Məhkəmə qərarları › İş №1(044)-57/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-57/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-57/2022 12.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Gəncə şəhəri Şəddadilər küçəsi ev 168A-da qeydiyyatda olmaqla ünvan 1 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirmiş və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən yivli odlu silah olan 5.45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan 1 ədəd avtomatı, 5.45 mm kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 1 ədəd darağı, həmçinin 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olmaqla döyüş sursatı hesab olunan 05 ədəd ştat patronlarını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş və yaşadığı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 1-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinin həyətində olan toyuq hininin altında gizlətməklə saxlamış, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 avqust 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində tutulduqdan sonra özünün razılığı ilə eyni tarixdə, saat 21:00-dan 21:40-dək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, A.M. Əhmədov küçəsi, 1-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evində axtarış aparılarkən evin həyətində olan toyuq hininin altından yivli odlu silah olan nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5.45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan 1 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 1 ədəd daraq, həmçinin zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olmaqla döyüş sursatı hesab olunan 05 ədəd ştat patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaq zamanı onu polislər döymüş, əzab vermiş, odur ki, o, ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında etirafedici ifadələr vermişdir. Belə ki, 09.08.2021-ci ildə Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon polis idarəsinə aparılmış, üzərində şəxsi axtarış aparılmış, şübhəli şəxs qismində saxlanılarkən ona vəkil təyin edilmiş, üzərində şəxsi axtarış aparılan zaman heş bir qanunsuz ıçya açkar edilməmişdir. Lakin saxlanılarkən onu idərəyə aparmış polis əməkdaşları onu döyərək zor tətbiq etmiş, ona evindən tapılacaq sılahın ona məxsus olmasını etiraf etməsi üçün onların təklifi ilə razılaşmış və evində aşkar ediləcək silahın ona məxsus olmasını etiraf edəcəyini bildirmiş və polis əməkdaşları ilə birlikdə kirayədə tək yaşadığı ünvan 1 ünvanındakı evə getmiş, polis əməkdaşdarının əvvəlcədən ona yerini bildirdikləri toyuq hininin altından əvvəlcədən qoyulmuç silahın ona məxsus olduğunu bildirmişdir. Əslində isə yaşadığı evin həyətindən tapılmış silah ona məxsus deyil, həmin silahı polis əməkdaşları oraya qoymuşlar. O, ifadəsində daha sonra göstərmişdir ki, sonradan bir qohumu onu başa salmışdır ki, niyə yalandan silahı boynuna alırsan, o, da həqiqəti deməyi qərara almışdır. Əslində silahı onun boynuna polisdə qoymuşlar, belə ki, onu polislər döymüş, işgəncə vermiş, adını bilmədiyi polislər tərəfindən qarın nahiyəsindən ağır xəsarətlər aldığı üçün Z.Məmmədov adına 3 saylı xəstəxanada müalicə olunduğundan və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyir ki, həmin silahı o, tapmamış, polislər zorla boynuna qoymuşlar. Sonda o, bütün bunları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda və əvvəlki məhkəmə iclasında verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasındakı ifadələrində göstərmişdir ki, Gəncə şəhər Şəddadilər küçəsi ev 168 A-da qeydiyyatda olmaqla ünvan 1 tək yaşayır, ailəsi ilə əlaqəsi yoxdur. 2021-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhərində Gəncə çayının sahilində məişət tullantıları atılan yerdən 1 ədəd bağlamada avtomat və içərisində 5 ədəd patron olan sandıqça tapmış, həmin avtomat maraqlı gəldiyi üçün yaşadığı evə gətirib evin həyətində olan toyuq hininin altında gizlətmişdir. 09.08.2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Nizami RPİ-yə dəvət edilmişdir. Gəncə şəhər Nizami RPİ-də hüquqları izah edilmiş və Müdafiəçi1 ona vəkil təyin edilmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment aşkar olunmamışdır. Axtarış zamanı yaşadığı evdə odlu silah olduğunu bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə yaşadığı evdə axtarış aparılmışdır. Axtarış zamanı yaşadığı evin həyətində yerləşən toyuq hininin altında əvvəlcədən gizlətdiyi 1 ədəd bağlamada olan avtomat və həmin silaha aid içərisində 5 ədəd patron olan sandıqça aşkar olunmuşdur. Həmin avtomat, içərisində 5 ədəd patron olan sandıqça ilə birlikdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 09.08.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, gəzdirməsi və saxlaması barədə Gəncə şəhər Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında o və əməliyyat müvəkkili X5, şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 1-ci döngədə yerləşən evinin yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah əldə etməkdə, gəzdirməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək təxirəsalınmaz şəkildə sonuncunu özləri ilə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onun özünün və əməliyyat müvəkkili Babək Mustafayevin də iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim olunmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Bununla belə, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evinin həyətində avtomat silahı saxladığını, həmin silahı təqdim edəcəyini bildirərək evində axtarış aparılmasına etiraz etmədiyinə dair ərizə də yazmışdır. Bundan sonra yuxarıda qeyd olunan şəxslərin də iştirakı ilə Təqsirləndirilən şəxs özü ilə birlikdə yaşadığı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 1-ci döngədə yerləşən 17 nömrəli fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs həyətdə olan toyuq hininin altından ilk baxışda avtomat görünüşü yaradan1 ədəd ağ rəngli bağlama çıxarıb onlara təqdim etmiş və həmin bağlamanın avtomat olduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisindən AK-74 model Kalaşnikov konstruksiyalı avtomat, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomatı, darağı və patronları Gəncə çayının sahilində tapdığını bildirmişdir. Bundan sonra həmin silah, daraq və patronlar qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 09.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X1 tərtib etdiyi 09.08.2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan, “Yaşayış yerinə axtarış haqqında protokoldan və 1 ədəd DVD diskdən görünür ki, polis əməkdaşları 09.08.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 1 ədəd DVD diskdəki müvafiq videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 10 dəqiqə 15 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri: polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2dur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona Azərbaycan Respublikasının CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və bu barədə yazılı bildiriş ona təqdim edilir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar edilmir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdə odlu silah olan avtomat silahı olduğunu və onu təqdim edə biləcəyini, evində axtarış aparılmasına etiraz etmədiyini bildirir. Bundan başqa, cinayət işi üzrə istintaq zamanı cinayət işi materiallarında olan və içərisində 09.08.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsinin videogörüntüsü olan 1 ədəd DVD diskdəki müvafiq videogörüntüyə də baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 24 dəqiqə 38 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri: polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2dur. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 1-ci döngə, ev 17 ünvanının qarşısında Təqsirləndirilən şəxs evin giriş qapısını özündə olan açarla açaraq polis əməkdaşlarını içəri dəvət edir. Axtarış iştirakçıları evin həyətyanı sahəsinə keçdikdən sonra Təqsirləndirilən şəxs həyətdə olan toyuq hininin altından 1 ədəd ağ rəngli, üzərində ulduz təsvirləri olan, ilk baxışdan avtomat silahına bənzər bükülü çıxarıb təqdim edir. Həmin bükülü açıldıqda içərisindən ağ parçaya bükülmüş vəziyyətdə Kalaşnikov konstruksiyalı, taxta qundağı olan avtomat, 1 ədəd avtomat darağı və darağın içərisində 5 ədəd patron aşkar edilir. Həmin avtomatın üzərindəki zavod nömrəsi silinmişdir. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin silahı Gəncə çayının sahilində tapdığını, həmin silahdan istifadə etmədiyini bildirir. Bundan sonra həmin avtomat, daraq və patronlar müvafiq qadada qablaşdırılaraq götürülür.Bundan sonra evin otaqlarında axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilmir. Bundan başqa, cinayət işi üzrə istintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs qeyd edilən odlu silahı haradan, kimdən və necə əldə etməsini, hansı məqsədlə üzərində gəzdirməsini müəyyən etmək mümkün olmamış, eləcə də həmin silahla müvafiq rayon ərazisində hər hansı cinayət törədilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 10.08.2021-ci il tarixli, 21/492R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah 5.45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli, odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7.62x39 çç kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur, istifadəyə və atəş üçün yararlıdır. Azərbaycan Respublikasının DİN-in KTİ-dən daxil olmuş 21.08.2021-ci il tarixli, 011-7807-1221 nömrəli məktubdan görünür ki, 01 ədəd 5.45 mm kalibrli №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış gülləgiliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 11.08.2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs RSFSR Amur Vilayətinin 12094 saylı Hərbi Hissəsinin Hərbi Tribunalının 21.08.1991-ci il tarixli hökmü ilə RSFSR CM-in 246-cı maddəsinin “B” bəndi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14.06.1993-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 15.07.1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən, azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 22.09.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının qüvvədən düşmüş CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 13.07.1996-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 1(044)-180-21 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-452/2021 saylı, 22.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 1(044)-180-21 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya şöbəsinin 12.05.2022ci il tarixli 167/2021 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş yuxarıda sadalanan cəza Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli “8 noyabr-“Zəfər günü” münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın 5ci bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi 01 il azaldılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-133/2022 nömrəli 25.02.2022-ci il tarixli qərarı ilə 11 ay 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Məhkum təyin olunmuş 11ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 12.05.2022-ci il tarixə 01 ay 10 gününü çəkmiş, çəkilməmiş 10 ay 14 gün cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 09.04.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarindan görünür ki, məhkəmənin təşəbbüsü ilə yoxlanılması üçün göndərilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Nizami RPİ-nin polis əməkdaşları tərəfindən fiziki işgəncəyə və təzyiqə məruz qalması barədə qeyd etdiyi məlumat əsasında toplanmış 206-C-22 nömrəli material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində silahı boynuna polisdə qoymalarını, onu polislərin döyüb, işgəncə verməsini, adını bilmədiyi polislər tərəfindən qarın nahiyəsindən ağır xəsarətlər aldığı üçün Z.Məmmədov adına 3 saylı xəstəxanada müalicə olunduğundan və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin silahı polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, məhkəmənin təşəbbüsü ilə həmin fakt yoxlanılması üçün şəhər prokurorluğuna göndərilmiş, prokurorluğun qərarından da görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən işgəncələrə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı və əvvəlki məhkəmə prosesində verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun evində axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində 09.08.2021-ci il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində 11.08.2021-ci il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs silahın onun tərəfindən tapıldığını və evində gizlətdiyini bildirir. Sonra təqsirləndirilən şəxs bu dəfə özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilir və eyni ifadəni təkrar edir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 228.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Bundan başqa təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bildiyini, silahı taparaq evində gizlətdiyini bildirmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ifadəsi, şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq silah əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun dəfələrlə cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-180-21 saylı 22.06.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası (Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli “8 noyabr-“Zəfər günü” münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi 01 il azaldılması nəzərə alınmaqla) hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla, həmçinin azadlığı məhdudlaşdırılması cəzasının çəkilmiş 1 ay 10 günü azadlıqdan məhrum etmə cəzasının bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hazırki hökmlə həbsə alındığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, yivli odlu silah olan nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5.45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan 1 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 1 ədəd daraq, həmçinin zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olmaqla döyüş sursatı hesab olunan 05 ədəd ştat patronlarından qalıq qalmış 03 ədəd ştat patronlar müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-180-21 saylı 22.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası (Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli “8 noyabr-“Zəfər günü” münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi 01 il azaldılması nəzərə alınmaqla) hazırkı hökmlə təyin olunmuş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə cəzası bərabər tutulmaqla, ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-180-21 saylı 22.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 ay 10 günü azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. İş üzrə maddi sübut olan, yivli odlu silah olan nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 5.45 mm kalibrli, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan 1 ədəd avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 1 ədəd daraq, həmçinin zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı olmaqla döyüş sursatı hesab olunan 05 ədəd ştat patronlarından qalıq qalmış 03 ədəd ştat patronlar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar