Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-57/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, B-3, sahə 12-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “VAZ-2107” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Şəddadilər küçəsi ilə M.Hacıyev küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən 74 nömrəli evin bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyib yolun sağından sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs alın-təpə-ənsə sümüklərinin xətti formalı sınığı, baş beyinə, beyinciyə qansızma, başın yumşaq toxumalarına, alın-təpə-ənsə nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), sol Xİİ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumaya qansızma, hər iki ağciyərdə çoxsaylı kontuziya ocaqları (qansızma), hər iki bud sümüyünün qapalı sınığı, alt çənə nahiyyəsinin və sağ əlin İİ barmağının sıyrıqları, sol gözaltı nahiyyənin qançırı, alt dodağın selikli qişasının qansızması ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Vaz 2107 minik” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə ilə BC kateqoriyalı sürücülük vəsiqəsiəsasında idarə edib taksiliklə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Sadıllı qəsəbəsində yaşadığı ərazidə olan zaman tanışı ona zəng edərək bildirmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Qız qalası” deyilən yerdə əl çantası var, həmin çantanı götürüb Bağmanlar qəsəbəsinə gətirsin. O da idarə etdiyimaşınla həmin yerə gedib çantanı götürüb maşına qoymuş və Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə avtomobilini idarə edib həmin prospektdə olan işıqfordan sola, yəni Şəddadilər küçəsinə dönmüş və hərəkətini davam etdirmişdir. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən saatda 50 km/saat olardı və avtomobildə ondan başqa heç kim olmamışdır. O, avtomobillə hərəkətini yolun ortası ilə düzünə davam etdirən zaman həmin küçədə yerləşən 74 saylı evin bərabərliyində sağ tərəfdə dayanmış maşınların qarşısından bir nəfər orta yaşlı piyada yolun hərəkət hissəsinə daxil olmuşdur. O, həmin piyadanı görən kimi siqnal verib tormoz etmiş və maşını sol tərəfə çəkmişdir. Piyada da yolun hərəkət hissəsində onun maşını çəkdiyi istiqamətdə getmişdir. Yer sürüşkən olduğu üçün maşın təxminən 3 metr sürüşüb həmin piyadaya dəymiş və piyada yolun ortasında yerə yıxılmışdır. O, dərhal maşından düşüb həmin piyadaya yaxınlaşmış,piyadanı yerdən qaldırıb avtomobilinin arxa oturacağında əyləşdirmiş və maşını 3 saylı Təcili tibbi yardım xəstəxanasına sürüb xəstəni oraya aparmışdır. Orada adı sonradan ona məlum olan Murad adlı həmin şəxsə ilk tibbi yardım göstərilmişdir. Həmin vaxt oraya polis əməkdaşlarıda gəlmişdilər. O, polis əməkdaşları ilə birgə sərxoş olub-olmamasının yoxlanması üçün narkoloji dispanserə getmiş və müayinə zamanı sərxoş olmadığı müəyyən olunmuşdur. Daha sonra hadisə yerinə qayıtmışlar. Hadisə yeri onun iştirakı ilə müayinə olunmuşdur. Piyada yolun sağ səkisindən sol istiqamətə doğru keçmişdir. O, həmin piyadanın yolun hərəkət hissəsinə daxil olmasını piyadaya çatmasına təxminən 4 metr qalmış görmüş və dərhal tormoz etmişdir. Hadisə zamanı özünə heç bir xəsarət dəyməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadə verərək bildirmişdir ki, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı da heç bir yerdə işləmirdi. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, “Komsomol” adlanan ərazidə yerləşən kafedə yemək yemişdir. Bu zaman onun mobil telefon nömrəsinə xatırlamadığı nömrədən zəng olunmuşdur. O, telefona cavab verən zaman 3 saylı Təcili tibbi yardım xəstəxanasından olduğunu, Murad adlı şəxsin onun nəyi olduğunu soruşmuşlar. O isə Muradın qardaşı olduğunu deyəndə bildirmişlər ki, Muradı maşın vurubdur və 3 saylı Təcili tibbi yardım xəstəxanasına gətiriblər. Ona görə dərhal 3 saylı Təcili tibbi yardım xəstəxanasına getmişdir. O, xəstəxanaya çatanda ona məlum olmuşdur ki, Gəncə şəhəri, Şəddadilər küçəsində hərəkətdə olan “Vaz 2107” markalı avtomobilin sürücüsü Samir adlı şəxs maşınla yolu keçmək istəyən qardaşı Muradı vurmuş, Murad xəsarət aldığı üçün Muradı maşına qoyub xəstəxanaya gətirmişdir. Muradın vəziyyəti ağır olduğu üçün həmin gün onu 3 saylı Təcili tibbi yardım xəstəxanasından Gəncə Beynəlxalq xəstəxanasına aparmışlar. Orada bir gün qaldıqdan sonra X7 adına xəstəxanaya aparmışlar. xx.xx.2019-cu il tarixdə Murad almış olduğu xəsarətlərlə bağlı həmin xəstəxanada vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar. Ona görə də hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona qanunda nəzərdə tutulmuş ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektoru vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə o, xidmətdə olmuşdur. Həmin gün saat 13 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, Şəddadilər küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən də dərhal hadisə yerinə getmişdir. Adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobili ilə vurduğu piyadanı maşına qoyub xəstəxanaya aparmışdır. O da xəstəxanaya getmişdir. Orada xəstəyə ilk tibbi yardım göstərilmişdir. Sonra sürücü Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyən edilməsi üçün narkoloji dispanserdən müayinədən keçirtmiş və oradan da həmin sürücü ilə birlikdə hadisə yerinə gəlmişlər. Sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Hadisə yerində olan həmin “VAZ-2107” markalı, **- DR-*** dövlət nömrə nişanlı avtomobil hadisə yeri müayinə olunduqdan sonra Dövlət Yol Polis Şöbəsinin cərimə meydançasına aparılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə Gəncə şəhəri, Şəddadilər küçəsi, 74 saylı evin qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli 4229/2019 saylı “Sərxoşluğun təyini” aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 101 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–alın-təpə-ənsə sümüklərinin xətti formalı sınığı, baş beyinə, beyinciyə qansızma, başın yumşaq toxumalarına alın-təpəənsə nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), sol Xİİ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumaya qansızma, hər iki ağciyərdə çoxsaylı kontuziya ocaqları (qansızma), hər iki bud sümüyünün qapalı sınığı, alt çənə nahiyyəsinin və sağ əlin İİ barmağının sıyrıqları, sol gözaltı nahiyyənin qançırı, alt dodağın selikli qişasının qansızması. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı-küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzarə alaraq belə hesab edilmişdir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzarən 2-4 saatdır (meyit xx.xx.2019-ci il tarixdə saat 17:00-də müayinə olunmuşdur). Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2004 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər 9 saylı RQİŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE-125802 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və hal-hazırda sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinə ünvanlanmış zərərçəkmiş şəxsin hüquqi varisi X4 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyini və ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 479 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 468 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji-dispanserdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “VAZ- 2107” markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri, Şəddadilər küçəsi ilə M.Hacıyev küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən 74 nömrəli evin bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyib yolun sağından sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs alın-təpə-ənsə sümüklərinin xətti formalı sınığı, baş beyinə, beyinciyə qansızma, başın yumşaq toxumalarına, alın-təpə-ənsə nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), sol Xİİ qabırğanın sınığı, sınıq ətrafı yumşaq toxumaya qansızma, hər iki ağciyərdə çoxsaylı kontuziya ocaqları (qansızma), hər iki bud sümüyünün qapalı sınığı, alt çənə nahiyyəsinin və sağ əlin İİ barmağının sıyrıqları, sol gözaltı nahiyyənin qançırı, alt dodağın selikli qişasının qansızması ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayonu Sadılı qəsəbəsi evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü hörmətli sakin kimi göstərmiş, gənc olmağına baxmayaraq, Təqsirləndirilən şəxs ərazidə gedən bütün təşkilati işlərdə köməklik göstərmiş, fərdi əməklə məşğul olur və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödəmiş və ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, eləcə də ona cəza təyin edilməsinin tərəfdarı olmadığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və buna nail olmasını, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan tələbinin və şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzatəyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay müddətə şamil edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-57/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-57/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver