında dayandığını görmüş, həmin vaxt yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs Nizami RPİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş siqaret falqa bükümünü təqdim etmiş, həmin bükümə baxış keçirilmiş və içərisindən tünd qəhvəyi rəngli, spesifik kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, həmin büküm sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 1 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı DİN-in 110 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin kakos kimi tanınan narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid3, digər Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 13.02.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində göy rəngli cins şalvarının sağ cibindən salafanın içərisində gümüşü siqaret falqasına bükülmüş bir büküm aşkar edilmişdir. Həmin büküm açılmış, onun içərisindən bükülmüş halda, tünd qəhvəyi rəngli, toz vəziyyətdə, narkotik vasitə “heroinə” oxşar 1 qram çəkidə kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2021-ci il tarixli 16/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 qram narkotik vasitəyə oxşar kütlə” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü rəngli kağız parçası bükümündə təmiz çəkisi – 0.609 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X1 Məhkəmə Narkoloji Ekspertizasının 20 aprel 2021-ci il tarixli 408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan herondən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 14.04.2021-ci il tarixli 1861 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.04.2021-ci il tarixli 1404 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Mikayılov X5 Dispanser qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin oğlu X7 həqiqətən 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla qazidir və döyüşlərdə yaralanaraq İİİ qrup əlildir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur. (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazlıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasına, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9. maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş hərəkətlər narkotik vasitələrin qanunsuz əldə edilməsi kimi qiymətləndirilməlidir. Həmin Qanunun 1.0.10 maddəsinə əsasən məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş hərəkətlər onların qanunsuz saxlanması kimi qiymətləndirilməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan heroinin tapılması və öz sərəncamında saxlanılması onun tərəfindən narkotik vasitənin saxlanması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, təmiz çəkisi 0.609 qram olan narkotik vasitə heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12.02.2020-ci il tarixdə saat 24 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, A. Sultanova küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0.609 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətində təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin istintaq materiallarında olan digər sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.04.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Gəncə Apellyasiya Məhkəməsinin 03.09.2019-cu il tarixli qərarı ilə 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-194/2021 nömrəli 20.12.2021-ci il tarixli Qərardan görünür ki, Təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublkası Milli Məclisinin 5 npyabr 2021-ci tarixli Qərarı tətbiq edilmiş və o, Gəncə Apellyasiya Məhkəməsinin 03.09.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, məhkum X3 üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1. maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə peşman olmasını, özünün yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını, oğlu X4 Vətən müharibəsi iştirakçısı olmaqla qazi olmasını və onun himayəsində olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını),təqsirkarın şəxsiyyətini (müsbət xasiyyətləndirilməsini), habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddət azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddini müəyyən edərkən, aşağıdakı diqqətə layiq halların xüsusilə qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0.609 qram narkotik vasitə olan heroin Xanbağının yaxınlığından tapılmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı həmin miqdarda heroinin təqsirləndirilən şəxs tərəfindən alınması və ya təqsirləndirilən şəxsin satmaq niyyətində olması heç bir sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, çəkisi 0.609 qram narkotik vasitə olan heroinin tapılması törədilmiş cinayətin daha böyük ictimai təhlükəliliyə malik olmasını istisna edir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs himayəsində qazi İİİ qrup əlil oğlu X8 vardır. Belə olan halda məhkəmə təyin ediləcək cəzanın həddini müəyyən edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq həmin cəzanın təqsirləndirilən şəxsin ailəsinə təsirini xüsusilə qeyd edir. Ona görə də məhkəmə cinayət qanunvericiliyinin humanizm prinsipini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmılıdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamına əsasən cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14.02.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət- Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 0.559 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxışı özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 7 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2021-ci il tarixdən 14 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, A. Sultanova küçəsi 18 nömrəli evin 6 nömrəli mənzilini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq qalmış 0.559 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxışı özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəziVÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-26/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-26/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver