Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-274/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri Humanitar kollecində xadimə işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham olunmasına dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10.10.2021-ci il tarixdə, saat 19 radələrində ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı həmin dəhlizdə olan metal boru parçası ilə sonuncunun sol əlindən və bədəninin müxtəlif yerlərindən vuraraq sol əlin 1 barmağının əldaraq sümüyünün sınığı, sol əl və ayaq pəncələrinin qançırları yarası kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2 ilə yaxındır ki, qonşuluqda yaşayan şəxs olaraq tanıyır, sonuncu ilə əvvəllər aralarında heç bir mübahisə və ya ədavət olmamışdır. 09.10.2021-ci il tarixdə anası və qardaşı onun yaşadığı ünvana qonaq gəlmişlər, həmin gün özü binanın qarşısına çıxan zaman Nargilənin nalayiq sözlər danışa-danışa binaya girdiyini görmüşdür. O, özü anasından Nargilənin onlara bu sözləri dediyini soruşan zaman onun anası Nargilənin binanın qarşısında itlərə və anasının gölməçəyə düşdüyünə əsəbləşdiyi üçün onların ünvanına nalayiq ifadə işlətdiyini demişdir. Həmin gün o, özü heç nə etməmiş və anasigilə qonaq getmişdir. Səhəri gün, yəni 10.10.2021-ci il tarixdə axşam saat 19 radələrində o, Nargiləgilin dəhlizindən qonşuluqda yaşayan bibisi Qənirənin səsinin gəldiyini eşitmiş və söhbət etdiklərini görmüşdür. O, özü həmin dəhlizə keçmiş və Nargilədən onun qardaşı və anasını tanımadığı halda niyə nalayiq ifadə işlətdiyini soruşmuşdur. Nargilə isə əvvəlcə danmış, lakin daha sonra isə yaxşı etdiyini demiş və onun ünvana daha da nalayiq ifadə işlətmişdir. Bu vaxt artıq o, özündən çıxmış və aralarında mübahisə yaranmış, mübahisə vaxtı bir-birlərinə əl-qol atmışlar, Nargilə onun saçından, özü isə Nargilənin saçından tutmuşdur. Bu vaxt Nargilə dəhlizdə sökülü olan mebelinin metal boruya bənzər hissəsini əlinə alaraq onun kürək nahiyyəsindən vurmuş, o, isə həmin boru parçasını Nargilənin əlindən alaraq saçını buraxması üçün həmin boru parçası ilə sonuncunun ayaqlarına vurmuşdur. Həmin vaxt bibisi Qənirə və Nargilənin anası Büllur onları ayırmış, mübahisə zamanı Nargilə də onun bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Baş vermiş mübahisə təxminən iki-üç dəqiqə davam etmişdir. Hazırda o, etdiyi əməldən peşmandır. Sonda o, ərizə təqdim edərək 05.11.2021-ci il tarixli amnistiya aktını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, anası İsmayılova Büllür ilə birlikdə yataqxanada yaşayır, bir dəhlizdə bir neçə mənzil olmasına baxmayaraq yaşadıqları mənzil olan dəhlizdə onlardan başqa heç kim yaşamır, yəni həmin dəhlizi onlardan başqa heç bir qonşu istifadə etmir. Təqsirləndirilən şəxs onunla eyni mərtəbədə yaşayır, sonuncu ilə ədavəti və ya düşmənçiliyi yoxdur, əvvəllər aralarında heç bir mübahisə olmamış, təxminən bir həftə əvvəl başqa bir qonşu ilə aralarında olan sözlü mübahisəyə Aytən müdaxilə edərək ona cavab qaytarmış, ilk sözlü mübahisə həmin vaxt olmuşdur. 09.10.2021-ci il tarixdə o, özü yaşadığı binaya gələn zaman Aytənin yanına qonaq gələn qardaşı binanın qarşısında bir tərəfdə avtomobili saxlamış, bir tərəfdə isə itləri yemlədiyi üçün narazılığını bildirərək keçməyə yer olmadığını demişdir. 10.10.2021-ci il tarixdə isə axşam saatlarında Aytənin qonşuluqda, yəni üst mərtəbədə yaşayan bibisi Qənirə onu çağırmış, sonuncu ondan şkafı niyə söküb dəhlizə qoyduğunu soruşmuş, o, şkafı digər evə köçürmək istədiyini demiş, Qənirə şkafı almaq niyyəti olduğunu bildirmişdir. O, Qənirə ilə mebel haqqında söhbət edən zaman anidən Aytən oraya gəlmiş və onun anasını tanıyıb-tanımadığını və niyə onun anası ilə qardaşına nəsə dediyini soruşmuşdur. O, binanın qarşısında keçməyə yer olmadığı üçün sonuncunun qardaşından iti kənara qovmağı xahiş etdiyini demiş və sadəcə keçmək istədiyini, orada palçığa yıxıldıqları üçün irad bildirdiyini va "haranın dəlisi var bura gələr" sözünü dediyini bildirmişdir. Aytən ona nalayiq ifadə işlətmiş, o, da cavabında Aytənə nalayiq ifadə işlətmişdir. Bu vaxt Aytən sinəsindən onu itələmiş, o, da Aytəni itələyərək oradan getməsini demişdir. Həmin vaxt Aytən onların dəhlizində sökülü olan mebelinin metal boruya bənzər hissəsini əlinə alaraq onun bədəninin müxtəlif yerlərindən vurub onu döymüşdür. Bu vaxt əvvəlcədən orada olan Aytənin bibisi, yəni Qənirə və onun anası Büllur onları ayırmağa çalışmışlar. Qənirə ayırmaq üçün onu tutmuş, ayırmağa çalışan anası Büllur isə ortada qalmışdır. Aytəm onun qolunun sol bilək nahiyyəsindən xəsarət yetirmiş, o, Aytənin ancaq saçından tutub dartmış, bundan sonra isə mübahisə bitmişdir. O, özü DİN-in 102 xidmətinə məlumat vermiş, baş vermiş mübahisə 1-2 dəqiqə çəkmiş, həmin vaxt orada özü, anası X1, Aytən və sonuncunun bibisi Qənirə olmuşdur. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, sonuncudan şikayətçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünün Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir, 05.11.2021-ci il tarixli Amnistiya aktını nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Müdafiəçi da hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs mövqeyi ilə razı olduğunu, onun barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 16.10.2021-ci il tarixli DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatinda olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 14-cü hissəsiə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12 və 9.1-ci bəndlərinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12 və 9.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12 və 9.1-ci bəndləri tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-274/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-274/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver