Məhkəmə qərarları › İş №1(044)-56/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-56/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-56/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Goranboy rayonu, Azad kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, cavabdeh kimi 20 noyabr 2019-cu il tarixdən başlayaraq, 20 avqust 2014-cü ildə doğulmuş X5 və 18 iyun 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 yanvar 2020-ci il tarixli, 2(044)-352/2020 qətnaməsi üzrə verilmiş eyni tarixli icra sənədi üzrə tələbkara cəmi 500 manat ödəmiş, qalan 4 540 manat məbləği ödəmədiyindən və bununla da icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən qeyd olunan icra sənədini tam icra etmədiyinə görə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 3(044)-155/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən 31 mart 2020-ci il tarixli məktubla ona icra üçün yeni müddət təyin edilmiş, məhkəmənin qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barəsində rəsmi xəbərdarlıqlar edilməsinə və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 8(044)-79/2020 nömrəli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, təqdimatın verildiyi 26 aprel 2021-ci il tarixə qədər olan müddətdə Zərərçəkmiş şəxs olan 4 540 manat borcunu ödəməkdən boyun qaçıraraq, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xalası Abdullayeva Hicran Dəmir qızının adına olan ünvan 3 evdə qeydiyyatda olmaqla Goranboy rayonu, Azad kəndində yaşayır. O, 2013-cü ildə X3 ilə tanış olmuş və 2013-cü ilin fevral ayında toy edərək evlənmiş, nikahları Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Onlar ailə qurduqdan sonra ünvan 3 ünvanda yaşamışlar. Birgə yaşadıqları müddətdə 2014-cü ilin avqust ayında qızı Zəhra Abdullazadə və 2018-ci ilin iyun ayında oğlu Məhəmmədmehdi Abdullazadə anadan olmuşlar. Bundan sonra arvadı ilə münasibətləri pisləşmişdir. Belə ki, münasib iş tapıb işləyə bilmədiyinə və dolanışıqlarında çətinlik olduğuna görə evlərində söz-söhbət yaranmağa başlamışdır. Aralarında baş verən narazılıqlarla bağlı bir yerdə yaşamaları mümkün olmadığına görə 2019-cu ilin fevral ayında boşanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmədə nikahları ləğv edilmişdir. Bundan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə ondan hər ay hər uşaq üçün 140 manat, iki uşaq üçün 280 manat aliment tutulmuşdur. Qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, bundan sonra icra məmuru onu idarəyə çağıraraq icraata başlanılması haqqında qərarı və qətnamənin icra olunması barədə xəbərdarlıq məktubunu imza etdirib verməklə, qətnamədə göstərilən alimenti hər ay ödəməsini tələb etmişdir. Lakin, daimi iş yeri olmadığına görə məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimenti Zərərçəkmiş şəxs ödəyə bilməmişdir. Bununla əlaqədar olaraq icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş 11 mart 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Eləcə də, Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən 16 mart 2020-ci ildə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 01 iyun 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da icra məmuru Şahid1 dəfələrlə məktublar yazaraq məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimenti Zərərçəkmiş şəxs ödəməsini tələb etmişdir. 18 mart 2020-ci ildə sonuncunun adına Kapitalbank Gəncə filialında açılmış hesaba 300 manat, 21 aprel 2020-ci ildə 50 manat, 20 may 2020-ci ildə 50 manat, 19 iyun 2020-ci ildə 90 manat, 21 iyul 2020-ci ildə 50 manat və 10 iyul 2021-ci ildə 50 manat pul ödəmişdir. İcra zamanı icra məmuru tərəfindən yaşadığı ünvanda əmlak vəziyyəti da yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi ona məxsus əmlak aşkar edilməmişdir. İcra idarəsindən onu işlə təmin olunması üçün Gəncə şəhəri Məşğulluq Mərkəzinə göndərmişlər, ona iki iş yeri təklif olunmuş, o, razılaşmış, lakin işgötürənlər onu işə götürməmişlər. Sonda o, ikinci nikahdan 1 azyaşlı uşağı olduğunu, işləmədiyi üçün aliment ödənişi edə bilmədiyini, məhkəmədə işə baxıldığı müddətdə imkan daxilində aliment borcunun bir hissəsini ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2013-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə tanış olmuş və 01 fevral 2013-cü ildə el adəti ilə toy edərək evlənmişlər. Birgə nikahdan 23 avqust 2014cü ildə qızı X8 və 18 iyun 2018-ci ildə oğlu X2 anadan olmuşlar. 2018-ci ilin dekabr ayından Gəncə şəhəri 2 nömrəli uşaq poliklinikasında xadimə kimi işə qəbul olunmuş və hazırda da orada işləyir. 2018-ci ildən ailədaxili məsələlərlə əlaqədar münasibətləri pisləşmiş, 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs nikahlarının ləğv olunması üçün Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin ilin axırlarında nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdən etibarən hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment tutulmuşdur. Qətnamə icraya göndərildikdən sonra cavabdeh mütəmadi qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, heç bir yerdə işləmədiyini və maddi cəhətdən imkanının olmadığını bəhanə gətirərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməmişdir. Dəfələrlə Gəncə şəhəri üzrə İcra idarəsinə gedib, alimentin ödənilməsi üçün tədbir görülməsini xahiş etmiş və hər dəfə ona Təqsirləndirilən şəxs alimenti ödəməkdən boyun qaçırdığını bildirmişlər. Alimenti ödəmədiyinə görə Təqsirləndirilən şəxs 11 mart 2020-ci ildə Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Eləcə də, Gəncə Şəhəri üzrə İcra idarəsi tərəfindən 16 mart 2020-ci ildə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdimat verilmişdir. Məhkəmənin 01 iyun 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməklə, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra Təqsirləndirilən şəxs Kapitalbankın Gəncə filialında adına açılmış hesab vasitəsi ilə ona sonuncu dəfə iyul ayında 50 manat olmaqla, cəmi 600 manat pul ödənmiş, məhkəmədə işə baxıldığı müddətdə də Təqsirləndirilən şəxs borcun bir qismini ödəmişdir. Sonda o, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin mart ayından hazıra qədər qədər Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru vəzifəsində işləyir və İİ dərəcəli ədliyyə qulluqçusu rütbəsindədir. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(044)-352/2020 nömrəli qətnaməsinə əsasən, 23 avqust 2014-cü il təvəllüdlü X8 və 18 iyun 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat aliment tutularaq Zərərçəkmiş şəxs Mehdi qızının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi 30 yanvar 2020-ci ildə Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılması haqqında qəbul etdiyi qərarı İcra haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, alimentin könüllü ödənilməsi üçün 10 gün möhlət verilməsi barədə bildirişlə birlikdə Təqsirləndirilən şəxs göndərmişdir. İcra zamanı cavabdeh dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmədiyinə görə 11 mart 2020-ci ildə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxs məhkəmənin həmin tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Eləcə də, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə müvafiq olaraq, 16 mart 2020-ci ildə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdimatla müraciət etmişdir. Məhkəmənin 01 iyun 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmaqla, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanunun tələblərini izah edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən icra üçün yeni müddət təyin edib ondan məhkəmə qətnaməsini könülü icra etməsini və nəticəsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinə məlumat verməsini tələb etmişdir. Habelə məhkəmənin qətnaməsi ilə üzərinə qoyulmuş vəzifəni icra etməyəcəyi halda, barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün Respublika Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat veriləcəyini ona bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra müxtəlif vaxtlarda dəfələrlə xəbərdarlıq edilmiş Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuş alimentin yalnız 500 manatını ödəyib, bu barədə qəbzləri İcra idarəsinə təqdim etmişdir. İcra müddətində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq, 10 aprel 2020ci il, 23 oktyabr 2020-ci il və 04 may 2021-ci il tarixlərdə cavabdehin əmlak vəziyyəti yoxlanılarkən, tələbin yönəldilə biləcəyi ona məxsus hər hansı əmlak aşkar edilməmişdir. İcranın təmin olunması məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27 və 43-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs adına avtomaşın, daşınmaz əmlak, torpaq sahəsi, bankda əmanət, depozit, pul vəsaiti, hər hansı hüquqi şəxsdə səhmdar, iştirakçı, payçı, məcburi dövlət sosial sığorta haqları üzrə sığorta edilənlərin fərdi uçot sistemində qeydiyyatda olub-olmaması, həmin uçot sistemində qeydiyyatda olduğu halda, uçot hesabına hər hansı işə götürən hüquqi və ya fiziki şəxslərdən vəsaitlərin daxil olması, pensiya, təqaüd və ya sosial müavinət alıb-almaması ilə bağlı aidiyyəti dövlət orqanlarına axtarış verilməsi haqqında 25 avqust 2020-ci ildə qərar qəbul edərək, müvafiq qurumlara göndərmişdir. Bu orqanlardan alınmış cavablarda borclunun adına heç bir daşınar və ya daşınmaz əmlakın qeydə alınmadığı, başqa gəlirləri və pul vəsaitlərinin, bank hesablarının olmadığı göstərilmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs işaxtaran kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 6 nömrəli Ərazi Məşğulluq Mərkəzinin filialında qeydiyyata alınmadığı müəyyən edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət edərək, yaranmış aliment borcunu ödəmədiyinə görə onun haqqında Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət işinin başlanılması məsələsinin həll olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs aliment ödənilməsinə dair Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 yanvar 2020-ci il tarixli, 2(044)-352/2020 nömrəli qətnaməsini qərəzli olaraq icra etməyib, yaranmış aliment borcunu ödəmədiyinə görə Gəncə şəhəri üzrə İcra idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar İbrahimov onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimatla İcra Baş İdarəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-352/2020 nömrəli, 16.01.2020ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 20.11.2019-cu il tarixdən başlayaraq 20.08.2014-cü il təvəllüdlü X5 və 18.06.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment pulu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş 30.01.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-352/2020 nömrəli, 16.01.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - 30.01.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-352/2020 nömrəli, 16.01.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 3(044)-155/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” 31.03.2020-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-352/2020 nömrəli, 16.01.2020-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - 13.05.2020-ci il “İşə qəbul edilməsi barədə” Təklifdən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini Ələmdar İbrahimov tərəfindən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək işə qəbul olunma barədə arayış təqdim etməsi təklif olunmuş, əks təqdirdə həmin Mərkəzə müraciət etmədiyi halda, bu, borcun ödənilməsindən boyun qaçırması kimi qiymətləndiriləcəyi bildirilmişdir. - Gəncə şəhəri Nizami rayon X10 şəhəri üzrə İcra İdarəsinin rəis müavini Ələmdar İbrahimova ünvanladığı 07.10.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X11 (MAS) qeydiyyatı aşkarlanmamışdır. - 13.04.2020-ci il tarixli, 24.04.2020-ci il tarixli və sonuncu dəfə 27.07.2020-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - 22.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə Gəncə şəhəri ərazisində tutulmuş, Nizami RPİ-nə gətirilmiş və Bakı şəhəri Yasmal RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Qətimkan tədbiri seçmə haqqında” 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Elektron Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.01.2021-ci il təvəllüdlü X7 adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qsmən etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, aliment borucunun qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə tutulmuş, 23.09.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Hal-hazırda Təqsirləndirilən şəxs faktiki olaraq Goranboy rayonunun ərazisində yaşasa da, onun rəsmi qeydiyyatı Gəncə şəhərində olduğuna görə gələcəkdə onun qeydiyyatda olduğu ərazi üzrə müəyyən sənədlər almaq üçün Gəncə şəhərinə gəlmək zərurəti yarana bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Goranboy rayonunun və qeydiyyatda olduğu Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 24 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 150 manat və 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Goranboy rayonunun və qeydiyyatda olduğu Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Bakı şəhəri 24 nömrəli Vəkil Bürosunun hesabına ("xxxx" ASC-nin Cəfər Cabbarlı filialı; kod 200048; VÖEN **********; müxbir hesab AZ37NABZ********************; SWİFT KOD: AİİБАЗ 2 X; hesab № AZ41AİİB**********0429250104; VÖEN **********) 150 (yüz əlli) manat, Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar