Məhkəmə qərarları › İş №1(044)-45/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-45/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-45/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, məhkum edilməmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 3,41 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhərindən istintaqa məlum olmayan şəxsdən alaraq həmin miqdarda narkotik vasitə olan heroinin ona çatdırılması üçün Bakı-Gəncə arası taksi fəaliyyəti ilə məşğul olan “Mercedes-Viano” markalı, **-LX-*** nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 içərisində narkotik vasitə olması barədə məlumat verməyib həmin qutunu Gəncə şəhərində götürəcəyini bildirmiş, Şahid1 da həmin qutunu ona gətirmək üçün götürüb idarə etdiyi avtomobilinin salonunda olan saxlanc hissədə saxlayıb Gəncə şəhərinə gətirmiş, Gəncə şəhəri Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirdikləri əmliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 24 iyun 2020-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri, Kəpəz rayonu «Billur» şadlıq sarayının qarşısında saxlanılaraq Gəncə şəhəri Baş Polis İdarəsinə gətirilmiş, həmin tarixdə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən zamanı avtomobilin salonunda olan saxlanc yerində saxlanılmış qutunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 3,054 qram, 0,356 qram, ümumi təmiz çəkisi 3,41 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edib ailəsini dolandırır. Təxminən bir il olar ki, narkotik vasitə olan heroindən, marixuanadan və psixotrop maddə olan metemfetamindən istifadə edir. O, 2019-cu ilin yay aylarında Bakı şəhərində işləyən zaman Mahmud adlı Cəlilabad rayonundan olan şəxslə tanış olub münasibət yaratmış, sonuncu ilə Bakı şəhərində “Varovski” adlanan ərazidə kirayədə qalmışdır. Həmin vaxtı o, Mahmudun narkotik vasitə qəbul etdiyinin şahidi olmuşdur. Mahmud nə vaxt narkotik vasitə lazım olarsa tapa biləcəyini bildirmişdir. O, Mamudun telefon nömrəsini istəyəndə sonuncu ona Rusiya Federasiyasına aid olan +**********2 nömrəsini verib polisə yaxalanmaması üçün həmin nömrənin «Whatsapp»-nı işlətdiyini bildirmişdir. 19 iyun 2020ci il tarixdə o, Gəncə şəhərində olan zaman narkotik vasitə istəsə də, tapa bilməmişdir. O, qərara gəlmişdir ki, Bakı şəhərində yaşayan tanışı Mahmuda zəng edib ona narkotik vasitə tapmasında köməklik etməsini xahiş etsin. Öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə Mahmudun istifadəsində olan +**********2 nömrəsinin «Whatsapp»-na zəng etmiş, Mahmudla danışıb ona narkotik vasitə lazım olduğunu bildirmiş və ona narkotik vasitə tapa biləcəyini soruşanda sonuncu ondan 100 mant pul istəmiş və həmin pulun qarşılığında ona narkotik vasitə göndərəcəyini demişdir. O da Gəncə şəhərindən Bakı şəhərinə hərəkət edən taksi sürücülərinin dayandğı “Yeni Yevlax avtovağzalı” kimi tanınan əraziyə getmiş, orada tanımadığı tünd göy rəngli “Mercedes” makalı avtomobilin sürücüsünə 100 manat verib Bakı şəhərində Mahmud adlı şəxsin götürəcəyini demiş və bu barədə «Whatsapp» vasitəsi ilə zəng edib Mahmuda da məlumat vermişdir. 23 iyun 2020-ci il tarixdə Mamud ona zəng edib narkotik vasitə tapdığını və ona göndərəcəyin bildirmişdir. Həmin gün saat 18 radələrində onun telefonuna yad nömrədən zəng gəlmişdir. Zəng edən şəxs Mahmud olmuş və həmin nömrənin taksi sürücüsünə məxsus olduğunu, ona lazım olan avtomobil ehtiyat hissələrini həmin sürücü Gəncə şəhərinə ona gətirəcəyini bildirmişdir. Həmin gün özü sürücü ilə bir neçə dəfə əlaqə saxlamış, sürücü Bakı şəhərindən bir qədər gec çıxdığı üçün həmin gün saat 23 radələrində onun mobil telefonunun batareyası tükəndiyi üçün telefon sönmüşdür. O, yaşadığı evdən bir qədər kənarda olduğu üçün mobil telefonuna enerji yığması bir qədər gec olmuşdur. Telefon enerji yığdıqdan sonra o, taksi sürücüsünə zəng etsə də həmin şəxsə zəng çatmamışdır. 27 iyun 2020-ci il tarixdə o, yaşadığı evdə olan zaman polis əməkdaşları onun evinə gəlmiş və onun narkotik vasitə almasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Baş Polis İdarəsinə getmişdir. Polis idarəsində onun üzərinə baxış keçirilməsi üçün vəkil tutmaq hüququ izah edilmiş, özü də Müdafiəçi dövlət hesabına ona vəkil təyin edilməsini xahiş etmişdir. Müdafiəçi idarəyə dəvət olunduqdan sonra iki nəfər hal şahidinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən hər-hansı bir qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. O, ilk dəfə idi ki, Mahmuddan narkotik vasitə alıb ona göndərməsini xahiş etmişdir. O, Mahmuda hansı miqdarda narkotik vasitə almasını deməmiş, sadəcə olaraq Mahmuddan xahiş etmişdir ki, ona narkotik vasitə tapıb göndərsin. Mahmud da 100 manata həmin çəkidə narkotik vasitə alıb ona göndərmişdir. Bakı şəhərindən Gəncə şəhərinə sərnişin daşıyan taksi sürücüsü Şahid1 ona narkotik vasitə gətirəcəyi barədə məlumatı olmamış, ümumiyyətlə özü də Şahid1 tanımamışdır. Törətdiyi əməlindən peşmançılıq keçirməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum edilməmişdir. “X2 2.2 CDİ” minik markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edib Bakı-Gəncə marşrutu üzrə sərnişin daşıma ilə məşğul olur. 23 iyun 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Bakı Beynəlxalq” avtovağzalın qarşısında olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq Gəncə şəhərində yaşayan bir nəfər şəxsə çatdırması üçün ona deməsinə görə içərisində avtomobil ehtiyyat hissəsi olan bir qutu vermişdir. O, həmin qutunu Gəncə şəhərinə gətirmişdir. O, Gəncə şəhərinə çatanda həmin əşyanı götürəcək şəxsə zəng etsə də həmin şəxsə zəng çatmadığı üçün o, öz yaşadığı evə getmişdir. 24 iyun 2020-ci il tarixdə, saat 09 radələrində o, həmin qutunu verməli olduğu şəxsə çatdırmaq üçün evdən çıxıb Gəncə şəhərində yerləşən «Billur” şadlıq sarayının yaxınlığına getmiş, qutunu çatdıracağı şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etsə də yenə həmin şəxsə zəng çatmamışdır. “Billur” şadlıq sarayının yaxınlığında olan vaxt 3 nəfər mülkü geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu qanunsuz olaraq üzərində və idarə etdiyi avtomobildə narkotik maddə saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhəri Baş Polis İdarəsinin dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsinin qarşısında o, avtomobilini saxlayıb qapılarını bağlayıb açarını cibinə qoymuş və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə daxil olmuşdular. Otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə öz razılığı ilə avtomobilinə baxış keçirilmiş və avtomobilinin salonunun ön sərnişin yerindəki saxlanc yerindən Bakı şəhərində həmin şəxsin ona vermiş olduğu 1 ədəd şəffaf rəngli polietilen sellofanın içərisindəki kardon qutunu polis əməkdaşlarına təqdim etmişdir. Onun, müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə həmin qutu açılmış, içərisindən bir neçə ədəd ehtiyat hissəsi, daha sonra isə kağız bükülünün içərisindən 2 ədəd polietilen sellofan kəsiyinin içərisindən, 1 ədəd qara rəngli siqaret falqasına bükülmüş kütlə, daha sonra isə yapışqanlı lentlə bərkidilmiş predmet aşkar edilmiş, həmin kütlə və predmetlər elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmişdir. O, Bakı şəhərində qutunu ona verən şəxsi və Gəncə şəhərində həmin qutunu çatdıracağı şəxsi tanımamış, qutunu çatdıracağı şəxslə yalnız telefon vasitəsilə danışmışdır. O, ilk dəfə həmin şəxslərin yükünü daşımışdır. O, ilkin olaraq həmin qutuda narkotik vasitə olduğunu bilməyib qəbul etmişdir. Həmin qutunu ona verən şəxs bildirmişdir ki, yükün pulunu Gəncədə qəbul edən şəxs verəcəkdir. Adətən az yükləri Bakıdan Gəncəyə 5 manat pul müqabilində gətirdikləri üçün o, həmin yükü Gəncədə tanımadığı şəxsə verdikdən sonra 5 manat pul almalı idi. O, narkotik vasitə qəbul etmir, onun istifadəsində ***-***-**-** nömrəsi olmuş, qutunu götürəcək şəxslə də həmin nömrə ilə danışmışdır. Bakı şəhərində içərisində narkotik vasitə olan qutunu ona verən şəxs öz telefon nömrəsini verməmiş, həmin şəxs qutunu Gəncə şəhərində götürəcək şəxsin telefon nömrəsinə onun istifadəsində olan telefonla zəng edib taksi sürücüsü olduğunu və onun mobil nömrəsi ilə əlaqə saxlamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin kiçik inspektoru vəzifəsində işləyir. Şahid1 idarə etdiyi “Mercedes Viano” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Gəncə şəhərinə narkotik vasitələr daşıması barədə əməliyyat məlumatı daxil olduqdan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid4 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. 24 iyun 2020-ci il tarixdə, saat 08 radələrində adlarını yuxarıda qeyd etdiyi Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes Viano” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla narkotik vasitələr daşımaqda şübhəli olan xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, əvvəllər məhkumluğu olmayan, Gəncə şəhəri M.İ.Həmzəyev küçəsi, ev 22-də yaşayan Şahid1 Gəncə şəhəri, Avtozavod qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olması müəyyən edilmiş və Şahid1 əməliyyat müşahidəsinə götürülmüşdür. Şahid1 idarə etdiyi “Mercedes Viano” markalı avtomaşınla «Billur» şadlıq sarayının yaxınlığında işıqforun qırmızı işığında dayanarkən əməliyyat-qrupunun üzvləri ilə birlikdə Zaura yaxınlaşıb özlərini təqdim etmiş, idarə etdiyi avtomobildə qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə, yəni Zaurun üzərinə və idarə etdiyi “Mercedes Viano” markalı avtomaşına baxış keçirtmək məqsədilə sonuncunu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Şahid1 üzərinə və avtomobilinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Yaqub Cəlilova tapşırılmışdır. Şahid1 üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Elmira Həsənova adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Şahid1 təqdim edilmişdir. Şahid1 müdafiəçi qismində təqdim olunan Elmira Həsənova tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra Şahid1 üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqim etməsi təklif olunanda sonuncu üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Şahid1 üzərinə baxış keçirilsə də sonuncunun üzərindən istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Yalnız Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ümumilikdə 140 manat nəğd pul, sol yan cibindən isə “Samsung A10”markalı mobil telefon və “Mercedes Viano” markalı avtomaşının bir ədəd açarı aşkar edilərək götürülsə də həmin əşyalar sonuncunun özünə qaytarılmışdır. Şahid1 hər hansı bir saxlanc yerində, yaşadığı evdə və ya idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmetin olub-olmaması soruşulanda sonuncu bildirmişdir ki, 23 iyun 2020-ci il tarixdə Bakı şəhərində əvvəllər tanımadığı bir nəfər şəxs Gəncə şəhərində tanımadığı şəxsə çatdırmağı üçün avtomobil ehtiyat hissəsi olan qutu vermiş, Zaur da yalnız taksilik edib həmin qutunu Gəncə şəhərinə gətirmiş və qutunun içərisində dəqiq nəyin olması barədə məlumatı olmamışdır. Bundan sonra Şahid1 ərizə yazaraq idarə etdiyi “Mercedes Viano” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etirazı olmadığını bildirdiyi üçün müdafiəçi və onların iştirakı ilə Şahid1 idarə etdiyi həmin “Mercedes Viano” markalı avtomaşına baxış keçirilən zaman avtomobildə qanunla qadağan edilmiş narkotik vasitə, əşya və ya predmetin olub-olmaması soruşulanda Zaur avtomobilin ön sərnişin yerindəki saxlanc yerini açıb Bakı şəhərində tanımadığı şəxsin verdiyi bir ədəd şəffaf rəngli polietilen sellofanın içərisindəki kardon qutunu onlara təqdim etmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə həmin qutu açılmış, qutunun içərisindən bir neçə ədəd ehtiyat hissəsi, daha sonra isə kağız bükülünün içərisindən 2 ədəd polietilen sellofan kəsiyinə bükülmüş bir ədəd qara rəngli siqaret falqasına bükülmüş kütlə, daha sonra isə yapışqanlı lentlə bərkidilmiş predmet aşkar edilmişdir. Həmin kütlələr narkotik vasitə olan heroinə bənzər kütlə olmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, iri həcmli kütə 3 qram, kiçik həcmli kütlə 0,3 qram, digər kütlə isə kiçik ölçüyə malik olduğuna görə tərəzidə çəki göstərməmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, idarə etdiyi avtomobilindən aşkar olunub götürülmüş sellofanın içərisindəki karton qutunun içərisində olanlardan xəbərsiz olmuş, o cümlədən narkotik vasitə olması barədə məlumatı olmamışdır. Bakı şəhərində tanımadığı şəxs həmin qutunun içərisində ehtiyat hissəsi olduğunu bildirib Gəncə şəhərində tanımadığı şəxsə çatdırması üçün Zaurun vasitəsilə Gəncə şəhərinə göndərmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qutunu çatdıracağı tanımadığı şəxsin ***-***-**-** nömrəsinə zəng edib həmin şəxslə görüşəcəyini, Bakı şəhərindən göndərilən qutunu verəcəyini və həmin şəxsdən yol haqqı olaraq 5 manat pul alacağını onlara söyləmişdir. Şahid1 nakotik vasitə qəbul etmədiyini, narkotik vasitənin satışı, daşınması ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra həmin sellofana bükülmüş kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və Daxili İşlər Nazirliyinin 91 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Şahid1la yanaşı özü və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Baxış keçirilən zamanı rəqəmsal videoaparatdan istifadə olunmuş, həmin video görüntülər diskə köçürülərək materiala əlavə olunmuşdur. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 həmin qutunu çatdıracağı şəxs müəyyən olunmuş və Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs istintaqa təqdim olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 və məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə baxışı zamanı tədqiq edilmiş Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2020-ci il tarixli, 16/438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Şahid1 avtomobilindən aşkar edilərək götürülmüş kütlələr» sözləri olan kağız paketdəki 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,054 qram, 0,356 qram, ümumi təimz çəkisi 3,41 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin olub, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,085 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Şahid1 avtomobilindən aşkar edilmiş kütlə» sözləri olan kağız paketdəki, üzəri yapışqan lentlə bağlanmış naməlum kütlənin, Məhkəmə Ekspertizası Mərkəzinin X1 lazımi texniki avadanlıq olmadığından üzərində tədqiqat aparmaq mümkün olmadı. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2020-ci il tarixli, 684 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə Şahid1 idarə etdiyi “X2 2.2 CDİ” minik markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin ön sərnişin yerində kustar üsulla hazırlamış saxlanc yerindən bir ədəd şəffaf rəngli politelin torba aşkar edilmiş, sellofan torbada olan karton qutunun içərisindən 2 ədəd polietilen sellofan kəsiyinin içərisindən, 1 ədəd qara rəngli siqaret falqasına bükülmüş kütlə və yapışqanlı lentlə sarılmış bükülü aşkar edilərək götürülmüş, baxış zamanı kristal şəklində kütlələr aşkar olunmuş, tərəzidə çəkilərək iri həcmli kütə 3 qram, kiçik həcmli kütlə 0,3 qram, digər kütlə isə kiçik ölçüyə malik olduğuna görə çəki göstərməmişdir. Şahid1 idarə etdiyi “X2” markalı avtomobildən aşkar olunub götürülmüş narkotik vasitələrə bənzər kütlələr ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış aparılması haqqında 25 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Şahid1 bildirmişdir ki, istifadəsində olan “Samsung A10” markalı mobil telefonun zənglər siyahısında 23.06.2020-ci il tarixdə saat 18:18-də zəng edilən ***-***-**-** nömrəsindən zəng edilmiş ***-***-**-** nömrəsi qutunu Gəncə şəhərində götürəcək şəxsin nömrəsi olmuşdur. Bundan sonra telefonun zənglər daxil olan siyahısına baxış keçirilən zamanı isə 23.06.2020-ci il tarixdə saat 19:20-də, 22:15-də, 23:05-də ***-***-**-** nömrəsindən zənglərin daxil olduğu məlum olmuşdur. Baxış zamanı iştirak edən Şahid1 bildirmişdir ki, həmin şəxs qeyd edilən vaxtlarda ona zəng edib harada olması barədə maraqlanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış aparılması haqqında 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, zənglər siyahısında olan 23.06.2020-ci il tarixdə saat 18:18-də ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə gələn zəng taksi sürücsünə məxsus olmuş və Mahmud həmin taksi sürücüsünə avtomobil ehtiyat hissəsi adı ilə narkotik vasitə göndərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonundan gedən zənglər siyahısına baxılmış, 23.06.2020-ci il tarixdə saat 19:20-də, 22:15-də, 23:05-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəyə zənglər edilməsi məlum olmuş, baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin vaxt taksi sürücüsünə zəng edib sonuncunun harada olması barədə maraqlandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “whatsapp” mobil tədbiqində olan zənglərin siyahısına baxış keçirilən zamanı məlum olmuşdur ki, 19.06.2020-ci il tarixdə, saat 15:20-də, 16:35-də və 20:54-də +**********2 mobil nömrəyə zəng edilmiş, 23.06.2020-ci il tarixdə isə saat 17:25-də, 18:34-də +**********2 mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə zəng gəlmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş 13.08.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şahid1 Bakı şəhərində içərisində narkotik vasitə olan qutunu verən şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş 27.06.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şahid1 Bakı şəhərində içərisində narkotik vasitə olan qutunu verən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitə almış olduğu şəxsin şəxsiyyətini, Təqsirləndirilən şəxs Bakı şəhərinə pul göndərdiyi taksi avtomobili sürücüsünün şəxsiyyətini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş 06.07.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkoik vasitə satan şəxsin şəxsiyyətini və Təqsirləndirilən şəxs Bakı şəhərinə pul göndərdiyi taksi avtomobili sürücüsünün şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi və götürülməsi haqqında 27 iyun 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sonuncunun üzərindən istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə Şahid1 üzərinə baxış keçirilən zamanı sonuncunun üzərindən saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında psixotrop maddə olan metamfetamin əldə etdiyində görə barəsində inzibati icraat açılması üçün bu barədə material ayrılaraq Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq haradan əldə etməsi və ya narkotik vasitəni əldə etdiyi şəxsin müəyyən edilməsi məqsədi ilə ********* nörməli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nörməli cinayət işi ayrılmı, Mahmud adlı şəxsin müəyyən edilməsi, narkotik vasitənin həmin şəxsdən alınmasının dəqiqləşdirilməsi və Təqsirləndirilən şəxs istifadəsində olan telefon məlumatlarının əldə edilməsi üçün ayrıca istintaq aparılır. Şahid1 idarə etdiyi “X3 2.2 CDİ” minik markalı, **-LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunub götürülmüş təmiz çəkisi 3,054 qram, 0,356 qram, ümumi təmiz çəkisi 3,41 qram narkotik vasitə olan heroin, təmiz 0,085 qram psixotrop maddə olan metamfetamin, Şahid1 üzərinə və avtomobilinə baxış zamanı çəkilmiş video görüntü olan 2 ədəd DVD-R diks iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, maddi sübutlar hesab edilən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış qalıqları, yəni ayrıayırlıqda 3,31 qram narkotik vasitə olan heroin və 0,035 qram narkotik vasitə olan metamfetamin Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, 2 ədəd DVD-R disk cinayət işinə əlavə olunmuşdur. Cinayət işinə əlavə olunmuş baxış keçirilməsi zamanı videogörüntü qeydə alınmış disklər də iş üzrə sübut növləri kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunması, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, onun evli olmasını), himayəsində iki azyaşlı uşaqlarının olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1-də yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2020-ci il tarixli, 684 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertizadan qaytarılmış qalıqları yəni 3,31 qram narkotik vasitə olan heroin və 0,035 qram narkotik vasitə olan metamfetamin məhv edilməli, bundan başqa 2 ədəd DVD-R disk cinayət işinə materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertizadan qaytarılmış qalıqları, yəni 3,31 qram narkotik vasitə olan heroin və 0,035 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, 2 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar