Məhkəmə qərarları › İş №1(044)-49/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-49/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-49/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonu, İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, Daşkəsən rayonu, Qazaxyolçular kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 11:10 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 415E saylı ünvanda yerləşən “Baby” adlı uşaq geyimləri satılan mağazada Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla xalası qızı Zərərçəkmiş şəxs sag göz nühiyəsindən və başından vuraraq ona sağ-göz nahiyəsinin hem otoması, burunun əzniyi-xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs, ekspertiza rəyi, eləcə də, işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,o, heç yerdə işləmir, evdar qadındır və himayəsində iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs onun xalası qızıdır və əvvəllər onunla münasibətləri yaxşı olmuşdur. Leyla onun tanışları arasında barəsində həqiqətə uyğun olmayan sözlər danışıb onu əxlaqsız kimi qiymətə verib biabır etmişdir. Bu səbəbdən də o, xx.xx.2020-ci il tarixdə saat 11:10 radələrində Leylanın satıcı işlədiyi Gəncə şəhəri, H.Əliyev prospekti 415E saylı ünvanda “Baby” adlı uşaq geyimləri satılan mağazaya gedərək orada Leylaya iradını bildirmək istəmiş ki, gələcəkdə onun və ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan ifadələr işlətməsin, həmin vaxt Leyla işlədiyi mağazada ona bildirmişdir ki, “yaxşı edib sənin barəndə danışmışam” və buna görə də onların arasında mübahisə yaranmış və o, əsəbləşib qəsdən yumruqla Leylanın sağ göz nahiyəsindən və başından vurub onu döymüşdür. Bundan sonra Leyla ondan üzür istəmiş və o, çıxıb getmişdir. Sonradan bilmişdir ki, Leyla onun barəsində polisə şikayət etmişdir. Mübahisə zamanı Leyla ona heç bir xəsarət yetirməmişdir. Həmin mübahisə zamanı yanlarında başqa şəxslər olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, H.Əliyev prospekti 415E saylı ünvanda yerləşən “Baby” adlı uşaq geyimləri satılan mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs onun doğma xalası qızıdır. Əvvəllər onunla Nəcibə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 11:10 radələrində o, işlədiyi mağazada olarkən xalası qızı Nəcibə onun yanına gələrək ona bildirmiş ki, guya tanışları arasında Nəcibənin və ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan sözlər danışıb onu biabır etmişdir. O, da cavabında ona bildirmiş ki, yalan danışmasın onun barəsində heç nə danışmamışdır. Buna baxmayaraq Nəcibə onunla mübahisə etmiş və qəsdən sağ göz nahiyəsindən və başından vurub onu döyüb xəsarət yetirmişdir. Həmin vaxtı onun barəsində polisə şikayət edəcəyini bildirdikdə Nəcibə dərhal çıxıb getmiş, bundan sonra özünə məxsus telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə mçüraciət edib xalası qızı Nəcibə tərəfindən döyülməsini bildirmişdir. Onların mübahisəsi təxminən 5 dəqiqə davam etmiş və mübahisə zamanı yanlarında başqa şəxslər olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, 1438 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ göz nahiyyəsinin hemotoması, burunun əzniyi-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, H.Əliyev prospekti, 415E saylı ünvanda yerləşən “Baby” adlı uşaq geyimləri dükanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11:10 radələrində Zərərçəkmiş şəxs satıcı işlədiyi Gəncə şəhəri, H.Əliyev prospekti 415E saylı ünvanda “Baby” adlı uşaq geyimləri satılan mağazaya gedərək aralarında olan şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruqla sağ göz nahiyəsindən və başından vuraraq ona –sağ göz nahiyəsindin hemotoması, burunun əzniyi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq X3 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın X2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar