Məhkəmə qərarları › İş №1(044)-40/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-40/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-40/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6-nın yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Gəncə şəhəri, Qızıl Qaya qəsəbəsində yerləşən evlərində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə qəsdən bir neçə zərbə vuraraq sağ gicgah-təpə nühiyyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sağ kürək nahiyyəsinin qançırı ilə nətoicələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahlarından üç azyaşlı uşaqları olsa da, son vaxtlar yola getmədiklərindən 2015-ci ildə ayrılmışlar. Buna baxmayaraq əvvəllər həmin evdə yaşasa da hazırda orada qalmır, lakin tez-tez uşaqlarını görmək üçün evə gəlmiş və uşaqlarının yanında qalmışdır. xx.xx.2020-ci il tarixdə 23 radələrində həyətdə olarkən, Fəxriyənin mobil telefonuna zəng gəlməsini görmüş, o, tez evə keçib Fəxriyədən kiminlə danışmasını soruşmuş, bu zaman Fəxriyə onu saymayaraq cavab verməmişdir. O, Fəxriyənin bu hərəkətlərinə görə onu nalayiq sözlərlə təhqir etmiş, Fəxriyə isə onu təhqir etdiyinə görə, o, əsəbiləşib əli ilə 2-3 dəfə Fəxriyənin sifət, baş və bədən nahiyəsinə qəsdən xəsarət yetirmişdir. O, sonradan Fəxriyənin onun barəsində polisə şikayət etməsini bilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə qurmuş, birgə nikahlarından üç azyaşlı uşaqları vardır, lakin birgə yaşamaları mümkün olmadığından ayrılmışlar və buna baxmayaraq Təqsirləndirilən şəxs tez-tez evə gələrək onlarla birlikdə yaşamış, hər dəfə evə gələndə evdə münaqişə yaradaraq getmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs evə gəlmiş ona şər-böhtan ataraq ona “sən başqa şəxslərlə danışırsan” demiş, lakin o, Malikə heç bir söz deməmişdir ki, bəlkə sakitləşib çıxıb gedər və lakin Malik sakitləşməmiş, əksinə onu nalayiq sözlərlə təhqir edərək əli ilə onu vurub yerə yıxmış, həmin vaxt Malik yumruqla onun sağ sifətindən və başından, bədənin müxtəlif yerlərindən qəsdən vurub xəsarət yetirmişdir. Mübahisə Gəncə şəhəri Qızılqaya qəsəbəsində yaşadıqları evdə baş vermiş, yanlarında başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs qısqanclıq zəminində və təhqir üstündə onu döyüb xəsarət yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi MTE və PA Birliyi Gəncə şöbəsi tərəfindən verilmiş 1276 saylı rəydən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gicgah-təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sag kürək nahiyyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlməsi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, toplanmış materialda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 1993-cü ilin aprel ayından Kəlbəcər rayon Bağırlı kəndindən köçkün düşmüş, təhsilini heç yerdə davam etdirməmiş, Göranboy rayon Dəliməmmədli kəndində müvəqqəti məskunlaşmış, 1998-ci ildə Kəlbəcər rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Milli Ordusuna göndərilmiş, 2002-ci ildə hərbi xidmətdən qayıtmış, 2008-ci ildən Azərbaycan Avtomobil yolları Dövlət Agentliyində Göygöl rayonunda fəhlə işləyir. Hal-hazırda Gəncə şəhəri ADAU-6-da müvəqqəti məskunlaşıb yaşadığı ərazidə qonşularla yaxşı münasibətdə olmuş, Bağırlı kənd sakini olmaqla yaxşı bir insan kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi hadisəsi Gəncə şəhəri, Qızılqaya qəsəbəsində ünvansız yaşadıqları evdə baş vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayətin təqibinə xitam verilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarda haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 300 (üç yüz saat) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar