Məhkəmə qərarları › İş №1(044)-37/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-37/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-37/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, zərərçəkmiş şəxsin nümayəndəsi X1, Təqsirləndirilən şəxs, müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə əmisi oğlu X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 23 yanvar 2021-cı il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanında yerləşən Tibb Kollecinin yataqxanasının həyətinin bir ədəd dəmir giriş qapısını və yataqxananın birinci mərtəbəsində yerləşən eyvanlarının 40 metr uzunluğunda dəmir məhəccərlərini gizli talamaqla zərərçəkmişə ümumilikdə 800 manat məbləğində maddı ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində əmisi oğlu X3 ilə birlikdə Gəncə şəhərində yerləşən Tibb Kollecinin yararsız hala düşmüş yataqxanasının yanından keçib gedərkən pulları olmadığı üçün yataqxananın həyətinin giriş qapısını və eyvanının dəmir məhəccərlərini oğurlayıb metal qəbulu məntəqəsinə satmaq qərarına gəlmişlər. Onlar yataqxananın həyətinin giriş qapısını və eyvanının uzunluğunu bilmədiyi dəmir məhəccərlərini oğurlayıb binanın yerləşdiyi küçəyə tərəf yığmışlar. Bundan sonra o, taksi faliyyəti ilə məşğul olan İsfəndiyar adlı tanışına zəng edib həmin yerə çağırdığı üçün sonuncu idarə etdiyi VAZ-2107 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobili ilə Kollecin binasının yerləşdiyi küçəyə gəlmişdir. O, əmisi oğlu Orxanla birlikdə oğurladıqları yataqxananın həyətinin giriş qapısını və eyvanının dəmir məhəccərlərini avtomobilin yük yerinə yığmışlar, daha sonra “Musayevin qarajı“ adlanan yerə aparıb orada metal qəbulu məntəqəsinə sataraq ümumilikdə 27 manat məbləğində pul əldə etmişlər. Onlar daha sonra İsfəndiyarın idarə etdiyi VAZ-2107 markalı taksi avtomobili ilə yaşadıqları evə qayıtmışlar. O, İsfəndiyara 5 manat pul vermişdir. 25 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində polis əməkdaşları onu yaşadıqları küçədə saxlayaraq oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər və onu Nizami Rayon Polis İdarəsinə aparmışlar. O, əmisi oğlu Orxan Həsənzadə ilə birlikdə oğurluq cinayəti törətdiyini etiraf etmişdir. Onlar oğurluq cinayətini törədən vaxt küçədə heç kim olmamış və kənardan heç kim onları görməmişdir. Onlar qapını və eyvanın dəmir məhəccərlərini metal iş pulu məntəqəsinə satarkən oğurluq olduğunu bildirməmişlər. Eyni zamanda İsfəndiyar adlı şəxs də bir ədəd qapı və eyvanın dəmir məhəccərlərinin oğurluq olduğunu bilməmişdir, onların oğurluq cinayəti törətmələri barədə heç kimin məlumatı olmamışdır. Əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 ifadəsində göstərdi ki, o, X7 təssərüfat mühafizə üzrə direktor müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 23 yanvar 2021-ci il səhər saat 10 radələrində X7 mühafizəçisi Qanuni nümayəndə ona zəng edərək Tibb Kollecinin yararsız binasının birinci mərtəbəsində olan eyvanın məhəccərlərinin və binanın həyətinə daxil olmaq üçün qoyulmuş dəmir qapının naməlum şəxs və ya şəxlər tərəfindən oğurlandığını bildirmiş, o isə sonuncuya bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verməsini bildirmişdir. X9 məxsusu bir ədəd dəmirdən düzəldilmiş qapı, bir metr hündürlüyündə olmaqla 40 metr uzunluğunda dəmirdən düzəldilmiş məhəccərlər oğurlanmaqla baş vermiş oğurluq hadisəsi nəticəsində X9 ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyəcəyi təqdirdə şikayətçi olmayacağını, əks halda təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "Rasimoğlu MMC”-də anbardar işləyir. Onun işi metal tullantılarının alqı-satqısından ibarətdir. 23 yanvar 2021-ci il tarixdə, saat 11 radələrində VAZ 2107 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomaşınla 2 nəfər tanımadığı təxminən 25-30 yaşlarında olan kişi və 1 nəfər taksi sürücüsü onun işlədiyi anbara gəlmişlər. Həmin şəxslər avtomobilin yuxarı yük yerində olan bir ədəd dəmir qapı və bir neçə ədəd əzilmiş vəziyyətdə olan eyvan məhəccərlərini göstərib satmaq istədiklərini deyəndə o, bir kiloqramını 27 qəpikdən qəbul etdiklərini bildirmişdir. Həmin şəxslər razılaşmışlar, üstündə dəmir qapı və məhəccərlər olan avtomaşın yüklə birlikdə tərəziyə çıxarılmış, əvvəlcə avtomaşınla birlikdə yük, daha sonra isə yalnız avtomaşın tərəzidə çəkilmiş, dəmir qapı və məhəccərlərin ümumilikdə 305 kiloqram olduğu müəyyən olunmuşdur. O, dəmirlərin çəkisinə uyğun olaraq həmin tanımadığı şəxslərdən daha uzun boylu olanına 83 manat pul vermişdir. Həmin şəxslər pulu aldıqdan sonra oradan çıxıb getmişlər. Həmin şəxslər anbardan çıxıb getdikdən təxminən bir saat sonra adını Yaşar kimi təqdim edən bir nəfər kişi anbara gələrək özünü təqdim etmiş, anbara göz gəzdirərək həmin 2 nəfər tanımadığı şəxslərin anbara gətirib satdıqları bir ədəd dəmir qapı və eyvan məhəccərlərinin Tibb Kollecinin yataqxanasına məxsus olduğunu demiş, kollecdən oğurluq olması barədə polisə məlumat verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları oraya gələrək həmin dəmir qapı və məhəccərlərə baxış keçirtmişlər. O, adlarını bilmədiyi şəxslərdən aldığı dəmir qapı və eyvan məhəccərlərinin oğurluq olduğunu bilməmiş, həmin şəxslər satdıqları metalların özlərinə məxsus olduğunu bildirmişlər. O, aldığı dəmir qapı və eyvan məhəccərlərinin oğurluq olduğunu bilsəydi dərhal polisə məlumat verərdi. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 2107 markalı, **-EF-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərib ailəsini dolandırır. O, adətən “Milli” marketin yaxınlığında dayanıb müştəri gözləyir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, sonuncu bir neçə dəfə onun avtomobilinə müştəri kimi minmiş, hətta hər hansı bir yerə getmək üçün taksi avtomobili lazım olanda onun istifadəsində olan mobil telefona zəng edib olduğu yerə çağırmış və o, da həmin yerə gedib Təqsirləndirilən şəxs müştəri qismində sifariş etdiyi ünvana aparmışdır. 23 yanvar 2021-cı il tarixdə, saat 11 radələrində “Milli” marketin yaxınlığında dayanıb müştəri gözləyən vaxt Təqsirləndirilən şəxs yanında tanımadığı bir kişi ilə ona yaxınlaşmış, Təqsirləndirilən şəxs özünə məxsus dəmir məmulatlarını metal qəbulu məntəqəsinə aparmalı olduğunu bildirmiş və yanındakı şəxslə birlikdə onun avtomobilinə əyləşmiş, X7 yataqxanasının yerləşdiyi küçəyə avtomobili sürməyi ona tapşırmışdır. Onlar Təqsirləndirilən şəxs dediyi ünvana çatmışlar, sonuncu yanındakı bir nəfər şəxslə birlikdə yerə yığılmış dəmir eyvan məhəccərlərini və bir ədəd dəmir qapını onun avtomobilinin yuxarı yük yerinə yığmışlar. Bundan sonra Təqsirləndirilən şəxs “Musayevin qarajı” adlanan yerə gedib həmin dəmir məmulatları oradakı metal qəbulu məntəqəsinə satacaqlarını ona bildirdiyi üçün o, avtomobili həmin ünvana sürmüşdir. Onlar həmin metal qəbulu məntəqəsinə çatmışlar. Təqsirləndirilən şəxs avtomobilə yüklədikləri dəmir məmulatları oradakı tanımadığı şəxsə satıb onun bilmədiyi məbləğdə pul almış və yol haqqı olaraq Təqsirləndirilən şəxs ona 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs yanında olan onun tanımadığı bir nəfər kişi cinsindən olan şəxslə onun avtomobilinə dəmirdən düzəldilmiş bir ədəd qapı və təxminən 35-40 metr uzunluğunda eyvan məhəccərləri yükləmişlər, Təqsirləndirilən şəxs həmin dəmir məmulatlarının özünə məxsus olduğunu bildirmişdir. O, həmin dəmir məmulatlarının oğurluq olduğunu bilməmiş, bu barədə məlumatı olsaydı avtomobilinə yüklənib metal qəbulu məntəqəsinə aparmazdı və dərhal bu barədə polisə məumat verərdi. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 15 fevral 2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2 adda malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 135 manat müəyyən edilir. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30.05.2021-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-219/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis İdarəsinin 121-39506-1221 saylı 11 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSYnə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 17/39-6458 saylı 13 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarına əsasən həbs edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirimiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxs barəsində hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olmasıdır. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən həbs qətimkan tədbirinə dair məhkəmə qərarının icrası ilə əlaqədar onun tutulduğu vaxtdan, yəni 10 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vəsaitlərin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsusu cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış X7 yataqxanasının həyətindən oğurlanmış dəmir giriş qapı və kollecin yataqxanasının eyvanlarının məhəccərlərinin “Rasimoğlu MMC” metal qəbulu məntəqəsinə gətirilərək satıldığı anların qeydə alındığı videogörüntü 1 (bir) ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-354, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 25.01.2021-ci il tarixdən 27.01.2021-ci il tarixədək olan müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01(bir) il, 11(on bir) ay, 27(iyirmi yeddi) gün cəza saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən,yəni 10 dekabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış X7 yataqxanasının həyətindən oğurlanmış dəmir giriş qapı və kollecin yataqxanasının eyvanlarının məhəccərlərinin “Rasimoğlu MMC” metal qəbulu məntəqəsinə gətirilərək satıldığı anların qeydə alındığı videogörüntü 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar