Məhkəmə qərarları › İş №1(044)-39/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-39/2020

27.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-39/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 mənzil 25 ünvanında qeydiyyatda olmaqla ünvan 2 B-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,748 qram çəkidə kustar üsulla hazırlanmış, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxil olan psixotrop maddə-metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2019-cu il tarixdə saat 14:30-da Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən 2 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin iç sol cibindən kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,748 qram çəkidə kustar üsulla hazırlanmış, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxil olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əsəb xəstəsi olduğundan əsəbilərini sakitləşdirmək üçün uzun müdddətdir ki, narkotik tərkibli dərman, xüsusən tramadol adlı dərmanlar qəbul etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3 gün əvvəl yaşadığı küçənin yaxınlığında tək piyada gəzərkən yerdən bir ədəd kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunun içərisinə baxdıqda içərisində “şüşə” adlanan psixotrop maddə olduğunu görmüşdür. O, əvvəllər narkotik vasitələrlə internetdə maraqlandığı üçün tapdığı həmin maddənin psixotrop maddə olduğunu bilmişdir. Onda maraq olduğundan həmin psixotrop maddəni kibrit qutusu ilə birlikdə əynində olan gödəkçənin içəri sol cibinə qoymuş və öz işləri ilə məşğul olmağa başlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə günorta saatlarında Gəncə şəhərində 2 saylı orta məktəbin yanında olarkən və borca pul almaq üçün dostu ilə görüşmək üçün gözləyərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis idarəsinə getmiş və orada ona şübhəli şəxs kimi hüquqlarını izah edərək onu Elmira adlı müdafiəçi ilə təmin etmişlər. Daha sonra həmin şəxslərin iştirakı ilə üzərinə baxış keçirilmiş və əynində olan gödəkçənin içəri sol cibindən kibrit qutusunun içərisində olan “şüşə” adlı psixotrop maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, həmin maddəni yaşadığı küçənin yaxınlığından tapdığını bildirərək törətdiyi cinayəti könüllü olaraq etiraf etmişdir. Həmin maddəyə baxış keçirilmiş və müvafiq qaydada qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərinə baxış keçirilməsi isə videokamera vasitəsi ilə qeydə alınmışdır. O, əldə edib saxladığı psixotrop maddə olan metamfetamindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Onun psixotrop maddə olan metamfetamini əldə etməsindən və saxlamasından heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. Əməlindən peşman olmaqla məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Ona görə Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar verilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı, yəni, PPXT-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Saat 14:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığındasaxlayaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Nizami rayon Polis İdarəsinə gəlməsini xahiş etmişlər. Gəncə şəhər Nizami rayon X6 Ahəngərin üzərinə müdafiəçisi ilə birlikdə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Həmin kibrit qutusu açıldıqda içərisində kristal halda olan, şəffaf rəngli ilk görünüşdən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin, el arasında “Şüşə” adlanan narkotik vasitə olduğunu, həmin kütləni 3 gün əvvəl kibrit qutusu ilə birlikdə yaşadığı küçənin yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və kütlənin çəkisinin kibrit qutusu ilə birlikdə 2,12 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin PPXT-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 589 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2019-cu il tarixdə vət.Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə zamanı üzərindən aşakr olunmuş...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,748 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 859 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki açıq qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutusu açılmış və onun içərisində kristal halında olan, şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə içərisində olduğu kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 2,12 qram olmuş və zərfdə qablaşdırmış, zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunaraq götürülmüş kütlə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və o, həmin psixotrop maddəni 3 gün bundan öncə yaşadığı küçənin yaxınlığında tapmışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində də göstərərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X5 Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X5 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 24 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4309 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ruhi-Əsəb dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 3975 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən narkoloji dispanserdə qeydiyyatda durur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 0,748 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etmədiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 317-2.1-ci maddəsi ilə məhkum olunduğu cinayət əməllərinə görə cinayətlərin residivinin yaranmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qablaşdırılmış, təmiz qalıq çəkisi 0,698 qram çəkidə psixotrop maddə olan metamfetamin, həmçinin xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı video çəkilişin əks olunduğu 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və həmin disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş İ siyahısının İİ bəndindən görünür ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X5 Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirili bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, daha sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 24 günündən vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, onun Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.2-ci maddələrinin tələbinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən şəxsin X2 dərhal azad edilməsi barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X2 həmin tarixdə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X3 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində saxlanılmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 B ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində profilaktiki qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunub götürülərək qablaşdırılmış təmiz qalıq çəkisi 0,698 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış zamanı video çəkilişinəks olunduğu bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 4 (dörd) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 69.3-cümaddəsinə əsasənTəqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabərtutulmaqla,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 B ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz qalıq çəkisi 0,698 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış zamanı video çəkilişin əks olunduğu 1 ədəddiskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına24 (iyirmi dörd) manat məbləğində pul keçirilsin. (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı “Xalq Bank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar