Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-47/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonu, Nəbiağalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 25 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, X17 prospektində yerləşən “Züqo Tover” şadlıq sarayında toy mərasimi davam edən zaman zala daxil olaraq stolun üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus daxilində 1 ədəd 4 manat dəyərində 050 *** ** ** GSM mobil nömrəsi və 1 ədəd 4 manat dəyərində 055 *** ** ** GSM mobil nömrəsi olan 1 ədəd 400 manat dəyərində “Samsung A 20” markalı mobil telefonu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 408 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrar 08 fevral 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Gəncə bağı” restoranında ad günü mərasimi davam edən zaman zala daxil olaraq stolun üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus daxilində 1 ədəd 4 manat dəyərində 070 *** ** ** GSM mobil nömrəsi olan 1 ədəd 390 manat dəyərində “Samsung Galaxy A 10” markalı mobil telefonu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 394 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrar 11 fevral 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Məhrəsə bağı qəsəbəsi ərazisində yerləşən “Şəms” şadlıq sarayında kiçik toy mərasimi davam edən zaman zala daxil olaraq stolun üzərinə qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus daxilində 1 ədəd 4 manat dəyərində 055 *** ** ** GSM mobil nömrəsi olan 1 ədəd 230 manat dəyərində “Redmi 5 plus” markalı mobil telefonu ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 234 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun maddi vəziyyəti ağır olduğundan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin yanvar ayının sonlarında sərxoş halda piyada gedən zaman “Züqo Tover” şadlıq sarayında toy məclisi olmasını görüb həmin toy məclisindən mobil telefon oğurlamaq qərarına gəlmişdir. İlk öncə giriş dəhlizində gəzsə də heç bir yiyəsiz mobil telefon tapa bilmədiyindən məclisdəkilər oynayan zaman zalın içərisinə girərək hiss etdirmədən kənar ilə ən sol tərəfdən sonuncu adamlar əyləşməyən stola tərəf gəlmiş, həmin stolun küncündə olan bir ədəd “Samsung A 20” markalı mobil telefonu heç kim görmədən götürmüş və daha sonra sakit şəkildə şadlıq sarayını tərk etmişdir. O, “köhnə Yevlax avtovağzalı” adlanan istiqamətdə gedib həmin ərazidə yerləşən mobil telefonların alqı-satqı məntəqəsində mobil telefonu satmaq istəsə də qiymətdə razılaşa bilmədiyi üçün sata bilməmiş, sonra “Mərkəzi Univermaq ticarət mərkəzi”nin qarşısına gələrək “Mərkəzi Univermaq” adlanan yerin qarşısında dayanmış tanımadığı şəxsə mobil telefonu satmağı təklif etmiş, həmin şəxs mobil telefona baxaraq almaq istədiyini dedikdən sonra həmin gün saat 21 radələrində mobil telefonu tanımadığı həmin şəxsə 80 manata satmış və əldə etdiyi pula spirtli içkilər alaraq içmişdir. Bundan sonra o, təkrar 2020-ci ilin fevral ayının əvvəllərində sərxoş vəziyyətdə “Yeni Gəncə” qəsəbəsindən qayıdan zaman “Gəncə bağı” restoranında ad günü məclisi olmasını görərək həmin ad günü mərasimindən mobil telefon oğurlamaq qərarına gəlmiş, bu məqsədlə ilk öncə giriş dəhlizində gəzsə də heç bir yiyəsiz mobil telefon tapa bilmədiyindən məclisdəkilər oynayan zaman zalın içərisinə girərək hiss etdirmədən kənar ilə gəlin-bəy stolunun sağ tərəfində yerləşən adamlar əyləşməyən stola tərəf gəlmişdir. Həmin stolun üzərində olan bir ədəd “Samsung A 10” markalı mobil telefonu stoldan heç kim görmədən götürərək sakit şəkildə zalı tərk etmişdir. O, köhnə “Yevlax avtovağzalı” adlanan istiqamətdə gedərək həmin ərazidə yerləşən mobil telefonların alqı-satqı məntəqəsində mobil telefonu satmaq istəmiş, bu dəfə satıcı ilə qiymətdə razılaşaraq “Samsung A 10” markalı mobil telefonu 130 manata satmış və əldə etdiyi pula spirtli içkilər alaraq içmişdir. Bundan sonra o, təkrar 2020-ci ilin fevral ayının əvvəllərində sərxoş vəziyyətdə “Məhrəsə bağı” adlanan ərazidə olan zaman “Şəms” restoranında ad günü məclisi olmasını görüb həmin ad günü mərasimindən mobil telefon oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə ilk öncə giriş dəhlizində gəzsə də heç bir yiyəsiz mobil telefon tapa bilmədiyindən məclisdəkilər oynayan zaman zalın içərisinə girərək hiss etdirmədən baş tərəfdə yerləşən adamlar əyləşməyən mərkəzi stola tərəf gəlmiş, həmin stolun üzərində olan bir ədəd “Samsung Redmi 5 plus” markalı mobil telefonu stoldan heç kim görmədən götürərək sakit şəkildə zalı tərk etmişdir. O, köhnə “Yevlax avtovağzalı” adlanan istiqamətdə gedərək həmin ərazidə yerləşən mobil telefonların alqı-satqı məntəqəsində mobil telefonu satmaq istəsə də qiymətdə razılaşa bilmədiyi üçün sata bilməmiş, sonra “Mərkəzi Univermaq” ticarət mərkəzinin qarşısına gələrək “Mərkəzi Univermaq” adlanan yerin qarşısında dayanmış tanımadığı şəxsə mobil telefonu 70 manata satmış və əldə etdiyi pula spirtli içkilər alaraq içmişdir. Mobil telefonları satdığı şəxslərin həmin mobil telefonları oğurluq nəticəsində əldə edilməsindən məlumatları olmamış və həmin şəxslərə mobil telefonun özünə məxsus olmasını demişdir. “Samsung A 20” markalı mobil telefonu oğurlayan zaman üzərində boyun hissəsi ağ rəngli olan qara rəngli dəri gödəkçə və göy rəngli cins şalvar geyinmiş, onun hər iki əlində tatular olmuş və başqa cinayət əməlləri törətməmişdir. Törətdiyi əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 25 yanvar 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, X17 prospektində yerləşən “Züqo Tover” şadlıq sarayında keçirilən toy mərasiminə getmiş, toy məclisinin baş verdiyi zalda sol tərəfdə, baş hissədə yerləşən axrıncı stolda müəllimə yoldaşları ilə birlikdə oturmuşdur. Təxminən saat 18:20 radələrində stolda oturan hər kəs rəqs etmək üçün durub getmişdir. Həmin vaxt “Samsung A 20” markalı mobil telefonunu oturduğu hissədə stolun üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə müddətində rəqs etdikdən sonra qayıdıb gələn zaman mobil telefonunu stolun üzərində aşkar etməyərək ətrafda oturan şəxslərdən soruşsa da, heç kəs nəsə görməsi barədə ona heç nə deməmişdir. Həmin vaxt mobil telefonunun oğurlanmasını bilmiş və buna görə də ilk öncə Azərbaycan Respublikası DİN-in “102 xidməti”nə, daha sonra isə Gəncə şəhər Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus “Samsung A 20” markalı mobil telefonunun daxilində oğurlanan zaman 050 *** ** ** və 055 *** ** ** mobil nömrələri olmuş, “Samsung A 20” markalı mobil telefonun İMEİ kodu **********35466/**********35464 olmuş, həmin mobil telefonu 400 manata almış və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 aprel 2020-ci il tarixli 9/515 nömrəli rəyində ona məxsus mobil telefonun dəyərinin 280 manat məbləğində qiymətləndirilməsi ilə razı deyil, həmin mobil telefonu 400 manata aldığından, ona həmin dəyərdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən hal-hazırki vaxtadək ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 11 fevral 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərində “Məhrəsə bağı”nda yerləşən "Şəms” şadlıq sarayında övladının kiçik toy mərasimində olan zaman özünə məxsus “Redmi 5 plus” markalı mobil telefonunu uşağı oturduğu baş tərəfdəki mərkəzi stoldan ayrılmasın deyə oynatmaq üçün uşağına vermişdi. 6 yaşlı oğlu Pərvin mobil telefonu stolun üzərində qoyub oynamaq üçün getdiyindən stol boş olmuş, hər kəsin başı qarışıq olduğundan stol nəzarətsiz qalmışdır. Bu zaman zalda olan tanımadığı şəxs stolun üzərindən mobil telefonu götürüb oğurlamış, oğlundan mobil telefonu haraya qoymasını soruşan zaman stolun üzərinə qoymasını bildirmiş, ancaq nə qədər axtarsa da mobil telefonu tapa bilməmişdir. Mərasimdə iştirak edən şəxslər də mobil telefonu kimin götürməsi barədə məlumatlarının olmadıqlarını demiş, ona görə də Gəncə şəhər Nizami Rayon polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus “Redmi 5 plus” markalı mobil telefonunun daxilində oğurlanan zaman 055 *** ** ** mobil nömrəsi olmuş, “Redmi 5 plus” markalı mobil telefonun İMEİ kodu **********6310/ 868618 031 763113 olmuş, həmin mobil telefonu hadisədən 1 il əvvəl 230 manata almış və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 aprel 2020-ci il tarixli, 9/515 nömrəli rəyində ona məxsus mobil telefonun dəyərinin 161 manat məbləğində göstərilməsi ilə razı deyil, həmin mobil telefonu 230 manat aldığından ona həmin məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən hal-hazırki vaxtadək ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanı tələb etmir, təqsirləndirilən şəxsi bağışlayır, onunla barışmışdır və təqsirləndirilən şəxsə cəza təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 08 fevral 2020-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən "Gəncə bağı” restoranında ad günü mərasimində olan zaman oynamaq üçün ailə üzvləri ilə birlikdə stoldan durmuş, həmin vaxt stol boş qalmış və özünə məxsus “Samsung A 10” markalı mobil telefonunu oturduğu hissədə stolun üzərinə qoymuşdur. Bir müddətdən sonra stola qayıdan zaman mobil telefonunun stolun üzərində olmadığını görərək bu barədə əri Rövşənə demiş, ilk öncə mobil telefonunu kiminsə səhv salıb götürməsindən şübhələndiklərindən polisə məlumat verməmişlər. Ancaq 2 gün müddətində mobil telefon geri qaytarılmadığından əri Rövşən ərizə ilə Gəncə şəhər Nizami Rayon polis bölməsinə müraciət etmişdir. 14 fevral 2020-ci il tarixdə ad günü mərasiminin görüntülərinə baxan zaman bir nəfər mərasimin iştirakçısı olmayan şəxsin stol boş olan zaman stola yaxınlaşıb ona məxsus mobil telefonu gizli olaraq oğurladığını görmüş, buna görə də həmin gün əri Rövşən Rayon polis bölməsinə əlavə izahat verərək ona məxsus mobil telefonun oğurlandığını bildirmişdir. Ona məxsus “Samsung A 10” markalı mobil telefonunun daxilində oğurlanan zaman 070 *** ** ** mobil nömrəsi olmuş, “Samsung 10” markalı mobil telefonun İMEİ kodu **********3235/**********32303 olmuş, həmin mobil telefonu 390 manata almış və ona həmin məbləğdə maddi ziyan dəymişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 aprel 2020-ci il tarixli 9/515 nömrəli rəyində ona məxsus mobil telefonun dəyərinin 210 manat məbləğində göstərilməsi ilə razı deyil, həmin mobil telefonu 390 manat aldığından ona həmin məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən hal-hazırki vaxtadək ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanı tələb edir, təqsirləndirilən şəxsin barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 25.01.2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Züqo” şadlıq sarayında keçirilən toy mərasimində ofisiant kimi sonuncu stolda xidmət aparan zaman stolda olan qadınlar şəkil çəkdirmək üçün getmiş, həmin vaxt bir nəfər tanımadığı şəxsin onların stoluna yaxınlaşdığını görmüş, lakin həmin şəxsin toy iştirakçısı olmasını zənn etmişdir. Sonra stolda oturan qadınlar qayıtmışlar. Bir nəfər qadın stola yaxınlaşan zaman ona kiminsə stoldan mobil telefonu götürməsini deməsinə görə həmin şəxsi axtarsa da tapa bilməmiş, onun başı qarışdığı üçün həmin şəxs çıxıb getmiş, sonra zaldan çıxıb həmin oğlanı ətrafda axtarsa da tapa bilməmişdir. Sonra telefonu oğurlanan xanım polis çağırmışdır. Həmin oğlan arıq bədən quruluşlu, saçı qəhvəyi rəngli, üzü tüklü olmuş, saçları alın nahiyəsinə tökülmüş, boyu 165-170 sm olmuş, əynində qara dəri gödəkcə, boyununda ağ dərisi olmuş, göy rəngli cins şalvar geyinmiş, sol əlinin üzərində tatu görünmüşdür. Onun başı xidmətə qarışdığı üçün həmin şəxsin mobil telefonu oğurlamasını görə bilməmişdir. Hadisənin üzərindən çox müddət keçdiyindən, həmçinin həmin vaxt şadlıq sarayının gecə işıqları yandığı üçün şəxsin üzünü tam olaraq görə bilmədiyindən tanıya bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 il müddətdir ki, Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Şahmir telekom” mağazasının yanındakı mobil telefonların alqı-satqısı mağazasını işlətmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs adlı şəxs onun işlədiyi mağazaya gələrək “Samsung A10” markalı mobil telefon satmaq istədiyini bildirmişdir. Həmin mobil telefon göy rəngli və yaxşı vəziyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs ilə 130 manata razılaşmış, sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxararaq həmin kserosurətin üzərinə telefonun markasını və İMEİ kodunu qeyd etmiş, həmin mobil telefonun İMEİ kodu **********32305 və **********32303 olmuş, daha sonra Təqsirləndirilən şəxs həmin kserosurətin üzərinə imza etmişdir. Həmin mobil telefonu xatırlamadığı şəxsə 185 manata satmışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs adlı şəxs yenə də mobil telefon satmaq üçün mağazaya gəlmiş, Təqsirləndirilən şəxs “Samsung A20” markalı mobil telefon gətirmiş, lakin qiymətdə razılaşmadığı üçün həmin mobil telefonu almamışdır. Bundan təxminən 2 həftə sonra yenə də Təqsirləndirilən şəxs adlı şəxs mağazaya gəlmiş, Təqsirləndirilən şəxs bu dəfə “Redmi” markalı mobil telefon gətirmiş, ancaq həmin markalı mobil telefonun ekranında problemlər olduğundan həmin mobil telefonu almamışdır. Bundan sonra Təqsirləndirilən şəxs adlı şəxslə heç bir əlaqəsi və alqı-satqısı olmamışdır. O, həmin mobil telefonun oğurluq yolu ilə əldə edilməsini bilməmiş, sonuncu həmin mobil telefonların özünə məxsus olmasını demişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. 2020-ci ilin fevral ayında mobil telefon almaq üçün Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhəri Köhnə “Yevlax avtovağzalı” adlanan yerin yanında yerləşən “Şahmir” adlı mobil telefonların alqı-satqısı mağazasına getmiş, tanımadığı arıq, saqqallı satıcıya yaxınlaşaraq 185 manat ödəməklə “Samsung A10 markalı” mobil telefonu almış və özünə məxsus 050 *** ** ** mobil nömrəsini həmin mobil telefona daxil etmişdir. Təxminən həmin mobil telefonu 1 həftə müddətində istifadə etdikdən sonra ona pul lazım olduğu üçün mobil telefonu satmaq üçün Gəncə şəhərinə gəlib “Mərkəzi Univermaq”da həmin mobil telefonu tanımadığı satıcıya 145 manata satmış, mobil telefonu satan zaman şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, ancaq satdığı satıcını yalnız bir dəfə gördüyü üçün xatırlamamışdır. O, həmin mobil telefonu mağazadan almış, mobil telefonun oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, 08 fevral 2020-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən "Gəncə bağı” restoranında ad günü mərasimində olmuş, mərasim zamanı oynamaq üçün ailə üzvləri ilə birlikdə stoldan durmuş, həmin vaxt stol boş qalmış, arvadı Zərərçəkmiş şəxs2 özünə məxsus “Samsung A 10” markalı mobil telefonu oturduğu hissədə stolun üzərinə qoymuşdur. Bir müddətdən sonra stola qayıdan zaman Şəlalə mobil telefonunun stolun üzərində olmadığını ona bildirmişdir. İlk öncə mobil telefonu kiminsə səhv salıb götürməsindən şübhələndiklərindən polisə məlumat verməmişlər. Ancaq 2 gün keçsə də mobil telefon geri qaytarılmamış, buna görə ərizə ilə Gəncə şəhər Nizami Rayon polis bölməsinə müraciət etmişdir. 14 fevral 2020-ci il tarixdə ad günü mərasiminin görüntülərinə baxan zaman bir nəfər mərasimin iştirakçısı olmayan əynində boz rəngli gödəkçə olan şəxsin stol boş olan zaman stola yaxınlaşıb Şəlaləyə məxsus mobil telefonu gizli olaraq oğurladığını gördüyündən həmin gün özü də Rayon polis bölməsinə əlavə izahat verərək Şəlaləyə məxsus mobil telefonun oğurlandığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqında 25 yanvar 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Züqo” şadlıq sarayının toy mərasimi keçirilən vip zalında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqında 13 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Məhrəsə Bağında yerləşən “Şəms” şadlıq sarayının kiçik zalında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13.03.2020-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Züqo Tover” şadlıq sarayını, daha sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Gəncə bağı” restoranını, daha sonra Gəncə şəhəri, Məhrəsə qəsəbəsi ərazisində yerləşən “Şəms” şadlıq sarayını və həmin saraylarda telefonları oğurlayaraq götürdüyü yerləri göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 aprel 2020-ci il tarixli, 9/515 nömrəli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə pərakəndə satış qiymətləri 25 yanvar 2020-ci il tarixdə “Samsung A20” markalı mobil telefon 280 manat, 08 fevral 2020-ci il tarixdə “Samsung Galaxy A10” markalı mobil telefon 210 manat, 11 fevral 2020-ci il tarixdə “Redmi 5 plus” markalı mobil telefon 161 manat dəyərindədir. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 may 2020-ci il tarixli, 9/1157 nömrəli rəyində göstərilmişdir ki, 2020-ci ilin yanvar və fevral ayına olan orta bazar qiymətləri 050 *** ** ** GSM mobil nömrəsinin 4 manat, 070 *** ** ** GSM mobil nömrəsinin 4 manat, 055 *** ** ** GSM mobil nömrəsinin 4 manat dəyərindədir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 14.04.2020-ci il tarixli, 1583 saylı arayışdan görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanser tərəfindən verilmiş 17.04.2020-ci il tarixli, 1441 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 30.10.2018-ci il tarixdən Opioidlərdən aslılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmədə iclasında tədqiq edilmiş və iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD diskə baxış protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus **********63105 İMEİ kodlu Redmi 5 plus markalı mobil telefonda 11.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus 055 *** ** ** mobil nömrəsi istifadə edilmişdir. Bundan sonra həmin telefonda 14.02.2020ci il tarixdən 16.02.2020-ci il tarixə kimi X3 məxsus 055 *** ** ** mobil nömrəsi, 16.02.2020-ci il tarixdən 21.02.2020-ci il tarixə kimi X5 məxsus 055 *** ** ** mobil nömrəsi, 21.02.2020-ci il tarixdən 23.02.2020-ci il tarixə kimi X3 məxsus 055 *** ** ** mobil nömrəsi, 23.02.2020-ci il tarixdən 28.02.2020-ci il tarixə kimi X5 məxsus 055 *** ** ** mobil nömrəsi, 04.03.2020-ci il tarixdən 22.03.2020-ci il tarixə kimi X6 məxsus mobil nömrəsi, 09.05.2020-ci il tarixdən 16.06.2020-ci il tarixə kimi X7 məxsus 055 *** ** ** mobil nömrəsi və X4 məxsus 055 *** ** ** mobil nömrəsi istifadə edilmişdir. Təqsirləndirilən şəxs həmin şəxslərdən heç birini tanımadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli, 281 nömrəli qərardan görünür ki, “Samsung A20” markalı mobil telefon 400 manat, “Samsung Galaxy A10” markalı mobil telefon 390 manat, “Redmi 5 plus” markalı mobil telefon 230 manat dəyərində qiymətləndirilmiş, 08.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Samsung A10” markalı mobil telefonun oğurlanmasının videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD disk öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.03.2020-ci il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.11.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə hazırki hökmlə təyin edilmiş cəza qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14.06.2021-ci il tarixi, 1(044)-141/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14.06.2021-ci il tarixi, 1(044)-141/2021 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12.03.2020-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 12 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 mart 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, X8n azad edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təkrar özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əmələrini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də, o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunduğu cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0, 92.0.3-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.2-1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş qəti cəzanı 18.12.2017-ci il tarixdə çəkib qurtardığı gündən hazırki cinayət əməlini törədərkən üç il müddət keçmədiyindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmiş, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinə münasibətdə isə bir il keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.2-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.09.2010-cu il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən onun əməlində cinayətin residivini yaratmır. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi cəzanı 08.11.2019-cu il tarixdə çəkib qurtardığı gündən 02 il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli hökmü ilə qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(043)-134/2021 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 1(043)-134/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(043)-134/2021 saylı hökmü ilə müəyyən edilmiş 10 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs bir nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq hesab edir ki, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər bir neçə dəfə məhkum olunmasını), onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halı, həmçinin təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 12.03.2020-ci il tarixdən 14 mart 2020-ci il tarixədək, yəni 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X8 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və qeyd edilən qanunvericilik aktı normalarını rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(043)-134/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla cəza təyin edildikdən sonra, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(043)-134/2021 saylı hökmü ilə müəyyən edilmiş 10 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 məxsus “Samsung A10” markalı mobil telefonun oğurlanmasının videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(043)-134/2021 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2020-ci il tarixdən 14 mart 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, “Samsung A10” markalı mobil telefonun oğurlanmasının videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş çıxarışların qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-47/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-47/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver