Məhkəmə qərarları › İş №1(044)-31/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-31/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-31/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, subay, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)- 73/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)- 38/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə 02 il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, barəsində xx.xx.2020-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğluna (bundan sonra - Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq satış məqsədi olmadan 33,352 qram çkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 12,997 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyaraq, 20,355 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı isə Gəncə şəhəri, N.Nərimanov prospekti, 11-ci döngə ev 6 ünvanında yerləşən evində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər BPİnin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 10 nömrəli məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nə gətirilərək onun üzərinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd kibrit qutusunda 6,044 qram, 2 ədəd yarıya bölünmüş kibrit qutularında hər birində 3,597 qram, 3,356 qram, ümumi çəkisi 12,997 qram satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 19:30 radələrində yaşadığı həmin evin həyətə baxan pəncrəsinin qarşısındakı kağız qutunun arxasından isə selofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 20,355 qram, ümumilikdə 33,352 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərərk ifadəsində göstərdi ki, o, yaşadığı ünvanda azyaşlı uşaqları ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, o, əvvəllər müxtəlif vaxtlarda CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkum olunmuş və narkotik vasitə olan marixuananı tanıyır, əvvəllər də narkotik vasitə olan marixuanadan siqaret çəkmək yolu ilə istifadə etmişdir. Təxminən 2019-cu ilin avqust ayının sonlarında o, özünə fəhləliklə məşğul olmaq üçün iş axtarmaq məqsədi ilə rayonlararası avtobusla Tovuz rayonuna getmiş, dəqiq dövlət nömrə nişanı yadında qalmayan avtobusla gedən vaxt dəqiq yadında qalmayan yerdə yolun kənarında çətənə kolları görmüş, fikirləşmişdir ki, qayıdanda gəlib həmin çətənə kollarından yığar və həmin gün axşam saat 19 radələrində o, Tovuz rayonunda iş tapa bilmədiyi üçün məcbur olub Gəncə şəhərinə qayıtmaq qərarına gəlmiş, yolda tanımadığı bir yol maşını ilə Gəncə şəhərinə qayıdan vaxt yolun kənarına diqqət etmiş ki, çətənə kolları olan yeri görsün, avtomobillə gələndə həmin yeri görmüş və maşını həmin yerdə saxlatdırıb avtomobildən düşmüş, həmin avtomobil isə çıxıb getmişdir. O, gedib hazırda yeri dəqiq yadında qalmayan yerdə çətənə kollarını özü istifadə etmək üçün yığmış və orada yolun kənarından tapdığı sellofan torbaya doldurub ağzını bağlamışdır. Bundan sonra o, başqa bir tanımadığı yol maşınını saxlatdırıb həmin maşınla Gəncə şəhərinə qayıtmış və yaşadığı evə gəlmiş, evin həyətində olan ağacın altında həmin çətənə kollarını yerə sərib qurutmuş, sonra onları selofan torbaya yığaraq evdə gizlədib saxlamışdır. Bundan sonra o, həmin çətənə kolundan siqaretə doldurub çəkmə yolu ilə istifadə etmiş, axır vaxtlar isə o, həmin içərisində narkotik vasitə marixuana olan selofan torbanı yaşadığı evin həyətində pəncərənin qarşısında olan karton qutunun arxa hissəsinə qoymuş, özünün istifadə etməsi asan olması üçün həmin narkotik vasitənin bir qismini 2-3 kibrit qutusuna doldurub saxlamışdır. Lakin kibrit qutusuna doldurduğu nartkotik vasitənin kiminsə əlinə keçməməsi üçün sonuncu dəfə bir ədəd bütöv kibrit qutusuna və iki ədəd yarımçıq olan kibrit qutularına doldurub saxladığı narkotik vasitələri evdə olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə o, saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb küçənin yuxarı hissəsinə getmişdir. Hava soyuq olduğu üçün evdən çıxmamışdan öncə qara isti gödəkçəsini də əyninə geyinmiş və Gəncə şəhəri 10 saylı tam orta məktəbin yaxınlığına gəlmiş, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitə istifadə etməsində şübhəli olduğunu deyib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasının otaqlarının birinə getmiş, orada ona hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim etmişlər və bundan sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən özü istifadə etmək üçün saxladığı 1 ədəd bütöv və iki ədəd yarımçıq kibrit qutularının içərisində narkotik vasitə olan 21,0 qram marixuana aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuana aptek tərəzisində çəkilmiş və həmin narkotik vasitələr onun, müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşdırmanın üzəri onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasını və törətdiyi cinayət əməlindən peşman olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, o, hazırda Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə ünvan 2-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi və yaşadığı evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 rəhbərliyə raportla məruzə etmiş və onlar əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almışlar və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 10 saylı tam orta məktəbin yaxınlığında saxlamışlar. Onun qanunsuz olaraq narkotik vasitə saxladığına görə üstünə baxış keçirilməsi məqsədilə Gəncə şəhər BPİ-nə aparmışdılar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl müdafiəçi tutmaq hüququ sonuncuya izah ediləndə Təqsirləndirilən şəxs maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə yazmış, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə idarəyə müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçiyə etirazı olmadığını və sonuncu tərəfindən hüquqlarının müdafiə olunmasına razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 3 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Tovuz rayonuna gedərkən yolun kənarından tapıb yığaraq yaşadığı evdə qurudub gizlətdiyini və bir hissəsini özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yaşadığı evin həyətində pəncərənin qarşısında sarı selofanın içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 21,0 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuana tərəzidə çəkilmiş və ümumi çəkisi 22 qram gəlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar olunan kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə ünvan 2-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi və yaşadığı evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar olaraq rəhbərliyə raportla məruzə etmiş və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə tapşırıq almış və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 10 saylı tam orta məktəbin yaxınlığında saxlamışlar və qanunsuz olaraq narkotik vasitə saxladığına görə üstünə baxış keçirilməsi məqsədilə Gəncə şəhər BPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl müdafiəçi tutmaq hüququ izah edilmişvə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 3 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana aşkar edilmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, həmin narkotik vasitəni Tovuz rayonuna gedərkən yolun kənarından tapıb yığaraq yaşadığı evdə qurudub gizlətdiyini və bir hissəsini özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı evə baxış keçirilmiş və baxış zamanı yaşadığı evin həyətində pəncərənin qarşısında sarı selofanın içərisində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 21,0 qram gəlmişdir. Bundan sonra yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuana tərəzidə çəkilmiş və ümumi çəkisi 22 qram gəlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar olunan kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid1 və Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tütülmüş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd bütöv və iki ədəd ortadan kəsilmiş kibrit qutularının içərisində ümumi çəkisi 21.0 qram olan qurudulmuş tünd göy rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində pəncərənin qarşısında olan karton qutunun arxa hissəsindən sarı selofanın içərisində ümumi çəkisi 22 qram çəkidə qurudulmuş tünd göy rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli video diskə baxış keçirilməsi protokolundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəli şəxs kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərək üzərinə və yaşadığı evinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/289 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri yazılmış kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda və 2 (iki) ədəd ortadan yarı bölünmüş kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 6,044 qram, 3,597 qram, 3,356 qram, ümumi təmiz çəkisi 12,997 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır;- tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilien torba kəsiyində təmiz çəkisi 20,355 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və tədqiqata təqdim olunmuş iki ədəd kağız paketdəki marixuanalar tərkiblərinə görə eynidirlər. (təmiz çəkisi -12,997 qr - 20,355 qr, tədqiqata sərf edildi 0,2 qram (hər ob 0,005 qr), qaliq 12,847 qr-20,305 qr) Ekspertizanın rəyi daha mötəbər sübut hesab olunduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin çəkisi 6,044 qram, 3,597 qram və 3,356 qram, ümumilikdə 12,997 qram və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi 20,355 qram, ümumilikdə 33,352 qram çəki əsas kimi qəbul edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(043)-41/2020 saylı qərarının surətindən görünür ki, Gəncə şəhər baş X1 Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 xx.xx.2020-ci il tarixli “Təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanini hesab edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1712 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hal-hazıradək dispanserdə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(044)-73/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması çəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək şübhəli şçəxs qismində saxlandığı 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 29, 317- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddələri ilə 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəklməmiş 04 (dörd) ay 13 (on üç gün) hissəsi azadlığın məhdudlaşdırılması cəzanın iki günü bir gününə bərabər tutulmaqla hazırkı hökm ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. N.T.Həsənoun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, 07 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2008-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, 04 ay 23 gün avaxtından əvvəl şərti azad edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci, 69.3 maddəsi ilə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə etməsinə görə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə tədqiq edilmiş və işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X4 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X3 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə kəskin ürək damar çatışmazlığı səbəbindən vəfat etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon İHB-nın 1 saylı SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1415 saylı arayışdan görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs övladları 2003-cü il təvəllüdlü X3 və 2014-cü il təvəllüdlü X4 ataları Təqsirləndirilən şəxs himayəsində ünvan 2 ünvanda yaşayırlar. Məhkəmədə tədqiq edilmiş və işdə olan stasionar xəstənin tibbi kartasından 143298 və 143529 saylı çıxarışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xroniki virus hepatiti “C” qaraciyər serrozu portal hipertenziya spleomeqaliya diaqnozu ilə stasionar müalicə olunur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-34/2020 saylı qərarın surətindən görünür ki, xx xxxxxx 1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 11-ci döngə ev 6 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun himayəsində azyaşlı uşaqlarının olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikasının CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla, 07 ay 07 gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 10 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 12,847 qram və 20,305 qram narkotik vasitə olan marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-38/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla, 07 ay 07 gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç gün) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 12,847 qram və 20,305 qram narkotik vasitə olan marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar