Məhkəmə qərarları › İş №1(044)-38/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-38/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-38/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X3 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, məhkumluğu olan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hal-hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamış və istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,100 qram narkotik vasitə metadonu və təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram olan 5 ədəd metadon dərman preparatlarını əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxxxx 2019cu il tarixdə saat 15 radələrində həmin narkotik vasitələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid2 sovqat şəklində aldığı sellofan torbanın içərisində olan bibər turşusunun içərisində ayrı-ayrı bükümlərdə yerləşdirib yoxlamadan gizlətməklə İstintaq Təcridxanasının nəzarətli buraxılış məntəqəsindən Şahid2 ötürülməsi üçün Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisinə gətirərək orada Şahid2 tanışı olan taksi kimi fəaliyyət göstərən Şahid1 narkotik vasitə barədə xəbəri olmadan içərisində narkotik vasitələr olan sovqatı Şahid1 verərək uzaqlaşaraq getmiş, həmin gün saat 15:50 radələrində Şahid1 həmin sovqatları 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid2 keçirmək istəyərkən sellofan torbada olan bibər turşusunun içərisindən bir bükümdə təmiz çəkisi 0,100 qram narkotik vasitə metadon, bir ədəd bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram olan 5 ədəd metadon dərman preparatları aşkar edildiyindən iradəsindən asılı olmayan səbəblərdən qeyd olunan narkotik vasitələrin Şahid2 ötürülməsi ilə bağlı cinayəti başa çatdıra bilməyib cinayət etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun arvadı vəfat etmiş, o, az yaşlı oğlu və yetkinlik yaşına çatmayan qızı ilə birlikdə yaşamış, dəfələrlə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. O, Şahid2 uzun müddət əvvəl tanımışdır. Türbətlə əvvəllər Gülüstan qəsəbəsində qonşuluqda yaşamışdır. O, Türbəti sonuncu dəfə təxminən 4-5 il əvvəl görmüşdür. Ortaq tanışlarından Türbətin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılması barədə məlumat almışdır. Türbətlə əvvəllər münasibəti yaxşı olduğundan sovqat göndərmək qərarına gəlmişdir. O, Türbətin narkotik vasitələrdən istifadə etməsini bilmiş, buna görə də özünün istifadə etməyi üçün saxladığı narkotik vasitələrdən Türbətə pay göndərmək qərarına gəlmişdir. O, Türbətin yaxın münasibətdə olduğu Şahid1 adlı şəxsin taksi sürücüsü kimi işlədiyini bilmiş, buna görə Firdovsinin vasitəsi ilə sovqat göndərmək qərarına gəlmişdir. O, Türbətə göndərmək üçün bəzi ərzaqlar almış, həmin ərzaqların içərisində bibər turşusu da olmuş və bibər turşusunun içərisinə 5 ədəd üzərində M40 yazılmış metadon həbi və 1 bükümdə narkotik vasitə metadon qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində olan “Kəşfiyyat” restoranının qarşısında dayanmış “VAZ 2107” markalı tünd metal rəngli avtomobilin sürücüsü Firdovsiyə yaxınlaşaraq adının Təqsirləndirilən şəxs olduğunu bildirib Şahid2 sovqat göndərmək istədiyini demişdir. Firdovsi də heç bir etiraz etmədən həmin sovqatı qəbul etmişdir. O da Firdovsiyə 5 manat yol pulu vermişdir. Bundan sonra o, yaşadığı evə gəlmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında o, yaşadığı küçədə olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona istintaq təcridxanasında saxlanılan Şahid2 narkotik vasitə göndərməkdə şübhəli olduğunu demişlər və onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına təqsirini könüllü olaraq etiraf etmiş və Türbətə pay kimi narkotik vasitə metadon göndərməyini bildirmişdir. Şahid2 göndərdiyi sovqatın içərisində narkotik vasitə metadon olmasından heç kimin xəbəri olmamışdır. Türbət Baxşıyevin və Şahid1 həmin sovqatın içərisində narkotik vasitə metadon olmasından məlumatları olmamışdır. Türbət ilk məhkumluqları vaxtı ona çox köməklik göstərmişdir, ona görə də Türbətə narkotik vasitə göndərmək istəyərkən qarşılığında pul almaq fikrində olmamışdır. O, narkotik vasitəni pay kimi göndərmişdir. O, narkotik vasitələrdən ancaq özü istifadə etmişdir. Narkotik vasitə metadonu təxminən 3 ay əvvəl Bakı şəhəri, Papanin adlanan ərazidən tanımadığı şəxsdən əldə etmiş, çox hissəsini istifadə etmişdir. Şahid2 göndərdiyi narkotik vasitə onda qalan narkotik vasitənin sonuncu hissəsi olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksilik fəaliyyəti ilə məşğul olur. Şahid2 uzun müddətdir ki, tanımışdır. Türbətlə Gülüstan qəsəbəsində qonşuluqda yaşamış və həmin vaxtdan etibarən Türbətlə dostluq əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər ümumiyyətlə tanımamışdır. O, Türbət həbs olunduqdan sonra arabir yanına sovqat aparmışdır. xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində olan “Kəşfiyyat” restoranının yanında idarə etdiyi “VAZ 2107” markalı avtomobilində müştəri gözləyən zaman arıq, uzunboylu, orta yaşlı bir nəfər şəxs ona yaxınlaşmış, adının Təqsirləndirilən şəxs olmasını demişdir. Həmin şəxs ondan Şahid2lə əlaqəsinin olub- olmadığını soruşmuş, o isə Türbətlə yaxın münasibətinin olduğunu demişdir. Həmin şəxs ona bir sellofan torbada olan ərzaqları verib Türbətə aparıb verməyini xahiş etmişdir. O da heç bir etiraz etməmişdir. Həmin şəxs ona yol pulu üçün 5 manat pul verərək çıxıb getmişdir. Bundan sonra o, Gəncə şəhəri 2 saylı istintaq təcridxanasının yanına getmiş, sovqat qəbulu otağına girmiş, otaqda şəxsiyyət vəsiqəsini təqdim etmiş və Şahid2 sovqat gətirdiyini demişdir. Sovqat qəbulu otağının əməkdaşları tərəfindən əməliyyat bölməsinin rəisi dəvət edilmiş, əməliyyat bölməsinin rəisi tərəfindən ona gətirdiyi sovqatda narkotik vasitə saxlanmasından şübhələnildiyi bildirilmişdir. O, bu barədə heç bir məlumatının olmadığını bildirmiş və baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra iki nəfər mülki geyimdə hal şahidləri otağa dəvət edilmişdir. Onun, bölmə rəisinin, sovqat qəbulu otağının əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə gətirdiyi sovqata baxış keçirilmişdir. Baxış keçirilən zaman sellofan torbanın içərisinə qoyulmuş bibər turşusunun içərisindən 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı olan 5 ədəd həbb aşkar edilərək götürülmüşdür. Götürülmüş 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı olan 5 ədəd həbb ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Baxış və götürmə aparılan zaman o, bibər turşusunun içərisində həmin kütlələrin olmasından məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona sovqat gətirib verməmişdən əvvəl Şahid2 ona sovqat göndəriləcəyi ilə bağlı məlumat verməmişdir. Baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Şahid1 onun sinif yoldaşı və dostu olmuşdur. O, həbsdə olduğu müddətdə Firdovsi ona təxminən 3-4 dəfə sovqat gətirmişdir. xx.xx.2019cu il tarixdə Firdovsi ona sovqat gətirən zaman bibər turşusunun içərisindən narkotik vasitə metadon aşkar olunmuşdur. Firdovsinin ona sovqat gətirməsindən və bibər turşusunun içərisində narkotik vasitə metadon olmasından məlumatı olmamış, Firdovsi və Nicat adlı şəxs əvvəlcədən ona sovqat gələcəyi ilə bağlı məlumat verməmişlər. Həmin sovqatın içərisinə nəyə görə narkotik vasitə qoyulmasını bilməmişdir. O, narkotik vasitə istifadəçisi olmamış və heç kimdən narkotik vasitə göndərilməsini istəməmişdir. Həmçinin həbsdə saxlanılan digər şəxslər ondan sovqatın içərisində narkotik vasitə keçirilməsinə şərait yaratmasını istəməmiş və bu barədə hər hansı bir təklif etməmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında əməliyyat-bölməsinin rəisi vəzifəsində xidmət etmiş, ədliyyə kapitanı rütbəsində olmuşdur. Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin və 2 saylı istintaq təcridxanasının əməliyyat aparatının əməkdaşlarının əməliyyat məlumatına əsasən xx.xx.2019-cu il tarixdə saat 15:50 radələrində 4-cü rejim korpusunun 46 saylı kamerasında saxlanılan Şahid2 sovqat gətirən tanışı Şahid1 gətirdiyi sovqata onun, rejimnəzarət şöbəsinin böyük nəzarətçisi sovqat qəbul otağının əməkdaşı Şahid4, rejimnəzarət şöbəsinin nəzarətçisi sovqat qəbul otağının əməkdaşı Şahid7, baxış keçirilməsi üçün dəvət olunmuş hal şahidləri Şahid6 və Şahid5, sovqat gətirən Şahid1 iştirakları ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman polietilen torbanın içərisinə qoyulmuş bibər turşusunun içərisindən 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı olan 5 ədəd həbb aşkar edilərək götürülmüşdür. Götürülmüş 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı olan 5 ədəd həbb ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Baxış və götürmə aparılan zaman Şahid1 bibər turşusunun içərisindən aşkar olunmuş kütlələrin olmasından məlumatının olmamasını bildirmişdir. Şahid1 tanımadığı bir nəfər şəxsin həmin sovqatı Türbət Baxşıyevə verməsi üçün gətirib verdiyini, Türbət Baxşıyevin sovqat gətirəcəyindən məlumatının olmadığını bildirmişdir. Baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərəfindən tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhər 2 saylı istintaq təcridxanasında komendant vəzifəsində xidmət etmişdir. xx.xx.2019-cu il tarixdə saat 15:50 radələrində təcridxananın ərazisində olduğu zaman əməkdaş əməliyyat bölməsinin rəisi Şahid3 tərəfindən çağırıldığı bildirmişlər. O, dərhal sovqat qəbulu otağına getmişdir. Şahid3 tərəfindən ona Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyi təklif edilmiş, o isə heç bir etiraz etmədən razılaşmışdır. Ondan başqa təcridxanada anbardar işləyən Şahid6 da hal şahidi qismində dəvət olunmuşdur. Bundan sonra onun, əməliyyat bölməsinin rəisi Şahid3, rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid4, rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid7, digər hal şahidi təcridxanada anbardar işləyən Şahid6, sovqatı gətirmiş Şahid1 iştirakları ilə sovqata baxış keçirilmişdir. Baxış keçirilərkən polietilen torbanın içərisinə qoyulmuş bibər turşusunun içərisindən 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı həkk olunmuş 5 ədəd həbb aşkar edilərək götürülmüşdür. Götürülmüş 1 ədəd bükümdə ağ rəngli şüşəyə bənzər maddə və üzərində M40 yazısı həkk olunmuş 5 ədəd həbb ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış və götürmə aparılan zaman Şahid1 bibər turşusunun içərisindən aşkar olunmuş kütlələrin sovqatın içərisində olmasından xəbərinin olmadığını bildirmişdir. Şahid1 tanımadığı bir nəfər şəxsin həmin sovqatı təcridxanada saxlanılan Şahid2 verməsi üçün gətirib verməsini, Şahid2 sovqat gətirəcəyindən heç bir xəbərinin olmadığını bildirmişdir. Baxış keçirilməsi və götürmə aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və daha sonra iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş polis İdarəsinin hesabında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X1 gətirən tanışı Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman polietilen torbanın içərisindəki bibər turşusunun içərisində gizlədilmiş 5 ədəd M40 həbbi və mənşəyi bilinməyən şüşəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 24118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid1....” əl yazıları olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,100 qram ağ rəngli kristalşəkilli maddə kütləsi narkotik vasitə metadondur, digər bükümdəki üzərlərində “M40” yazısı həkk olunmuş 05 ədəd açıq qəhvəyi rəngli tabletlər təsiredici maddəsinə görə metadon dərman preparatlarıdır. 05 ədəd tabletdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. Metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (siyahı İİ) daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 838 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış 4 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,060 qram narkotik vasitə metadon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə metadonu hansı mənbədən əldə etməsi, narkotik vasitə metadonun satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4324 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ruhi-Əsəb dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama və istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metadon” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur, həmin Məcələnin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, eləcə də böyük ictimai təhlükə törətməyən cinayət hesab edilən Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq ilə 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 99/2019 saylı məktubundan görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-94/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Ona görə də xx xxxxxxx 2020-ci il tarixdən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının axımı dayanmışdır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixə qədər azadlığın məhdudlaşdırılması cəzasının 01 il 01 ay 13 gününü çəkmiş, 4 ay 13 gün müddətinə çəkilməmiş cəza müddəti qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki il müddət keçməmiş, yəni məhkumluğu ödənilməmiş hazırki cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Cinayət qanununun qeyd edilən maddi normalarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra onun həmin məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə münasibətdə əməlində cinayətin residivi mövcuddur. Onun törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət olduğundan həmin cinayət əməlinə münasibətdə cinayətin residivi mövcud deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən həmin məhkumluğu ilə bağlı onun əməlində cinayətin residivi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə evli olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 xx.xx.2018-ci il tarixdə “kəskin ürək-damar çatışmamazlığı” xəstəliyindən ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2014-cü il və xx xxxxxx 2003-cü il təvəllüdlü iki uşaqları var. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, onun himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə tək yeganə qazanc gətirən şəxs olmasını, onun “Hepatit C” xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaları cinayətlərin məcmusu üzrə toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 13 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökm ilə təyin ediləcək azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilməklə ona qəti azadlıqdan məhrum cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 4(043)-94/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, hazırki iş üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə ləğv edilməlidir. Onun barəsində təyin ediləcək cəzanın müddətinin əvvəli hökm çıxarıldığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 4 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,060 qram narkotik vasitə metadon məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 iş saatı, məhkəmə istintaqı zamanı isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat və Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 ay 13 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırki hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 4 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,060 qram narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar