Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-30/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 15 avqust 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1da qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1, 234.1 və 263.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1, 234.1 və 263.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq saxlamaqla epidemiya əleyhinə rejim və karantin rejimini pozmuş, həmçinin yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,355 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib bir ədəd polietilen sellofanda siqaret falqasına bükülmüş halda qablaşdırıb qanunsuz olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibində, 4,925 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini isə idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin salonunda, sürücü əyləşən oturacağın ayaqaltı rezininin alt hissəsində olan “kent” markalı siqaret qutusunun içərisində saxlayaraq daşımış, 07 aprel 2020-ci il tarixdə saat 18 radələrində özünün və nəqliyyat vasitəsinin şəhər ərazisində hərəkətinə müvafiq icazə olmadan “COVİD-19” pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən epidemiya əleyhinə və karantin rejimi qaydalarını pozub idarə etdiyi özünə məxsus “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə aşağı istiqamətdə olub yolun sağ hissəsində dayanan zaman Gəncə şəhəri Nizami rayon polis idarəsinin Nizami polis bölməsinin sahə rəisi vəzifəsində işləyən Şahid1 ona yaxınlaşıb epidemiya əleyhinə və karantin rejiminin tələblərinin yoxlanılması ilə əlaqədar Gəncə şəhəri ərazisində hərəkəti ilə bağlı müvafiq icazə sənədini təqdim etməsini tələb edərkən, hərəkəti üçün müvafiq icazəsi olmadığına görə avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmaq məqsədilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə üzü Gəncə şəhəri, M.Bağırov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək həmin vaxt Gəncə şəhəri, Ə.Əliyev küçəsində xidmət aparan Gəncə şəhər BPİ-nin X6 şöbəsinin əlahiddə yol patrul xidməti bölüyünün yol patrul inspektoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və Gəncə şəhər BPİ-nin xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 ekipaj kimi əyləşdikləri, dayanmış vəziyyətdə olan Gəncə şəhər BPİ-nin X6 şöbəsinin balansındakı “BMV” markalı, **-YP-*** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinin ehtiyatsızlıqdan arxa hissəsinə çırpılmaqla toqquşmuş, nəticədə sürücüsü Zərərçəkmiş şəxs1 Vİİ boyun fəqərəsinin sol yan çıxıntısının xətti formalı sınığı qismində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sol əlin üst səthinin yarası, döş qəfəsinin ön səthinin qançırı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurulmasına və Gəncə şəhər BPİ-nin X6 şöbəsinin balansında olan BMV” markalı, **-YP-***dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 10.034 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin Gəncə şəhəri Nizami rayon polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri Nizami rayon polis bölməsinin inzibati binasına gətirilib 07 aprel 2020-ci il tarixdə saat 19 radələrində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi olmadan üzərində daşıyaraq saxladığı bir ədəd sellofana bükülmüş 2,355 qram çəkidə narkotik vasitə olan heroin, həmin tarixdə saat 20 radələrində isə idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda, sürücü əyləşən oturacağın ayaqaltı rezininin alt hissəsində olan “Kent” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofanda siqaret falqasına bükülmüş halda 4,925 qram çəkidə olmaqla ümumilikdə 7,280 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1, 234.1 və 263.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə münasibətdə əməlində cinayət tərkibi müəyyən edilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234. 1 və 263.1-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində isə onun təqsirliliyi iş üzrə dindirilmiş zərərəçkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci maddələri ilə təqsirli bilmədiyini, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə təqsirli bildiyini göstərərək ifadəsində bildirmişdir ki, o, heç bir yerdə rəsmi olaraq işləmir. Əvvəllər narkotikdən istifadə etmişdir. 07.04.2020-ci il tarixdə saat 18 radələrində “İnfiniti FX35” markalı, **-BD-*** nömrə nişanlı avtomaşını ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə köhnə Yevlax avtovağzalı istiqamətində gedən zaman telefonuna zəng gəldiyi üçün yolun kənarında dayanmışdır. Bu zaman tanımadığı polis əməkdaşı ona yaxınlaşıb icazə alıbalmadığını soruşduqda tez avtomobilini işə salıb oradan uzaqlaşmışdır. O, Ə.Əliyev küçəsində “Korona virus”-la əlaqədar karantin postu qurulmuş Ə.Əliyev prospektinin “Neon” firması yaxınlığında xidmət aparan Gəncə şəhəri BPİ-nin DYPŞ-nin yol patrul maşınının yolun mərkəz hissəsində dayandığını görmüşdür. O, sürətlə hərəkət edərək avtomaşınını sürmüş, bu zaman qarşı tərəflə hərəkətdə olan ağ rəngli “Qazel” markalı avtomaşını ötmək istədikdə idarə etməni itirərək xidmət aparan Yol Patrul Xidməti avtomaşınını arxa hissəsindən vurmuşdur. O, tutulacağından qorxub oradan düşüb qaçmışdır. Təxminən 30 metr qaçdıqda polis əməkdaşları ondan şübhələnmiş və arxasıca qaçıb onu tutmuşlar. Sonra onu Nizami Rayon Polis Bölməsinə gətirmiş və Nizami RPB-də onun üzərinə baxış keçirmək üçün Elmira Həsənova adlı vəkil dəvət etmişlər. Vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə axtarış keçirilən zamanı əynində olan qara rəngli qalın parçadan olan idman gödəkcəsinin sol yan cibindən heroin aşkar edilmişdir. Həmin narkotik vasitə ona məxsus deyil, hesab edir ki, həmin narkotik vasitəni onun cibinə qəsdən qoymuşlar. İbtidai istintaq zamanı üzərindən aşkar olunan heroinin əvvəlcə ona məxsus olmadığını bildirsə də, sonradan həmin narkotokin ona məxsus olduğunu bildirmişdir, həmin narkotik vasitənin ona məxsus olmasını tanımadığı polis əməkdaşının ona təzyiq göstərməsi nəticəsində etiraf etmiş, ibtidai istintaq zamanı həm də bildirmişdir ki, həmin narkotik vasitənin ona məxsus olmasından əvvəlcə imtina etməsinin səbəbi üzərinə axtarış keçirilən zaman həmin istintaq hərəkətinin video çəkiliş vasitəsi ilə çəkildiyindən onu televiziya vasitəsi ilə göstərəcəklərini düşünmüş və bundan utanmışdır, ancaq sonradan onun üzərinə şəxsi axtarış keçirən zaman video çəkilişin yalnız aparılan cinayət işinin içərisinə qoymaq üçün çəkildiyini vəkili izah etdiyindən o da həmin heroinin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Lakin həqiqətdə həmin heroin ona məxsus olmamışdır. Bundan sonra onun idarə etdiyi avtomaşına da baxış keçirilmiş, baxış zamanı avtomaşınının salonunda olan güzgünün yuxarı hissəsində eynək qoymaq üçün saxlama yerində 6 ədəd tramadol tərkibli psixotrop dərman aşkar edilib götürülmüşdür. Həmin tramadol tərkibli psixotrop dərman da ona məxsus deyil və hesab edir ki, həmin psixotrop dərmanı da qəsdən onun maşınına qoymuşlar. Baxış zamanı onun avtomaşınının ön sol ayaq altı olan rezinin altında kent adlı siqaret qutusunun içərisində olan şəffaf rəngli selofan torbanın içərisində nə isə qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmin kütlə də ona məxsus deyil. Sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2014-cü ildən X1, 2015-ci ildən isə Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX-i inspektoru vəzifəsində işləyir. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı 07.04.2020-ci il tarixdə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Neon”un fabrikiin yaxınlığında Gəncə Şəhər DYPŞ-nin YPXi inspektoru Zərərçəkmiş şəxs2 ilə “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə xidmət aparmışdır. Həmin vaxt avtomobili o, idarə etmiş və bu vaxt yoldan keçən avtomobillərin Gəncə şəhəri ərazisinə icazə sistemi ilə çıxıb-çıxmadığını yoxlamışdır. Həmin gün saat 18 radələrində o və Orxan avtomobildə olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** nömrə nişanlı avtomobili ilə onun idarə etdiyi “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobili arxa hissədən vurmuşdur. Zərbənin təsirindən idarə edtiyi avtomobil yolun kənarına düşmüş, o və Elşən avtomobilin içərisində xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə əhər Nizami RPB-nə aparılmışdır. O da boynunda olan ağrılarla əlaqədar xəstəxanaya aparılmış və boyun nahiyəsindən xəsarət aldığı məlum olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2012-ci ildən X1, 2014-cü ildən isə Gəncə şəhər BPİ-nin XTB-nün polis nəfəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı 07.04.2020-ci il tarixdə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Neon”un fabrikinin yaxınlığında Gəncə Şəhər DYPŞ-nin YPX-i inspektoru Zərərçəkmiş şəxs1 ilə “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə xidmət aparmışdr. Həmin vaxt avtomobili Zərərçəkmiş şəxs1 idarə etmiş və bu vaxt yoldan keçən avtomobillərin Gəncə şəhəri ərazisinə icazə sistemi ilə çıxıb-çıxmadığını yoxlamışlar. Həmin gün saat 18 radələrində o və Anar avtomobildə olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** nömrə nişanlı avtomobili ilə xidmət apardıqları “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobili arxa hissədən vurmuş, zərbənin təsirindən “BMV” markalı avtomobil yolun kənarına düşmüşdür. Bu zaman o və Anar avtomobilin içərisində xəsarət almışlar. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər Nizami RPB-nə aparılmışdır. O da sol əli və sağ qabırğa nahiyəsində olan ağrılarla əlaqədar xəstəxanaya aparılmışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 07.04.2020-ci il tarixdə “koronavirusla əlaqədar vətəndaşların karantin qaydalarına riayət etmələrinə çağırış məqsədi ilə Nizami RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə xidmətdə olan zaman saat təxminən 18 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə hərəkətdə olan “İnfiniti” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının həmin küçədə xidmətdə olan Gəncə şəhər BPİ DYPŞ-nin **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomaşının arxa hissəsindən toqquşduğunu görmüşdür. “İnfiniti” markalı avtomaşını idarə edən, adı sonradan məlum olan Təqsirləndirilən şəxs avtomaşınından düşərək qaçmağa başlamış, onlar da Ramilin arxasınca qaçmışlar. Təxminən 30-40 metr qaçdıqdan sonra Ramili tutmuşlar. YPX avtomaşınında xidmət aparan Gəncə şəhər BPİ DYPŞ-nın yol patrul inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 və Anarla birlikdə xidmət aparan Gəncə şəhər BPİ XTƏB-nin polis nəfəri kimi xidmət edən, polis baş serjantı Zərərçəkmiş şəxs2 xəsarət almışdılar. Ramil özünü olduqca şübhəli apardığına görə Təqsirləndirilən şəxs Nizami RPB-yə gətirmişlər. Ramil narkotik vasitələrin və onun perekursorlarının təsiri altında olduğu kimi özünü aparmışdır. Onlarda Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olması şübhəsi yaranmışdır. Təqsirləndirilən şəxs raportla Nizami RPB-yə təhvil vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün Gəncə şəhər 1 saylı Vəkillər Bürosundan vəkil dəvət edib, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman bütün hərəkətlər video kamera vasitəsi ilə çəkilmişdir. Buna görə Ramil müxtəlif hərəkətlərlə kamera çəkilişinə düşməməsi üçün əli ilə çəkilişi məhdudlaşdırmaq istəmişdir. Ramilin vəkili bir neçə dəfə Ramilə, çəkiliş zamanı üzünü əli ilə gizlətməsinin səbəbinin nə olduğunu soruşmuşdur. Ancaq Ramil heç bir cavab verməmişdir. Ramildən üzərində hər hansısa bir narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansısa bir əşyanın olub-olmamasını soruşduqda, Ramil sol cibində nə isə olduğunu, ancaq həmin əşyanın özünə məxsus olmadığını bildirmişdir. Ramilin üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən siqaret falqasına və siqaret sellofanına bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Ramil həmin əşyanın özünə məxsus olmadığını demiş və həmin kütlənin cibində necə olmasını da deyə bilməyib özünü itirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra Ramil çəkilmiş video görüntünü televiziya ekranlarında göstərilməməsini vəkilindən xahiş etmiş, Ramilin vəkili X4 həmin çəkilişin heç bir yerdə göstərilməyəcəyini və araşdırılan materialın içərisinə əlavə ediləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində saxladığı kütlənin narkotik vasitə sayılan “heroin” olmasını bildirmiş, sonra vəkil Elmira Həsənovanın təklifi ilə yenidən video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərində saxladığı kütlənin özünə məxsus olmasını və küçələrindən tapmasını etiraf etmişdir. Bundan sonra Ramilin avtomaşınına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “İnfiniti” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda orta güzgünün alt tərəfində eynək qoymaq üçün olan yerdən 6 ədəd üzərinə tramadol yazılmış dərman həbləri, bundan sonra isə həmin avtomaşının ön ayaq altının rezininin alt tərəfəndə gizlədilmiş “Kent” markalı siqaret qutusunun içərisindən siqaret falqasına, sonra isə şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə aşkar olunmuşdur. Həmin kütlə və dərman həbləri zərfdə qablaşdırılmış və imzaları ilə təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən X1 xidmət edir, 2018-ci ildən isə Gəncə şəhər Nizami RPB-də sahə rəisi vəzifəsində xidmət edir. Ölkədə koronavirus epidemiyasına görə tətbiq olunan karantin rejimi ilə bağlı şəxslərin icazə sistemi üzrə şəhər ərazisinə çıxıb-çıxmadığını yoxlamaq üçün hər gün digər sahə rəisi X3 ilə Gəncə şəhəri, Ə.Əliyev küçəsində xidmət etmişdir. 07.04.2020-ci il tarixdə saat 17 radələrində Yunis Abbasovla həmin küçədə xidmətdə olan zaman “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görüb ona yaxınlaşaraq icazə sisitemindən xüsusi icazə alıb-almadığını soruşmuşdur. Bu zaman həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə edib getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz avtomobili ilə növbəti postda dayanmış Gəncə şəhər BPİ-nin DYPŞ-nə məxsus “BMV” markalı, **-YP-*** nömrə nişanlı avtomobili arxadan vurduğunu bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 07 aprel 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Əziz Əliyev küçəsində, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsində yerləşir. Hadisə yerində avtomobil yolu düz, quru olmaqla asfalt örtükdən ibarətdir. Hadisə yerində avtomobil yolunun eni 15,30 metrdir. Avtomobil yolu ikitərəfli olmaqla, avtomobil yolunda heç bir nişanlama xətti yoxdur. Baxış zamanı müəyyən edilmişdir ki, “İnfiniti FX35” markalı, 20-BD700 dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə M.Bağırov küçsində olan dairə istiqamətində hərəkətdə olan zaman Ə.Əliyev küçəsində xidmət aparan «BMV» markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə arxa hissədən çırpılıb, sonra da kənara düşərək dayanmışdır. Baxış zamanı “İnfiniti FX35” markalı, 20-BD700 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin «BMV» markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılaraq kənara düşdüyü yer müəyyən edilmişdir. “İnfiniti FX35” markalı, 20-BD700 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin çırpılraq Ə.Əliyev küçəsində yolun sol kənarına yola tərəf 2 metr məsafədə yerləşir. Hadisə yerində kiçik ölçülü plastik qırıntıları vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 aprel 2020-ci il tarixli, HK-1/178 saylı şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofanda siqaret falqasına bükülmüş vəziyyətdə, ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07 aprel 2020-cu il tarixli nəqliyyat vasitəsinə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq günlük hissədə 6 (altı) ədəd tramadol həblər, sol tərəf qabaq ayaq altının altında “Kent” siqaret qutusunun içərisində bir ədəd sellofanda siqaret falqasına bükülmüş vəziyyətdə, toz halında, qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2020-cu il tarixli, 16/259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində götürülmüş siqaret falqasına bükülmüş 2,69 qram kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 2,355 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş siqaret falqasına bükülmüş 5,27 qram kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 4,925 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Məhkəmə ekspertiza mərkəzinin Gəncə regional bölməsinin laboratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan dərman həblərinin tərkibini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2020-cu il tarixli, 487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10.04.2020-ci il tarixli, 521 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət–Vİİ boyun fəqərəsinin sol yan çıxıntısının xətti formalı sınığı–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.04.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10.04.2020-ci il tarixli, 520 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Məhmud oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər–sol əlin üst səthinin yarası, döş qəfəsinin ön səthinin qançırı–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.04.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 iyun 2020-ci il tarixli, 8/673 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “İnfiniti FX35” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının əmrinə tabe olmadan avtomobili sürüb getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.06.2020-ci il tarixdə alınmış 120-2260-1220 saylı məktubdan görünür ki, AC-629143 saylı-BC-kateqoriyalı sürücülük vəsiqəsi 30.12.2006-cı il tarixdə Təqsirləndirilən şəxs verilmiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.06.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararsı Narkolji Dispanseri tərəfindən verilmiş 17.04.2020-ci il tarixli, 2252 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixovnevroloji Dispanseri tərəfindən verilmiş 17.04.2020-ci il tarixli, 2196 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilib, ona görə onun barəsində heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilib, ona görə onun barəsində heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 19 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 240, 264 və 315-ci maddələrinin tərkibi olmadığından ona həmin maddələrlə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etmə mənbəyi müəyyən edilmədiyindən narkotik vasitənin mənbəyi və narkotik vasitəni satmış şəxs naməlum kimi qəbul edilmiş və narkotik vasitəni əldə etmə mənbəyi ilə bağlı Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması nəticəsində baş vermiş yol- nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs hər iki bud və sağ diz nahiyyəsinin qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlər alması faktında cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin dəqiq çəkisi 2,355 qram, avtomobildən aşkar edilmiş narkotik vasitə olan heroinin dəqiq çəkisi isə 4,925 qram kimi tanınmış, narkotik vasitəinin ekspertizadan qaytarılmış qalığı, yəni 2,255 qram və 4,825 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra narkotik vasitə olan heroin saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdiyi “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılması nəzərə alınmışdır. 3 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmış və işə əlavə olunmuşdur. Məhkəmə, şərh edilən sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə ittiham öz təsdiqini tapmamışdır və həmin maddə ilə ona bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin cinayət əməlinin tərkibi yaranır. Qeyd edilməlidir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün həmin şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olmalı və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmalıdır. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilsə də, təqsirləndirilən şəxs tərəfindən epidemiya əleyhinə rejim və karantin rejimləri pozularkən xəstəliklərin yayılmasına səbəb olan və ya xəstəliklərin yayılması üçün real təhlükə yaradan hərəkətlərinin nədən ibarət olması müəyyən edilməmiş, xəstəliklərin yayılmasına səbəb olan və ya xəstəliklərin yayılması üçün real təhlükə yaradan hər hansı əsasların olması təsdiq edilməmiş və ya bu cür halların olmasına dair həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı hər hansı sübutlar mövcud olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, epidemiya əleyhinə rejim və karantin rejimlərini pozmuşdur. Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən göründüyü kim, epidemiya əleyhinə rejim və karantin rejimlərinin pozulması həmin maddənin tərkib əlamətlərini yaratmır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlində nəinki Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dair hər hansı sübutlar müəyyən edilməmiş, həmçinin həmin maddə ilə ittiham elan edilsə də, elan edilmiş ittihamda belə, təqsirləndirilən şəxsin əməlində həmin maddədə nəzərdə tutulmuş hərəkətlərin mövcudluğu da əks olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsasən bəraət verilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 263.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,355 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib bir ədəd polietilen sellofanda siqaret falqasına bükülmüş halda qablaşdırıb qanunsuz olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibində, 4,925 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini isə idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin salonunda, sürücü əyləşən oturacağın ayaqaltı rezininin alt hissəsində olan “kent” markalı siqaret qutusunun içərisində saxlayaraq daşımış, 07 aprel 2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi özünə məxsus “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə aşağı istiqamətdə olub yolun sağ hissəsində dayanan zaman Gəncə şəhəri Nizami rayon polis idarəsinin Nizami polis bölməsinin sahə rəisi vəzifəsində işləyən Şahid1 ona yaxınlaşıb epidemiya əleyhinə və karantin rejiminin tələblərinin yoxlanılması ilə əlaqədar Gəncə şəhəri ərazisində hərəkəti ilə bağlı müvafiq icazə sənədini təqdim etməsini tələb edərkən, avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmaq məqsədilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə üzü Gəncə şəhəri, M.Bağırov küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək həmin vaxt Gəncə şəhəri, Ə.Əliyev küçəsində xidmət aparan Gəncə şəhər BPİ-nin X6 şöbəsinin əlahiddə yol patrul xidməti bölüyünün yol patrul inspektoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və Gəncə şəhər BPİ-nin xüsusi təyinatlı bölüyünün polis nəfəri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 ekipaj kimi əyləşdikləri, dayanmış vəziyyətdə olan Gəncə şəhər BPİ-nin X6 şöbəsinin balansındakı “BMV” markalı, **-YP-*** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinin ehtiyatsızlıqdan arxa hissəsinə çırpılmaqla toqquşmuş, nəticədə sürücüsü Zərərçəkmiş şəxs1 Vİİ boyun fəqərəsinin sol yan çıxıntısının xətti formalı sınığı qismində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 sol əlin üst səthinin yarası, döş qəfəsinin ön səthinin qançırı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurulmasına və Gəncə şəhər BPİnin X6 şöbəsinin balansında olan BMV” markalı, **-YP-***dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 10.034 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin Gəncə şəhəri Nizami rayon polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri Nizami rayon polis bölməsinin inzibati binasına gətirilib 07 aprel 2020-ci il tarixdə saat 19 radələrində üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi olmadan üzərində daşıyaraq saxladığı bir ədəd sellofana bükülmüş 2,355 qram çəkidə narkotik vasitə olan heroin, həmin tarixdə saat 20 radələrində isə idarə etdiyi “İnfiniti” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda, sürücü əyləşən oturacağın ayaqaltı rezininin alt hissəsində olan “Kent” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofanda siqaret falqasına bükülmüş halda 4,925 qram çəkidə olmaqla ümumilikdə 7,280 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 263.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(044)-30/2021 saylı qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən törətdiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllə bağlı cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə üzrə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun tanımadığı polis əməkdaşı tərəfindən təzyiqə məruz qalıb-qalmaması ilə əlaqədar müvafiq araşdırma aparılıb qərar qəbul edilməsi və bu barədə məhkəməyə məlumat verilməsi üçün Gəncə şəhər Prokurorluğuna məktub göndərilmişdir. Gəncə şəhər Prokurorluğunda qeyd edilən hallarla əlaqədar araşdırma aparılmış və həmin araşdırmanın nəticəsinə dair məhkəməyə ünvanlanmış 03.12.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1, 234.1 və 263.1-ci maddələri ilə istintaq edilmiş cinayət işi üzrə ibtidai araşdırma aparılarkən polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin hər hansı fiziki və ya psixi təzyiqə məruz qalması faktı Gəncə şəhər Prokurorluğunda araşdırılmış və toplanmış material üzrə cinayət işinin başlanması 05.05.2020-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməsi ilə bağlı göstərdikləri məhkəmə istintaqı zamanı tədqiq edilmiş ayrı-ayrı sübut növləri ilə təsdiq olunmadığından məhkəmə həmin ifadəni cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçilmiş müdafiə taktikası (üsulu) kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusat özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələr, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokoları, ekspertiza rəyləri, cinayət işinin digər materialları və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə həmin maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07.04.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X2 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07.04.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 07.04.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək, yəni 01 il 02 ay 03 gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 il 02 ay 03 gün həbsdə və ev dustaqlığında olduğu müddəti nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2020-cu il tarixli, 487 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,255 qram və 4,825 qram çəkidə heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü və cinayət işinin materiallrına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 132,40 (yüz otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-356-cı, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2020-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək, yəni 01 il 02 ay 03 gün həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 02 il 04 ay 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza təhqiqatından sonra qalıq qalmış 2,255 qram və 4,825 qram çəkidə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 132,40 (yüz otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-30/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-30/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver