Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-71/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs İsabala qızının iştirakları ilə xx.xx.1961-ci ildə Bərdə rayonu, Yenidaşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Qızıl Hacılı küçəsi, ev 38-də qeydiyyatda olub, Gədəbəy rayonunun Arıqıran kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsabala qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs İsabala qızı cavabdeh kimi ondan 15000,00 manat məbləğində əsas borcun və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(044)-3899/18 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş 28.10.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 3(044)-252/19 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə və 30.04.2019-cu il tarixdə ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməyərək həmin qətnamə üzrə borc məbləğini tələbkara ödəməməklə ona maddi ziyan vuraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs İsabala qızının törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs İsabala qızı məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2018-ci il tarixli, 2(044)-4899/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə dair aralarında bağlanmış borc müqaviləsinə əsasən 15000,00 manat məbləğində əsas borcu və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Lakin daimi iş yerinin olmadığını, müvafiq əmək haqqının olmamasını və tələbkarla aralarında borcun ödənilməsi ilə əlaqədar razılığa gələ bilmədiyindən borcunu ödəyə bilməmişdir. O, Zərərçəkmiş şəxs olan 15000 manat borcundan 3600 manat ödəmiş, borcunun qalan hissəsini isə ödəyə bilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildə bir neçə dəfəyə cəmi 15000,00 manat məbləğində pulu ondan borc alsa da Təqsirləndirilən şəxs razılaşdıqları müddətdə həmin borcunu ona qaytarmamışdır. Buna görə də məhkəməyə həmin pulun Təqsirləndirilən şəxs alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi onun bu iddiasına baxaraq təmin etmiş, 15000,00 manat əsas borcun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. İcraya yönəldilən həmin qətnamə hazırki günə kimi Təqsirləndirilən şəxs tərəfindən tam olaraq icra edilməmiş, Təqsirləndirilən şəxs eləcə də icra məmurunun qanuni tələblərinə məhəl qoymamış və məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən Qətibənin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Təqsirləndirilən şəxs qətnamədə qeyd olunan məbləğin ödənilməsinə maddi imkanı var, lakin bundan qərəzli şəkildə boyun qaçırır. Borclu məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırdığından və dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs İsabala qızı ona borclu olduğu 15000 manat puldan 3600 manat ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Təqsirləndirilən şəxs İsabala qızı tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Gəncə şəhəri İcra və Probasiya şöbəsinin icraatına 23.01.2019-cu il tarixdə daxil olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3899/2018 saylı, 24.09.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 15000,00 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 19.04.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borcluya bildiriş göndərmiş, lakin borclu Təqsirləndirilən şəxs tələbi könüllü icra etməmişdir. Bu səbəbdən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməsi məqsədi ilə müvafiq qurumlara göndərilmiş sorğular müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs İsabala qızı dəfələrlə Gəncə şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə dəvət olunarkən yazdığı izahatlarında borcunu ödəməyə maddi imkanının olmadığını qeyd etmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınması, onun axtarış tədbirləri nəticəsində tutulması, inzibati qaydada cərimə edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etmədiyini bir daha təsdiq edir. Həmçinin ona yaranmış borcunun ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıqlar olunmasına baxmayaraq borclunun göstərilənlərdən nəticə çıxarmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli, 2(044)-3899/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs İsabala qızından 15.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.01.2019-cu il tarixli “icraata başlamaq haqqında qərar”dan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2018-ci il tarixli, 2(044)- 3899/2018 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs İsabala qızına borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 8(044)-426/2019 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs İsabala qızının ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 3(044)-252/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs İsabala qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 avqust 2019-cu il tarixli, 17 avqust 2019-cu il tarixli və 26 avqust 2019-cu il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq”dan görünür ki, Təqsirləndirilən şəxs İsabala qızına borcunu vaxtında ödəməsi, əks halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlığı şəxsən imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İsabala qızının barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs İsabala qızı cavabdeh kimi ondan 15000,00 manat məbləğində əsas borcun və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(044)-3899/18 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş 28.10.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 3(044)-252/19 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məblğəğində inzibati cərimə tətbiq edilməsinə və 30.04.2019-cu il tarixdə ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməyərək həmin qətnamə üzrə borc məbləğini tələbkara ödəməməklə ona maddi ziyan vuraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsabala qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs İsabala qızı həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs İsabala qızının təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsabala qızının məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs İsabala qızının zərəri qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs İsabala qızının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini), habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs İsabala qızının islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs İsabala qızına törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsabala qızına təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan 27.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsabala qızı axtarışda olması ilə əlaqədar həmin tarixdə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Müvəqqəti saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İsabala qızının 01 (bir) gün müddətində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsabala qızının üzərinə daimi yaşayış yeri olan Gədəbəy rayonunun Arıqıran kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsabala qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs İsabala qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İsabala qızının 01 (bir) gün tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs İsabala qızının cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İsabala qızının üzərinə yaşayış yeri olan Gədəbəy rayonunun Arıqıran kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs İsabala qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs İsabala qızının yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-71/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-71/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver