Məhkəmə qərarları › İş №1(044)-279/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-279/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-279/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.213 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 12.07.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Bizim Çörəkçi” adlanan ərazidə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nin polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan tünd göy rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd sellofan torbacığın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.213 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elаn edilmiş ittihаm üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan “kakos” kimi tanıdığı heroindən 5-6 aydır ki, iynə vurma yolu ilə istifadə edir. O, yaşadığı Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi 1ci dalanda yerləşən küçədə piyada gəzərəkən küçənin girişindəki tut ağacının altından 1 ədəd şəffaf sellofan torbacıq diqqətini cəlb etdiyi üçün yerdən götürərək içərisinə baxmışdır. Həmin sellofan torbanın içərisinə baxan zaman “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüş, daha sonra ətrafa baxaraq heç kəsin onu görmədiyindən əmin olduqdan sonra narkotik vasitə olan heroini özü qəbul etməyi üçün üzərində saxlamışdır. 2021-ci ilin iyul ayının 12-də saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim çörəkçi” adlı çörək sexinin yaxınlıığında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Nizami RPB-nə gətirmişlər. Polis bölməsində ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmiş, bundan sonra o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları və adını sonradan bildiyi Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini bildirmişlər. O, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofanı təqdim etmiş, 1 ədəd şəffaf rəngli sellofan torbada olan narkotik vasitə olan heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş və çəkisi 0.33 qram olmuşdur. Həmin kütlə qablaşdırılıb möhürlənərək iştirakçılar və onun tərəfindən üzəri imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş o və iştirakçılar protokola imza etmişdilər, həmin vaxt video çəkiliş çəkilmişdir. O, polis əməkdaşlarına üzərindən aşkar edilmiş narkotik vasitəni 3-4 gün bundan əvvəl yaşadığı Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsindən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. O, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nə də satmamış, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, uşaqlarının talessemiya xəstəsi olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, bir daha belə əmələ yol verməyəcəyini bildirib ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən X7, 2021-ci ildən isə Gəncə şəhər Baş Polis Nizami RPB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 12.07.2021-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi,M.C.Paşayev küçəsində yerləşən “Bizim Çörəkçi” adlı çörək sexinin yaxınlığında onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPByə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmiş, Gəncə şəhər BPİ-nin Nizami RPB-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçi1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, bundan sonra onlar tərəfindən üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra təqdim etdiyi 1 ədəd şəffaf rənfli sellofana bükülmüş büküm onların iştirakı ilə baxış keçirilmiş və 1 ədəd şəffaf rəngli sellofanun içərisindən qəhvəyi rəngli,toz halında ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edildimişdir. Həmin kütlə sellofan büküm ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin sellofan büküm ilə birlikdə ümumi çəkisi 0.33 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitən olan heroinə bənzər kütləni yaşadığı küçənin yaxınlığında tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirmiş, bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 12.07.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 14.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 14.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 12.07.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və DVD diskdəki görüntülərdən məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin TB-nin təhqiqatçısı polis kapitanı X1, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan torbacıqda tünd qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan “heroin”-ə oxşar kütlə aşkar olunaraq həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və büküldüyü kağızla ümumi çəkisi 0,33 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdəki narkotik vasitəyə oxşar olan kütlələr zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin 182 saylı möhürü ilə möhürlənərək üzəri iştirkçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsindən verilmiş 13.07.2021-ci il tarixli, 16/686 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş yazı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısının İ bəndinə daxildir. (Heroinin ümumi təmiz çəkisi – 0.213 qr., tədqiqata sərf edildi – 0.06 qr., qalıq – 0.153 qr.) Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - məhkəmə-narkoloji ekspertizasının 21.08.2021-ci il tarixli, 981 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Gəncə şəhər Narkoloji Dispanserin 13.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 01.08.2018-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. - Gəncə şəhər Psixonevroloji Dispanserin 13.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 22.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - İcbari Tibbi Sığorta üzrə X11 ərazi X3 Milli Hemotologiya və X4 bankının Gəncə bölməsinin 15.12.2021-ci il tarixli 50 saylı arayışından görünür ki, X9 həqiqətən MQB-nın Gəncə bölməsindən 2006-cı il tarixdən B-talassemiya böyük forma diaqnozu ilə qeydiyyatdadır və o vaxtdan mütamadi olaraq hematransfuziya alır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Talassemiya Mərkəzinin 1789/12 saylı tibbi kartadan çıxarışdan görünür ki, X6 həmin Mərkəzdə “β-talassemiya kiçik forma” klinik diaqnozu ilə müalicə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hər iki uşağının talassemiya xəstəsi olmasını, ailəyə qazanc gətirən yeganə şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14.07.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan 06 gün çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddənin ekspertizadan sonrakı qalığı – 0.153 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik maddə ekspertizadan sonrakı qalığı – 0.153 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə baxış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar