Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-4/2022 24.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, müdafiəçi “LCG” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 1-ci döngə, ev 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, həmçinin həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib təkrar özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02.03.2019-cu il tarixdə saat 14:20 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldadıb, etibarından sui-istifadə etməklə sonuncuya məxsus "xxxx" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirərək kartda olan 512 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrar 11.03.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin qarşısındakı “Beynalxalq Bank” banka aid bankomatdan pul çıxararkən ona bankomatın işləmədiyini bildirib, pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldadıb, etibarından sui-istifadə etməklə, sonuncuya məxsus kartda olan 543 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrar 05.07.2019-cu il tarixdə saat 09:45 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısındakı bankomata özünə məxsus "xxxx" plastik kartını saldıqdan və həmin kartdan 200 manat məbləğində avans pul çıxarılması əmrini verdikdən sonra Zərərçəkmiş şəxs1 qarşısına keçib bankomatda pul olmadığını bildirib qolundan tutaraq sıxıb itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib çıxıb getməsini tələb edərək, 200 manat pul bankomatdan çıxdıqdan sonra isə həmin 200 manat pulu Zərərçəkmiş şəxs1 gözü qarşısında bankomatdan götürərək qaçmaqla sonuncunun 200 manat məbləğində pulunu ələ keçirib açıq talamaqla soyğunçuluq etmişdir. Cinayət işinin materiallarını, məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur: Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əsasən fəhləliklə məşğul olaraq çörəkpulu qazanıb ailəsini dolandırırmış. Pula ehtiyacı olduğu üçün bankomatların qarşısında dayanaraq kartdan pul çıxarmaq istəyən şəxsləri aldatmaq və onların pullarını guya köməklik göstərirmiş deyib hansısa yolla ələ keçirmək qərarına gəlmişdir. Buna görə təxminən 2019-cu ilin mart ayında o, Gəncə şəhəri Nizami küçəsində Mərkəzi Kitabxananın qarşısında yerləşən və Kapital Banka məxsus bankomatın yanına gedərək orada dayanmış və kiminsə bankomata yaxınlaşaraq pul çıxarmaq istəməsini gözləməyə başlamışdır. Həmin yerdən o, anasına məxsus təqaüd kartından daima pul çıxardığı üçün bilirmiş ki, orada camaat çox olur və orada kimisə aldadıb pulunu ələ keçirə bilərmiş. Təxminən günorta saatlarında bankomata bir nəfər tanımadığı qadının yaxınlaşdığını və kartını bankomata saldığını görmüşdür. O da həmin qadına yaxınlaşmış və həmin qadına pul çıxarmaqda köməklik göstərəcəyini deyib kartın kodunu ondan istəmişdir. Həmin qadın kartın kodunu bildirdikdən sonra o, kodu daxil etmiş və həmin kartda 512 manat pul olduğunu görmüşdür. O, həmin qadının qarşısında dayandığı üçün həmin qadın bankomatı görə bilməmiş və tez pulun bankomatdan çıxarılması üçün düyməni basmış, kartı isə bankomatdan götürüb həmin qadına qaytararaq kodun səhv olduğunu, kartda problem olduğunu demişdir. Həmin qadın isə onun sözlərinə inanaraq bankomatdan kənara çəkilmiş və harasa getmişdir. Həmin ərəfədə pullar hazırlanırmış ki, həmin qadın oradan getdikdən sonra o, 512 manat məbləğində pulu bankomatdan götürüb oradan uzaqlaşmış və əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan bir neçə gün sonra isə o, yenə kimisə aldadaraq pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu dəfə isə o, Gəncə şəhərinin mərkəzində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında olan Beynəlxalq Banka məxsus bankomatın yanında dayanmış və kiminsə yaxınlaşaraq pul çıxarmasını gözləməyə başlamışdır. Həmin vaxt səhər saatları idi. Bir nəfər tanımadığı qadın bankomata yaxınlaşmış və kartını bankomata salıb kodu daxil etmişdir. O da tez bankomata yaxınlaşmış və onun yanında dayanmışdır. Həmin qadın yavaş hərəkət etdiyindən başa düşmüşdür ki, qadının bankomatdan yaxşı anlayışı yoxdur və buna görə fürsətdən istifadə edərək guya ona köməklik göstərirmiş deyib bankomata müdaxilə etməyə başlamışdır. Həmin qadının kartında 543 manat pul olduğunu görmüşdür. O, həmin qadının qarşısında dayandığı üçün qadın bankomatı görə bilməmiş və tez pulun bankomatdan çıxarılması üçün düyməni basmış, kartı isə bankomatdan götürüb həmin qadına qaytararaq bankomatın işləmədiyini və digər bankomata getməli oldğunu demişdir. Həmin qadın isə onun sözlərinə inanaraq bankomatdan kənara çəkilmiş və harasa getmişdir. Həmin ərəfədə pullar hazırlanırmış ki, həmin qadın oradan getdikdən sonra o, 543 manat məbləğində pulu bankomatdan götürüb oradan uzaqlaşmış və əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan sonra sonuncu dəfə, yenə də kimisə aldadıb pulunu ələ keçirmək məqsədi ilə 05.07.2019-cu il tarixdə saat təxminən 09:30 radələrində o, yaşadığı evdən çıxıb Gəncə şəhəri, Nizami küçəsində Mərkəzi Kitabxananın qarşısında yerləşən və Kapital Banka məxsus bankomatın yanına gedərək orada dayanmışdır. Həmin vaxt bankomata bir nəfər tanımadığı qadının yaxınlaşdığını və kartını bankomata salaraq kodunu daxil etdiyini görmüşdür. O da tez həmin qadına yaxınlaşmış və qadını aldatmaq üçün bankomatda pul olmadığını demişdir. Həmin qadın isə ona məhəl qoymamış və kartından 200 manat avans çıxarmaq üçün təsdiq düyməsini basmışdır. O isə qadınla bankomatın arasında dayanıb qadına yenə yalandan bankomatda pul olmadığını deyib kartını bankomatdan götürüb qadının özünə qaytarmış və qolundan itələyərək çıxıb başqa bankomata getməsini istəmişdir. Həmin vaxt bankomatda artıq pullar hazırlanırmış. Həmin qadın ona inanmamış və narazılığını bildirərək kənara çəkilməsini istəmişdir. Lakin bankomatdan həmin qadının 200 manat pulu çıxandan sonra, o, həmin qadının gözü qarşısında 2 ədəd 100 manatlıq əskinasdan ibarət 200 manat məbləğində pulu götürmüş və pulları cibinə qoyub poçt tərəfə qaçmışdır. Həmin qadın onun dalınca qışqırsa da, o, həmin qadına əhəmiyyət verməmişdir. Bir qədər binaların arasında gəzdikdən sorna Gəncə mehmanxanasına tərəf gedərkən polis əməkdaşları onu saxlayıb Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. O da törətdiyi hadisəni etiraf etmiş və həmin bankomatdan götürdüyü 2 ədəd 100 manatlıq pul əskinasını polis əməkdaşlarına təhvil vermişdir. Həmin cinayət hadisələrini törədərkən o, tək olmuş və heç kimlə əlbir olmamışdır. Hadisə vaxtı isə ətrafda hansısa şəxslər olsa da, o, həmin şəxsləri tanımamışdır. O, yalnız sonuncu dəfə pulu ələ keçirərkən qadının qolundan tutub itələmişdir. Həmin qadından başqa digər şəxslərə qarşı heç bir zor tətbiq etməmiş və ya belə zorun tətbiq ediləcəyi barədə hədəqorxu gəlməmişdir. O, həmin şəxslərdən ikisini aldadaraq pulunu almışdır, sonuncunun isə gözü qarşısında pulunu bankomatdan götürüb qaçmışdır. Törətdiyi cinayət əməllərindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ifadəsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, 02.03.2019-cu il tarixdə saat təxminən 14 radələrində o, özünə məxsus “Kapital ASC”-yə mənsub əmək haqqı kartından pul çıxarmaq məqsədi ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Mərkəzi Kitabxananın qarşısında olan “Kapital Banka” məxsus bankomata yaxınlaşmış, kartını bankomata salaraq pul çıxarmaq istədiyi zaman onun bir qədər çətinlik çəkdiyini görən orada dayanan tanımadığı şəxs ona köməklik edə biləcəyini bildirmişdir. Bu vaxt o, həmin şəxslə razılaşmış və kartını ona vermişdir. Həmin şəxs ondan kartın kodunu istəmiş və o, həmin şəxsə kartın kodunu bildirmişdir. Bu vaxt həmin şəxs kartı bankomata salaraq kodu yığmışdır. Bir neçə saniyə sonra həmin şəxs onun kartını özünə qaytararaq həmin kodun səhv olduğunu demişdir. Bundan sonra o, kartı götürərək oranı tərk edib həmin yerdən uzaqlaşmış, yolda gələrkən o, kartında hər hansısa bir problemin olub-olmadığını dəqiqləşdirmək üçün “Kapital Bankın” qaynar xəttinə zəng edərək bankın əməkdaşı ilə danışıb kartından pul çıxara bilmədiyini və ona kodunun yalnış olduğunun deyildiyini bildirmişdir. Bir qədər sonra bankın əməkdaşı ona, kodun dəyişdirilmədiyini və onun kartından həmin gün, yəni 02.03.2019-cu il tarixdə saat 14 rədələrində 512 manat pulunun çıxarıldığını bildirmişdir. Bu vaxt o, başa düşmüşdür ki, bankomatın yanında olan və güya ona köməklik etmək istəyən şəxs onu aldadaraq 512 manat pulunu kartından çıxararaq ona qarşı dələduzluq etmişdir. Daha sonra o, təkrarən Nizami küçəsində yerləşən bir qədər əvvəl getmiş olduğu bankomatın yanına qayıtmışdır ki, bəlkə həmin şəxsi orada tapsın, lakin bir qədər həmin ətrafda həmin şəxsi axtarsa da tapa bilməyib evinə qayıtmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Hadisə vaxtı həmin şəxs ona heç bir zor tətbiq etməmiş, həmin şəxs yalnız onu aldadaraq pulunu ələ keçirmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Ona dəyən zərəri ödədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əvvəllər uzun müddət Gəncə şəhəri ərazisində fəaliyyət göstərən Billur zavodunda, daha sonra isə Gəncə Sağlamlıq Mərkəzində işləmiş və 59 yaşı tamam olanda isə təqaüd almağa başlamışdır. Son vaxtlar onun təqaüdü aylıq olaraq 177 manat təşkil etmiş və təqaüdü Beynəlxalq Banka məxsus kart vasitəsi ilə almışdır. Təqaüdünün bir hissəsini kartında yığıb saxlayaraq həkimə getmək üçün pul düzəldirmiş, sonradan həmin pulu birdəfəlik kartdan götürüb həkimə müalicə üçün gedirmiş. Belə ki, onun gözündə virus vardır və mütəmadi olaraq o, gözünü müalicə etdirir. 11.03.2019-cu il tarixdə qərara gəlmişdir ki, kartında yığıb saxladığı 543 manat məbləğində pulun hamısını kartdan çıxarsın, həmin pulun bir hissəsini qarşıdan gələn novruz bayramı üçün, bir hissəsini isə həkimə xərcləsin. Buna görə həmin günü saat təxminən 11 radələrində o, özünə məxsus təqaüd kartından pul çıxarmaq məqsədi ilə Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazaları şəbəkəsinin qarşısında olan “Beynəlxalq Banka” məxsus bankomata yaxınlaşmış, kartını bankomata salaraq kodu yığmış və gözündə xəstəlik olduğundan zəif gördüyü üçün bankomatın monitorunda nə yazıldığına diqqətlə baxan zaman arxada dayanan tanımadığı şəxs əlini bankomata yaxınlaşdırıb hansısa rəqəmləri yığmışdır. O, həmin şəxsin zəif gördüyünü başa düşüb ona köməklik etmək niyyətində olduğunu fikirləşmiş və diqqətlə monitora baxan zaman kartının balansında 24 qəpik qaldığını görmüşdür. Həmin vaxt arxada olan şəxs bankomatın işləmədiyini ona bildirmiş və o, həmin şəxsin sözünə inanıb kartını bankomatdan götürüb bir qədər aralıda olan bankomata yaxınlaşmışdır. Orada kartını salaraq yoxladığı zaman kartının içərisində cəmi 24 qəpik pulun olduğunu görmüşdür. Lakin onun hesablamalarına görə kartında 543 manat pulu olmalı idi. Bundan sonra o, kartında hər hansısa bir problemin olub-olmadığını dəqiqləşdirmək üçün Beynalxalq Bankın filialına gedərək bankın əməkdaşı ilə danışıb kartından pul çıxara bilmədiyini bildirmişdir. Bir qədər sonra bankın əməkdaşı ona kartından həmin gün, yəni 11.03.2019cu il tarixdə saat 10:50 rədələrində 543 manat pul çıxarıldığını demişdir. Bu vaxt o, başa düşmüşdür ki, bankomatın yanında olan və guya ona köməklik etmək istəyən şəxs onu aldadaraq 543 manat pulunu kartından çıxararaq ona qarşı dələduzluq etmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmişdir. Onun gözləri zəif gördüyündən, həmçinin həmin şəxsin üz cizgilərinə fikir vermədiyindən həmin şəxsi üzdən gördükdə tanıya bilməyəcəyinini bildirmişdir. Lakin həmin şəxsin idman pencəyi geyindiyini, həmin pencəyin qolunda isə ağ rəngli uzununa xətt olduğunu görmüşdür. Həmin şəxs arıq bədən quruluşlu orta boylu və təxminən 40-45 yaşlarında olmuşdur. Hadisə vaxtı həmin şəxs ona heç bir zor tətbiq etməmişdir, həmin şəxs yalnız onu aldadaraq pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 5 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir və hər ay Kapital banka məxsus plastik kart vasitəsi ilə 539 manat əməkhaqqı alırmış. O, həmin kartını istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə yönləndirmişdir ki, kart vasitəsi ilə istənilən mədaxil və məxaric edildikdə telefonuna sms gəlsin. O, pul çıxarmaq üçün daha çox yaşadığı evin yanında yerləşən və ya Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında yerləşən bankomatdan istifadə edirmiş. İyun ayının əməkhaqqını təxminən iyun ayının axırlarında kartdan çıxarmışdır. Əlavə pula ehtiyacı olduğundan və kartında pul olmadığından o, kartdan avans götürmək qərarına gəlmişdir və 05 iyul 2019-cu il tarixdə işlədiyi məktəbə gedərkən yolüstü Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında marşrutdan düşmüşdür. Həmin vaxtı saat təxminən 09:40 radələri olardı ki, o, pul çıxarmaq üçün kitabxananın qarşısında olan bankomata yaxınlaşmışdır. O, bankomata yaxınlaşan zaman iki nəfər tanımadığı qadının bankomatdan pul çıxararaq getdiklərini, bir nəfər tanımadığı kişinin siqaret çəkərək bankomata daha yaxın dayandığını görmüşdür. O, həmin şəxsin ondan qabaq pul çıxarmaq üçün növbə tutduğunu fikirləşib bankomatın yanında dayanmışdır ki, həmin şəxsə yol versin. O, həmin şəxsi əvvəllər ümumiyyətlə tanımamışdır. Həmin şəxs onu görən kimi əməkhaqqı kartını götürərək pul çıxarmaqda ona kömək etmək istədiyini bildirmişdir. Lakin o, həmin şəxsə kartını verməmiş və özü pul çıxara bildiyini demişdir. Bundan sonra həmin şəxs onun yanında dayanaraq kartında pul olmadığını ona demişdir. O isə həmin şəxsə kartında pul olmadığını bildiyini və kartdan avans çıxaracağını demiş və kartını bankomata daxil edərək kodu yığıb avans düyməsini basmış və 200 rəqəmini yazmışdır. O, 200 rəqəmini yazdıqdan sonra bankomat avtomatik olaraq təsdiq vermişdir. Həmin vaxt bankomatın üzərinə gün düşdüyündən nə yazıldığını dəqiq görə bilməmiş, həmçinin yanında dayanmış həmin şəxs bankomata müdaxilə edərək imtina düyməsini bir neçə dəfə basaraq kartını bankomatdan çıxarıb ona vermiş və bankomatda pul olmadığını bildirib onun qolundan tutub itələyərək getməsini istəmişdir. Həmin şəxs özü isə bankomatın qarşısında dayanıb arxasını bankomata, üzünü isə ona çevirmişdir. Həmin şəxs israrla bankomatda pul olmadığını təkrarlamış və çıxıb getməsini istəmişdir. O isə ondan qabaq qadınların pul çıxardıqlarını gördüyündən həmin şəxsin onu aldatmaq istəyidini təxmin etmişdir. Həmin vaxt onun mobil telefonuna Kapital bankdan mesaj gəlmiş və o, mesaja baxarkən kartından 200 manat pul çıxarıldığını bilmişdir. Bu barədə həmin şəxsə demiş və həmin şəxs yenə də bankomatda pul olmadığını bildirmişdir. O, kənardan bankomata baxmış və bankomatdan iki ədəd 100 manatlıq əskinasdan ibarət 200 manat məbləğində pulun çıxdığını görmüşdür. O, pulu götürmək istəyərkən həmin şəxs qəflətən pulu bankomatdan götürərək harasa qaçmağa başlamışdır. Həmin şəxsin arxasınca qışqırmağına baxmayaraq həmin şəxs qaçıb binaların arasına girmişdir. Bundan sonra o, əri Şahid zəng edərək pulunu alıb qaçdıqlarını demişdir. Həmin vaxt əri yanına gəlmiş və onlar orada dayanıb polisin gəlməyini gözləməyə başlamışlar. Orada olarkən yanlarında dayanmış və tanımadığı iki nəfər cavan oğlan pulunu götürmüş şəxsin binaların arasından çıxaraq başqa istiqamətə qaçdığını bildirmişlər. Buna görə əri də həmin şəxsin arxasınca qaçmışdır. Həmin vaxt polis əməkdaşları da onlara çatmış və həmin şəxsi saxladıqdan sonra onları Gəncə şəhər Nizami RPİ-nə dəvət edərək araşdırma aparmağa başlamışlar. Araşdırma zamanı həmin şəxsin üzərindən götürülmüş və ona məxsus olan 2 ədəd 100 manatlıq əskinaslardan ibarət pulu polis əməkdaşları ona qaytarmışlar. Həmin şəxs onun qolundan tutub itələyərkən ona fiziki ağrı yetirsə də, heç bir xəsarət yetirməmişdir və bununla bağlı məhkəmə tibbi ekspertizası müayinəsindən keçməkdən imtina etmişdir. Həmin şəxs onun qolundan tutub itələməklə bankomatdan aralanıb getməsini və bununla da, pulunu bankomatdan götürmək istəmişdir. Hadisə vaxtı yanlarında bir neçə nəfər şəxs olsa da, həmin şəxslərdən o, heç kimi tanımamışdır. Yalnız sonradan əri yanına gəlmişdir və həmin şəxsi polis əməkdaşları ilə birlikdə tutmuşlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır və Gəncə şəhəri 5 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İşlədiyi işin müqabilində hər ay Kapital banka məxsus plastik kart vasitəsi ilə 539 manat əməkhaqqı alır. Yoldaşı pul çıxarmaq üçün daha çox yaşadıqları evin yanında yerləşən və ya iş yerinin yanında, yəni Nizami prospektində, Mərkəzi kitabxananın qarşısında yerləşən bankomatdan istifadə edirmiş. Yoldaşı iyun ayının əməkhaqqını təxminən iyun ayının axırlarında kartdan çıxarmışdır. Əlavə pula ehtiyacları olduğundan və kartda pul olmadığından onlar kartdan avans götürmək qərarına gəlmişlər. Buna görə 05 iyul 2019-cu il tarixdə səhər saatlarında yoldaşı pul çıxarmağa getmişdir. Həmin günü o isə kolxoz bazarının yanında öz işləri ilə məşğul olmuşdur. Saat təxminən 10 radələrində yoldaşı Sevər ona zəng edərək bankomatdan avans pulu çıxardıqdan sonra bir nəfər tanımadığı şəxsin onun 200 manat pulunu götürüb qaçdığını bildirmişdir. Buna görə o, dərhal Mərkəzi Kitabxananın qarşısına getmişdir. Yenə də nə baş verdiyini Sevərdən soruşduqda Sevər bankomatdan 200 manat məbləğində pul çıxararkən bir nəfər tanımadığı şəxsin qəflətən həmin pulu bankomatdan götürərək qaçdığını və bu barədə artıq polisə məlumat verdiyini ona bildirmişdir. O, həmin ətrafda olan tanımadığı şəxslərdən pulu götürüb qaçmış şəxs barəsində soruşduqda onlar həmin şəxsin pulu götürdükdən sonra binaların arasına qaçdığını bildirmişlər. Buna görə o, orada həmin şəxsi axtarmağa başlamışdır. Bu vaxt ətrafda olan şəxslərdən kimsə axtardığı şəxsi ona göstərmiş və o, həmin şəxsin qaçdığını görmüşdür. O da həmin şəxsin arxasınca qaçmış, həmin vaxt polis əməkdaşları da onlara çatmış və həmin şəxsi saxladıqdan sonra onları Gəncə şəhər Nizami RPİ-nə dəvət edərək araşdırma aparmağa başlamışlar. Araşdırma zamanı 200 manat pul həmin şəxsin üzərindən aşkar edilmiş və həmin şəxsin əvvəllər ümumiyyətlə tanımadığı Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.07.2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 bankomatdan 200 manat pulu çıxararkən Təqsirləndirilən şəxs həmin pulu götürüb qaçdığı yer Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Kitabxananın qarşısı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.07.2019-cu il tarixli “baxış və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara şalvarın sol cibindən 2 ədəd 100 (yüz) manatlıq pul əskinazını təqdim edərək, həmin 200 manat pulu 05.07.2019-cu il tarixdə saat 09:40 radələrində Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Kitabxananın qarşısında olan bankomatdan tanımadığı qadının plastik kartından çıxardığı 200 manat pul olduğunu, həmin pulu onun razılığı olmadan bankomatdan götürüb qaçdığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.03.2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 512 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyi yer Gəncə şəhəri, Nizami küçəsində yerləşən Mərkəzi Kitabxananın qarşısı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.03.2019-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 543 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyi yer Gəncə şəhəri, Xoyski küçəsində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.07.2019-cu il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs1 təqdim edilən şəxsləri nəzərdən keçirib dərhal Təqsirləndirilən şəxs göstərərək üz cizgilərinə, boyuna, bədən quruluşuna və yaşına görə Təqsirləndirilən şəxs tanıdığını və hadisə vaxtı məhz Təqsirləndirilən şəxs bankomatdan onun 200 manat məbləğində pulunu götürərək qaçdığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.08.2019-cu il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, tanıyan Zərərçəkmiş şəxs3 təqdim edilən şəxsləri nəzərdən keçirib dərhal Təqsirləndirilən şəxs göstərərək üz cizgilərinə, boyuna, bədən quruluşuna və yaşına görə Təqsirləndirilən şəxs tanıdığını və hadisə vaxtı məhz Təqsirləndirilən şəxs bankomatdan onun 512 manat məbləğində pulunu aldadıb çıxardığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.08.2019-cu il tarixli 605 saylı "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, 05.07.2019-cu il tarixdə saat 09:44 radələrində Gəncə şəhəri Mərkəzi Kitabxananın yanında yerləşən AO127006 saylı ATM-dən 200 manat avans məbləğ alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.08.2019-cu il tarixli 606 saylı "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, 02.03.2019-cu il tarixdə saat 14:20 radələrində Gəncə şəhəri Mərkəzi Kitabxananın yanında yerləşən AO127006 saylı ATM-dən 512 manat məbləğində vəsait alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16.08.2019-cu il tarixli 1195 saylı Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş arayışdan görünür ki, 11.03.2019-cu il tarixdə 481 nömrəli ATM-dən 543 manat məbləğində vəsait çıxarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.08.2019-cu il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş cinayət hadisələrinin görüntüləri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin baş verdiyi ərazinin yaxınlığındakı obyektlərdə quraşdırılmış müşahidə kameralarından çıxarılmış, həmin video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bankomatın qarşısında dayanaraq pul çıxarmaq istəyir, Təqsirləndirilən şəxs isə onların arxasında dayanaraq şübhəli halda onu müşahidə edir, bir qədər sonra isə Təqsirləndirilən şəxs özü bankomata müdaxilə edir, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 nəsə deyərək hansısa istiqaməti göstərdiyi üçün Zərərçəkmiş şəxs2 həmin bankomatın qarşısından aralanaraq harasa gedir, Təqsirləndirilən şəxs isə bankomatın qarşısında bir neçə saniyə durduqdan sonra bankomatdan pul götürərək cibinə qoyur və oradan kənarlaşır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.08.2019-cu il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 02.08.2019-cu il tarixli, 2836 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanseri tərəfindən verilmiş 10.07.2019-cu il tarixli, 3025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 avqust 2019-cu il tarixli qərardan görünür ki, baş vermiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirdiyi və Zərərçəkmiş şəxs1 məxsus 2 ədəd 100 manatlıq əskinaslar ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs1 qaytarılmış və Zərərçəkmiş şəxs1 həmin pulları xərclədiyindən həmin pul əskinasları maddi sübut kimi tanına bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 iyul 2019-cu il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 17.10.2021-ci il tarixli protokoldan görünür ki, o, həmin tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, həmçinin həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib təkrar özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02.03.2019-cu il tarixdə saat 14:20 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs3 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısında pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldadıb, etibarından sui-istifadə etməklə sonuncuya məxsus "xxxx" plastik kartını alaraq bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirərək kartda olan 512 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrar 11.03.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin qarşısındakı “Beynalxalq Bank” banka aid bankomatdan pul çıxararkən ona bankomatın işləmədiyini bildirib, pulunu bankomatdan çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldadıb, etibarından sui-istifadə etməklə, sonuncuya məxsus kartda olan 543 manat pulunu bankomatdan çıxarıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrar 05.07.2019-cu il tarixdə saat 09:45 radələrində Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Gəncə şəhər Mərkəzi Kitabxanasının qarşısındakı bankomata özünə məxsus "xxxx" plastik kartını saldıqdan və həmin kartdan 200 manat məbləğində avans pul çıxarılması əmrini verdikdən sonra Zərərçəkmiş şəxs1 qarşısına keçib bankomatda pul olmadığını bildirib qolundan tutaraq sıxıb itələməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib çıxıb getməsini tələb edərək, 200 manat pul bankomatdan çıxdıqdan sonra isə həmin 200 manat pulu Zərərçəkmiş şəxs1 gözü qarşısında bankomatdan götürərək qaçmaqla sonuncunun 200 manat məbləğində pulunu ələ keçirib açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.07.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.07.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 08.11.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu 17.10.2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış baş vermiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 17.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan baş vermiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-4/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-4/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver