Məhkəmə qərarları › İş №1(044)-70/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-70/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-70/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarənin birinci instansiya məhkəmələrində X1 şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdə sərxoş vəziyyətdə, saat 23 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, Atatürk prospekti 237 1 saylı binanın qarşısında istintaq zaman müəyyən edilməsi mümkün olmayan cib bıçağını silah qismində tətbiq edib bıçaq ilə Zərərçəkmiş şəxs bədəninin sol kürək üstü nahiyəsinə xəsarət yetirmiş, daha sonra o, qardaşı Şahid3 onu aralayıb aparmaq istəməsinə baxmayaraq daha da azğınlaşaraq öz hərəkətlərini davam etdirmiş, Zərərçəkmiş şəxs sol said nahiyəsinə bıçaqla vuraraq sol said və sol kürək üstü nahiyələrinin səthi yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, ağırlığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 5 il bundan əvvələ qədər Gəncə şəhər Atatürk prospekti 197 1 saylı binada yaşasa da Elman Talibov adlı şəxsi tanımır. 09 iyul 2020-ci il tarixdə axşam saat 19-20 radələrində o, işdən çıxıb Gəncə şəhər Atatürk prospekti 197 1 saylı binada yerləşən evinə getmiş, orada o, tək oturub öz otağında təxminən 100 qram spirtli içki olan araq qəbul etmiş, sonradan qardaşı Ramin onun yanına gəlmiş, lakin Ramin spirtli içki qəbul etməmiş, onlar Raminlə birlikdə aşağı, binanın qarşısına düşmüş, sonradan orada bir nəfər tanımadığı şəxs kənardan sözlə ona müdaxilə etmiş, o, isə bu zaman həmin tanımadığı şəxsə onun işinə qarışmamağını, öz işi ilə məşğul olmağını demiş, lakin həmin şəxs yenə də onunla mübahisəni davam etdirərək ona orada səs salmamağı barədə irad bildirmiş, bu zaman qardaşı Ramin onun qoluna girərək oradan öz yaşadıqları evə getmək lazım olduğunu ona demiş, onların hər ikisi də oradan çıxıb getmiş, o, orada nə bıçaqla nə də ki, əli ilə heç kimi vurmamış, döyməmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanımır, hadisə vaxt gecə olduğu üçün o, həmin şəxsin onun üzünü tam olaraq görə bilməmiş, o, nə həmin gün, nə də ki, başqa bir gün üzərində bıçaq gəzdirməmiş, onun üzərində bıçaq olmamış, o, həmin gün sadəcə olaraq Gəncə şəhər Atatürk prospekti 197-ci kvartal, 1 saylı binanın qarşısında bir nəfər şəxslə mübahisə etmiş, onun həmin tanımadığı şəxslə arasında olan mübahisəsi təxminən 5-10 dəqiqə davam etmiş və ətrafda tanımadığı bir neçə şəxs toplaşmışdır. Hazırda əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Gəncə şəhər Atatürk prospekti 197-ci kvartal, 1 saylı binada onun hal-hazırda Ukraynada yaşayan xalası oğlu Telmanın evi vardır.Telman ona həmin evə yaxın qaldığı üçün bəzən gedib qapı va pəncərəsinə baxmağını, pəncərə və qapının salamat olub-olmamasına nəzarət etməsini demiş, elə bu səbəbdən də o, bəzən həmin binaya gedib orada həmin otaqda hər hansı bir problemin olub-olmadığına baxmışdır. 08 iyul 2020-ci il tarixdə axşam saat 23:30 radələrində o, yenə də həmin ev istiqamətində gedib Gəncə şəhər Atatürk prospekti 197-ci kvartal, 1 saylı binanın qarşısında dayanıb həmin qohumunun otağına aşağıdan baxan zaman binanın qarşısında bir nəfər tanımadığı şəxslə söhbət etmiş, bu zaman adı ona sonradan məlum olan Emin adlı şəxs ona yaxınlaşaraq onu kənara çəkmiş, onunla işinin olduğunu demişdir. Emin ona həmçinin susmağını demiş, əlində olan bıçaqla onun kürək nahiyəsindən heç bir səbəb olmadan zərbə vurmuş, həmin bıçaq zərbəsi onun kürəyini cızmış, sonradan həmin Emin adlı şəxs onun bud nahiyəsindən bıçaqla zərbə vurmaq istəyən zaman o, əlini qabağa uzatmış, Eminin əlindən tutmuş, həmin zərbədən sonra onun sol əlinin bilək nahiyəsi xəsarət almış, elə bu zaman Eminin əlindən çıxıb qaçmışdır. Ramin, Eminə ona vurmaması üçün mane olmuş, bu zaman Eminin əlində olan bıçaq. yerə düşmüşdür. O, həmin yerdən bir qədər aralaşdıqdan sonra Emin onun arxası ilə düşüb onu saxlamış, Emin onunla mübahisə etmiş, Ramin isə Emini sakitləşdirməyə çalışmış, orada qonşuluqda yaşayan Hökümə, Hökümənin həyat yoldaşı və bir neçə başqa şəxs də orada olmuşdur. Hökümə Emin ilə Raminə qışqıraraq onun Telmanın xalası oğlu olduğunu, bu cür etməmələrini demiş, bundan sonra Emin və Ramin orada olan qonşularla bir qədər mübahisə etmiş, o, isə xeyli müddət kənardan həmin şəxslərə baxmış, özünə gəldikdən sonra isə o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmasını və heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dinidirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, Elmanı sadəcə olaraq Gəncə şəhər Atatürk prospekti 197 1 saylı binanın ətrafında bəzən görmüş, Elmanla heç bir münasibəti olmamış, 08.07.2020-ci il tarixdə yaşadığı Gəncə şəhər Atatürk prospekti 197-ci kvartal, 1 saylı binanın mənzil 12 ünvanına gedən zaman qardaşı Eminlə Elmanın bir-biri ilə çəkişdiyini görmüş, Emini Elmanın yanından ayırmağa çalışmış, bu zaman Emin Elmanı itələmiş, Elman arxaya tərəf gedərək orada olan ağaclardan birinə dəymiş, sonradan o, Emini oradan götürüb aparmış, Elman isə özü oradan çıxıb getmiş, o oraya getdikdən sonra həmin dava təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt ətrafda çox sayda tanımadığı şəxslər olmuşdur. O Eminin əlində hər hansı bıçaq və başqa silah görməmişdir. Məhkəmə istintaqında şahid qismində dinidirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Emin və Ramin qardaşlarını təxminən 12 ildir ki, tanıyır. O, Gəncə şəhəri Atatürk prospekti 197-ci kvartal, 1 saylı binaya köçdükdən sonra həmin şəxsləri tanımışdır. 08 iyul 2020-ci il tarixdə saat 23 radələrində o, yaşadığıı evdə olan zaman qonşudan qazan almaq üçün evdən çıxmışdır. Bu zaman binanın qabağından səs-küy gəldiyini eşitmiş, binadan çıxıb həyətə düşən zaman Ramin və Emin qardaşlarının Elman adlı bir nəfər şəxslə mübahisə etdiyini, Eminin əlində bıçaqla həmin Elmanın vurmaq istədiyini, Raminin isə Eminə mane olduğunu görmüş, bu zaman o, Elmana köməyə getmiş, Elmana kömək etmək istəyən zaman Emin əlində olan bıçağı Elmanın başına vurmaq istəmiş, o, Eminin əlindən tutmuş, Eminə mane olmuş, Elmanı isə yaşadıqları binanın qabağına aparmış, o, Elmanın əlindən qan axdığını görmüşdür. Elman binaya girdikdən sonra arxa tərəfdən çıxıb öz yaşadığı evə getmiş, Elman getdikdən sonra Emin onun üstünə gedərək ondan hansı səbəbdən Elmanı qaçırdığını soruşmuş, bu vaxt həyat yoldaşı Xəyal gələrək Eminə mane olmuş, sonra Ramin Emini zorla çəkərək oradan aparmışdır. Məhkəmə iclasında elan edilərək ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Emin və Ramin qardaşlarını təxminən 15 ildir ki, tanıyır. O,, Atatürk prospekti 197-ci kvartal, 1 saylı binaya köçdükdən sonra həmin şəxsləri tanımışdır. 08 iyul 2020-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evdə olan zaman binanın qabağından səs-küy olduğunu, kiminsə yüksək səslə danışaraq hamını narahat etdiyini eşitmiş, bu zaman o, yaşadığı evdən çıxaraq nə baş verdiyinə baxmış, uzaqdan Ramin və Emin qardaşlarının oradan çıxıb getdiklərini görmüş, nə baş verdiyini soruşan zaman isə həyat yoldaşı Hökümə, Eminlə orada olan Elmanın dalaşdığını ona demiş, o, tam olaraq orada olanları görmədiyi üçün bu barədə məlumatlı olmamış, sadəcə olaraq o, sonradan Eminin Elmanı vurduğunu Hökümədən eşitmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və işdə olan ərizədən görünür ki, Talıbov X2 prospekti 197-ci kvartal, 1 saylı evin qarşısında tanımadığı iki nəfər şəxsin onunla mübahisə yaratdığını, onlardan birinin onun əl və kürək nahiyəsinə bıçaqla xəsarətlər yetirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş HK-1/1147 nömrəli raportdan görünür ki, xalça zavodunun yanında Zərərçəkmiş şəxs iki qardaş tərəfindən döyülməsi, sonuncuların onu bıçaqla qol nahiyəsinə xəsarətlər yetirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat verilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 09.07.2020-ci il tarixli 985 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol said və sol kürək üstü nahiyələrinin səthi yaraları deşici-kəsici alət (alətləri) təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.07.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri çüəyyən edilmir. Məhkəmədə tədqid edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 21.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.01.2008-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.09.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum ediliş, 10.08.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqid edilmiş 06 noyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 16.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəyini, tədqiq edilmiş sənədlərin mümkünlüyü və mənsubiyyəti üzrə bir-biri ilə müqayisə edərək qeyd olunan ifadələri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini və sənədləri təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərə tutulmuş cinayət tərkibini yaratmasını, cinayətin törədilməsində iştirakını və törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayət edilən xuliqanlıq cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli həmin maddə ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin mübahisə edərkən onda bıçaq olmamasına dair dəlilləri ilə bağlı məhkəmə onu qeyd edir ki, zərərçəkmiş şəxsə bıçaqla zor tətbiq edilməsi zərərçəkmiş şəxsin özünün ifadəsi, ekspertiza rəyi və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla bağlı təqsirləndirilən şəxsin məhkəməyə gətirdiyi dəlillər özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, arvadının hamilə olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddii rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 60 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun (Emitent (ödəyən) bank “Kapital Bank”-ın Gəncə icmal filialında olan Kod;200275; VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************; SÜİFT BİK; AİİBAZ2X; Hesab N-si AZA04AİİB ********************; VÖEN-**********) hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbs edildiyi gündən, yəni 16 noyabr 2021-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60(altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar