Məhkəmə qərarları › İş №1(044)-27/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-27/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-27/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakı ilə, xx.xx.1973-cü ildə Xanlar rayonu Sarı-Su kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şahid1 təsisçisi olduğu “İnformasiya-Press” qəzeti və “İnform- Xəbər” Beynəlxalq İctimai, Siyasi, Ədəbi-Bədii Hüquq jurnalı mətbu nəşrində 23.02.2020ci il tarixdən 30.03.2020-ci il tarixədək olan müddət ərzində sınaq müddəti ilə sürücümüxbir vəzifəsində çalışarkən həmin tarixlər arasında etibarlılıq müddəti müəyyən edilməklə Şahid1 tərəfindən onun adına verilmiş “İnformasiya-Press” qəzeti və “İnform- Xəbər” Beynəlxalq İctimai, Siyasi, Ədəbi-Bədii Hüquq jurnalına məxsus hüquq verən sürücü-müxbir vəsiqəsini etibarlılıq müddəti bitdikdən sonra sınaq müddətinin uzadılmamasına baxmayaraq, respublika ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar yaradılmış stasionar polis postlarında istifadə edib imtiyaz əldə etmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və yerdə rəqəmsal texniki qurğu vasitəsi ilə axınlı çap üsulu ilə etibarlılıq müddətini 31.12.2021-ci il tarixədək, vəzifəsini isə xüsusi müxbir olaraq dəyişdirməklə saxtalaşdırmış, 20.01.2021-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi VAZ 2107 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, F.Həsənov küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməyərək yol hərəkət qaydasını pozduğuna görə həmin küçədə xidmət aparan Gəncə şəhər DYPŞ-nin ƏYXB-nin polis baş serjantı Şahid2 tərəfindən saxlanıldıqda inzibati məsuliyyətdən azad olunmaq barədə imtiyaz əldə etmək üçün sonuncuya təqdim edərək istifadə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər isə özünə məxsus VAZ 2107 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan isə həmin avtomobili satmışdır. 2019-cu ilin dekabr ayından müştəri kimi Şəlalə adlı qadını tanımışdır. Belə ki, Şəlalə adlı qadın jurnalist kimi fəaliyyət göstərmişdir. O, Şəlaləni Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin yanından bir neçə dəfə evlərinə, yəni Gəncə şəhəri, Poçt qəsəbəsinə aparmışdır. Beləcə onların tanışlığı yaranmışdır. Həmin müddət ərzində Şəlalə ona çalışdığı redaksiyada sürücü kimi işləməyi təklif etmişdir. O isə Şəlalə ilə razılaşmışdır. Şəlalə onu redaksiya müdiri Azər adlı şəxslə tanış etmiş və o, Gəncə şəhərində çayxanada Azərlə görüşüb iş barədə danışmışlar. Azər onu öz avtomobili ilə sürücü kimi rəhbərlik etdiyi “İnformasiya-press” və İnform-Xəbər”Beynalxalq, ictimai, siyasi, ədəbi-bədii hüquq qəzet və jurnalı” adlanan qəzet redaksiyasına işə götürmüşdür. Belə ki, Azərlə danışıqlarına əsasən, o, jurnalist kimi çalışan Şəlalə adlı qadının sürücüsü işləyəcəyini və qarşılığında Şəlalənin ona hər gün xidmət haqqı kimi 15-20 manat pul verməli olmuşdur. Bununla yanaşı, Azər ona qəzetin sürücü-müxbiri kimi fəaliyyət göstərməyi üçün xidməti vəsiqə də verəcəyini bildirmişdir. Bunun üçün Azər ondan 10 manat pul almış, bir neçə gün sonra, yəni təxminən 2019-cu ilin dekabr ayının sonlarında Azər öz yaşadığı evində, yəni Gəncə şəhəri, Məhsəti qəsəbəsində ona üzərində iri hərflərlə “Press” sözü və onun fotoşəkli, şəxsi məlumatları, eləcə də qəzetin adı həkk olunmuş jurnalist vəsiqəsi vermişdir. Həmin vəsiqədə onun vəzifəsi sürücü-müxbir kimi qeyd olunmuşdur. Həmin vaxtdan sonra o, Şəlalə adlı qadınla sürücü kimi respublikanın müxtəlif rayonlarına gedib-gəlmişdir. Ona verilən vəsiqənin etibarlıq müddəti isə 3 ay həddinə müəyyən edilmişdir. Üç aydan sonra, yəni 30.03.2020-ci il tarixdə vəsiqənin etibarlılıq müddəti bitmişdir. O, həmin vəsiqəni Gəncə şəhərində karantin postlarından keçmək üçün polis əməkdaşlarına təqdim etmiş və polis əməkdaşları onu postlardan buraxmışlar. Sonralar işdən faktiki olaraq ayrılmış və həmin müddətdə ona verilmiş vəsiqənin müddəti də bitmişdir. O, həmin vəsiqədən karantin postlarından keçmək məqsədilə istifadə etdiyi üçün müddəti bitmiş vəsiqəsini dəyişmək qərarına gəlmişdir. Ona görə özünə vəsiqənin etibarlılıq müddəti bitdikdən bir qədər sonra, xatırlamadığı tarixdə kompyter və printerdən istifadə edərək yaşadığı evdə hazırlamışdır. Belə ki, vəsiqənin etibarlılıq müddətini 31.12.2021-ci tarixədək, vəzifəsini isə jurnalist-müxbir kimi dəyişmişdir. Bunu etməkdə məqsədi həmin vəsiqəni polis əməkdaşlarına təqdim edərək postlardan sərbəst şəkildə keçib getmək olmuşdur. Belə ki, o, vəsiqəni karantin postlarında avtomobilin içərsindən polis əməkdaşlarına göstərir, polis isə onu saxlamamışdır. 20.01.2021-ci il tarixədək isə həmin vəsiqəni portalda yoxlamamışlar. 20.01.2021-ci il tarixdə, saat 12 rədalərində Gəncə şəhəri, Ə.Nəzmi küçəsində idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYPŞ-nin xidməti avtomobili ilə xidmət aparan tanımadığı polis əməkdaşları ona işarə verib avtomobilini saxlatmışlar. Həmin vaxt polis əməkdaşları ondan sürücülük vəsiqəsini istəmiş, o isə cibindən həmin jurnalist vəsiqəsini çıxarıb polisə təqdim edərək jurnalist olduğu üçün buraxılmasını xahiş etmişdir. Polis əməkdaşlar portalda həmin vəsiqəni yoxladıqda portalda məlumatlar çıxmadığı üçün onu Gəncə şəhəri Nizami RPİ-yə dəvət etmişlər. O, polis idarəsinə getmiş və orada vəsiqəni təqdim edərək izahat vermişdir. Bundan başqa o, vəsiqəni saxtalaşdırarkən yanında başqa heç kim olmamış, o cümlədən ailə üzvləri bundan xəbərsiz olmuşlar. Sonradan kompyuter və printer qurğularını xatırlamadığı şəxsə satmışdır. Bundan başqa o, Şəlalə adlı şəxsin mobil nömrəsini və yerini bilmir. Qeyd olunan redaksiyada işdən ayrıldıqdan sonra Şahid1 ondan vəsiqəni geri tələb etmiş, o isə saxtalaşdırdıqdan sonra vəsiqənin əslini Azərə qaytarmışdır. Vəsiqəni saxtalaşdırmasından Azər və Şəlalənin məlumatları olmamışdır. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2008-ci ildən DİO-da və tutduğu vəzifədə çalışır, polis baş serjantı xüsusi rütbəsini daşıyır. 20.01.2021-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, F.Həsənov küçəsində ekipaj yoldaşı Şahid3 ilə birlikdə xidmət apararkən VAZ 2107 minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etməyərək yol hərəkəti qaydasını pozduğuna görə işarə verilərək tərəflərindən saxlanılmışdır. O həmin sürücüyə yaxınlaşaraq özünü təqdim edib avtomobilə və özünə aid olan sənədləri təqdim etməsini xahiş etmiş, adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi həmin sürücü isə sürücülük vəsiqəsi və avtomobili idarə etməyə dair müvafiq sənədləri təqdim etmək əvəzinə ona üzərində özünün fotoşəkli olan 09 nömrəli jurnalist vəsiqəsini təqdim edərək həmin vəsiqədə qeyd olunan mətbuat orqanının jurnalist-müxbiri olduğunu bildirmişdir ki, protokol yazılmasın və hərəkətini davam etdirməsinə icazə verilsin. Həmin vaxt respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılmış və xüsusi buraxılış rejimi tədbiq edilmişdir. Ona görə də, o, həmin sürücünün anket məlumatlarını portal sistemində yoxlamış və xüsusi icazəsinin olmadığını müəyyən etmişdir. Qeyd edilən jurnalist vəsiqəsinin saxta olması barədə şübhələr yarandığına görə vəsiqənin saxta olub-olmamasını müəyyən etmək üçün həmin şəxsi idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhər Nizami RPİ-yə gətirib növbətçi hissəyə təhvil vermiş və bu barədə raport yazmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə təqdim edərək ibtida istintaqda vermiş olduğu ifadəsini təsdq etdyini bildrmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, 2015-ci ildən “İnformasiya-Press”, “İnform- Xəbər” qəzet və jurnal redaksiyasının təsisçisi-rəhbəri vəzifəsində çalışır. Təsisçisi olduğu redaksiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və rəsmi fəaliyyət göstərir. Redaksiyanın hal-hazırda 10-12 nəfər işçisi var. Onların fəaliyyəti respublika ərazisində baş verən ictimai-siyası hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, mövcud problemlər, onların həlli yolları və s. bu kimi məsələlərdən ibarətdir. 2020-ci ilin yanvar-fevral aylarında Şəlalə adlı qadın redaksiyaya gəlib müxbir kimi fəaliyyət göstərdiyini, jurnalistikadan məlumatlı olduğunu bildirib işə qəbul olunmağı xahiş etmiş, o isə Şəlalə haqqında maraqlanıb həqiqətən yaxşı işçi olduğunu müəyyən etmişdir. Ona görə də, o, sınaq müddəti ilə Şəlaləni daxil əmrlə işə götürmüşdür. Şəlalənin fəaliyyəti regionlara gedib ictimai-siyası məsələləri işıqlandırmaq olmuşdur. Bir müddət sonra Şəlalə onu İltifatla tanış edərək İltifatın sürücü kimi redaksiyaya işə qəbul olunmasını xahiş etmiş, o isə Şəlalənin regionlara gedib-gəlməsində avtomobilə ehtiyacı olduğundan İltifatı daxil əmrlə sınaq müddəti ilə, yəni 23.02.2020-ci il tarixdən 30.03.2020ci il tarixədək redaksiyaya sürücü-müxbir kimi işə qəbul edərək sonuncuya üzərində redaksiyanın möhürü olan vəsiqə vermişdir. Belə ki, həmin vəsiqənin üzərində “Press” sözləri, Təqsirləndirilən şəxs şəxsi məlumatları və vəzifəsi, vəqisənin nömrəsi əks olunmuşdur. Təqsirləndirilən şəxs işə qəbul olunduqdan sonra özünün “VAZ” markalı avtomobili ilə Şəlaləni regionlara aparıb-gətirmişdir. 2020-ci ilin mart ayından İltifat müxtəlif bəhanələr gətirərək işə çıxmaqdan imtina etmişdir. Ona görə də o, İltifatla sınaq müddətini uzatmamış, yaxud İltifatı əmək müqaviləsi ilə işə qəbul etməmiş, verdiyi vəsiqəni geri tələb etmişdir. İltifat onun tələblərinə baxmayaraq, vəsiqəni təqdim etməkdən imtina etmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun verdiyi vəsiqənin etibarlılıq müddətini və vəsiqədə yazılmış vəzifəsini təhrif edib saxtalaşdıraraq karantin postlarından keçmək üçün istifadə etmiş, həmçinin avtomobilini saxlayan polis əməkdaşlarına təqdim edərkən ifşa edilmişdir. Hətta İltifatın özü eyni məqsədlə oğlunun adına da vəsiqə tərtib etməsini ondan xahiş etmiş, lakin o bundan imtina etmişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qəzet və jurnal redaksiyasının adından vəsiqə verə bilər. Möhürü də var. Tərtib edilən vəsiqələrin dizaynerliyini özü edir və tərtib edilmiş vəsiqənin üzərində möhürünü vurur. Təqsirləndirilən şəxs verdiyi vəsiqənin əsli İltifatın özündə qalmışdır. İltifat ona vəsiqə qaytarmamışdır. Təqsirləndirilən şəxs verdiyi vəsiqəni Bakı şəhərində bu işlə məşğul olan şəxsə tərtib etdirmişdir. İltifat əvvəllər müxbir kimi çalışdığını bildirdiyi üçün o, İltifata həm sürücü, həm də müxbir kimi çalışması üçün vəsiqə vermişdir. Həmin vəsiqə sürücü Təqsirləndirilən şəxs müəyyən tədbirlərdə müxbirlə birlikdə çəkilişlərdə iştirak etmək, tədbirlərə qatılmaq səlahiyyəti vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 20.01.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində özünün şəkli, həmçinin üzərində “ “Press” Azərbaycan KİV “İnformasiya-Press”, “İnform-Xəbər”, Beynəlxalq, ictma, siyasi, ədəbi,-bədi hüquq qəzet və jurnalı, Vəsiqə N 09, Təqsirləndirilən şəxs, vəzifəs xüsusi müxbir, etibarlıdır 31.12.2021” sözləri yazılmış vəsiqəsini Gəncə şəhəri Nziami RPİ-nin inzibati binasında təqdim etmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.03.2021-ci il tarixli, 5/133- 137 nömrəli sənədlərin məhkəmə texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 09 nömrəli vəsiqənin blankı və üzərindəki möhür əksi rəqəmsal texniki qurğu (çoxaldıcı qurğu, printer) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş möhürdə “Azərbaycan Respublkası Beynəlxalq İctimai… hüququ..” (nöqtələr görünməyən hərfləri bildirir) məzmunlu mətn vardır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 13.04.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 15.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş tutulmuş və 15.04.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakmiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş 801 nömrəli 21.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Əziz Nəzərov küçəsi 4 saylı binanın 25 nömrəli mənzilində yaşadığı müddət ərzində onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X2 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.04.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 53.65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd saxta jurnalist vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, islah işləri cəzasının bir gününə dörd gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra idarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd saxta jurnalist vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 53.65 (əlli üç manat 65 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar