Məhkəmə qərarları › İş №1(044)-46/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-46/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-46/2021 27.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.156 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Gəncə şəhəri Nizami rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri Nizami rayonu Eminbəyli küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis bölməsinə gətirilmiş və üzərinə baxış keçirilərkən əynində olan ağ rəngli köynəyin sol ön cibindən şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq üzərində daşıyaraq saxladığı “Maqna” markalı siqaretin şəffaf rəngli üz sellofanına keçirilmiş halda olmaqla siqaret falqasına bükülü vəziyyətdə, təmiz çəkisi 0.156 qram olan narkotik vasita hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə o, yaşadığı evə yaxın olan avtobus dayanacağında duran zaman onun diqqətini səki daşının dibində siqaretin iç kağızına bükülü büküm cəlb etmiş, o, həmin bükümü götürüb açarkən içərisində heroin olduğunu aşkar etmişdir. Bundan sonra o, həmin heroini bükürək gələcəkdə istifadə etmək üçün cibinə qoymuş, bu barədə ailə üzvlərinin və digər şəxslərin xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə günortadan sonra o, təxminən 5-6 ildir tanıdığı, əvvəllər taksi sürücüsü kimi birlikdə işlədiyi, hazırda Şahsevənlər küçəsində dəqiq bilmədiyi ünvanda yaşayan Bəxtiyara zəng vurmuş, sonuncuya üzərində heroin olduğunu, tək istifadə etmək istəmədiyini, birlikdə istifadə etmək istədiyini bildirmişdir. Bəxtiyar onunla razılaşaraq Gəncə şəhərində M.Müşviq küçəsi ilə Eminbəyli küçəsinin kəsişməsinə gəlməsini ona bildirmişdir. O, 25 saylı marşrut avtobusuna minib həmin yerə gəlmiş, lakin Bəxtiyar orada olmamışdır. Bir neçə dəqiqədən sonra iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Gəncə şəhəri Nizami rayon Polis bölməsinin əməkdaşları kimi təqdim etmiş və onu Gəncə şəhəri Nizami RPB-nə dəvət etmişlər. O, həmin polislərlə birlikdə polis bölməsinə gəlmiş, orada ona şübhəli şəxs olduğu deyilərək hüquqları izah edilmiş və ona dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin iştirakı ilə video çəkiliş ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ondan üzərində hər hansı narkotik vasitənin olub-olmaması soruşulmuş, o da xx.xx.2020-ci il tarixdə evinin yanından tapdığı, şəxsi istifadəsi üçün üzərində saxladığı heroini “Magna” siqaretinin şəffaf üz sellofanına keçirilmiş vəziyyətdə əynində olan köynəyinin sol ön cibindən çıxarıb təqdim etmiş, onun üzərinə əlavə axtarış keçirilmiş, lakin başqa narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar edilmiş həmin heroin siqaret falqası ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 0.3 qram olmuş, müdafiəçi və onu gətirən polis əməkdaşlarının iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzərini imzalamışlar. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokolu o, müdafiəçi və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirmiş, özünün şəkər, vərəm və psixoloji xəstəliklərdən əziyyət çəkdiyini, 2-ci qrup əlil olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Gəncə şəhər Nizami rayon Polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə ünvan 2 qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs epizodik olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qeyd ohman cinayat əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış va əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirilməsinə başlanmışdır. xx.xx.2020-ci il tarixda, saat 19 radələrində o və Şahid2 tərəfindən keçirilan əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş X2 şəhəri, Eminbəyli küçəsi ilə M.Müşviq küçəsinin küçəsində saxlanılaraq Nizami RPB-yə gətirilmişdir. X5 polis bölməsində şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Sonuncu əynində olan ağ rəngli köynəyin sol ön cibindən “Magna” siqaretinin üzərində olan şəffaf sellofana keçirilmiş bir ədəd büküm aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi astanş aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi “Magna” markali siqaret qutusunun üzərində olan səffaf sellofana bükülmüş bir ədəd büküm açılmış, onun içərisindən tünd qəhvəyi rəngli, kəskin iyə malik olan, narkotik maddə - heroina oxşar kütlə aşkar edilmiş və götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.3 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı evin yaxınlığında avtobus dayanacağında yerdon tapdığını, öz istifadəsi üçün saxladığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşırılaraq möhürlənmiş, protokol tərtib edilmiş, zərfin və protokolun üzəri imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami rayon Polis bölməsinin sahə rəisi Şahid2 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutulma protokolundan, xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2020-ci il tarixdə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı X3, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməkdaşları Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli köynəyin döş cibindən “Magna” markalı siqaretin üzərindəki şəffaf sellofannın altından 1 ədəd gümüşü rəngli falqaya bükülmüş, toz halında olan, qəhvəyi rəngli, spesefik iyə malik narkotik vasitəyə oxşar kütləni təqdim etmiş, həmin bükülüdəki kütlənin heroin olduğunu bildirmiş, bükülü elektron tərəzidə çəkilərək 0.3 qram təşkil etdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən verilmiş xx.xx.2020-ci il tarixli, 16/445 nömrəli rəydən məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri olan kağız paketdəki, 1 ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0.156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (Heroinin təmiz çəkisi – 0.156 qr., tədqiqata sərf edildi – 0.05qr., qalıq – 0.106 qr.). Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs dindirmə zamanı verdiyi ifadəsini yerində təsdiq edərək narkotik vasitəni tapdığı yeri əyani şəkildə göstərmişdir. - məhkəmə-psixatriya ekspertizasının xx.xx.2020-ci il tarixli, 442A saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırkı cinayat əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən har hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyatin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyatin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Həmçinin, Təqsirləndirilən şəxs psixotik vəziyyətdən sonrakı davranış pozğunluğu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayat əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermak və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri alına düşmür və onun hal-hazırda məcburi müalica tədbirlərinə ehtiyaci yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 721 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. - X13 Sosial Ekspert Komissiyasının SER TSE-01 № 595009 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci qrup əlildir. - Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 927 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən X14 Dispanserində “uzun sürən psixozdan sonrakı depressiv sayıqlama sindromu” diaqnozu ilə qeydiyyatda durur. - Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 3377 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən “opioidlərdən aslılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. - Gəncə şəhəri X4 xx.xx.2020-ci il tarixli, 142 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən “Hər iki ağ ciyərin ocaqlı vərəmi” diaqnozu ilə Gəncə şəhər 6 saylı poliklinikada qeydiyyatdadır. - Gəncə şəhəri 6 nömrəli şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli, 249 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs həmin poliklinikada “Şəkərli diabet orta ağırlıqda tip 2” diaqnozu ilə dispanser qeydiyyatdadır və mütəmadi olaraq şəkərsalıcı dərman preparatları ilə təmin olunur. - Gəncə şəhəri 6 saylı poliklinikanın xx.xx.2019-cu il tarixli, 121 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs 2015-ci il tarixdən 6 saylı poliklinikanın vərəm əleyhinə kabinetdə “Hər iki ağ ciyərin infiltrativ vərəmi” diaqnozu ilə qeydiyyatda durur. - Gəncə şəhəri 11 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-70/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, tutulduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 80/2019 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-70/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının əvvəli qeydiyyata alındığı xx.xx.2019-cu il tarixdən hesablanmış, xx.xx.2020-ci il tarixə cəzasının 11 ay 24 gün hissəsini çəkmiş, cəzasının 01 il 02 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, şəkərli diabet, vərəm və psixi xəstəliklərinin olmasını, İİ qrup əlil olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşının çox olmasını, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ də tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 20 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 20 gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yuxarıda qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğuna görə ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilməməli, lakin qeydiyyatda olduğu Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda saxlanılmalıdır. İş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0.106 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat, məhkəmədə 7 saat, cəmi 22 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 132 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 20 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq hökmlərin məcmusu üzrə ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 09:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0.106 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz tam, yüzdə qırx) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 132 (yüz otuz iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar