Məhkəmə qərarları › İş №1(044)-59/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-59/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-59/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 16.05.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri Cavadxan küçəsi döngə 7, ev 18də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 07 avqust 2020-ci il tarixdə saat 07 radələrindən həmin gün saat 18 radələrinədək olan müddət ərzində dəqiq istintaqa məlum olmayan saatda ev sahibinin evdə olmamasından istifadə edərək öz yaşadığı evin hasarından ünvan 1 ünvanında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə düşüb açıq vəziyyətdə olan evin giriş qapısından qanunsuz olaraq içəriyə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 20 manat dəyərində bir ədəd nərdtaxta, 20 manat dəyərində bir ədəd montaj ütüsü, hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində təzə vəziyyətdə üstü iplə bağlanan iki cüt kişi ayaqqabıları, hər birinin qiyməti 60 manat olmaqla 120 manat dəyərində təzə vəziyyətdə iki cüt qısa boğaz qış kişi ayaqqabıları, 160 manat dəyərində sellofanda təzə vəziyyətdə 3 ədəd qoluzun köynəkləri gizli yolla talayıb sonuncuya ümumilikdə 460 (dörd yüz altmış), həmçinin eyni vaxtda vahid niyyətlə həmin evdən Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 80 manat və 120 manat olmaqla ümumilikdə 200 manat dəyərində 2 ədəd samovar, 30 manat dəyərində bir ədəd çıraq, 500 manat dəyərində qazan dəstləri, 340 manat dəyərində yataq dəstləri, 110 manat dəyərində divan üzlükləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində boşqablar, 160 manat dəyərində fincan dəstləri, 90 manat dəyərində qaşıq dəstləri, 70 manat dəyərində bir ədəd qadın üçün təzə vəziyyətdə jaket, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində iki ədəd qadın üçün təzə vəziyyətdə kofta, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində iki ədəd qadın üçün təzə vəziyyətdə şalvarı gizli yolla talayıb sonuncuya cəmi 1930 (bir min doqquz yüz otuz) manat, ümumilikdə zərərçəkmiş şəxslərə 2390 (iki min üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qardaşı X6 ilə birlikdə yaşayır. Atası və anası təxminən 25 ildən artıqdır ki vəfat ediblər. O və qardaşı Şəmkir rayonunda istilikxanada və meyvə bağlarında fəhləlik edirlər. Zərərçəkmiş şəxs1 və sonuncunun bacısı Zərərçəkmiş şəxs2 yaxşı tanıyır. Həmin şəxslər onun həm qonşusu, həm də qohumlarıdır. Onların yaşadıqları ev yanbayandır. Həmçinin onun mərhum atası yetim olduğu üçün Səməndərgilin anası uşaqlıqdan onun atasına baxıb böyütmüşlər. Səməndəri o, əmisi kimi tanımış, bacısı Cəlalətə də bibi demişdir. Son zamanlar aralarında münasibətləri soyumuş, münasibətlərinin soyumasına səbəb isə təxminən 4-5 il bundan əvvəl Səməndərin kiçik qardaşı Etibarla aralarında olan dava-dalaş olmuş və həmin vaxtdan da onlar danışmırlar. Səməndər və Etibar yaşlı olsalar da hal-hazıra qədər evlənməmişlər. Bacıları Cəlalət isə ailəlidir və ayrı yaşayır. Cəlalət ayrı yaşasa da qardaşlarının yanına gəlib gedir. Zərərçəkmiş şəxs1 “Kolxoz” bazarı kimi tanınan yerdə dəmirçi işləyir, səhər tezdən evdən çıxıb işə gedir və təxminən saat 18 radələrindən sonra evə qayıdır. Etibar da öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Etibar da səhər saatlarında gedib axşam olandan sonra evə qayıdır. Həmin müddət ərzində Səməndərgilin evində heç kim olmur. 07 avqust 2020ci il tarixdə onun maddi vəziyəti yaxşı olmadığı üçün Səməndərgilin yaşadığı evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. O, öz evinin damına çıxıb oradan da Səməndərgilin evinin həyətinə düşmüş, evin həyətindən də yaşayış binasının açıq qapısından evə daxil olmuşdur. O, evdə qiymətli əşya və pul axtarsa da tapa bilməmişdir. O, evdən 2 cüt təzə geyinilməmiş ayyaqqabılar, 3 ədəd qoluzun selofanda təzə köynəklər, 1 ədəd nərdtaxta götürüb daxil olduğu yerdən də yaşadığı evə qayıtmışdır. 3 ədəd köynəklərdən ikisini onun özü geyinmiş, bir ədəd köynəyi isə həmin gün «Dubay» bazarı kimi tanının yerdə tanımadığı şəxsə 20 manat pulun müqabilində satmışdır. Həmin ayaqqabılardan bir cütünü 10 avqust 2020-ci il tarixdə polislər onun yaşadığı evə baxış keçirən vaxt götürmüşlər, digər bir cüt ayaqqabını və iki ədəd geyinilmiş vəziyyətdə qoluzun kişi köynəklərini isə ifadəsi yerində yoxlanılan zamanı polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurladığı nərdtaxtanı oğurluq edən gün «Dubay» bazarı adlanan yerdə tanımadığı şəxsə 15 manata satmışdır. O, tanımadığı şəxslərə satdığı əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, əldə etdiyi pula siqaret almış və çayxanalarda çay içmişdir. Adlarını qeyd etdiyi əşyalardan başqa Zərərçəkmiş şəxs1 yaşadığı evdən digər əşyalar oğurlamamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngün cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, tək yaşayır, evlənmədiyi üçün ailəsi yoxdur. X2 onun bacısıdır, bacısı ailəlidir və öz ailəsi ilə birlikdə Billur zavodun yataqxanasında yaşayır. Bacısının yaşadığı ev kiçik olduğu üçün öz əşyalarının bir qismini onun yaşadığı ünvan 2ünvanda saxlayır. O, dəmirçi işləyir, hər gün saat 07 radələrində evdən çıxıb işə gedir və saat 18 radələrində evə qayıdır. O, həmin evdən çıxıb işə gedəndə evin ayna və qapısını açıq qoyur ki, evdə havalanma getsin. Həmişə olduğu kimi 07 avqust 2020-ci il tarixdə, saat 07 radələrində yaşadığı evdən çıxıb evin həyətyanı sahəsinə giriş qapısını açarla bağlayıb işə getmişdir. Həmin gün saat 18 radələrində işdən evə qayıdıb giriş qapısını açarla açaraq həyətə daxil olmuşdur. Sonra paltarlarını dəyişmək üçün evin içərisinə daxil olanda ona məxsus 4 cüt kişi ayaqqabılarının, sellofanda təzə vəziyyətdə köynəklərinin yerində olmadığını görmüşdür. Eyni zamanda otaqda montaj ütüsünün də yerində olmadığını görmüşdür. Sonra evin digər yerlərinə nəzər salanda paltar dolabının üstündə olan ona məxsus bir ədəd nərdtaxtanın da yerində olmadığını görmüşdür. Bundan sonra o, bacısı Şəlaləyə zəng vurub evlərinə çağırmışdır. Bacısı onlara gəlmiş, bacısı ilə birlikdə evə nəzər salanda müəyyən etmişlər ki, yaşadığı evə qanunsuz daxil olan şəxs ona və bacısına məxsus əşyaları oğulamışdır. Bundan sonra bacısı Cəlalət ona məxsus yaşadığı evdən oğurluq olması barədə “Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə” zəng edib məlumat vermişdir. Bir az keçdikdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər, müvafiq sənədləşmə aparmışlar. Baş vermiş oğurluq cinayəti barədə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gedib şifahi ərizə protokolunda yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 240 manat dəyərində 4 cüt kişi ayaqqabılarının oğurlandığını göstərsə də oğurlanmış kişi ayaqqabılarının dəyərini düzgün hesablamamış, sonradan isə fikirləşib yadına salanda müəyyən etmişdir ki, üstü iplə bağlanan kişi ayaqqabısının bir cütü 70 manat olmaqla iki cütünü 140 manata, qış üçün qısa boğaz kişi ayaqqabısının bir cütü isə 60 manat olmaqla iki cütünü 120 manata almışdır. Eyni zamanda naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus yaşadığı evdən 20 manat dəyərində bir ədəd nərdtaxta, 20 manat dəyərində bir ədəd montaj ütüsü, 160 manat dəyərində sellofanda təzə vəziyyətdə 3 ədəd qoluzun köynəklər oğurlanmış və oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 460 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa oğurluq cinayəti nəticəsində naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bacısı Zərərçəkmiş şəxs2 məxsus 200 manat dəyərində 2 ədəd samovarlar, 30 manat dəyərində bir ədəd çıraq, 500 manat dəyərində qazanlar, 500 manat dəyərində yataq dəstləri, divan üzlükləri, dəsmallar, 500 manat dəyərində müxtəlif cehizlik əşyaları, 200 manat dəyərində qadın geyimləri oğurlanmış və oğurluq hadisəsi nəticəsində bacısı Zərərçəkmiş şəxs2 ümumilikdə 1930 manat məbləğində maddi ziyan dəymişdir. Rəsul tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır, qardaşı ata evində tək yaşayır. O, isə ailəli olduğu üçün öz ailəsi ilə birlikdə ayrı ünvanda yaşayır. Onun yaşadığı ev kiçik olduğundan öz əşyalarından bir qismini qardaşının yaşadığı ünvan 2ünvanında yerləşən evdə saxlayır. O, tez-tez gedib qardaşına baş çəkir. Qardaşı evlənmədiyi üçün tək yaşayır və ailəsi yoxdur. Qardaşı Səməndər dəmirçi işləyir, səhər saat 07 radələrində evdən çıxıb işə gedir və saat 18 radələrində isə evinə qayıdır. 07 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində o, öz yaşadığı evdə olanda qardaşı Səməndər zəng edib onu öz evinə çağırmışdır. O, qardaşının evinə gedəndə görmüşdür ki, evin əşyaları dağınıq vəziyyətdədir. Onlar evdəki əşyalara nəzər salanda oğurluq olduğunu müəyyən etmişlər. Bundan sonra o, bu barədə “Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə” zəng edib məlumat vermişdir. Qardaşı həmin vaxt evə baxıb ayaqqabılarının, köynəklərinin, nərdtaxtasının olmadığını bilmişdir. Onlar ilkin olaraq elə zənn etmişlər ki, oğurluq edən şəxs həmin əşyaları oğurlamışdır. Hadisə yerinə gələn polis əməkdaşlarına da Səməndər ilkin olaraq o cür ərizə və izahat vermişdir. Sonradan həmin evdə təmizlik işləri apardıqdan sonra məlum olmuşdur ki, evdən yuxarda qeyd etdikləri əşyalardan başqa həmin evdə saxlanılan ona məxsus hər birinin dəyəri 80 manat və 120 manat olmaqla ümumilikdə 200 manat dəyərində 2 ədəd samovarlar, 30 manat dəyərində bir ədəd çıraq, 500 manat dəyərində qazan dəstləri, 340 manat dəyərində yataq dəstləri, 110 manat dəyərində divan üzlükləri, 50 manat dəyərində dəsmallar, 250 manat dəyərində boşqablar, 160 manat dəyərində fincan dəstləri, 90 manat dəyərində qaşıq dəstləri, 70 manat dəyərində bir ədəd qadın üçün təzə vəziyyətdə jaket, hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində iki ədəd qadın üçün təzə vəziyyətdə kofta, hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində iki ədəd qadın üçün təzə vəziyyətdə şalvar oğurlanmışdır. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs1 Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gedib yenidən daha ətraflı şikayət ərizəsi yazmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1930 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda oğurluq cinayəti nəticəsində naməlum şəxs və ya şəxslər tərəfindən qardaşı Zərərçəkmiş şəxs1 yaşadığı evdən sonuncuya məxsus 20 manat dəyərində bir ədəd nərdtaxta, 20 manat dəyərində bir ədəd montaj ütüsü, hər birinin qiyməti 70 manat olmaqla 140 manat dəyərində təzə vəziyyətdə iki cüt kişi ayaqqabıları, hər birinin qiyməti 60 manat olmaqla 120 manat dəyərində təzə vəziyyətdə iki cüt qış üçün kişi ayaqqabıları, 160 manat dəyərində sellofanda təzə vəziyyətdə 3 ədəd qoluzun köynəklər oğurlamış və oğurluq hadisəsi nəticəsində qardaşı Zərərçəkmiş şəxs1 ümumilikdə 460 manat məbləğində maddi ziyan dəymişdir. Rəsul tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, o, köhnə «Şəmkir avtovağzalı»nın yerində salınmış bazarda satıcı işləyib ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun dostudur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt düşmənçilik və ya ədavət olmamışdır. 09 avqust 2020-ci il tarixdə, saat 18 radələrində köhnə «Şəmkir avtovağzalı» deyilən yerdə bazarın içərisində dostu Təqsirləndirilən şəxsla təsadüfən qarşılaşmışdır. Təqsirləndirilən şəxsla görüşüb söhbət etmiş və yaşadığı Goranboy rayonuna getməyə avtomobil olmadığı üçün həmin gecəni Rəsulun evində qalmağı sonuncudan xahiş edəndə Rəsul etiraz etməmiş və evində gecələməyə razı olmuşdur. Bundan sonra təxminən saat 20 radələrinədək Rəsulla birlikdə şəhərdə olduqdan sonra sonuncunun tək yaşadığı Gəncə şəhəri Cavadxan küçəsində yaşadığı ünvana getmişlər. Həmin gecəni Rəsulun evində qalmış, səhər tezdən oyananda isə Rəsulun evdə olmadığını görmüşdür. Təqsirləndirilən şəxs yatmazdan əvvəl səhər tezdən durub işə gedəcəyini bildirdiyi üçün o, Rəsulun səhər tezdən durub işə getdiyini başa düşmüşdür. Təxminən saat 09 radələrində Rəsulun evində oturub televizora baxan vaxt qapının döyüldüyünü görmüş, pəncərədən baxanda qapını döyən şəxslərin polis əməkdaşları olduqlarını görmüş və evin həyətinə giriş qapısını açmışdır. Polis əməkdaşları həyətə daxil olduqdan sonra ev sahibinin harada olduğunu və onun kimliyi barədə maraqlananda o, ev sahibi Təqsirləndirilən şəxs işdə olduğunu və onun isə qonaq olduğunu söyləmişdir. Bundan sonra onun iştirakı ilə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı həyət evinə baxış keçirən vaxt evin girişindən birinci otaqda qapının arxa hissəsində bir cüt təzə vəziyyətdə qara rəngli kişi üçün qış geyim ayaqqabısı aşkar etmişlər. Ona məlum olmuşdur ki, həmin kişi ayaqqabısını Təqsirləndirilən şəxs qonşuluqda yaşayan onun tanımadığı şəxsin evindən oğurlamışdır. Lakin həmin ayaqqabının nə vaxt və hansı şəraitdə oğurlanması barədə onun məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin kişi ayaqqabısı onun iştirakı ilə qablaşdırılıb götürülmüş, baxış keçirilməsi barədə tərtib olunmuş protokolu onunla yanaşı baxış zamanı iştirak edən digər şəxslər də imzalamışlar və baxış keçirilən zaman fotoşəkillər çəkilmişdir. Həmin oğurluq hadisəsi barədə Təqsirləndirilən şəxs ona məlumat verməmiş, bu barədə ona polis əməkdaşları tərəfindən məlum olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə gəlib baxış keçirən vaxtadək o, həmin evdə bir cüt təzə vəziyyətdə qara rəngli kişi üçün qış geyim ayaqqabısı olduğunu bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X4 07 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X4 10 sentyabr 2020-ci il tarixldə tərtib etdiyi təqdim edilmiş əşyanın maddi sübut kimi götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurladığı bir cüt kişi ayaqqabısı və iki ədəd geyinilmiş vəziyyətdə qoluzun kişi köynəklərinin yaşadığı evdə gizlətdiyini bildirdiyi 41 ölçüdə, qaytanlı, təzə vəziyyətdə bir cüt qara rəngli kişi ayaqqabısı, geyinilmiş vəziyyətdə ağ və göy rəngli iki ədəd qoluzun köynəklər Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X4 15 sentyabr 2020-ci il tarixldə tərtib etdiyi əşyaların tanınma üçün təqdim edilməsi barədə protokoldan görünür ki, cinayət işi üzrə götürülmüş təzə vəziyyətdə bir cüt qış üçün kişi ayaqqabısı, təzə vəziyyətdə bir cüt qara rəngli kişi ayaqqabısı, geyinilmiş vəziyyətdə ağ və göy rəngli iki ədəd qoluzun köynəklər tanınması üçün Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. Zərərçəkmiş şəxs1 təqdim olunan bir cüt qış üçün kişi ayaqqabısı, bir cüt kişi ayaqqabısı və geyinilmiş vəziyyətdə ağ, göy rəngli iki ədəd qoluzun köynəklərə nəzər salıb həmin kişi ayaqqabılarının ona məxsus olduğunu, 07 avqust 2020-ci il tarixdə, saat 07 radələrindən 18 radalərinədək olan müddət ərzində evdə olmadığı vaxt oğurlandığını bildirmiş, lakin geyinilmiş vəziyyətdə olan ağ və göy rəngli iki ədəd qoluzun köynəklərinin ona məxsus olmadığını göstərdiyi üçün həmin köynəklər Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X4 17 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 oktyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ediməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 noyabr 2020-ci il tarixli 9/4046 №-li rəyindən görünür ki təqdim edilmiş iki cüt ayaqqabıların təzə vəziyyətdə, 07 avqust 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri bir cüt qısa boğaz təzə kişi üçün qış ayaqqabısı – 55,00 manat, bir cüt qabağı iplə ilə bağlanan təzə kişi üçün ayaqqabı – 70,00 manat olması müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 75 (yetmiş beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-59/2021 saylı 09 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 14:20-də Gəncə şəhəri Nizami rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 1(044)-59/2021 saylı 24 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis idarəsinin Nizami rayon Polis idarəsinin 121-21787-1221 saylı 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux şəhərində tutulmuş və 29 iyun 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 2846 saylı 01 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 24 may 2021ci il tarixli qərarına əsasən həbs edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 21-ci bəndinə görə məhkəmələrə tövsiyyə edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Lakin hazırki halda Təqsirləndirilən şəxs özgə əmlakına yiyələnmək məqsədilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olması məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən isə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadələrində 07 avqust 2020-ci il tarixdə oğurluq etmək məqsədilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evə daxil olub oradan yalnız 2 cüt təzə geyinilməmiş ayyaqqabılar, 3 ədəd qoluzun sellofanda təzə köynəklər, 1 ədəd nərdtaxta götürməsi, Zərərçəkmiş şəxs1 həmin əşyalardan başqa qeyd etdiyi əşyaları və Zərərçəkmiş şəxs2 məxsus əşyaları oğurlamadığını göstərməsi barədə gətirdiyi dəlillər, ona istinad edilən cinayət əməlini gizlətmək niyyətini bir daha təsdiq etməklə, irəli sürülmüş həmin dəlillərin özünümüdafiə xarakterli olmaqla onun özünü müdafiə etməsi kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin məhkəmədən qaçıb gizlənməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikası CPMnin 158.2-ci maddəsinə əsasən həbs qətimkan tədbirinə dair məhkəmə qərarının icrası ilə əlaqədar onun tutulduğu vaxtdan, yəni 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut hesab edilən təzə vəziyyətdə bir cüt qısa boğaz qış kişi ayaqqabısı və təzə vəziyyətdə bir cüt üstü qaytanlı kişi ayaqqabısının sahibi Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmalıdır. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut hesab edilən təzə vəziyyətdə bir cüt qısa boğaz qış kişi ayaqqabısı və təzə vəziyyətdə bir cüt üstü qaytanlı kişi ayaqqabısının sahibi Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar