Məhkəmə qərarları › İş №1(044)-49/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-49/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-49/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmişdir, hazırda 2 saylı istintaq təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, ümumi təmiz çəkisi 1.09 qram təşkil edən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 07.07.2021-ci il tarixdə, saat 12:05 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi 6 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilərək onun üzərinə baxış keçirilən zaman qanunsuz olaraq əldə edib saxladığı 1.09 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi 6 saylı binanın 28 saylı mənzilində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, bir neçə ildir narkotik vasitə aludəçisidir. Son zamanlarda narkotik vasitə olan heroindən az-az istifadə etməyə başlamışdır. 07.07.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvanın yaxınlığında sellofan bükümdə qəhvəyi rəngli heroinə bənzər toz aşkar etmişdir. Heroin istifadəçisi olduğu üçün həmin kütləni görünüşündən və spesifik iyindən həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bilmişdir. Həmin heroini götürüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, həmin tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi 6 saylı binanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu Nizami rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində üzərində narkotik vasitə gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişlər. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin iştirakları ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd səffaf rəngli sellofan torbaya bükülmüş vəziyyətdə tünd rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin çəkisi 1.25 qram gəlmişdir. Bundan sonra aşkar edilmiş həmin kütlə sellofan torba ilə birlikdə zərfdə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O, və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Bundan sonra həmin kütlə ekspertizaya göndərilmiş və ekspertizanın rəyi ona elan olunmuş, ona məlum olmuşdur ki, onun üzərindən aşkar olunmuş kütlənin təmiz çəkisi 1.09 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İdarəyə ünvan 3 ünvanda yaşayan 08.02 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni daşıması, istifadə etməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı əsasında onun və Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07.07.2021-ci il tarixdə saat 12:05 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsi 6 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ izah edilmiş, müdafiəçi ilə təmin olunandan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə iştirakçıların iştirakı ilə açılmış, həmin kütlənin içərisindən qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə okşar kütlə olduğü məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 07.07.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində dayanacaqdan tapdığını bildirmiş, heroinə bənzər kütlənin ümumi çəkisi 1.25 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid – Şahid3 ifadəsindən görünür ki, İdarəyə ünvan 3 ünvanda yaşayan 08.02 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni daşıması, istifadə etməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı əsasında onun və Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07.07.2021-ci il tarixdə saat 12:05 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Gülüstan qəsəbəsi 6 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ ona izah edilmiş, müdafiəçi ilə təmin olunandan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansınarkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək göptürülmüş, həmin kütlə iştirakçıların iştirakı ilə açılmış, həmin kütlənin içərisindən qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə okşar kütlə olduğü məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 07.07.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində dayanacaqdan tapdığını bildirmiş, heroinə bənzər kütlənin ümumi çəkisi 1.25 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respıublikası Daxili İşlər Nazirliyinin 182 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinin 07.07.2021-ci il tarixli, 16/647 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 1.09 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (heroinin təmiz çəkisi – 1.09 qram, tədqiqata sərv edildi – 0.08 qram, qalıq 1.01 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 26.07.2021-ci il tarixli, 875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 12.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkuimluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29.07.2021-ci il tarixli 2934 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2018-ci il tarixdə Opioidlərdən aslılıq diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Disponserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanGəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi 2 saylı xidmət sahəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 198 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 513 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin şizoid pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma mərhələsində olduğundan o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.07.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09.07.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli 1(044)-255/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.12.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı istintaq təcridxanasının 13.12.2021-ci il tarixli 17/39-6460 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli qərarına əsasən həbs edilmiş 11.12.2021-ci il tarixdən məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, onun şizoid pozuntusu xəstəliyi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şizoid pozuntusu xəstəliyi keçirməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 30.03.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.01 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İmamverdi oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs İmamverdi oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İmamverdi oğlu cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1.01 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar