Məhkəmə qərarları › İş №1(044)-68/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-68/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-68/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, Gəncə şəhəri, Zərdabi küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşayan, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 18.03.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində dayanmış “VAZ 21214 minik” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış bir cüt ümumilikdə 550 manat dəyərində “Mercedes Benz G class” markalı yan güzgülərini və avtomobilin sol ön qapısının kilidini açarseçmə üsulu ilə açaraq salonda quraşdırılmış 1 ədəd 500 manat dəyərində “BMW 745” markalı içərisində soyuducusu olan qolaltını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 1050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 26.05.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanının qarşısında, küçədə dayanmış sonuncuya məxsus “VAZ 21214 minik” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış 1 cüt ümumilikdə 550 manat dəyərində “Mercedes Benz S class” markalı yan güzgülərini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 05.06.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanının qarşısında, küçədə dayanmış sonuncuya məxsus “VAZ 21214 minik” markalı “**-DZ-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış 1 cüt ümumilikdə 550 manat dəyərində “Mercedes Benz S class” markalı yan güzgülərini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 14.06.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs4 məxsus Gəncə şəhəri, S.Qazıyeva küçəsində dayanmış “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol ön qapısının kilidini açarseçmə üsulu ilə açaraq salonda quraşdırılmış 1 ədəd 200 manat dəyərində “Pioneer 7150” markalı maqintofonu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 24.06.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Gəncə şəhəri, Yeni- Gəncə qəsəbəsi, ev 52 ünvanının qarşısında, küçədə dayanmış sonuncuya məxsus “VAZ 21214 minik” markalı “**-CX-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərində quraşdırılmış 1 cüt ümumilikdə 550 manat dəyərində “Mercedes Benz S class” markalı yan güzgüləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin materiallarını, məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur: Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci ildə anası X3 vəfat etdikdən, həmin ildə də, atası X4 həbs olunduqdan sonra əvvəlcə qohumları ilə, daha sonra isə tək yaşamağa başlamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını adətən fəhləlik edərək əldə edir. Əvvəllər, yəni oğurluq etdiyinə və avtomobil qaçırdığına görə Azərbaycan Respublikası CM-nin 177 və 185-ci maddələri ilə məhkum olunmuşdur. 2019-cu ilin mart ayının ortalarında Novruz bayramı ərəfəsində pulu qurtardığına görə oğurluq etməyə qərar vemiş, bu məqsədlə axşam saat 22 radələrində Gəncə şəhərində Bayraq meydanı deyilən yerdə gəzərkən “Park bulvar” restoranının sol tərəfində küçədə bir ədəd ağ rəngli “Niva” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Avtomobil sakitlik yerdə dayandığından, həmçinin hava soyuq olduğu üçün ətrafda da, heç kəs olmamışdır. Buna görə də, dərhal həmin avtomobilə yaxınlaşmış, avtomobilin üzərində “Mercedes” markalı güzgülər olduğuna görə, onların qiymətli olmasını bildiyi üçün yerindən sökmüşdür. Bundan sonra avtomobilin salonuna baxdıqda salonda olan qolaltı diqqətini cəlb etmiş, həmin qolaltını da, sata biləcəyini yəqin edərək dərhal üzərində olan açarla avtomobilin qapısının kilidini açmışdır. Qapını açdıqdan sonra dərhal salona daxil olaraq əvvəlcə həmin qolaltına nəzər yetirmiş və qolaltının içərisində soyuducu quraşdırıldığını görmüşdür. Həmin qolaltının qiymətli olmasını yəqinləşdirdikən sonra onu da, yerindən sökmüşdür. Bundan sonra güzgüləri və qolaltını götürərək dərhal oradan uzaqlaşmış və həmin günün səhərisi oğurladığı 1 cüt güzgüləri və içərisində soyuducusu olan qolaltını Gəncə şəhəri “köhnə Kolxoz bazarı” deyilən yerdə ordan keçən tanımadığı şəxsə, oğurluq olmasını bildirmədən özünə məxsus olmasını deyərək ümumilikdə 400 manat qarşılığında satmışdır. 2020-ci ilin may ayının sonlarında iş olmadığına görə maddi baxımdan sıxıntı çəkmiş, buna görə də, qərar vermişdir ki, adəti üzrə hər hansı bir avtomobildən qazanc əldə edə biləcəyi əşyaları oğurlasın. Bu məqsədlə 2020-ci ilin may ayının sonlarında gecə saat 04 radələrində tək şəhərə çıxaraq oğurluq edə biləcəyi əlverişli yerdə dayanmış avtomobil axtarmış və piyada gəzə-gəzə Gəncə şəhəri, Təbriz küçəsinə getmişdir. Həmin küçə boyunca gedərkən yolun sol kənarında yerləşən evin qarşısında 1 ədəd göy rəngli “Niva” markalı dövlət qeydiyyat nişanın sonu 063 kimi xatırladığı avtomobilin dayandığını görmüş, əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda heç kəsin olmadığını, sakitçilik olduğunu və onu kimsənin görmədiyini dəqiqləşdirdikdən sonra həmin avtomobilə yaxınlaşaraq ətrafına və kənardan salonuna göz gəzdirdikdə avtomobilin üzərində olan “Mercedes” markalı yan güzgülər diqqətini cəlb etmişdir. Həmin güzgüləri sataraq qazanc əldə edə biləcəyini yəqinləşdirdikdən sonra güzgülərin hər ikisini yerindən sökərək dərhal da, oradan uzaqlaşmışdır. Bundan sonra səhərisi həmin güzgüləri Gəncə şəhəri, yeni maşın bazarı deyilən yerə apararaq orada satmağa çalışsa da, lakin həmin güzgülərin göy rəngli olmasına görə alan olmadığı üçün sata bilməmişdir. Buna görə də, həmin güzgünü yaşadığı evə qoymuşdur ki, alıcı tapası olarsa satar. 2020-ci ilin iyun ayının əvvəlində maddi baxımdan yenidən sıxıntı çəkmiş, buna görə də, qərar vermişdir ki, adəti üzrə yenə də, hər hansı bir avtomobildən qazanc əldə edə biləcəyi əşyaları oğurlasın. Bu məqsədlə yenə də, 2020-ci ilin iyun ayının əvvəlində gecə saat 03 radələrində tək şəhərə çıxaraq oğurluq edə biləcəyi əlverişli yerdə dayanmış avtomobil axtarmış, gəzə-gəzə bu dəfə də, Gəncə şəhərində Təbriz küçəsinə getmiş, lakin orada oğurluq edə biləcəyi əlverişli avtomobil tapa bilmədiyi üçün oradan ara küçələrlə Bayan küçəsinə getmişdir. Həmin küçə boyunca gedərkən yolun kənarında yerləşən evin qarşısında 1 ədəd ağ rəngli “Niva” markalı dövlət qeydiyyat nişanının sonu 072 kimi xatırladığı avtomobilin dayandığını görmüş, əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda heç kəsin olmadığını, sakitçilik olduğunu və onu kimsənin görmədiyini dəqiqləşdirdikdən sonra həmin avtomobilə yaxınlaşaraq ətrafına və kənardan salonuna göz gəzdirdikdə həmin avtomobilin də üzərində olan “Mercedes” markalı yan güzgülər diqqətini cəlb etmişdir. Bu dəfə həmin güzgülər ağ rəngli olduğu üçün əvvəlki güzgüyə nisbətən rahat sata biləcəyini düşündüyü üçün qərar vermişdir ki, bu dəfə də, güzgüləri oğurlasın. Bu məqsədlə həmin avtomobilin də, güzgülərini yerindən sökərək dərhal da, oradan uzaqlaşmış, səhərisi həmin güzgüləri Gəncə şəhəri, yeni maşın bazarı deyilən yerə gətirərək orada olan tanımadığı şəxsə, güzgülərin oğurluq olmasını bildirmədən özünə məxsus olmasını bildirərək hər ikisini ümumilikdə 350 manat qarşılığında satmış, əldə etdiyi qazancı şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu həmin hadisədən təxminən 10 gün sonra pulu qurtardığı üçün yenə də, qərar vermişdir ki, hər hansı bir avtomobildən oğurluq edərək qazanc əldə etsin. Bu məqsədlə gecə təxminən saat 03 radələrində bu dəfə digər bir yerə, şəhərin köhnə “Mero”nun yanı kimi tanınan yerinə gedib həmin “Mero”nun qarşısında yerləşən qəsəbəyə getmiş, həmin qəsəbədə gecə saat 04 radələrində torpaq və daşlı yolla bir qədər gəzərkən evin qarşısında dayanmış bir ədəd “VAZ 2105” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda heç kəsin olmadığını, sakitçilik olduğunu və onu kimsənin görmədiyini dəqiqləşdirdikdən sonra həmin avtomobilə yaxınlaşaraq ətrafına və kənardan salonuna göz gəzdirmiş, bu zaman avtomobilin salonunda “Pioneer 7150” markalı maqintofon görmüş və qərarlaşdırmışdır ki, həmin maqintofonu sata bilər. Bundan sonra üzərində gəzdirdiyi digər “VAZ 2105” markalı avtomobilə məxsus açarla həmin avtomobilin kilidini açaraq salona daxil olaraq avtomobilin maqintofonunu yerindən söküb naqillərindən ayıraraq dərhal da, oranı tərk etmiş, səhərisi gün həmin “Pioneer 7150” markalı maqintofonu da, Gəncə şəhəri, yeni maşın bazarı deyilən yerə gətirərək orada olan tanımadığı şəxsə, oğurluq olmasını bildirmədən özünə məxsus olmasını deyərək 100 manat qarşılığında satmışdır. Əldə etdiyi qazancı da, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu həmin hadisədən təxminən 10 gün sonra pulu qurtarmış və qərar vermişdir ki, yenə də, hər hansı bir avtomobildən oğurluq edərək qazanc əldə etsin. Bu məqsədlə şəhərin Yeni Gəncə qəsəbəsi istiqamətinə getmiş, həmin qəsəbədə gecə saat 04 radələrində yarmarkaların olduğu yerlə düzünə qalxaraq sağa dönüb binaların arası ilə gəzərkən binanın qarşısında dayanmış bir ədəd ağ rəngli “Niva” markalı dövlət qeydiyyat nişanının sonu “003” kimi xatırladığı avtomobilin dayandığını görmüşdür. Əvvəlcə ətrafa nəzər yetirmiş və ətrafda heç kəsin olmadığını, sakitçilik olduğunu, onu kimsənin görmədiyini dəqiqləşdirdikdən sonra həmin avtomobilə yaxınlaşaraq ətrafına və kənardan salonuna göz gəzdirdikdə həmin avtomobilin də, üzərində olan ağ rəngli “Mercedes” markalı güzgülər diqqətini cəlb etmiş, əvvəlki oğurladığı ağ rəngli güzgüləri rahatlıqla sata bildiyi üçün qərar vermişdir ki, bu dəfə də, güzgüləri oğurlasın. Bu məqsədlə həmin avtomobilin də, güzgülərini yerindən sökərək dərhal da, oradan uzaqlaşmışdır. Bundan sonra səhərisi gün həmin güzgüləri də, adəti üzrə Gəncə şəhəri, yeni maşın bazarı deyilən yerə gətirərək oradan keçən şəxslərə təqdim etsə də, alıcı tapa bilmədiyi üçün həmin güzgüləri də, evə qoymuşdur ki, alıcı tapanda satar. Lakin daha sonrasında həmin güzgüləri sata bilməmiş və sonrasında onları istintaqa təqdim etmişdir. Həmin oğurluqlar zamanı onu heç kəs görməmiş və oğurluq etməsinin qarşısını almaq üçün hər hansı bir şəxs heç bir maneçilik etməmiş, heç kəs onu dayanması üçün səsləməmişdir. O, oğurluqları heç kəsin xəbəri olmadan gizli olaraq tək törətmişdir. Oğurluq zamanı avtomobillərin qapısını açmaq üçün istifadə etdiyi açarı itirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Gündəlik olaraq qazancını avtomobil təmir edərək əldə edir. “VAZ 21214 minik” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı avtomobil sənədləşmədə qaynı X2 adına olmasına baxmayaraq həmin avtomobil onun vəsaiti hesabına alınmış və faktiki olaraq onun mülkiyyətindədir. O, həmin avtomobilin zavod güzgülərinin yerinə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş 450 manat dəyərində güzgülər alaraq əvəz etmişdir. Adətən gündəlik olaraq səhər saat 09 radələrində işə gedib axşam saat 20 radələrində isə işdən qayıdır və avtomobilini yaşadığı evin qarşısında, küçədə saxlayır. 25 may 2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində avtomobili ilə yaşadığı evə gələrək yenə adəti üzrə yaşadığı evin qarşısında saxlamışdır. Səhərisi, yəni 26 may 2020-ci il tarixdə saat 07 radələrində yuxudan oyanıb avtomobilinə baxdıqda avtomobilinin sağ və sol yan güzgülərinin naməlum şəxs tərəfindən yerindən sökülərək oğurlandığını müəyyən etmişdir. O, dərhal əlavə nəyinsə oğurlanıboğurlanmamısını müəyyən etmək üçün avtomobilinə nəzər yetirmiş, lakin avtomobilin qapılarının kilidli vəziyyətdə qaldığını, başqa heç nəyinin oğurlanmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Daha sonrasında o, öyrənmişdir ki, polis əməkdaşları avtomobilindən oğurluq etmiş şəxsi müəyyən ediblər və həmin şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Ona məxsus “VAZ 21214 minik” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı avtomobilindən sadəcə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş ümumilikdə 450 manat dəyərində 2 ədəd yan güzgüləri oğurlanmış, başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Bundan əlavə o, bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri daha dəqiq göstərilmiş, buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi məhkəmə-əmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyində qeyd olunan dəyərdə götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayır. Gündəlik olaraq qazancını avtomobil təmir edərək əldə edir. “VAZ 21214 minik” markalı “**-DZ-***” dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, həmin avtomobilinin zavod güzgülərinin yerinə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş 350 manat dəyərində güzgülər alaraq əvəz etmişdir. Adətən gündəlik olaraq səhər saat 08 radələrində işə gedib axşam saat 21 radələrində işdən qayıdır və avtomobilini yaşadığı evin qarşısında, küçədə saxlayır. 04 iyun 2020-ci il tarixdə axşam təxminən saat 22 radələrində avtomobili ilə yaşadığı evə gələrək yenə adəti üzrə yaşadığı evin qarşısında, küçədə saxlamışdır. Səhərisi gün, yəni 05.06.2020-ci il tarixdə saat 08 radələrində yuxudan oyanıb avtomobilinə baxdıqda avtomobilinin sağ və sol yan güzgülərinin naməlum şəxs tərəfindən yerindən qopardılaraq oğurlandığını müəyyən etmişdir. O, dərhal əlavə nəyinsə oğurlanıboğurlanmamısını müəyyən etmək üçün avtomobilinə nəzər yetirmiş, lakin avtomobilin qapılarının kilidli vəziyyətdə qaldığını, başqa heç nəyinin oğurlanmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Daha sonrasında o öyrənmişdir ki, polis əməkdaşları avtomobilindən oğurluq etmiş şəxsi müəyyən ediblər və həmin şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Ona məxsus “VAZ 21214 minik” markalı “**-DZ-***” dövlət qeydiyyat nişanlı avtomobilindən sadəcə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş ümumilikdə 350 manat dəyərində 2 ədəd yan güzgüləri oğurlanmış, başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Bundan əlavə o, bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri daha dəqiq göstərilmiş, buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi məhkəmə-əmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyində qeyd olunan dəyərdə götürülməsini xahiş etmişdir. O, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərəri tələb etmir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Təqaüdçüdür, rəsmi olaraq heç bir yerdə işləmir. Şahid onun oğludur və onlar birgə yaşayırlar. “VAZ 21053 minik” markalı “**-CT- ***” dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Mikayıl həmin avtomobili 29 mart 2016-cı il tarixdə tərəfindən “nəqliyyat vasitəsini idarə etmək üçün” verilmiş etibarnamə əsasında idarə edir. 13 iyun 2020-ci il tarixdə saat 22 radələrində oğlu Mikayıl ona qayınatası Rəhim Avəndinin yaşadığı Gəncə şəhəri, S.Qazıyeva küçəsində yerləşən evinə gedərək orada qalacağını demişdir. O, oğlu Mikayılla razılaşdıqdan sonra Mikayıl ona məxsus “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları qəsəbədən çıxaraq qudası Rəhimin yaşadığı Gəncə şəhəri, S.Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Səhərisi gün, yəni 14 iyun 2020-ci il tarixdə saat 14 radələrində Mikayıl ona zəng edərək gecə naməlum şəxsin avtomobilinin kilidini açaraq salonda quraşdırılmış 1 ədəd “Pioneer” markalı maqintofonu oğurladığını, bu barədə polis əməkdaşlarına məlumat verdiyini və polis əməkdaşlarının müvafiq sənədləşməni apardıqlarını demişdir. Bir qədər sonra Mikayıl ona məxsus idarə etdiyi “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə qayıtmışlar. O, özü avtomobilinə baxdıqda salonda quraşdırılmış 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqintofonun söküldüyünü və yerində sadəcə maqintofonunun işləməsi təmin edən naqillərin qaldığını görmüşdür. Bundan sonra salona nəzərə yetirmiş və başqa heçnəyin oğurlanmadığını, sadəcə, 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqintofonunun oğurlandığını müəyyən etmişdir. Daha sonrasında o öyrənmişdir ki, polis əməkdaşları avtomobilindən oğurluq etmiş şəxsi müəyyən ediblər və həmin şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Ona məxsus “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobildən sadəcə 1 ədəd 200 manat dəyərində “Pioneer” markalı maqintofon oğurlanmış, başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Bundan əlavə o, bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri şərti olaraq təxmini hesablanmış, lakin həmin əşyaların dəqiq qiyməti onun ifadəsində qeyd etdiyi kimi göstərilmişdir. Buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi onun ifadəsində qeyd etdiyi dəyərdə götürülməsini xahiş etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və təqsirləndirilən şəxsdən zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını kənd təsərrüfatı məhsullarını əkib-satmaqla əldə edir. “VAZ 21214 minik” markalı “**-CX-***” dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, həmin avtomobilin zavod güzgülərinin yerinə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş 760 manat dəyərində güzgülər alaraq əvəz etmişdir. Adətən gündəlik olaraq səhər saat 09 radələrində işə gedib axşam saat 18 radələrində işdən qayıdır və avtomobilini yaşadığı binanın qarşısında saxlayır. 23 iyun 2020-ci il tarixdə axşam təxminən saat 18 radələrində avtomobili ilə yaşadığı binaya gələrək yenə adəti üzrə binanın qarşısında saxlamışdır. Səhərisi gün, yəni 24.06.2020-ci il tarixdə saat 10 radələrində yuxudan oyanıb avtomobilinə baxdıqda avtomobilinin sağ və sol yan güzgülərinin naməlum şəxs tərəfindən yerindən qopardılaraq oğurlandığını müəyyən etmişdir. O, dərhal əlavə nəyinsə oğurlanıb-oğurlanmamısını müəyyən etmək üçün avtomobilinə nəzər yetirmiş, lakin avtomobilin qapılarının kilidli vəziyyətdə qaldığını, başqa heç nəyinin oğurlanmadığını görmüşdür. Bundan sonra dərhal Azərbaycanm Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Daha sonrasında o öyrənmişdir ki, polis əməkdaşları avtomobilindən oğurluq etmiş şəxsi müəyyən ediblər və həmin şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Ona məxsus “VAZ 21214 minik” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı avtomobilindən sadəcə “Mercedes Benz S class” markalı avtomobillər üçün nəzərdə tutulmuş ümumilikdə 760 manat dəyərində 2 ədəd yan güzgüləri oğurlanmış, başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Bundan əlavə o, bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında ona məxsus əmlakların dəyəri daha dəqiq göstərilmiş, buna görə də, iş üzrə ona dəymiş ziyanın hesablanması zamanı əsas kimi məhkəməəmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyində qeyd olunan dəyərdə götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsi bağışlayır və ona cəza təyin edilməməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. Gündülək olaraq qazancını icarə əsasında işlətdiyi internet klubdan əldə edir. “VAZ 21214” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 2017-ci ilin yanvar ayının əvvəllərində Gürcüstan Respublikasının Telavi şəhərindəki maşın bazarına gedərək oradan 1 cüt ümumilikdə 290 manat dəyərində “Mercedes Gelandewagen” markalı alt hissəsində led işıqları olan güzgüləri və 1 ədəd 500 manat dəyərində içərisində soyuducu olan “BМW 745” markalı qolaltını alıb ölkəyə qayıtmış, ölkəyə qayıtdıqdan sonra Gürcüstan Respublikasının Telavi şəhərindən aldığı 1 cüt güzgüləri və 1 ədəd qolaltını idarə etdiyi “VAZ 21214” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobilinə quraşdıraraq həmin formada idarə etməyə davam etmişdir. 18 mart 2020-ci il tarixdə istirahət etmək üçün saat təxminən 20 radələrində Gəncə şəhəri, Bayraq meydanında yerləşən “Park bulvar” restoranına getməyə qərar vermiş, bu məqsədlə idarə etdiyi “VAZ 21214” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, “Azərbaycan Bayrağı” küçəsinə gedərək avtomobilini yolun sağ kənarında, “Park bulvar” restoranının yaxınlığında saxlayaraq avtomobildən düşüb həmin restorana getmişdir. Təxminən 2 saat həmin restoranda olduqdan sonra saat 22 radələrində oradan duraraq avtomobilinin yanına qayıtmışdır. Avtomobilinin yanına çatdıqda güzgülərin yerindən söküldüyünü, qapısının isə açıldığını görmüş, bundan sonra dərhal avtomobilin salonuna baxdıqda isə içərisində soyuducu olan qolaltının da, yerindən söküldüyünü müəyyən etmiş və anlamışdır ki, naməlum şəxs o, restoranda olduğu müddət ərzində avtomobilinin üzərində olan ümumilikdə 290 manat dəyərində 1 cüt “Mercedes Gelandewagen” markalı güzgüləri və salondan 1 ədəd 500 manat dəyərində içərisində soyuducu olan “BМW 745” markalı qolaltını oğurlamışdır. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, polis əməkdaşlarına hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Hadisə nəticəsində sadəcə yuxarıda qeyd etdiyi ümumilikdə 790 manat dəyərində əmlakı talanmış, başqa hər hansı bir əmlakı talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobil atası Zərərçəkmiş şəxs4 məxsusdur. O, həmin avtomobili 29 mart 2016-cı il tarixdə atası Tahir tərəfindən “nəqliyyat vasitəsini idarə etmək üçün” verilmiş etibarnamə əsasında idarə edir. 13 iyun 2020-ci il tarixdə saat 23 radələrində atası Zərərçəkmiş şəxs4 məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ 21053 minik” markalı “**- CT-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxaraq qayınatası Rəhim Avəndinin yaşadığı Gəncə şəhəri, S.Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Avtomobili evin önündə saxlayıb qapılarını kilidləyərək içəri keçmiş və həmin gecə avtomobili orada saxlamışdır. Səhərisi, yəni 14.06.2020-ci il tarixdə o, təxminən saat 12 radələrində evdən çölə çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin ön sağ qapısının yarım açılmış vəziyyətdə olmasını görmüşdür. Bundan sonra o, dərhal avtomobilin içərisinə baxdıqda salonda quraşdırılmış 1 ədəd “Pioneer 7150” markalı maqintofonunun yerindən sökülərək oğurlandığını aşkar etmişir. Bundan sonra bir qədər ətrafa göz gəzdirsə də, maqintofonunu və ətrafda hər hansı bir şübhəli məqamı aşkar etməmişdir. Bu zaman o anlamışdır ki, gecə naməlum şəxs avtomobilin qapısını açaraq salondan 1 ədəd 200 manat dəyərində “Pioneer 7150” markalı maqintofonu oğurlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, polis əməkdaşlarına hadisə barədə məlumat vermiş və polis əməkdaşları müvafiq sənədləşməni aparmışlar. Daha sonrasında o, öyrənmişdir ki, avtomobillərindən oğurluq etmiş şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Onun idarə etdiyi atası Tahirə məxsus “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonundan sadəcə 1 ədəd 200 manat dəyərində “Pioneer 7150” markalı maqintofon oğurlanmış, başqa hər hansı bir əmlakı, talanmamış, zədələnməmiş və ya məhv olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərəri tələb etmir, təqsirləndirilən şəxsdən şikayətçi deyil, təqsirləndirilən şəxsin barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və hazırda Rusiya Federasiyasında olduğundan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18 mart 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində “VAZ 21214 minik” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobilə və dayandığı, yəni hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 may 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlandığı ünvan 1 ünvanının qarşısında “VAZ 21214 minik” markalı “**-VH-***” dövlət qeydiyyat nişanlı avtomobilə və dayandığı yerə, yəni hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 iyun 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlandığı ünvan 2 ünvanının qarşısında “VAZ 21214 minik” markalı “**-DZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə və dayandığı yerə, yəni hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 iyun 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, S.Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında “VAZ 21053 minik” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobilə və dayandığı yerə, yəni hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, ev 52 ünvanının qarşısında “VAZ 21214 minik” markalı “**-CX-***” dövlət qeydiyyat nişanlı avtomobilə və dayandığı yerə, hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 cüt göy rəngli avtomobilin yan güzgülər götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyindən görünür ki, “Mercedes Benz S class” markalı avtomobilin 1 cüt yan güzgüsü 550 manat, “Mercedes Benz G class” markalı avtomobilin 1 cüt yan güzgüsü 550 manat, 1 ədəd “BMW 745” markalı avtomobilə məxsus içərisində soyuducu olan qolaltı 250 manat, 1 ədəd “Pioneer 7150” markalı maqintofonun isə dəyəri 120 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİ və TBŞ-nə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin olub-olmaması barədə verilmiş sorğulara cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 dekabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın məbləği hesablanarkən məhkəmə əmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyində qeyd olunan məbləğ, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləği hesablanarkən 1 cüt “Mercedes Benz G class” markalı avtomobilin yan güzgülərinin dəyəri məhkəmə əmtəəşünaslıq ekspertinin 12 oktyabr 2020-ci il tarixli 626 №-li rəyində qeyd olunan məbləğ, 1 ədəd “BMW 745” markalı avtomobilə məxsus içərisində soyuducu olan qolaltı dəyəri isə onun ifadəsində qeyd olunan məbləğdə, Zərərçəkmiş şəxs4 isə dəymiş ziyanın məbləği hesablanarkən onun ifadəsində qeyd olunan məbləğ əsas kimi götürülmüş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi talamanın predmeti olmuş Zərərçəkmiş şəxs2 məxsus 1 cüt göy rəngli “Mercedes Benz S class” markalı yan güzgüləri və Zərərçəkmiş şəxs5 məxsus 1 cüt ağ rəngli “Mercedes Benz S class” markalı yan güzgüləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir və onun həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də, o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.10.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri təqsirli bilinərək 2500 manat cərimə cəzası təyin edilmiş, bundan sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.2.1-ci maddəsilə təqsirli bilinərək CM-in 69.3, 67.1-ci maddələrinə əsasən ona 06 ay 24 gün azadlığın məhdudlaşdırılması və 2500 manat cərimə cəzaları təyin edilmiş, 05.06.2019-cu il tarixdə azadlığın məhdudlaşdırılması cəzasının müddəti başa çatmışdır, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2019-cu il tarixli qərarı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası 03 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 05.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin zərəri qismən ödəməsini, həmin zərəçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.01.2021-ci il tarixli qərarının surətindən görünür ki, başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, hazırki iş üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə ləğv edilməlidir. Onun barəsində təyin ediləcək cəzanın çəkilməsi müddətinin əvvəli hökm çıxarıldığı gündən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət- Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Odur ki, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi talamanın predmeti olmuş Zərərçəkmiş şəxs2 məxsus 1 cüt göy rəngli “Mercedes Benz S class” markalı yan güzgüləri və Zərərçəkmiş şəxs5 məxsus 1 cüt ağ rəngli “Mercedes Benz S class” markalı yan güzgüləri müvafiq olaraq sahiblərinə təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 180 (yüz səksən) manat pul X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 16.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi talamanın predmeti olmuş Zərərçəkmiş şəxs2 məxsus 1 cüt göy rəngli “Mercedes Benz S class” markalı yan güzgüləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 məxsus 1 cüt ağ rəngli “Mercedes Benz S class” markalı yan güzgülər Zərərçəkmiş şəxs5 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar