Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-67/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X5, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Nizami Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 1(044)- 286/2021 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0.158 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 07.07.2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şərikli çörək” adlanan çörək sexinin yaxınlığında saxlanılıb Gəncə şəhəri, Şahid1 prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.158 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 17-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 7-8 aydır ki, narkotik vasitə olan heroindən siqaret çəkmə yolu ilə istifadə edir. Hamlet adlı şəxsi 4-5 aydır ki, tanıyır. Belə ki, Hamlet narkotik vasitə satışı ilə məşğul olur və Gəncə şəhər 4 nömrəli məktəbin yaxınlığında yaşayır. Hamletin mobil nömrəsi ***-***-**-** olmalıdır. Hamletlə özünün əvvəllər tanıdığı bir şəxsin vasitəsi ilə tanış olmuşdur. 07 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Hamletə zəng edib narkotik vasitə almaq istədiyini bildirmiş, Hamlet isə heç bir problem olmadığını deyib onu 4 nömrəli məktəbin yaxınlığına çağırmışdır. O həmin yerə tək gedib Hamletlə görüşmüş və 10 manat verib Hamletdən 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin alıb oradan uzaqlaşmışdır. Həmin gün gecə saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində “Şərikli Çörək” adlanan mağazanın yaxınlığında olarkən tanımadığı polis əməkdaşları mülki geyimdə olmaqla ona yaxınlaşmış və özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olmasını izah edərək onu özləri ilə Gəncə şəhər Nizami RPİ-yə aparmışlar. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquqları izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli cins şalvarın ön sol yan cibində saxladığı siqaret kağızı bükümündə narkotik vasitə olan heroin aşkar olunmuş və ondan götürülmüşdür. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0.2 qram təşkil etmişdir. Daha sonra isə həmin kütlə qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzəri imzalarla təsdiq olunmuşdur. Hazırda əməlindən peşman olduğunu bildirir və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir qonşuluqdan tanıyır və aralarında heç bir ədavətləri, düşmənçilikləri yoxdur. 07 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bir qonşu və tanış kimi təmənnasız olaraq 01 büküm narkotik vasitə olan heroin vermişdir. Həmin narkotik vasitə özünə məxsus olmuş və yaşadığı evdən götürüb Asifə vermişdir. O heç vaxt heç kimə narkotik vasitə satmamış, Asifə də həmin narkotik vasitəni pulsuz vermişdir. Özü narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni ondan pul müqabilində aldığını bildirməsini heç cür başa düşə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin CAŞın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsindədir. 07.07.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərlərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, özü və kiçik əməliyyat müvəkkili Şahid3 tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə özü tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şərikli çörək” adlanan çörək sexinin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt onlar özlərini Asifə təqdim edərək şübhənin mahiyyətini izah etməklə dərhal Asifi Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Asifin üzərində onun, kiçik əməliyyat müvəkkili Şahid3, müdafiəçisinin və təhqiqatçının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Asifin şalvarının ön sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqa bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində ilk baxışdan narkotik vasitə olan heroinə bənzər olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0.2 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə falqa bükümlə birlikdə müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərində qeydlər aparıldıqdan sonra isə axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün Hamlet adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.07.2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, 07.07.2021-ci il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açılmış və işərisində açıq qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlə aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.2 qram gəlmiş, götürülmüş kütlə qablaşdırılıb möhürlənərək narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 bölməsinə göndərilmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 08 iyul 2021-ci il tarixli 16/652 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs götürülmüş 0.2 qram çəkidə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketi açdıqda, içərisində 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0.158 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 X7 Yoxlamanın nəticələrinə dair 22.09.2021-ci il tarixli 1137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur. (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazlıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasına, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyənləşdirilmişdir. 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9. maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş hərəkətlər narkotik vasitələrin qanunsuz əldə edilməsi kimi qiymətləndirilməlidir. Həmin Qanunun 1.0.10 maddəsinə əsasən məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş hərəkətlər onların qanunsuz saxlanması kimi qiymətləndirilməlidir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan heroinin pulla alınaraq öz sərəncamında saxlanılması onun tərəfindən narkotik vasitənin saxlanması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngə, ev 10-da yaşayan tanışı Şahid1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.158 qram çəkidə narkotik vasitə olan heroini Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında 10 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şərikli çörək” adlanan çörək sexinin yaxınlığında saxlanılıb Gəncə şəhəri, Şahid1 prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə olmaqla Şahid1 aldığı 0.158 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətində təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin istintaq materiallarında olan digər sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.08.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Psixonevroloji Dispanser tərəfindən verilmiş 02.09.2021-ci il tarixli 4174 nömrəli arayşdan görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər i Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş 02.09.2021-ci il tarixli 4777 nömrəli arayşdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər 150 saylı Evlər üçlüyü tərəfindən verilmiş 13.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri S.Vurğun küçsi ev 17-də yaşayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə peşman olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun məsuliyyətini yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını),təqsirkarın şəxsiyyətini (müsbət xasiyyətləndirilməsini), habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddət azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddini müəyyən edərkən, aşağdakı diqqətə layiq halların xüsusilə qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.158 qram çəkidə narkotik vasitə olan heroini tanışı Şahid1 10 manat pul müqabilində qanunsuz olaraq əldə etmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı həmin miqdarda heroinin təqsirləndirilən şəxsin satmaq niyyətində olması heç bir sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.158 qram çəkidə narkotik vasitə olan heroinin şəxsin üzərində daşıması törədilmiş cinayətin daha böyük ictimai təhlükəliliyə malik olmasını istisna edir. Ona görədə məhkəmə cinayət qanunvericiliyinin humanizm prinsipini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmılıdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamına əsasən cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi qərara alınmışdır. Məhkəmədə elan edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 1(044)-286/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin 20.01.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli, 1(044)-286/2021 saylı qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhəri BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 20.01.2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 19 (on doqquz) gün müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, işdə olan məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə yəni, Gəncə şəhər Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.108 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxışı özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 20.01.2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 19 (on doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, S.Vurğun küçəsi ev 17 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübutlar olmaqla Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.108 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işində şəxsin üzərinə baxış keçirilməsi zamanı çəkilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-67/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-67/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver