Məhkəmə qərarları › İş №1(044)-71/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-71/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-71/2022 04.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonundə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Kəlbəcər rayonu, Keştək kəndində qeydyyatda olan, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ADAU 6 ətrafında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6.55 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, İstiqlal küçəsinin yaxınlığında saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı əyninda olan boz rəngl kətan şalvarın sağ yan cibindən bir ədəd bütöv, digəri isə ortadan yarı bölünmüş halda ümumilikdə 02 ədəd kibrit qutusunun içərsində 4.30 qram və 2.25 qram, ümumi təmiz çəkisi 6.55 qram olan bitki mənşəli kütlələr, tərkbində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 30.10.2021-ci il tarixdə səhər saat 13 radələrində o, Göygöl rayonu “Azos” adlanan ərazidə çayın yaxınlığında 1 ədəd bütov, digəri isə ortadan yarıya bölünmüş halda 2 ədəd kibrit qutusunu tapmışdır. Həmin kibrit qutularını o, açanda içərisində marixuanaya bənzər kütlə görmüş və həmin kibrit qutularını cibinə qoymuşdur. 03.11.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, İstiqlal küçəsində olarkən 02 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək onu saxlamışlar, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər, o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkili Müdafiəçi1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir əşya, predmetin olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyini bildirmişlər. Şəxşi axtarış zamanı o, əynində olan boz rəngli kətan şalvarın sağ yan cibindən bir ədəd bütov, digər ədədi isə ortadan yarıya bölünmüş halda ümumilikdə 02 ədəd kibrit qutusunun içərisində olan kütlələri çıxardaraq təqdim etmişdir. Həmin kibrit qutusu masanın üzərinə qoyularaq açılmış, açılan zaman marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı həmin kütlənin nə olması ondan soruşulanda “nəyşə” olduğunu, ona məxsus olmasını, həmin bükülünü 30.10.2021-ci il tarixdə səhər saat 13 radələrində Göygöl rayonu, “Azos” adlanan ərazidə çayın yaxınlığından biri bütov, digəri isə ortadan yarıya bölünmüş halda, 02 ədəd kibrit qutusunu yerdən tapdığını bildirmişdir. O, həmin kütləni istifadə etmək üçün üzərində gəzdirdiyini, kütlədən istifadə etmədiyini, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan bükümdə olan kütlələr aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 11.43 qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış, möhürlənmış iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokola imza etmişlər. Sonda o, əməlindən peşman olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, arvadının və oğlunun ikinci qrup əlil olduqlarını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03.11.2021-ci il tarixdə saat 21 radələrində Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsi ADAU 6 ətrafında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, İstiqlal küçəsinin yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmişlər. Onlar Təqsirləndirilən şəxs orada olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-nin inzibati binasına Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvarının sağ yan cibindən 01 ədədi bütov, digər ədədi isə ortadan yarı bölünmüş halda ümumilikdə 02 ədəd kibrit qutusunun içərisində olan kütlələri çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün nə olması soruşulmuş, sonuncu həmin bükülünün narkotik vasitə olan “nəyşə” olduğunu, həmin bükülünü “Azos” adlanan çayın yaxınlığından yerdən tapdığını, həmin bükülüdən isdifadə etmədiyini, isdifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədədi bütov, digər ədədi isə ortadan yarı bölünmüş halda ümumilikdə 2 ədəd kibrit qutusunun içərisində olan kütlələr iştirakçıların yanında açılmış, həmin qutuların içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 11,43 qram olmuşdur. Sonra həmin kütlə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də protokola əlavə olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik inspekoru Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.11.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 05.11.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 03.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 05.11.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.11.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli kətan şalvar şalvarının sağ yan cibindən 1 ədədi bütöv, digəri isə ortadan yarı bölünmüş halda ümumilikdə 02 ədəd kibrit qutusunu içərisində olan kütlələri çıxararaq təqdim etmişdir. Sonra həmin aşkar edilmiş 01 ədədi bütöv, digəri isə ortadan yarı bölünmüş halda ümumilikdə 2 ədəd kibrit qutusu müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, həmin qutuların içərisində ilk görünüşdən narkotik maddə olan “marixuanaya” oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan narkotik vasitəni “Azos” adlanan ərazidə çayın yaxınlığında yerdən tapdığını, istifadə etmək üçün üzəridə gəzdirdiyini və həmin narkotik vasitə olan marixuanaya oxşar kütlədən heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 11.43 qram olmuş və narkotik vasitə marixuanaya oxşar kütlə müdafiəçinin və iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılaraq zərfə qoyulub möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.11.2021-ci il tarixli, 16/1177 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd bütöv kibrit qutusunda və 1 ədəd yarı bölünmüş kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 4.30 qram və 2.25 qram, ümumi təmiz çəkisi 6.55 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi – 6.55 qr., tədqiqata sərf edildi – 0.16 qr., qalıq – 6.39 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.11.2021-ci il tarixli, 16/1216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd bütöv kibrit qutusunda və 1 ədəd yarı bölünmüş kibrit qutusunda olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (Marixuananın təmiz çəkisi – 4.22 qr. və 2.17 qr., tədqiqata sərf edildi – 0.16 qr.(hər birindən 0.08qr.), qalıq – 4.14 qr. və 2.09 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05.11.2021-ci il tarixli, 1344 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloii dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 11.11.2021-ci il tarixli 5858 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.11.2021-ci il tarixli 54-06 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 12.11.2021-ci il tarixli tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 14.09.2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllərdə eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş və məhkumluğu ödənilmədən eyni xarakterli cinayət törətmişdir. Onun əvvəllər məhkum olunduğu eyni cinayət əməlini yenidən törətməsi, törətdiyi əmələ tənqidi yanaşmadığını və ona verilən cəzadan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Təqsirləndirilən şəxs 03.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05.11.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 04.03.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6.23 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6.23 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.80 (altmış manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar