Məhkəmə qərarları › İş №1(044)-61/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-61/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-61/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Zərərçəkmiş şəxs və nümayəndəsi X5, təqsirləndirilən şəxsin müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə saat 22:30 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi “Volkswagen Golf ” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Gəncə Mall” ticarət mərkəzinin bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələblərə əməl etməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqla qarşıda yolun hərəkət hissəsinin sol kənarında dayanmış avtomobilin yanında olan piyadalar X4 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq, Bəxtiyar Bağırova ənsə nahiyyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hematoma), kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, sol göz nahiyyəsinin hematoması, sol gicgah, sağ dirsək və sol diz oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Bəxtiyar Bağırovun ölümünə səbəb olan, digər piyada Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin qapalı, qəlpəli sınığı, sağ diz oynağının hemartrozu, diz oynağının ön xaçvari yan bağlarının qopması, sol gicgah və sol dirsək oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Volkswagen Golf” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil atası Şahid4 adına olsa da etibarnamə ilə BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 16 sentyabr 2020-ci il tarixdə axşam təxminən saat 22:00 radələrində idarə etdiyi “Volkswagen Golf” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində hərəktdə olmuş və saata baxan zaman gec olduğunu görüb yaşadığı evə getmək qərarına gəlmiş, bunun üçün idarə etdiyi “Volkswagen Golf” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobili ilə gəlib İcra Hakimiyytinin qarşısında olan işıqforun qırmızı işığında dayanmış, işıqforun yaşıl işığı yanan zaman Gəncə şəhəri, H.Əliyev prospekti ilə idarə etdiyi avtomobillə düzünə, yolun sol tərəfi ilə hərəkət etməyə başlamış və həmin vaxt onun idarə etdiyi avtomobilin surəti təxminən 80 km/saat olardı. O, yolun hərəkət hissəsinin sol tərəfi ilə hərəkət edib “Gəncə Mall” ticarət mərkəzininin qarşısına çatan zaman görmüş ki, ön tərəfdə “Gəncə Mall” Ticarət mərkəzinin qarşısında dayanan ağ rəngli “Chevrolet Cruz” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfində iki nəfər cavan oğlan dayanıbdır. O, həmin oğlanların yolun kənarında dayanmış avtomobilin sağ tərəfində dayanmalarını təxminən 70 metr məsafədən görmüş, o, idarə etdiyi avtomobillə həmin şəxslərə yaxınlaşan zaman idarə etdiyi avtomobilin sağ tərəfi ilə də digər maşınlar hərəkətdə olmuş, həmin vaxt bir az sıxlıq yarandığı üçün o, maşını yolun sol tərəfinə yaxın idarə etmiş və bu zaman qəflətən yolun kənarında dayanmış avtomobilin yanında olan iki nəfər cavan oğlanı avtomobilinin ön sol tərəfi ilə vurmuşdur. Həmin iki cavan oğlan zərbə nəticəsində yolun kənarında yerə düşmüş, o, isə avtomobilini saxlayıb tez düşərək həmin şəxslərə yaxınlaşmış, onlardan biri hadisə yerində ölmüş, digəri isə sag olmuş, həmin vaxt hadisə yerinə gələn X16 Xəstəxanasının avtomobili ilə sağ olan oğlanı həkimə aparmışlar və hadisə yerinə gələn ikinci X16 Xəstəxanasının maşını ilə ikinci şəxsi də xəstəxanaya aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, hadisə yerində ölən şəxsin adı Bəxtiyar, digər xəsarət almış şəxsin adı isə Qədimdir. O, və onun yaxınları zərərçəkmiş Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X9 maddi və mənəvi yardımlar göstərmək istəsələr də qarşı tərəf bundan imtina etmişdir. Məhkəmədən əməlindən peşman olmasını bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum Bağırov Bəxtiyar Asim oğlu onun oğludur. 16 sentyabr 2020-ci il tarixdə təxminən saat 22:30 radələri olardı ki, yaşadığı evdə olan zaman ev telefonuna zəng gəlmiş və telefonda bacanağının yoldaşı Nurlana ona bildirmişdir ki, oğlu Qədim yol nəqliyyat hadisəsi nəticəsində ayağından xəsarət alıbdır. Ona görə təcili evdən çıxıb avtomibili ilə gedib Nurlananı evlərindən götürüb Mərkəzi Klinikaya getmişdir. Lakin orada Zərərçəkmiş şəxs adlı xəstə olmadığını demişlər. Ona görə 3 saylı X16 xəstəxansına gedən zaman yolda Nurlanaya zəng gəlmiş və bildirmişlər ki, Zərərçəkmiş şəxs Beynəlxalq xəstəxanadadır. Ona görə birlikdə oraya getmişlər. Lakin orada da demişlər ki, Zərərçəkmiş şəxs adlı şəxs burada yoxdur. Onlar yenidən 3 saylı X16 xəstəxanasına qayıdan zaman “Gəncə Mall” un qarşısında xeyli maşınların olduğunu görmüş və orada məlum olmuşdur ki, hadisə olan yer buradır. Bu zaman oğlu Bəxtiyara zəng etmiş, lakin cavab verən olmamışdır. Onlar oradan yenə 3 saylı X16 xəstəxanasına gəlmişlər. Xəstəxanada məlum olmuşdur ki, bacanağının oğlu Qədimi avtomobil vuranda onun oğlu da orada olmuş və hadisə nəticəsində oğlu Bəxtiyar hadisə yerində ölmüş, Qədim isə xəsarət aldığı üçün 3 saylı X16 xəstəxanasına aparmışlar. O, sonradan bilmişdir ki, hadisəni törədən şəxs Elçin adlı şəxs olmuşdur və hadisəni “Volkswagen Golf” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə törətmişdir. O, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs barəsində agır cəza təyin edilməsini və onun sürücülük hüququndan məhrum edilməsini tələb etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16.09.2020-ci il tarixdə saat təxminən 20 radələrində onunla tanışı Orxan görüşmüş və birlikdə “Park House” adlanan kafeyə gedib orada çay içmişlər. Təxminən bir saatdan sonra oraya xalası oğlu Bəxtiyar gəlmiş, orada xalası oğlu Bəxtiyarı Orxanla tanış etmiş, bir qədər oturduqdan sonra Orxan demişdir ki, gec olmamış evə gedək. Ona görə Orxanın avtomobilinə əyləşib Orxan üçün gedib kirayə bir günlük “Playstation” oyun aparatı götürmüşlər. Daha sonra oradan “İmperial” şadlıq sarayının yaxınlığında yerləşən “ Əminə” marketə getmişlər. Oradan alış veriş etdikdən sonra gəlib Orxanın avtomobilinə əyləşmişlər və Orxana onları “Gəncə Mall” Ticarət mrkəzinin yaxınlığına düşürtməsini xahiş etmişlər. Ona görə Orxanın idarə etdiyi avtomobillə “Gəncə Mall” ticarət mərkəzinin qarşısına gəlib avtomaşından düşmüşlər. Zərərçəkmiş şəxs avtomobildə ön oturacaqda, Bəxtiyar isə arxa oturacaqda əyləşmişdir. Təxminən saat 22:30 radələrində o, avtomaşından düşdükdən sonra Orxan ön sağ pəncərəni aşağı salıb ondan gedəcəyi yolu soruşmuş, Zərərçəkmiş şəxs isə qarşıda olan svetafordan sola dönüb getməsini demiş və sağollaşıb avtomobilin sağ ön tərəfinə gəlib səki tərəfə getmək istəyən zaman yolda hərəkətdə olan bir avtomobilin Bəxtiyarı vurmasını görmüş və daha sonra həmin avtomobil onu da vurmuşdur. Zərbə nəticəsində o, yolun kənarında olan səkinin yanına düşmüş, Bəxtiyar isə ondan bir neçə metr qabaqda yerə düşmüşdür. Bu zaman Orxan maşından düşüb ona tərəf gəlmiş, yoldan keçən tanımadığı şəxslərdə ona yaxınlaşmışlar. O, özünü normal hiss etdiyini, Bəxtiyarla maraqlanmaqlarını xahiş etmiş, təxminən 20 dəqiqədən sonra hadisə yerinə X16 avtomobili gəlmiş və onu həmin avtomaşınla xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə zamanı onun sağ ayaq nahiyyəsinin sındığı məlum olmuşdur. O, xəstəxanada olan zaman bilmişdir ki, pnun və Bəxtiyarı Elçin adlı şəxs idarə etdiyi “Volksvagen Golf” markalı avtomobillə vurmuşdur. Hadisə nəticəsində o, sağ ayaq nahiyyəsindən xəsarət almışdır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində agır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, hazırda Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində işləyir. 16.09.2020-ci il tarixdə ekipaj yoldaşı polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 22:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən də dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Volksvagen Golf“ markalı **-ED-*** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış piyadalar X4 və Zərərçəkmiş şəxs Alim oğlunu vurmuş, nəticədə Bəxtiyar Bağırov almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhəri X16 Xəstəxanasına aparılmışdır. Daha sonra sürücü Təqsirləndirilən şəxs narkoloji dispanserə aparmışlar və orada Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün müayinədən keçirilmişdir. Sonra sürücü Təqsirləndirilən şəxs ilə birgə hadisə yerinə qayıtmışlar və orada həmin sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş,Təqsirləndirilən şəxs hadisə yerində hadisənin necə baş verməsini göstərmişdir. Hadisə yeri müayinə olunduqdan sonra avtomobil DYPŞ-nin cərimə meydançasına aparılmışdır. Hadisə yerinin müayinə protokolu tərəfimizdən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 16.09.2020-ci il tarixdə ekipaj yoldaşı polis leytenantı Şahid3 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 22:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən də dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə çatan zaman məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Volksvagen Golf“ markalı **- ED-*** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış piyadalar X4 və Zərərçəkmiş şəxs Alim oğlunu vurmuş, nəticədə Bəxtiyar Bağırov almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhəri X16 Xəstəxanasına aparılmışdır. Daha sonra hadisə yerində olan sürücü Təqsirləndirilən şəxs narkoloji dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün müayinədən keçirilmişdir. Sonra sürücü Təqsirləndirilən şəxs ilə birgə hadisə yerinə qayıtmışlar və orada həmin sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə yerində hadisənin necə baş verməsini göstərmişdir.. Hadisə yeri müayinə olunduqdan sonra avtomobil X18 Şöbəsinin cərimə meydançasına aparılmışdır. Hadisə yerinin müayinə protokolu tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Elçin onun adına olan “Volkswagen Golf” markalı **- ED-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 16 sentyabr 2020-ci il tarixdə axşam təxminən saat 22:40 radələrində yaşadığı evdə olan zaman oğlu Elçin onun 055 656-49-91 saylı mobil nömrəsinə zəng edərək idarə etdiyi “Volkswagen Golf” markalı **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə “Gəncə Mall” ticarət mərkəzinin qarşısında yol nəqliyyat hadisəsi törətdiyini, piyada vurduğunu bildirmişdir. O, təcili hadisə olan yerə getmiş, həmin vaxt bir nəfər şəxsin yaralı vəziyyətdə səki tərəfdə yerdə uzandığını, digər şəxsin isə ondan təxminən 15 metr aralı məsafədə səki tərəfdə yerdə qan içində olduğunu görmüşdür. Bu zaman oraya X16 avtomobili gəlmişdir. Həkimlər öncə sonradan məlum olan Bəxtiyar adlı şəxsə yaxınlaşan zaman Bəxtiyarın öldüyünü bildirmişlər. Sonra ikinci şəxsə, adı sonradan məlum olan Qədim adlı şəxsə yaxınlaşıb xəsarət almş vəziyyətdə olduğunu görüb götürərək xəstəxanaya aparmışlar. Həmin vaxt o, və oğlu Elçin hadisə yerində qalmışlar. Sonra oraya polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə edib sənədləşdirmişlər. Ona sonradan məlum olmuşdur ki, oğlu Elçin idarə etdiyi avtomobillə iki nəfər şəxsi, yəni Qədim və Bəxtiyar adlı şəxsləri vurmuş, həmin şəxslərdən Bəxtiyar hadisə yerində ölmüşdür. Bundan sonra dəfələrlə o, və ailə üzvləri Bəxtiyarın və Qədimin ailəsi ilə əlaqə yaradaraq köməklik göstərmək istədiklərini, səmimi peşmançılıq çəkdiklərini bildirmək istəsələrdə onları qəbul etməmişlər. Lakin buna baxmayaraq yenədə həmin şəxslərə həm maddi, həmdə mənəvi kömək etməyə hazır olduğunu bildirdi. O, və onun yaxın qohumları dəfələrlə zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin könüllü olaraq aradan qaldırılması, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etmişlər, lakin barışıq əldə edə bilməmişlər. Hətta o, və yaxın qohumları maddi və mənəvi köməklik göstərmək məqsədilə hadisədən dərhal sonra xəstəxanaya, daha sonra isə dəfnə, dəfələrlə yas mərasiminə getmişlər, lakin zərərşəkmiş şəxsin hüquqi varisi onları yaxın buraxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 6-7 il olar ki, tanıyır. O, X4 əvvəl tanımamışdır, X11 Qurbanova görə tanımışdır. 16.09.2020-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhərindən çıxıb Gəncə şəhərinə nənəsinin yaşadığı evə qonaq gəlmişdir. Bakı şəhərindən Gəncə şəhərinə idarə etdiyi “Chevrolet Cruze” markalı ** UZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəlmişdir. 16.09.2020-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Zərərçəkmiş şəxsla görüşmüş və birlikdə idarə etdiyi avtomobillə Gəncə şəhərində yerləşən “Park House” adlanan kafeyə gedib orada çay içmişlər. Orada təxminən 01 saat oturduqdan sonra Qədim xalası oğlu adını sonradan bildiyi Bəxtiyarla telefon vasitəsi ilə danışmış və aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra Qədimin xalası oğlu Bəxtiyar həmin kafeyə gəlmiş, orada Qədim onu öz xalası oğlu ilə tanış etmiş və bir qədər də oturduqdan sonra gec olmamış evə getmələrini demiş, bundan sonra o, Qədim və Qədimin xalası oğlu Bəxtiyar onun idarə etdiyi avtomobillə şəhərin tanımadığı yerindən gedib onun üçün kirayə bir günlük “Playstation” oyun aparatı götürmüşlər. Daha sonra birlikdə yerləşdiyi yeri tanımadığı “Gold Əminə” adlanan mağazaya gedib orada alışveriş etdikdən sonra həmin mağazadan çıxmışlar. Onlar gəlib onun idarə etdiyi avtomobilə əyləşmiş və Qədim ona demişdir ki, onları şəhərin mərkəzində yerləşən “Gəncə Mall’-un yaxınlığında düşürtsün və başqa yerə gedəcəklər. O, da buna görə idarə etdiyi avtomobillə “Gəncə Mall’' ticarət mərkəzinin qarşısına gəlib dayanmışdır. Qədim avtomobildə qabaq oturacaqda əyləşmiş, Bəxtiyar isə arxa oturacaqda sağ tərəfdə əyləşmişdir. Təxminən saat 22:30 radələrində o, idarə etdiyi avtomobili yolun sol kənarında saxlamışdır. Orada Qədim və Bəxtiyar avtomobildən düşmüşlər, o isə avtomobildə qalmışdır. Təxminən 1-2 dəqiqə söhbət etdikdən sonra Qədim və Bəxtiyarla sağollaşıb istəmişdir ki, idarə etdiyi avtomobili hərəkətə gətirsin. Elə bu vaxt görmüşdür ki, arxadan gələn avtomaşın Qədim və Bəxtiyarı vuraraq qarşı tərəfə atmışdır. O, dərhal “103 xidmətinə” zəng vurub məlumat vermişdir. Bundan sonra idarə etdiyi avtomobildən düşüb Qədimə yaxınlaşmış və əli ilə onu tərpədib görmüşdür ki, sağdır. Həmin vaxt Qədim ondan soruşmuşdur ki, Bəxtiyar necədi, o, da Bəxtiyarın yanına yaxınlaşmış və görmüşdür ki, Bəxtiyar ağzı üstə uzanıqlı vəziyyətdədir və başından qan axır. O, bir daha “103 xidmətinə” zəng edib tez gəlmələrini bildirmişdir. Sonra o, avtomobildən özünə məxsus gödəkcəni götürmüş və büküb Qədimin başının altına qoymuşdur. Aradan bir qədər keçmiş TTY avtomobili hadisə yerinə gəlmiş və Bəxtiyarın vəfat etdiyini bildirib Qədimi Xəstəxanaya aparmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 16.09.2020-ci il tarixli 1647/2020 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 16.09.2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, həmin yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət obyektinin bərabərliyində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 17.09.2020-ci il tarixli 59 saylı rəydən məlum olur ki, - mərhum 1995-ci il təvəllüdlü X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ənsə nahiyyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hümotoma), kəllə tağı və kəllə əsası sümüklərinin sınığı. Baş beyinə və beyinciyə qansızma, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafl yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, sol göz nahiyəsinin hemotoması, sol gicgah, sağ dirsək və sol diz oynağı nahiyələrinin aıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, - küt əşyanın təsiri nəticəsində16.09.2020-ci il tarixə uyğun gəlir bə birgə həyat üçün təhlükəsi olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilir ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 2-4 saatdır (meyitin müayinəsi 17.09.2020-ci il tarixdə saat 01-10-da aparılmışdır. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. X1 meyitindən götürülmüş qanının məhkəmə kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 21.10.2020-ci il tarixli 8/1742 nömrəli rəydən görünür ki, - “Volkswagen Golf” markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AE 130207 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına verilmiş sürücülük vəsiqəsi 09.02.2029-cu il tarixədək etibarlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AD 485968 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Golf” markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Şahid4 adına qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24.05.2019-cu il tarixli ƏN-İV 882213 saylı etibarnamənin surətindən görünür ki, Şahid4 tərəfindən “Volkswagen Golf” markalı, **-DE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə dair Təqsirləndirilən şəxs 09.02.2019-cu il tarixədək etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.09.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16.09.2020-ci il tarixdə travmatik subaraxnoidal qansızma səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə idarəsinin Narkoloji Dispanseri tərəfindən verilmiş 14.11.2020-ci il tarixli 3825 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Psixonevroloji Dispanser tərəfindən verilmiş 14.11.2020-ci il tarixli 3356 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin 12.11.2020-ci il tarixli 1766 saylı məhkəmə - tibbi eksaperyizasının rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldır sümüklərinin qapalı, qəlpəli sınığı, sağ diz oynağının hemartozu, diz oynağının ön xaçvari yan bağlarının qopması, sol gicgah və sol dirsək oynağı nahiyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 16.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir və onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.11.2020-ci il tarixli 313 - 4731- 1220-nömrəli Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin məktubundan görünür ki, xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs 09.02.2019-cu il tarixdə 10 il müddətinə etibarlı olan “BC” kateqoriyalı AE seriyalı 130207 saylı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Məhkəmədə elan edilmiş və işdə olan 14.11.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinatət əməlini törətdiyindən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ittiham edilməmiş, cinayət işinə əlavə edilmiş ekspertiza rəyləri, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinin çəkilmiş video görüntüsü olan bir ədəd DVD disk iş üzrə sübit növü kimi tanınması qərara alınmışdır. Məhkəmədə elan edilmiş və işdə olan 17.09.2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulmuş və bu barədə protokol tətrib edilmişdir. Məhkəmədə elan edilmiş və işdə olan 18.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə saat 22:30 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi “Volkswagen Golf” markalı **-ED- *** dövlət nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Gəncə Mall” ticarət mərkəzinin bərabərliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələblərə əməl etməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozmaqla qarşıda yolun hərəkət hissəsinin sol kənarında dayanmış avtomobilin yanında olan piyadalar X4 və Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Bəxtiyar Bağırova ənsə nahiyyəsinə uyğun hissədə başın yumşaq toxumasına qansızma (hematoma), kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların onurğayanı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, sol göz nahiyyəsinin hematoması, sol gicgah, sağ dirsək və sol diz oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Bəxtiyar Bağırovun ölümünə səbəb olan, digər piyada Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin qapalı, qəlpəli sınığı, sağ diz oynağının hemartrozu, diz oynağının ön xaçvari yan bağlarının qopması, sol gicgah və sol dirsək oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1.-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət - hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-i tərəfindən verilmiş 03.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 55 saylı Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır və orada yaşayır. Yaşadığı müddət ərzində onun haqqında küçə üçlüyünə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizələrindən görünür ki, o, zərəçəkmiş şəxsin hüquqi varisi X13 ilə və zərəçəkmiş Zərərçəkmiş şəxs ilə barşmağa cəhd etsə də buna nail olmamışdır. Məhkəmədə işə baxılarkən, həmçinin ibtidai istintaqda, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq aradan qaldırılması, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, onlara dəymiş zərərin azaldılmasına yönəldilmiş bir çox hərəkətlər edilmiş (təqsirləndirilən şəxsin valideyinlərinin və qohumlarının maddi və mənəvi köməklik göstərmək məqsədilə hadisədən dərhal sonra xəstəxanaya, daha sonra isə dəfnə, dəfələrlə yas mərasiminə getmələri ilə), lakin zərərşəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs razılaşmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 12.2, 87.2 və 106.1. maddələrinin bəzi müddalarının şərh edilməsinə dair 15 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Məhkəməsi göstərmişdir ki, CM-nin cəzanı yüngülləşdirən halları nəzərdə tutan 59-cu maddəsində cinayətin törədilməsindən sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərər çəkmiş şəxsə zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin ödənilməsi (CM-nin 59.1.10-cu maddəsi ) də cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsin bu hüquqdan istifadə etməsinə, bu hərəkətləri yerinə yetirməsinə CPM-nin 106.6-cı maddəsində nəzərdə tutulan halların təsiri yoxdur və təqsirləndirilən şəxs prosesin istənilən mərhələsində bu hərəkətləri edə bilər və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs subay olmasını, Həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən onun zərər çəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin azaldılmasına yönəlmiş hərəkətləri etməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilən halların yüngülləşdirici hallar kimi nəzərə alınma motivləri və bütövlükdə onların cəzanın məqsədləri ilə ağlabatan, məntiqi əlaqəsi, cinayət və cəza məsələlərində daşıdığı cinayət - hüquqi əhəmiyyət barədə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 66-cı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilənin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət davranışı ilə seçilməsi, məhkumluğunun olmaması, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə qeyd edir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi CM-nin 59.1.1-ci maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin hadisələrin təsadüfi axarı zəminində cinayət törətmənin anlayışı və əlamətləri Cinayət Qanunu ilə müəyyən edilməmişdir. Bu anlayış hüquqi qiymətləndirmə tələb edir və onun təqsirkarın əməlində mövcud olub-olmaması hər bir halda işin hallarından, habelə cinayətin xarakterindən asılıdır. Hazırki işdən görünür ki, sürücü Təqsirləndirilən şəxs heç bir təhlükəli yol və ya hava şəraiti olmadan Gəncə şəhəri, H.Əliyev prospekti ilə öz nəqliyyat vasitəsində hərəkətdə olarkən gözləmədiyi halda yolun hərəkət hissəsinin sol kənarında dayanmış avtomobilin yanında olan piyadalar X4 və Zərərçəkmiş şəxs vurmuşdur. Göründüyü kimi hadisə təsadüfən, yəni heç kimin o cümlədən sürücü Təqsirləndirilən şəxs gözləmədiyi şəraitdə və qəflətən baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə təsvir olunan əməl hadisələrin təsadüfi axarı zəmində ilk dəfə baş vermiş az ağır cinayət hesab oluna bilər. Bundan başqa işin halları ilə müəyyən edilir ki, həqiqətən Təqsirləndirilən şəxs zərərçəkmiş tərəflə barışmağa cəhd etmiş, zərərçəkmiş tərəfə vurulmuş maddi ziyanı qismən yaxud tamamilə aradan qaldırmağa cəhd etmişdir. Lakin zərərçəkmiş tərəf ümumiyyətlə belə maddi köməkdən imtina etmişdir. Bu hal zərərçəkmişin hüquqi varisi X7 və Zərərçəkmiş şəxs ifadəsi və izahatı ilə də təsdiq olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (müsbət xaratkeriza edilməsini, subay olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin, sanksiyada nəzərdə tutulmuş (zərərçəkmişin hüquqi varisinin və zərərçəkmiş şəxsin maraqları və mənafei nəzərər alınmaqla) yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 17.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı, həmçinin məhkəmədə işə baxılan zamanı mülki iddia ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 180.2-ci maddəsinə görə,şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Ona görə də məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olmasını izah edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE**********00********. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidirt. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 may 2021-ci il tarixdən hesablıansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. İş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE**********00********. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar