Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-66/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiat Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1.247 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 29.07.2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ulduzlu gecə” şadlıq sarayının yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev pr.475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaret kağızı bükümündə olmaqla 1.247 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. “Kakos” kimi tanıdığı narkotik vasitə olan heroindən təxminən 5-6 aydır ki, istifadə edir, o, heroini iyləməklə qəbul edir. 29.07.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 5-6 gün əvvəl Gəncə şəhəri, Məhrəsə bağında məişət tullantıları olan yerin yaxınlığından siqaret falqa kağızında büküm görüb götürmüş və açıb içərisinə baxdıqda içərisində özünün istifadə etdiyi “kakos” kimi tanınan heroin olduğunu aşkar etmiş, həmin heroini öz istifadəsi üçün cibinə qoymuşdur. Həmin narkotik vasitənin üzərindən az miqdarda vaxt tapdıqca istifadə etmiş, qalan hissəsini üzərində saxlamış, həmin narkotik vasitəni onun satmaq fikri olmamışdır. 29.07.2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ulduzlu gecə” şadlıq sarayının yaxınlığından keçərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olduğunu bildirmiş və onu Gəncə şəhər Nizami RPİnin binasına aparmışlar. Orada müdafiəçi təqdim olunmuş və hüquqları izah edilmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibində saxladığı siqaret falqasındakı “kakos” yəni heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 1.47 qram təşkil etmişdir. Sonra həmin narkotik vasitə kağıza qoyulub qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda məhkəmədən əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu və səhhətində problemlər olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, DİO-da 2010-cu ildən, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. 29.07.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında o, Nizami RPİ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 29.07.2021-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında tərəflərindən saxlanılmışdır. O və baş əməliyyat müvəkkili Şahid2 həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək təxirəsalınmaz şəkildə Təqsirləndirilən şəxs özləri ilə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim olunmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, müsbət halda təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli falqa kağızına bükülmüş kütlə çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında, kəskin spesifik qoxuya malik və ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir və onu Gəncə şəhərində Məhrəsə bağında məişət tullantıları atılan yerdən tapmış, istifadəsi üçün üzərində saxlamışdır və satış məqsədi olmamışdır. Həmin kütlə içərisində olduğu siqaret kağızı ilə birgə elektron tərəzidə çəkilmiş və çəkisi 1.47 qram təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb etməyən digər predmetlər aşkar edilərək özünə qaytarılmışdır. Sonda həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 29 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 31.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 31.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 29 iyul 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və DVD diskdəki görüntülərdən məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin TB-nin təhqiqatçısı polis leytenantı X1, Gəncə şəhər Nizami rayon Polis bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülü, ümumi çəkisi 1,47 qram olan, tünd qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilməklə bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsindən verilmiş 30 iyul 2021-ci il tarixli, 16/778 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı…….” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,247 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci sıyahısının İ bəndinə daxildir. (Heroinin ümumi təmiz çəkisi – 1,247 qr. tədqiqata sərf edildi – 0,1, qalıq – 1,147 qr.) Ekspertiza tədqiqatının dəyəri 30,40 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 29.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserin 16.08.2021-xi il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 20.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-nin Nizami rayon şöbəsinin 25.06.2010-cu il tarixli, 2/113 saylı göndərişi ilə dispanserdə müayinədə olmuş və ona “Şəxsiyyət pozğunluğu, vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” diaqnozu qoyulmuşdur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 24 avqust 2021-ci il tarixli 500 № li rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 23 sentyabr 2021-ci il tarixli, 1297 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli 1(044)-285/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir. - 15.12.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.12.2021-ci il tarixdə Gəncə şəhəri ərazisidə tutularaq Nizami RPİ-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsa CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, səhhətindəki problemləri Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 15.12.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1.147 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 15.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 1.147 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-66/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-66/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver