Məhkəmə qərarları › İş №1(044)-33/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-33/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-33/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, həbsə qədər ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 44.267 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 fevral 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər M.A.Abbaszadə küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Poçtun qarşısında saxlanılaraq Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş, onun üzərinə Nizami RPİ-də şəxsi axtarış keçirilan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaretin içərisindən sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi 44,267 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elasn olunmuş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, 07.01.2021-ci il tarixdə, saat təxminən 15 radələrində Gəncə şəhəri Kolxoz bazarının yaxınlığında piyada gedərkən yolda siqaret qutusu tapmış, siqaret qutusunu açarkən içərisində sellofan torbaya bükülmüş vəziyyətdə qəhvəyi rəngli, kütlə aşkar etmiş, maraq üçün həmin qutunu üzərində saxlamış, 07.01.2021-ci il tarixdə saat təxminən, 22 radələrində tanımadığı polis əməkdaşları Gəncə şəhər Mərkəzi Poçtun yaxınlığında ona yaxınlaşaraq sübhəli olduğu üçün onu Gəncə şəhər Nizami RPİ-yə dəvət etmiş, Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında onun üzərinə müdafiəçisinin iştirakı üzərinə şəxsi axtarış aparılmış, əynində olan göy rəngli cins şalvarın sağ yan çibindən “sobranie” markalı siqaret qutusunun içərisində “patron” sözləri yazılmış sellofan torbaya bükülmüş halda bir ədəd bərk halda mum şəklində kütlə aşkar olunmuş, büküm açıldıqda içərisində bərk halda, tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “tiryək”ə oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərzidə çəkilmiş və çəkisi 45,49 qram gəlmiş, həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. Narkotiki yerdən tapmış, satmaq fikri olmamışdır. Məhkəmədən törətdiyi cinayət əməlindən peşman olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərdi ki, o, 2012-ci ildən DİO-da, 2018-ci ildən Nizami RPİ-də əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. İdarəyə Gəncə şəhəri, Ə.B.Hüseynzadə küçəsində yaşayan Elsevər adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 07.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və onun Gəncə şəhər M.A.Abbaszadə küçəsində yerləşən Mərkəzi Poçtun yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumat əsasında Nizami RPİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən Mərkəzi Poçtun yaxınlığına getmiş, onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs poçtun yaxınlığında dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs Nizami RPİ-nə dəvət etmiş, idarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “sobranie” markalı siqaret qutusunun içərisində “patron” sözləri yazılmış sellofan torbaya bükülü vəziyyətdə 1 ədəd bərk halda, tünd qəhvəyi rəngli, spesifik iyli tiryəkə oxşar narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 45,49 qram təşkil etmişdir. Bundan sonra bükümlər zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək onlar təərfindən imzalanmış və müvafiq sənədləşmə aparılmışdır. Baxış zamanı video görüntü çəkilib protokola əlavə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş digər Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında 07.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və barəsində protokol tərtib edilmişdir. Şəxsi axtarış və götürmə haqqında 07.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “sobranie” markalı siqaret qutusunun içərisində “patron” sözləri yazılmış sellofan torbaya bükülü vəziyyətdə 1 ədəd bərk halda, tünd qəhvəyi rəngli, spesifik iyli tiryəkə oxşar narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 45,49 qram gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 08.02.2021-ci il tarixli, 16/122 saylı məhkəmə-kimyəvi ekspertizası barədə rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazı və imzalar olan kağız paketdə, bir ədəd “sobranie” adlı siqaret qutusunda olan 1 (bir) ədəd qarışıq rəngli polietilen torba kəsiyində, təmiz çəkisi 44.267 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş 1ədəd paketdəki təmiz çəkisi 44,267 qram olan xaşxaşdan 0,2 qram tədqiqata sərf edilmiş, qalıq 44,067 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin çəkisi 45,49 qram təşkil etsə də, ekspertizanın rəyi daha mötəbər sübut hesab olunduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan tiryəkin təmiz çəkisi olan 44,267 qram çəki əsas kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 09.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən zad edilməsi qərara alınmışdır. Video görüntüyə baxış keçirilməsi barədə 24.02.2021-ci il tarixli protokoldan görünür ki, 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 04.03.2021-ci il tarixli, 212 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 23.11.2011-ci il tarixli qərarı ilə 07 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, Goranboy Rayon Məhkəməsinin 17.09.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.05.2017-ci il tarixli qərarı ilə 09 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, 17.02.2018-ci il tarixdə təyin olunmuş cəzanı çəkib qurtarmışdır. Sonuncu dəfə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)- 98/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)-98/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan təmiz çəkisi 44.267 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının CPM-in 349.5-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Lakin cinayət işi materiallarından görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini onun barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)-98/2022 saylı hökmündən əvvəl törətmişdir. Bu hal isə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin təsir dairəsinə düşməklə, həmin maddədə nəzərdə tutulmuş qaydaların tətbiqini zəruri edir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə görə, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə təyin ediləcək cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)-98/2022 saylı hökmü ilə ona təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti cəza təyin edilməli və cəzasının əvvəli həmin hökmdə göstərilmiş tarixdən, yəni 30.06.2021-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı və onun həbsdə olması nəzərə alınmalıdır. Eyni zamanda, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)- 98/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 44,067 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 193.5-ci maddəsinə əsasən, bu Məcəllənin 193.2- 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının CPM-in 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)- 98/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 30.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun və onun həbsdə olması nəzərə alınsın. Eyni zamanda, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(100)- 98/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq bank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********) 90 (doxsan) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 44,067 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar