Məhkəmə qərarları › İş №1(044)-52/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-52/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-52/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Heydərli Ülfət Ədalət oğlunun və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli,evli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Qanlıkənd kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA 6-da yerləşən yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs CMnin 127.2.3 və 221.3-cü maddələr ilə təqsirləndirilmişdir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıqniyyəti ilə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 06 iyul 2020-ci il tarixdə, gecə saat 04 radələrində qonşusu Zərərçəkmiş şəxs ictimai yer hesab olunan yaşadığı Gəncə şəhəri AKTA-6 ətrafında olan fərdi yaşayış evinin qarşısına gedərək ucadan musiqiyə qulaq asmasını bəhanə edib aralarında yaranmış mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər ücün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərməklə səs-küy salıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib söyüşlər söyməklə yumruqları və silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etdikdən sonra yaşadığı evinə getmiş, bundan sonra xuliqanlıq hərəkətləri davam etdirmək üçün təkrar qonşusu Zərərçəkmiş şəxs ictimai yer hesab olunan yaşadığı Gəncə şəhəri AKTA-6 ətrafında olan fərdi evin qarşısına gedərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, etik normalara və birgə yaşayış qaydaları ilə bir araya sığmayan hərəkətlər edib ətrafa toplaşmış şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxsla hər hansı bir əsaslı səbəb olmadan dava-dalaş cəlb edərək sonuncunun üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən yumruq və əlindəki silah qismində istifadə etdiyi daşla sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq sağ göz almasının kontuzyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunanan sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər, eləcə də sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları olan dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, özünü CM-nin 127.1 və 221.1-cü maddələr ilə təqsirli bilərək göstərmişdir ki, 06 iyul 2020-ci il tarixdə, saat 04 radələrində yaşadığı evdə olan vaxt yüksək səs eşidib yuxudan oyanmış, o, binada 2-ci mərtəbəsində yaşadığı üçün pəncərədən baxanda yolun digər tərəfində yerləşən Zərərçəkmiş şəxs yaşadığı həyət evindən musiqi və söyüş səsləri gəldiyini eşitmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, qapını döyəndə Zərərçəkmiş şəxs qapını açıb çölə çıxmış, o, musiqinin səsini azaltmağı, yata bilmədiyini, söyüş söydüklərini və deyilən sözlərin ayıb olduğunu bildirəndə Zərərçəkmiş şəxs “bugün bizim şad günümüzdü” deyə ona cavab vermişdir. O, isə “allah mübarək eləsin, şad günün mənə aidiyyəti yoxdu, karantin vaxtıdı, yata bilmirik” deyə cavabında bildirəndə orada olan şəxslərdən biri ona “qanun da mənəm, polis də mənəm, sənə nə dəxli var” deyə cavab vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən arxaya itələmiş, eyni vaxtda Zərərçəkmiş şəxs oğlu, adını sonradan bildiyi Şahid7 onu təhqir etmiş və yumruqla onun üz nahiyyəsindən vurmuşdur. Şahid7 yumruq zərbəsi onun sol gözünə və burnunun yuxarı hissəsinə dəymişdir. Həmin vaxt Şahid7, atası Zərərçəkmiş şəxsonun üzərinə gəlmişlər. O, özünü müdafiə etmək məqsədilə əlini başına tutmuş, həmin şəxslər isə yumruq və təpiklə onun belinə, qollarına vurmağa başlamışlar. O, Bəhruzgilin əlindən bir təhər çıxa bilib hadisə yerindən qaçaraq yaşadığı evə getmiş və atası Ədalətə polisə zəng edib məlumat verməsini bildirmişdir. Bundan sonra o, vanna otağına keçib üzünə su vurmuş və qonaq otağına daxil olan zaman atası ona “qonşuyuq, elə şeymi olar, gedək görək nə məsələdi” demişdir. Bundan sonra təxminən saat 05 radələrində o, atası Ədalətlə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getmişlər. Atası Bəhruzun yaşadığı evin qapısını döymüş, həmin vaxt atası ondan qabaqda, o, isə atasından 2 metr arxada dayanmışdır. Qapını Zərərçəkmiş şəxs açmış və atası qapının çölündən Bəhruza “bu nə işdi, adam təkliyirsiz, bura dərəbəylikdimi?!” deyəndə Zərərçəkmiş şəxs “yaxşı eləmişəm” deyib onun atasını arxaya itələmişdir. O, atasının arxaya tərəf itələndiyini görüb atasına yaxınlaşmış, həmin vaxt birinci dəfə onu yumruqla vuran oğlan əlində olan sarı rəngli pivə butulkası ilə onun baş nahiyyəsindən vurmuş, lakin o, başından xəsarət almamışdır. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə dörd nəfər şəxslər yenə onun üzərinə gəlmiş və yumruq təpiklə onu döyməyə başlamışlar. O, yenə də qollarını ətrafa yelləmişdir ki, onu daha çox döyməsinlər, lakin onun əlinin həmin şəxslərə dəyib-dəymədiyini hiss etməmişdir. Atası isə onun qolundan arxaya dartmış və onlar ordan uzaqlaşıb getmişlər. Atası ona “gedək bunun başqa yolu yoxdu, qoy polis gəlsin” demişdir. Bundan sonra onlar evə getmiş və atası polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları zəng edib ünvanı dəqiq bilmədikləri üçün bir nəfər şəxsin yolun kənarına çıxmasını xahiş etdikləri üçün saat 05:30-da atası polislərin qabağına çıxıb evin yerini göstərmək məqsədilə yaşadığı evdən çölə çıxmışdır. O, isə Zərərçəkmiş şəxsgilin atasına xəsarət yetirə biləcəklərini düşündüyü üçün atasının arxasınca küçəyə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs, atası Dəmir, birinci dəfə onu yumruqla vuran oğlan, Zərərçəkmiş şəxs adını bilmədiyi bacısı oğlu və Zərərçəkmiş şəxs oğlu Şahid7 əllərində daşla yolun digər tərəfindən atasının üzərinə qaçmağa başlamışlar. O, atasını müdafiə etmək məqsədilə dərhal atasına tərəf qaçanda həmin şəxslər əllərindəki daşı atmağa başlamışlar. Həmin vaxt sarışın və kök oğlan ona yaxınlaşmış və əlinin içərisində olan daşla onun sağ göz nahiyyəsindən vurmuşdur. Bundan sonra o, geri çəkilmiş, lakin bu dəfə də onu ilk dəfə yumruqla vuran oğlan əlindəki daşla sağ gözündən vurmuşdur. Bundan sonra o, dizi üstə yerə yıxılmış, həmin vaxt Zərərçəkmiş şəxs qolundan tutaraq onu sürüyüb təxminən 1 metr aralıda olan dəmir tora söykəmişdir. Digər şəxslər isə atasına daşla xəsarət yetirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs və yanındakı digər şəxslər yumruq və təpiklə onu döyməyə başlamışlar. Bir neçə dəqiqə həmin şəxslər onu yumruq və təpiklə döydükdən sonra çəkilib çıxıb getmişlər. O, isə huşunu itirmiş və anası Mehriban gəlib onun qolundan tutaraq evə aparmış, sonradan isə onu xəstəxanaya aparmışlar. O, baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs döyüb xəsarət yetirməmiş, sonuncunun necə, hansı şəraitdə xəsarət alması barədə onun məlumatı olmamışdır. Ola bilsin ki, o, özünü və atasını müdafiə etmək məqsədi ilə əl-qol atarkən onun yumruqları Zərərçəkmiş şəxs dəymişdir. Sonda o, özünü CM-nin 127.1 və 221.1-ci maddələri təqsirli bilərək etdiyi əməldən peşman olduğunu və barəsində 05.11.2021-ci il tarixli amnistiya aktının tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun yaşadığı ev həyət evi olduğu üçün evinin qarşısında həyəti vardır. 06 iyul 2020-ci il tarixdə, saat 05 radələrində o, həyat yoldaşı Şahid12 ilə birlikdə yuxudan tez oyanıb həyətdə oturub söhbət edərək telefonda musiqini qoşmuş və çay içərək musiqiyə qulaq asmışlar. Təxminən 20 dəqiqə keçdikdən sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs qapını döymüş və o, qapını açıb küçəyəçıxıb nə istədiyini soruşanda Ülfət ona yolun digər tərəfində olan binada qaldığını, musiqinin səsi narahat etdiyini bildirmişdir. O, isə mobil telefonun səsinin necə narahat edə biləcəyini soruşanda Ülfət “narahat edirki gəlmişəm” deyəcavabvermiş və nalayiq söz işlədərəkona təhqir etmişdir. Həmin vaxt Ülfətlə onun arasında mübahisə yaranmış və onlar bir-birlərinin yaxasından tutmuşlar. Ülfət qəfildən onun sol göz nahiyyəsinə yumruqla vurmuş, o, da Ülfətin burun nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Sonra onların hər ikisi yerə yıxılmış, onun dizi, qolları yerdə sıyrılmışdır. Ülfət isə ayağa qalxmış və oradan qaçıb getmişdir. O, evə girib əlini və üzünü yumuş, təxminən 10 dəqiqə keçdikdən sonra onun yaşadığı evin qapısı yenidən döyülmüşdür. Həmin vaxt o, xəsarət aldığı üçün qapını həyat yoldaşı Gülnarə açmış və qapını döyən şəxsin Ülfətin atası Ədalət olduğunu bilmişlər. Ədalət isə oğlu Ülfətlə nə səbəbə dava-dalaş etdiyini soruşanda, Gülnarə həmin şəxsləri tanımadıqlarını deyib oradan çıxıb getməsini tələb etmişdir. Lakin o, Ədalətin geri çəkilmədiyini görmüş və həyətdəki stoldan durub qapıya yaxınlaşmışdır. Həmin vaxt Ədalət əlində olan dabankeşlə (rajok) onun başına vurduğu üçün o, Ədalətə yaxınlaşıb sinəsindən itələmişdir. Ülfət də yenidən atası ilə birlikdə onun üzərinə gəlmiş və yenə də aralarında dava-dalaş olmuşdur. Baş vermiş dava-dalaş zamanı Ədalət daşla onun başına vurduğu üçün o, müvazinətini itirib yerə yıxılmış, yerdə olan zaman Ülfət onun qarnının üzərində oturmuş və əlinin içində olan daşla onun sağ göz nahiyyəsinə iki dəfə güclü zərbə vurmuşdur. O, da yumruğu ilə Ülfətin üz nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt arvadı Gülnarə səs-küy saldığı üçün Ülfət və atası Ədalət oradan qaçıb getmişlər. Bundan sonra arvadı Gülnarə onu evə aparmış, biraz sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, onun evindən təxminən 300 metr aralıda yaşayan atası Şahid8 davanı eşidib onların evinə gələn zaman yolda Ülfət və atası Ədalətlə mübahisə etmişdir. Lakin həmin vaxt o, xəsarət aldığı üçün evdə olub həmin yerə getməmiş, həmin yerdə kimlərin olmasını bilməmişdir. Baş vermiş dava-dalaş zamanı yalnız kiçik oğlu Pərvin evdə olmuş, böyük oğlu Şahid1 atası Dəmirlə birlikdə atasının evində yaşasada hadisə günü Samux rayonunda yaşayan qaynatasının evində olmuşdur. Ortancıl oğlu Pərviz Dəmirli ailəlidir və ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hadisə zamanı Ülfətlə Pərviz dava-dalaş etmiş, sonuncu yerə yıxılan zaman yumruğu ilə Ülfətin üzünə bir neçə dəfə vurmuş, lakin Ülfətin hansı nahiyəsindən xəsarət almasını bilməmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və dava-dalaşı da özü yaratmışdır. Onunla Təqsirləndirilən şəxs arasında iki dəfə dava-dalaş olmuş, hər iki dava zamanıonunevində arvadıGülnarəvəözü olmuşdur. Həmin vaxt qaranlıq olduğu üçün kənarda kimin olmasını görməmiş, hər iki dava-dalaş təxminən 5-10 dəqiqə arasında olmuşdur.Hazırda təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, atası Bəhruzun evində yox, ailəsi ilə birlikdə babası Dəmirin evində yaşayır. O, DİN Nəqliyyatda BPİ-nin Gəncə xətt polis şöbəsində PPX-də polis nəfəri kimi işləyir, bəzi günlərdə səhər saat 08 dən axşam 20-dək postda olur. 05.07.2020-ci il tarixdə saat 07 radələrində o, posta getməyi ilə əlaqədar olaraq yoldaşı X10 rayonu Kolayır kəndində yaşayan atasının evinə qoymuş, çünki sonuncunun atası uzun müddətdir xəstə olduğu üçün ora getmək istəmişdir. Həmin gün saat 20 radələrində o, işdən çıxıb Samux rayonunda yaşayan qaynatasının evinə getmiş, lakin orada qaynatası Arifin halının pis olduğunu görmüş, bu zaman yoldaşı Almaz da atasını görüb getmək istəməmiş, ona görə də gecə orada qalmaq məcburiyyətində olmuşdur. 06.07.2020-ci il tarixdə təxminən saat 11 radələrində babası Dəmir ona zəng edib atasının qonşu ilə dava etdiyini demişdir. O, da dərhal Samux rayonundan çıxıb evə gəlmiş, bundan sonra o, da dərhal ora getmiş, atasının sağ və sol göz, eləcə də bədəninin müxtəlif nahiyələrində xəsarət olduğunu görmüşdür. O, sonradan atasının 06.07.2020-ci il tarixdə saat 05 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs adlı şəxslə davadalaş etdiyini və sonuncunun atasını döyərək xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində yuxudan duran zaman əri Ədalətin polis çağırdığını və polisləri qarşılamaq üçün küçəyə çıxdığını görmüşdür. Sonra oğlu Ülfətdən bu barədə soruşanda, sonuncu qonşunun səs-küy etdiyi üçün onların evinə getdiyini, Bəhruz adlı qonşu və onun oğlanları tərəfindən döyüldüyünü bildirmişdir. Ədalət küçəyə çıxandan sonra Ülfət də küçəyə çıxmış, bu zaman qonşu Dəmir və oğlu Bəhruzun əllərindəki daşla əri Ədaləti döydüyünü görmüş, həmin vaxt oğlu da aralamaq üçün getmiş, onlar oğlunu da döyməyə başlamışlar. O, oğlu Ülfəti qorumaq istəyən zaman onu itələyib yerə yıxmışlar və başı asfalta dəymişdir. O, ayağa qalxan zaman isə oğlu Ülfətin yerdə çökmüş vəziyyətdə olduğunu görmüş, Bəhruzgil isə oradan uzaqlaşıb getmişlər. Sonra da o, evə getmiş və Ülfəti xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə təxminən saat 05 radələrində o, yuxudan oyanmış, bu zaman oğlu Ülfətin üzünün qan içində olduğunu görmüşdür. Ülfətdən bunun səbəbini soruşanda səsküyə görə qonşuluqda yaşayan şəxslə dava etdiyini bildirmişdir. Bundan sonra Ülfətə “qonşuyuq, elə şeymi olar, gedək görək nə məsələdi” demiş, sonra Ülfətlə birlikdə ikinci dəfə Bəhruzun yolun digər tərəfində olan həyət evinə getmiş, həmin vaxt artıq təxminən saat 05 radələri olmuşdur. Evin qapısını döyən zaman qapını Bəhruz adlı şəxs açmış və Bəhruza “bu nə işdi, adam təkliyirsiz, bura dərəbəylikdirmi?!” demiş, Bəhruz isə “yaxşı eləmişəm” demiş və onu arxaya itələmişdir. Bu zaman Ülfət yaxınlaşarkən bir nəfər tanımadığı şəxs əlində olan butulka ilə Ülfətin baş nahiyyəsinə vurmuş, bundan sonra Bəhruzda daxil olmaqla dörd nəfər yenə Ülfəti döyməyə başlamışdır. Ülfəti onların əlindən almış və oradan uzaqlaşaraq “gedək bunun başqa yolu yoxdu, qoy polis gəlsin” sözlərini demişdir. Bundan sonra evə getmiş və polisə zəng etmiş, polislər isə biraz sonra zəng edib ərazinin böyük olduğunu, ünvanın konkret olmadığını, ona görə də yolu göstərmək üçün bir nəfərin yolun kənarına çıxmasını demişdir. 06.07.2020-ci il tarixdə saat 05:30-da o, polislərə evi göstərmək üçün küçəyə çıxmışdır. Bu zaman Bəhruz, onun atası Dəmir, Bəhruzun adını bilmədiyi bacısı oğlu və Bəhruzun adını bilmədiyi üç oğlu olmaqla, ümumilikdə altı nəfər şəxsin əlində daşla yolun digər tərəfindən üzərinə qaçıb dava etmiş, dava zamanı oğlu Ülfət döyülmüş, onun özünə də daşla xəsarət yetirilmiş, yumruq və təpiklə döydükdən sonra çəkilib getmişlər. Ülfət isə huşunu itirmiş, həyat yoldaşı Mehribanla Ülfətin qolundan tutub evə aparmış, sonradan isə xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə təxminən gecə saat 05 radələrində o və əri Bəhruz hər ikisi yuxudan oyanıb həyətdə oturub çay içərək Bəhruzun telefonunda musiqiyə qulaq asmışlar. Təxminən 20 dəqiqə sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs qapını döymüş və yoldaşı Bəhruz qapını açıb küçəyə çıxıb nə istədiyini soruşmuşdur. Ülfət isə yolun digər tərəfində olan binada qaldığını, musiqinin səsinin narahat etdiyini bildirmişdir. Bəhruz da Ülfətə mobil telefonun səsinin necə narahat edə biləcəyini soruşmuş, Ülfət isə “narahat edirki gəlmişəm” demiş və nalayiq söz deyərək Bəhruzu təhqir etmişdir. Bu zaman onlar bir-birinin yaxasından tutmuş, həmin vaxt Ülfət qəfildən Bəhruzun sol göz nahiyyəsinə yumruqla vurmuş, Bəhruz da Ülfəti vurmuş və hər ikisi yerə yıxılmışdır. Ülfət ayağa qalxıb oradan qaçıb getmişdir. Onlar evə girmiş və Bəhruz əl-üzünü yumağa başlamışdır.Təxminən 10 dəqiqə sonra qapıları yenidən döyülmüş, bu zaman o, özü qapını açıb küçəyə çıxmışdır. Çıxan zaman qapını döyən şəxsin Ülfətin atası Ədalət olduğunu görmüşdür. X2 nə səbəbə dava-dalaş etdiyini soruşmuş, o, isə çıxıb getmələri üçün yalvarmağa başlamışdır. Lakin Ədalət məhəl qoymamış və həmin vaxt Bəhruz həyətdəki stoldan durub qapıya yaxınlaşmış, yenə də aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Ülfətin atası Ədalət dabankeşlə Bəhruzun başına bir dəfə zərbə vurmuşdur. Bəhruz da evdən nəsə götürmək üçün geri çəkilmiş, həmin vaxt Ədalət yerdən daşı götürüb Bəhruza tərəf atmışdır. Həmin daş Bəhruzun başının arxasına dəymiş və yerə yıxılmışdır. Bəhruz yerə yıxılan zaman Ülfət üzərinə gedib əlində olan daşla üz nahiyyəsinə zərbə endirmişdir. Bəhruz da uzanıqlı vəziyyətdə Ülfətin üzünə yurmuq vurmuşdur. Bu zaman evdə yatan oğlu Şahid11 səsə oyanmış və yuxudan durub onların yanına gəlib Ülfətin Bəhruzu vurduğunu görüb yumruqla Ülfətin üz nahiyyəsinə və sonra da bədəninin muxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra Ülfət arxaya çəkilmiş və hər ikisi qaçıb ordan uzaqlaşmış, sonra onlar evə girmiş və Bəhruzun üzünü yumuşlar. Bundan sonra o, qaynatası Şahid8 məlumat vermiş və Pərvin onun qarşısına çıxmışdır. Bu zaman küçədə onların arasında mübahisə olmuşdur. Lakin Bəhruz xəsarət aldığı üçün evdə olmuş, qaynatası Dəmir evə gələn kimi Ülfətin və atasının sakitləşmədiyini və əl çəkmədiyini görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadələri elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid10 və Şahid11 Şahid12 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, yaşadığı küçədə yaşayır. 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində yuxudan küçədəki səs-küyə oyanmış və nə olduğunu öyrənmək üçün küçəyə çıxan zaman küçədə adlarını sonradan bildiyi Ülfət və Ədalət adlı şəxslərin qonşu Bəhruzun oğlu Pərvin, arvadı Gülnarə, Bəhruzun atası Dəmir və anası Humayə ilə mübahisə etdiyini, bir-birinin ünvanına söyüşlər söydüklərini eşitmişdir. Lakin o, heç bir müdaxilə etməmiş, biraz sonra polis əməkdaşları ora gəlmiş və Bəhruzun evinə girmişlər. O, da öz evinə getmiş, sonradan Ülfət və Ədalətin Bəhruzun evinə gəldiyi və aralarında dava-dalaş olduğu məlum olmuşdur. Lakin o, görən zaman yalnız sözlə mübahisə etmələrinin şahidi olmuş, həmin vaxt onlar arasında dava olmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, ekspert X4 ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi üzrə 06.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun tərəfindən müayinə olunmuş, müayinə zamanı sonuncu sağ göz almasının kontuzyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunana sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması, sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlərin bərk küt əşya təsirindən törədilməsi müəyyən edilmişdir. Qeyd edilmiş bərk küt əşya qismində bir çox əşyalar olması mümkündür, konkret olaraq Zərərçəkmiş şəxs yetirlən xəsarətlər isə daha çox yumuruq zərbələrinə xarakterikdir, ona hər hansı əşya, o cümlədən daş təqdim edilmədiyi üçün o, həmin bərk küt əşya qismində daş və s. əşyalar olmasını qeyd etməmiş, buna görə də xəsarətlər daş və s. əşyalarla yetirilməsinə xarakterik deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibb ekspertizasının 06 iyul 2020-ci il tarixli 962 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ göz almasının kontuzyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunana sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması, sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.07.2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sağ göz almasının kontuzyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunana sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması – sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarıüçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2021-ci il tarixli, 448 nömrəli rəyindən görünür ki, X5 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək, hərəkətlərinə hesabat vermək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixo- Nevroloji Dispanserinin 22.07.2021-ci il tarixli, 3144 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 05.11.2020-ci il tarixdə dispanserdə ambulator müayinədə olmuş, “Reaktiv depressiv vəziyyət” diaqnozu qoyulmuş, sonuncu dəfə 08.04.2021-ci il tarixdə dispanserə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserin 29.07.2021-ci il tarixli, 2920 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.08.2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş X6 istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs yanında təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli hökmündən görünür ki, Şahid11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsi ilə qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndini tətbiq etməklə o, təyin edilmiş həmin cəzadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi və 221.3-cü maddələri ilə olan hissələr düzgün tövsif edilməmiş, həmin hissələrdə onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri iləittiham olunduğucinayətləri xuliqanlıq niyyəti iləvə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməsinə dair istintaqorqanınıngəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrindənəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ona görə ittiham verilmişdir ki, o, musiqi səsinin yüksək olmasını bəhanə edərək, xuliqanlıq niyyəti ilə və daşla vuraraq qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlığı silah qismində istifadə edilən əşyadan istifadə etməklə törətməsi kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Zərərçəkmiş şəxs da ifadəsində musiqiyə qulaq asdığını bildirmiş, lakin ibtidai istintaq orqanı tərəfindən həmin musiqi səsinin ətrafdakı qonşuları narahat edəcək dərəcədə yüksək olması, təqsirləndirilən şəxsin irad bildirməkdə haqlı olub-olmaması araşdırılmamışdır. Həmçinin məhkəmə tibb ekspertizasının 06.07.2020-ci il tarixli, 962 nömrəli rəyində Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin; sağ göz almasının kontuzyasının, hemoftalmının, görmənin zəifləməsi ilə müşaiyət olunana sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsinin, hemotomasının, sol gözün altqapağının qançırının, sağ bazunun, sol dirsək, sol diz, sol körpücük nahiyələrinin sıyrıqlarının bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi qeyd edilmiş, lakin həmin bərk küt əşyanın daş və ya yumruq olması göstərilməmişdir. Bu məqsədlə şahid qismində dindirilmiş, ekspert X4 da Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin daha çox yumruq zərbəsinə xarakterik olduğunu, istifadə edilmiş daşın təqdim edilmədiyi üçün həmin xəsarətlərin daş zərbəsindən əmələ gəldiyini qeyd etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5 və Şahid4 də tərəflər arasında mübahisə və dava olduğunu bildirsələr də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daşla vurduğunu bildirməmişlər. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə tərəflərin qarşılıqlı xuliqanlıq hərəkətləri nəticəsində yaranmış dava zamanı baş vermiş, zərərçəkmiş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər isə yumruq zərbəsindən əmələ gəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək motivin əsasını təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, “...Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiyməyləndirilə bilər”. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı “Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xuliqanlıq edərək mübahisə və dalaşma zamanı Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin təqsirləndirilənlə zərərçəkmişin arasında mübahisə və dalaşma zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi, həmçinin kifayət qədər sübut olmadan təqsirləndirilən şəxsin daşla zərərçəkmiş şəxsə xəsarət yetidiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2 və 3-cü bəndlərində qeyd edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs 06 iyul 2020-ci il tarixdə, gecə saat 04 radələrində qonşusu Zərərçəkmiş şəxs ictimai yer hesab olunan yaşadığı Gəncə şəhəri AKTA-6 ətrafında olan fərdi yaşayış evinin qarşısına gedərək, səs-küy olması ilə bağlı aralarında yaranmış mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər ücün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib söyüşlər söymüş, yumruqları ilə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etdikdən sonra yaşadığı evinə getmişdir. O, bundan sonra xuliqanlıq hərəkətləri davam etdirmək üçün təkrar qonşusu Zərərçəkmiş şəxs ictimai yer hesab olunan yaşadığı Gəncə şəhəri AKTA-6 ətrafında olan fərdi evin qarşısına gedərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, etik normalara və birgə yaşayış qaydaları ilə bir araya sığmayan hərəkətlər edib ətrafa toplaşmış şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxsla hər hansı bir əsaslı səbəb olmadan dava-dalaş cəlb edərək sonuncunun üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən yumruqla sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq sağ göz almasının kontuzyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunanan sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hemotoması ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər, eləcə də sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları olan dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə də, törədilmiş cinayət əməlinin tərəflər arasında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi daşla vurması sübuta yetirilmədiyindən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham olunduğu əməlləri həmin Məcəllənin 127.1 və 221.1-ci maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatinda olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi Təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 İzət qızının işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndini tətbiq etməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 İzət qızının işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar