Məhkəmə qərarları › İş №1(044)-31/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-31/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-31/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı. təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 21 avqust 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 28 aprel 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi 16 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində olan qara rəngli polietilen sellofon torbanın içərisində olan göy rəngli sellofon torbanın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 450 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaret kimi çəkmə üsulu ilə istifadə edirmiş. 28.04.2021-ci il tarixdə saat 16 radələrində 2 nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edərək onu Gəncə şəhər Nizami RPİ-nə aparmışlar. Polis idarəsində üzərində narkotik vasitə gəzdirməyi və daşımağında şübhəli bilindiyi üçün saxlanıldığı ona izah edilmiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutaraq həmin qərarla tanış etmişlər. Bildirir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edlan edilsə də, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil. Həmçinin göstərir ki, o, polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsində 16 saylı orta məktəbin yanında saxlanılmamışdır, o, Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsi, ev 95 ünvanında saxlanılmışdır. O, Gəncə şəhər Nizami RPİ-nə gətirilərkən ona bildirmişlər ki, əgər həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsə, onun üzərinə daha çox çəkidə narkotik vasitə qoyulacaq, o da məcbur olub həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq ediyi və məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq məhkəməyədək icraat zamanı verdiyi fadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilir. O, ünvan 5 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuananı siqaret kimi çəkmə üsulu ilə istifadə edirmiş. O, həmçinin narkotik vasitə olan marixuananın yabanı halda Kür çayı ətrafında bitdiyini bilirmiş. Təxminən 2020-ci ilin yay aylarında Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinə getmiş və orada yabanı halda bitən marixuana kollarını torbaya yığmışdır. Sonra ətrafda olan yarımtikililərin içərisinə sərib qurutduqdan sonra sellofan torbaya qoymuş və hissə-hissə istifadə etməyə başlamışdır. Əvvəl marixuananı sellofan torbada evlərinin yaxınlığındakı mişar daşlarından olan hasarın arasında gizlətmişdir. 28.04.2021-ci il tarixdə saat 16 radələrində isə marixuananı gizlətdiyi yerdən götürüb yerini dəyişib başqa yerdə gizlətmək üçün Gəncə şəhəri Təbriz küçəsi ilə hərəkət edib 16 saylı orta məktəbin yanı ilə gedən zaman 2 nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edərək onu Nizami RPİ-nə aparmışlar. Polis idarəsində üzərində narkotik vasitə gəzdirməyi və daşımağında şübhəli bilindiyi üçün saxlanıldığı ona izah edilmiş və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutaraq həmin qərarla tanış etmişlər. Bundan sonra maddi imkanının olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəklişlə hüquq və vəzifələri izah edilmiş, sonra polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkili Müdafiəçi iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əlində olan qara rəngli polietilen torbada bükülmüş vəziyyətdə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 460 qram olmuşdur. Həmin kütlə zərfdə qablaşdırılmış və onun tərəfindən imzalanaraq bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Qeyd etdiyi kimi qara rəngli polietilen sellofon torbanın içərisində həmin narkotik vasitə olan marixuananı 2020-ci ilin yay aylarında “Kür” çayının Samux rayonundan keçən hissəsindən yığmış, həmin narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün qurudaraq saxlamışdır. Qurudaraq saxladığı narkotik vasitə olan marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də, olmamışdır. O, həmin marixuananı özü istifadə etmək üçün qurudaraq saxlamışdır. Onun narkotik vasitə olan marixuananı əldə etməsindən, saxlamağından və istifadə etməyindən heç kəsin xəbərləri olmamışdır. O, həmin narkotik vasitəni heç kəsin xəbəri olmadan və heç kəsə demədən yaşadığı evdə gizlədib saxlamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən X6, 2021-ci ildən isə Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 28.04.2021-ci il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsi 16 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər BPİ-nin Nizami RPİ-də ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs sağ əlində olan 1 ədəd qara rəngli “GİZİA” “GƏNCƏ” sözləri yazılmış, polietilen sellefon torbanı təqdim etmişdir. Bundan sonra tərəflərindən üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra onun təqdim etdiyi qara rəngli polietilən sellefona onların iştirakı ilə baxış keçirilmiş və qara rəngli polietilən sellofanın içərisindən göy rəngli sellofon aşkar edilmiş, göy rəngli sellofanın içərisindən yaşıl rəngdə kəskin iyli ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd sellofon torba ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin sellofon torba ilə birlikdə ümumi çəkisi 460 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Kür çayının Samux rayonundan keçən hissəsində çayın kənarından yığdığını və qurudaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi yaxud ədavəti olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış haqqında” 28.04.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan 1 ədəd qara rəngli, üzərində qızılı rəngli hərflərlə “GİZİA” “GƏNCƏ” sözləri yazılmış, polietilen torbanın içərisindən göy rəngli sellofana bükülmüş, tünd yaşıl rəngli, kəskin spesifik iyə malik, qurudulmuş, xırdalanmış halda olan ilkin baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunaraq götürülmüş kütlə narkotik vasitə olan “qurudulmuş marixuanadır”, ona məxsusdur və o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “video görüntüyə baxış keçirilməsi haqqında” 20.05.2021-ci il tarixli protokoldan görünür ki, 28.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli polietilen sellofon torbanı təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, hər hansı bir qeyri-qanuni əşya aşkar edilmir. Şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli polietilən sellefon torbanın içərisinə baxış keçirilir. Baxış zamanı qara rəngli sellofon torbanın içərisindən göy rəngli sellofon torbada bükülü vəziyyətdə olan yaşıl rəngdə kəskin iyli ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin qara rəngli polietilen sellofon torbanın içərisində olan göy rəngli sellofon torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitə olan qurudulmuş marixuananı “Kür” çayının Samux rayonundan keçən hissəsindən yığdığını, özü istifadə etmək üçün qurudaraq saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd torbanın içərindəki kütlə birlikdə tərəzidə çəkilir və həmin kütlənin sellofon ilə ümumilikdə çəkisi 460 qram müəyyən edilir. Bundan sonra həmin kütələlər müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 aprel 2021-ci il tarixli, 16/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “28.04.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 460 qram çəkidə narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan kağız paketdəki, iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2021-ci il tarixli, 669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 2347 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 1925 saylı arayışdan görünür ki, Abdullayev X2 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.04.2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X9 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 4(044)-79/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28.04.2021-ci il tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs atası X4 məxsus “Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi”ndən verilmiş vəsiqənin surətindən görünür ki,təqsirləndirilən şəxsin atasına müharibə veteranı statusu verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissədə X3 sürücü-elektrik vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan bir hərbi qulluqçu kimi göstərmişdir. Ona verilən əmr və göstərişləri vaxtlı-vaxtında və dəqiq yerinə yetirmiş, icraçılığı ilə komandanlığın etimadını qazanmışdır. Komandirin və rəislərin əmrlərinə sözsüz tabe olmuşdur. O, daima öz üzərində çalışmış və hərb sirlərinə daha da yaxından yiyələnmək üçün əlindən gələni əsirgəməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AO № ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2007-2008-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Sübutların qiymətləndirilməsi haqqında» 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 449.8 qram təşkil edən qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir, bundan başqa Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə sübuta yetirilmiş, təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və 03.10.2019-cu il tarixli, 1(066)-37/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilərək qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli, 7(044)-222/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 08 gün hissəsi 01 il azaldılmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu hazırda baxılan cinayət əməlini, barəsində olan Göygöl Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(066)-37/2019 saylı hökmü çıxdıqdan sonra törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza hökmlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, atasının müharibə veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (onun ali təhsilli olmasını), o cümlədən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib yuxarıda qeyd edilənlərlə yanaşı, həm də təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Göygöl Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(066)-37/2019 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 (səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 28.04.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 449.8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 1(066)-37/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) 04 (dörd) gün müddət hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs oğlunun üzərində qəti olaraq 10 (on) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 28.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 449.8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar