Məhkəmə qərarları › İş №1(044)-65/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-65/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-65/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X11 və X2, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi X1, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda X3 saxlanılan, barəsində xüsusi tibb müəssisəsinə (psixatriya stasionarına) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” formasında psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmədən, habelə onları idarə bilmədən, anlaqsız vəziyyətdə xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində qonşusu X2 yaşadığı Gəncə şəhəri, ünvan 3 ünvanının həyətində şəxsi münasibətlər zəminində, təsərrüfat-məişət təyinatlı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçağı sonuncunun boğaz nahiyəsinə dayayıb öldürməklə hədələyərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub sağ said nahiyəsinin və sol əlin ovuc səthinin yaraları, boyun nahiyəsinin səthi yarası, hər iki diz nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, X2 əri X14 onun törətdiyi cinayət əməlinin qarşısını almaq məqsədilə onları aralamaq istədikdə o, əlində olan həmin təsərrüfat-məişət təyinatlı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən bıçaqla Səid Hacıyevin sağ əlinə bir dəfə vuraraq sonuncunun sağ əlin ovuc səthinin yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasınada hadisəni xatırlamadığını bildirməklə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Səid Hacıyev və arvadı Hədiyə Hacıyeva onun qonşuluğunda yaşayır, həmin şəxslərlə bir qonşu kimi münasibətləri yaxşı olmuş, o, həmişə Səidgilə qonşu kimi köməklik etmiş, hətta onlar harasa çıxıb getdikdə evlərinin açarını ona vermiş və o, da Səidgilin evinə nəzarət etmişdir. Təxminən 2020-ci ilin iyul ayının əvvəllərində o, özündə narahatçılıq hiss etmiş, tez-tez səbəbsiz olaraq əsəbləşmişdir. Daha sonra 1989cu ildə vəfat etmiş mərhum babası Nağdəli Əhmədov yadına düşmüş, bundan sonra bir anlıq düşünmüşdür ki, onun babası Nağdəlinin qonşuluğunda yaşayan Səid ilə ədavəti olmuşdur. Həmin ana kimi qonşuluğunda yaşayan Səid Hacıyev və arvadı Hədiyə Hacıyeva ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Lakin qeyd etdiyi vaxt anidən onda Səidgilə qarşı əsəb yaranmış və düşünmüşdür ki, mərhum babasının qonşusu Səidlə olan ədavətini aradan qaldırmalıdır. Bu məqsədlə o, evlərinin zirzəmisinə gedərək oradan təmir işlərində istifadə etdiyi ülgücü götürərək yaşadığı evdən çıxıb Səidgilin evinə getmiş və bundan sonrasını isə xatırlamır. Sonuncu dəfə o, özünə gəldikdə isə artıq Gəncə şəhər Psixiatriya xəstəxanasında olmuş və həkimlər onu müalicə etmişlər. Sonradan o, öyrənmişdir ki, həmin ülgüclə Səidə və onun arvadı Hədiyəyə xəsarət yetirmişdir. O, həmin vaxt konkret olaraq qonşuları Səidin və onun arvadı Hədiyənin səhhətinin ağır dərəcədə pisləşməsini arzu etməmiş, sadəcə babası ilə Səidin arasında olan ədavəti aydınlaşdırmaq istəmişdir. Lakin onun Səidlə Hədiyəyə ağır xəsarət yetirmək və ya sonuncuları öldürmək fikiri olmamışdır. O, həmin hadisəninin nə qədər davam etməsini, orada kimlərin olmasını bilmir. Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, oğlanları Rafael və Fəridlə birlikdə yaşayır. Onun böyük oğlu X8 2005-ci ildən şizofreniya xəstəliyindən əziyyət çəkir, kiçik oğlu Təqsirləndirilən şəxs isə səhhətində son zamanlaradək heç bir pisləşmə hiss etməmiş, Rafael gündəlik olaraq sakit bir şəkildə öz işlərini görmüş, lakin təxminən 2020-ci ilin iyun ayından etibarən Rafaelin səhhətində pisləşmələr hiss etməyə başlamışdır. Belə ki, Rafael tez-tez səbəbsiz əsəbiləşmiş, özözünə danışmışdır. Zərərçəkmiş şəxslər Səid Hacıyev və Hədiyə Hacıyeva onun qonşuluğunda yaşayır, sonuncularla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə, səhər saat 11 radələrində o, həyətə çıxanda Rafaeli görməmiş, bu zaman qonşusu Səidgilin həyətində səs-küy eşitmişdir. O, Rafaelin həyətdə olmamasından narahat qalaraq dərhal qaçıb qonşusu Səidgilə getmişdir. O, darvazadan Səidgilin həyətinə daxil olduqda Rafaelin yerdə uzanıqlı vəziyyətdə olduğunu, Səidin və Hədiyənin isə Rafaeli tutduğunu görmüşdür. Səidin və Hədiyənin əlinin qan olmasından, həmçinin yerdə qırılmış ülgücün olmasından dərhal anlamışdır ki, Rafaelin psixikası pozulduğu üçün evlərindən ülgücü götürüb Səidgilə gedərək onlarla dalaşmışdır. Bundan sonra o, dərhal Rafaeli sakitləşdirərək oradan çıxarmış və qonşulardan üzr istəmişdir. Həmin gün o, dərhal Rafaeli Gəncə psixiatriya xəstəxanasına aparmış və orada sonuncunun müalicəsinə başlanılmışdır. X11 və X2 bədənləri üzərində müəyyən edilmiş sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətləri oğlu Təqsirləndirilən şəxs yetirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət hadisəsindən başqa hər hansı bir cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, ünvan 3 ünvanında əri X14 ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamış, bir qonşu kimi münasibətləri yaxşı olmuş, yaşlı insan olduqları üçün Rafael nə zaman ehtiyacları olarsa onlara köməklik etmişdir. Rafaelin qardaşı Fərid ruhi xəstə olmuş, lakin Rafaeldə həmin xəstəliyin əlamətlərini hiss etməmişdir. xx.xx.2020-ci il tarixdə, səhər saat 09 radələrində o, Rafaelgilin toyuqlarının onların həyətinə keçməsini görmüş, öz hasarı tərəfdən Rafaelgilin hasarı tərəfə boylandıqda Rafaelin həyətdə oturduğunu görmüşdür. O, Rafaellə salamlaşaraq toyuqlarının həyətlərinə keçməsini bildirmiş, bu zaman sonuncu cavabında qəribə formada onların toyuqları olmadığını deyərək, hasar tərəfə, onun yanına yaxınlaşaraq bu vaxta qədər qonşuluqları olsa da, bu gündən sonra qonşuluqlarının qurtarmasını bildirmişdir. O, Rafaelin bu formada ona cavab verməsindən pis olaraq heç bir söz demədən öz evinə geri qayıtmış və hiss etmişdir ki, Rafaeldə də, qardaşı Fərid kimi əqli problemlər yaranır. Bir qədər sonra əri Səid yuxudan oyansa da, o, bu barədə Səidə heç bir söz deməmişdir. Təxminən saat 11 radələrində o, əri Səidlə birlikdə həyətdə oturub çay içən zaman evlərinin qapısı döyülmüşdür. O, qapıya gedib açdıqda qapını döyən şəxsin Rafael olduğunu görmüş, Rafaelin belindən əli ilə qucaqlayaraq içəri dəvət etmiş və düşünmüşdür ki, Rafael səhər olanlara görə üzr istəməyə gəlmişdir. Rafael də, həmçinin xoş münasibət göstərərək onu qucaqlamış və hər ikisi birlikdə həyətdə olan masanın yanına keçmişlər. Həmin vaxt onun sağ əli Rafaelin belində, Rafaelin sol əl isə onun boyun nahiyəsində olmuşdur. Rafael anidən sağ əli ilə cibindən divar kağızı bıçağını çıxardıb onun arxasına keçərək boğazına dayayıb əri Səidə “arvadını öldürəcəm...”, ona isə “səni öldürəcəm...” demiş, o, həmin an Rafaelin onu öldürəcəyindən qorxmuşdur. O, həyəcanlanaraq Rafaelə sakitləşməsini bildirmiş, əri Səid isə yerindən duraraq yavaşyavaş onların yanına yaxınlaşaraq Rafaelə sakitləşməsini və onu buraxmasını xahiş etmiş, lakin Rafael Səidin dediklərinə məhəl qoymayaraq bıçağı onun boğazında saxlamağa davam etmişdir. Həmin vaxt əri Səid cəld şəkildə onlara yaxınlaşaraq Rafelin əlindən tutmuş, bu anda Rafael bıçağı özündə saxlamağa çalışdığı üçün bıçaq onun boyun nahiyəsini cızmış və o, Rafaellə Səidin arasında qalmışdır. Səidlə Rafael tutaşdığı üçün onların hər üçü yerə yıxılmış, yerə yıxılan zaman bıçaq onun sağ said nahiyəsini və sol əlinin ovuc nahiyəsini kəsmiş, dizi isə yerə dəyərək zədələnmişdir. Səid Rafaelin əlində olan bıçağı qıraraq almış, həmin an bıçaq Səidin sağ əlinin ovuc nahiyəsini kəsmişdir. Bu vaxt onların səsinə Rafaelin anası Rəhmiyyə də gəlmiş, Rafael isə sakitləşib qaçaraq evdən çıxıb getmişdir. Bundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları Rafaeli Gəncə psixiatriya xəstəxanasına aparmış, onlar isə Gəncə şəhər Nizami RPİ-yə gedərək Rafaelin onlara xəsarət yetirdiyi bıçağı təqdim etmiş, polis əməkdaşları müvafiq sənədləşməni apardıqdan sonra isə evə qayıtmışlar. Hadisə ümumilikdə 2-3 dəqiqə çəkmiş, hadisə onların evinin həyətində baş verdiyi üçün ətrafa kənar heç kəs toplaşmamışdır. Sözü gedən hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs heç kəs köməklik etməmiş, hadisə zamanı sadəcə o və əri Səid xəsarət almış, nə o, nədəki əri Səid Təqsirləndirilən şəxs xəsarət yetirməmişlər. Sonda zərərçəkmiş X13 əhmədliyə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, ünvan 3 ünvanında arvadı X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, sonuncu ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamış, bir qonşu kimi münasibətləri yaxşı olmuş, yaşlı insan olduqları üçün ehtiyacları olduqda Rafael onlara köməklik etmişdir. Rafaelin qardaşı Fəridin ruhi xəstə olduğunu bilsə də, Rafaeldə həmin xəstəliyin əlamətlərini hiss etməmişdir. xx.xx.2020-ci il tarixdə, səhər saat 11 radələrində aravadı Hədiyə ilə birlikdə həyətdə oturub çay içən zaman evlərinin qapısı döyülmüş, Hədiyə qapıya gedib açdıqda qapını döyən şəxsin Rafael olduğunu görmüşdür. Hədiyə Rafaelin belindən əli ilə qucaqlayaraq onu içəri dəvət etmiş, o, da, həmçinin Rafaelə içəri gəlməsini demişdir. Rafael də onlara xoş münasibət göstərərək Hədiyəni qucaqlamış və hər ikisi birlikdə həyətdə olan masanın yanına gəlmişlər, həmin vaxt Hədiyənin sağ əli Rafaelin belində, Rafaelin sol əli isə Hədiyənin boyunda olmuşdur. Rafael anidən sağ əli ilə cibindən divar kağızı bıçağını çıxardıb Hədiyənin arxasına keçərək boğazına dayayıb ona “arvadını öldürəcəm...” demişdir. Bu zaman o, həyəcanlanaraq nə baş verməsini anlamadan, Rafaelin Hədiyyəni öldürəcəyindən qorxaraq yerindən durub yavaş-yavaş onların yanına yaxınlaşaraq Rafaelə sakitləşməsini və Hədiyəni buraxmasını xahiş etmiş, Rafael isə onun dediklərinə məhəl qoymayaraq bıçağı Hədiyənin boğazında saxlamağa davam etmişdir. Bu zaman o, cəld şəkildə onlara yaxınlaşaraq Rafelin əlindən tutmuş, bu anda Rafael bıçağı özündə saxlamağa çalışdığı üçün bıçaq Hədiyənin boyun nahiyəsini kəsmiş və Hədiyə Rafaellə onun arasında qalmışdır. O, Rafaellə tutaşdığı üçün onların hər üçü yerə yıxılmışlar, yerə yıxılan zaman bıçaq Hədiyənin sağ said nahiyəsini və sol əlinin ovuc nahiyəsini kəsmiş, həmin vaxt o, Rafaelin əlində olan bıçağı alarkən bıçaq onun sağ əlinin ovuc nahiyəsini də kəsmişdir. Onların səsinə Rafaelin anası Rəhmiyyə gəlmiş, Rafael isə qaçaraq evdən çıxıb getmişdir. Bundan sonra onlar dərhal Azərbaycan Respblikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər, bir qədər sonra polis əməkdaşları Rafaeli Gəncə psixiatriya xəstəxanasına aparmışlar, onlar isə Nizami RPİ-yə gedərək Rafaelin onlara xəsarət yetirdiyi bıçağı təqdim etmişlər. Hadisə ümumilikdə 2-3 dəqiqə çəkmiş, hadisə zamanı ətrafada kənar şəxs olmamış, hadisə zamanı sadəcə o və arvadı Hədiyə xəsarət almış, lakin onlar Təqsirləndirilən şəxs xəsarət yetirməmişlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1009 nömrəli rəyindən görünür ki, vətəndaş X11 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ əlin ovuc səthinin yarası - kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1010 nömrəli rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ said nahiyəsinin və sol əlin ovuc səthinin yaraları, boyun nahiyəsinin səthi yarası - kəsici alətin (alətlərin) təsiri nəticəsində; hər iki diz nahiyələrinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/581 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet təsərrüfat-məişət təyinatlı (kağız, karton, faner və s. kəsmək üçün), zavod üsulu ilə hazırlanmış bıçaqdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə - psixatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 499 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 103 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan stasionar məhkəmə psixiatrik ekspertizası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “PARANOİD ŞİZOFRENİYA” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F 20.0) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda “Paranoid şizofreniya” formasında xroniki prosessual psixi xəstəlik keçirir. O, qeyd olunan cinayət əməlini törətməzdən bir müddət əvvəl və həmin əməli törədərkən “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F23.2) kimi psixi pozuntu keçirmişdir. Bunu cinayət işi materialları və verilmiş ifadələr sübut edir. O, ittiham olunduğu cinayət əməlini törədən zaman kəkin psixotik vəziyyətdə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini onda müəyyən edilmiş“Kəskin şizofreniyayabənzər, psixotik pozuntu” ilə əlaqədar olaraq törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini psixotik halda törətdiyi üçün həmin vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Cinayət hadisəsinin törədilməsindən sonra keçən dövr ərzində Təqsirləndirilən şəxs psixi durumunda stabilləşmə baş verməmiş, təfəkkürünün autikliyi, sayıqlama fikirləri, yaranmış vəziyyətə qeyri-tənqidi münasibəti və digər simptomlar saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik-paranoid şizofreniya formalaşdığı müəyyən edilir. Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışının tələblərinə görə “Kəskin şizofreniyayabənzər, psixotik pozuntu” müəyyən edilən pasiyentdə şizofreniyaya xas simptomlar bir aydan artqı davam etdikdə, belə hallarda “Kəskin şizofreniyaya bənzər, psixotik pozuntu” (F23.2 kodu) dəyişdirilərək F20.xxx kodunun kriterlərinə müvafiq olan diaqnoz qoyulur. Təqsirləndirilən şəxs hal-hazırda əziyyət çəkdiyi psixi patologiya F20.0 kodunun kriterilərinə cavab verir. Buna görə Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” olmasına dair qənaətə gəlinir. Təqsirləndirilən şəxs aşkarlanan psixi pozuntular simulyasiya xarakterli deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda aşkarlanmış psixotik vəziyyətin davam etməsi səbəbindən halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal –hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyldir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu psixi patologiya çərçivəsində təzahür edilən əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi vardır. Psixiatriya yardımı Azərbaycan Respublikasının Qanununa görə psixi pozuntusu olan şəxsin bilavasitə özü və yaxud ətrafdakılar üçün təhlükə doğurması aşkarlandıqda həmin şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(044)-142/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(044)-143/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xüsusi tibb müəssisəsinə (psixatriya stasionarına) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 3879 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 227 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə dispanserə müraciət etmiş, “Kəskin psixotik vəziyyət” diaqnozu qoyularaq müalicə üçün Psixatrik xəstəxanaya göndəriş verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cənayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərətərəli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayətləri törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələbinə görə 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin tələbinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə (psixatriya stasionarına) yerləşdirmək təhlükəsizlik tədbiri dəyişdirilməyərək o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 53 (əlli üç) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum X6 məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “xüsusi tibb müəssisəinə (psixatriya stasionarına) yerləşdirmək” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd təsərrüfat-məişət təyinatlı, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən bıçaq məhv edilsin. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, 53 (əlli üç) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 30 (otuz) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu (qərarın surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar