Məhkəmə qərarları › İş №1(044)-74/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-74/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-74/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Mallı Şıxılı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 127.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15 radələrində şikayəti ilə bağlı dəvət edildiyi Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami rayon polis idarəsinin inzibati binasının 1-ci mərtəbəsində onunla birlikdə yaşamaq istəməyən qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə birlikdə aparmaq istəyərkən Zərərçəkmiş şəxs2 onunla getmək istəmədiyi halda, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla Gəncə şəhər Nizami rayon polis idarəsinin iş rejiminin pozulmasında ifadə olunan və ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs2 qollarından tutub idarənin qapısına çırparaq ona hər iki dirsək və sağ said nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs1 əli ilə və təpiklə vuraraq sonuncuya hər iki bazu nahiyyələrinin qançırları, sağ əlin arxa səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketin qarşısında onunla birlikdə yaşamaq istəməyən qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə birlikdə aparmaq istəyərkən ona mane olmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu əli ilə itələyib yerə yıxdıqdan sonra onun sağ əlinin 1-ci barmağını əli arxaya qatlamaqla, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağ əlinin 1-ci barmağının əsas falanqasının çəp yerdəyişmiş sınığı, sağ əlin 1-ci barmağının qançırı və sağ əl pəncəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 127.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun keçmiş əri, Zərərçəkmiş şəxs1 onun keçmiş qaynanasıdır. O, Əşrəflə 2009-cu ildə ailə qurmuş, birgə nikahdan 2010-cu ildə qızı Nuray, 2013-cü ildə isə oğlu Nuri dünyaya gəlmişdir. 2019-cu ilin iyun ayında Əşrəf onu döydüyü üçün Əşrəfdən polis idarəsinə şikayət etmiş, həmin vaxtdan onların münasibətləri korlanmış və ayrılmışlar. O, uşaqlarına aliment ödənilməsi üçün Nizami rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə alimentin ödənilməsi ilə bağlı qərar çıxarılmışdır. O, Əşrəfdən ayrıldıqdan sonra hər iki uşağı onunla birlikdə yaşamış, uşaqları Gəncə şəhərində 1 nömrəli məktəbdə təhsil almışlar. 2019-cu ilin oktyabr ayında Əşrəf uşaqlarının oxuduğu məktəbə gəlib qızı Nurayı aparmışdır. Nurayı apardıqdan sonra o, Gəncə şəhər Kəpəz rayon polis idarəsinə getmiş və orada şikayət etmişdir. Əşrəf onun qızı Nurayı döydüyünü bildirmiş və ona böhtan atmışdır. Lakin idarədə qızı Nuraydan izahat alınarkən Nuray onu döymədiyini bildirmişdir. Bundan sonra Nuray atası ilə qalmaq istədiyi üçün Əşrəflə birlikdə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Şah Abbas məscidinin yaxınlığında olarkən Əşrəf onu söyüb təhqir etmiş, o da bu barədə Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə günorta saatlarında o, qızı Nurayın alınıb ona verilməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində o, qızını görmədən Təranə onun üstünə gəlmiş və saçlarından tutub onu təhqir etmişdir. Təranə saçlarını yolduğu üçün o, özünü müdafiə etmək məqsədi ilə Təranəni sinəsindən itələmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs2 atasının və nənəsi Təranənin təsiri altında onunla qalmaq istəmədiyini deyərkən o, əsəbindən qızı Nurayın qollarından tutub özünə tərəf çəkmək istəyərkən sonuncu idarənin qapısına çırpılmışdır. Onları həmin vaxt polis əməkdaşları aralaşdırmış və Təranə qızı Nurayla birlikdə çıxıb getmişdir. O, qızını ala bilmədən yaşadığı evə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə saat 13 radələrində o, Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketə getmişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Təranənin və qızının marketdə olduğunu görmüşdür. Təranə marketdən bayıra çıxmış, o da Təranədən qızı Nurayı soruşmuşdur. Təranə ona Nurayın orada olmadığını demişdir. O isə qızının marketin içərisində olduğunu görürmüş, həmin vaxt qızı Nuray marketdən bayıra çıxmışdır. O, qızının əlindən tutub aparmaq istəyərkən Təranə əli ilə onun saçından tutub saçlarını yolmuş, o da özünü müdafiə etmək üçün Təranəni sinəsindən və əlindən tutub itələmişdir. Həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmışlar. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Hadisə vaxtı əsəbi olduğuna görə həmin hərəkətlərə yol vermişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də, məhkəmədən qərar qəbul edilərkən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun oğludur. Oğlu Əşrəf 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Əşrəf və Vəfanın birgə nikahdan bir qız və bir oğlan övladları dünyaya gəlmişdir. Vəfa 2019-cu ilin iyul ayında Nizami rayon Məhkəməsinə müraciət edərək oğlu Əşrəfdən boşanmaq istədiyini bildirmişdir. X7 rəsmi nikahı olmadığından Əşrəfi atalığın tanınması ilə bağlı məhkəməyə vermişdir. Məhkəmə oğlu Əşrəfi iki uşağının atası kimi tanımış, atalıq tanındıqdan sonra Vəfa ilə oğlu arasında uşaqların kimdə qalması ilə bağlı məhkəmə çəkişməsi olmuşdur. Məhkəmə çəkişməsi davam etdiyi müddətdə də Vəfa onunla eyni evdə yaşamış, oğlu ilə boşanmağa qərar verdikdən sonra Vəfa Gəncə şəhərində Məhrəsə bağında kirayədə yaşayan bacısı Günayın yanında 2 gün qalmış, həmin vaxt nəvələri Nuray və Nuri Vəfa ilə birlikdə qalmışlar. Vəfa bacısının yaşadığı binanın qarşısında Nurayı döydüyü üçün bacısı Günay Vəfanı evdən qovmuşdur. Bundan sonra Vəfa Gəncə şəhərində qəsəbə adlanan yerdə kirayə ev taparaq uşaqları ilə birlikdə orada yaşamış, ondan və atasından uşaqları gizlətmişdir. Buna görə də onlar uşaqları axtarırmış, Vəfa heç bir yerdə işləmir və buna görə onlar uşaqların ac qalmalarına göre narahat olmuşlar. Onlar Vəfanın yerini axtardıqda isə Vəfa zəng edib onları hədələmiş, onların barəsində dəfələrlə polisə şikayət etmişdir. Nəvəsi Nuray və Nuri Gəncə şəhəri, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alırlar. Atası Əşrəf 2019-cu ilin oktyabr ayının əvvəllərində Nurayı və Nurini görmək üçün məktəbə getmişdir. Orada Nuray atası Əşrəflə birlikdə qalmaq istədiyini demiş və ağlamışdır. Buna görə də Əşrəf ona zəng edib bu barədə demiş, o da Əşrəfə polis idarəsinə getməsini demişdir. Bundan sonra Nuray atası ilə yaşadıqları evə gəlmiş, həmin vaxtdan Nuray onlarla yaşamış, Nuri isə anası Vəfa ilə qalmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Vəfa oğlu Əşrəfdən Nizami rayon Polis İdarəsinə şikayət etmişdir. Buna görə izahat vermək üçün onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Onlar da xx.xx.2019-cu il tarixdə saat 15 radələrində idarəyə getmişlər. İdarənin inzibati binasında Vəfa nəvəsi Nurayı onlardan almaq istəmiş, uşaq Vəfaya getmədikdə isə uşağı qaldırıb yerə çırpmışdır. O, həmin vaxt uşağı Vəfanın əlindən almaq istədikdə isə Vəfa onun əllərindən vurmuş, onun saçından tutub bir neçə dəfə yumruqla, şillə ilə vurmuş, onu və nəvəsi Nurayı polis əməkdaşları zorla Vəfanın əlindən almışlar. Nuray atası Əşrəfi istədiyi üçün onlarla qalmış və yaşadıqları evə qayıtmışlar. O, nəvəsinin və özünün döyülməyi ilə bağlı şikayət etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, işə gedərkən Nurayı özü ilə birlikdə aparmış, günorta saat 13 radələrində o, Nuraya yemək almaq üçün özü ilə Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketə aparmışdır. “Ozan” marketin içərisində olarkən Vəfa gəlib çıxmış, Vəfa ilə birlikdə anası Səadət, xalası Gülşən və bacısı Leyla gəlmişlər. Vəfagil onları gördükdə Leyla və Səadət Nurayı onun əlindən almış, Vəfa isə üstünə gəlib marketin giriş qapısının qarşısında onu yerə yıxmış, saçını yolub, sağ əlinin baş barmağını əli ilə dartıb sındırmışdır. Onu yerdə olarkən təpikləmiş, həmin vaxt marketə gələn və küçədə olan adamlar onu Vəfadan aralaşdırmışlar. Bundan sonra Vəfa, anası, bacısı və xalası Nurayı zorla aparmışlar. O da bundan sonra Nizami rayon Polis İdarəsinə gedərək bu barədə məlumat vermişdir. Nuray onlarla qalmaq istədiyi üçün Vəfa onu döymüşdür. xx xxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində onlar Gəncə şəhər Nizami rayon polis İdarəsində olarkən Vəfa Nurayı zorla aparmaq istəmişdir. Bu vaxt o, Vəfaya mane olmuş, Vəfa da əlləri və ayaqları ilə vuraraq, daha sonra isə saçlarını yolaraq ona xəsarət yetirmişdir. Polis idarəsində Vəfa onu döyərkən hər iki qollarından, sinəsindən və dodağından xəsarət almış, “Ozan” marketin qarşısında isə Vəfa onun sağ əlinin baş barmağını əli ilə dartıb qırmış, həm də əlini cırmaqlamışdır. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhəri, 1 nömrəli tam orta məktəbin 4-cü sinfində oxuyur. Təqsirləndirilən şəxs anasıdır, Qanuni nümayəndə atasıdır, Zərərçəkmiş şəxs1 onun nənəsidir. O, hal-hazırda atası Əşrəflə birlikdə yaşayır. Atası və anası 2019-cu ilin yay aylarında bir-birindən ayrılmışlar. 2019-cu ilin oktyabr ayının əvvəllərində o, məktəbdən çıxıb atası ilə birlikdə getmiş, həmin vaxtdan atası Əşrəflə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində anası Vəfa atası Əşrəfdən şikayət etdiyi üçün nənəsi Təranə, atası Əşrəflə birlikdə həmin idarəyə getmişlər. İdarədə olarkən anası Vəfa onu zorla götürüb aparmaq istəmişdir. O, anası ilə birlikdə getmək istəmədikdə anası onu dartışdırmış, daha sonra isə qaldırıb yerə çırpmışdır. Bu vaxt nənəsi Təranə onu anasının əlindən almaq istəmiş, anası Vəfa nənəsi Təranəni əlləri ilə vuraraq döymüşdür. Polis əməkdaşları onları anasından aralaşdırmışdır. Həmin vaxtdan etibarən atası və nənəsi ilə qalmışdır. xx.xx.2019-cu il tarixdə nənəsi işə gedərkən onu özü ilə birlikdə aparmışdır. Saat 13 radələrində nənəsi Təranə ona yemək almaq üçün onu özü ilə Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketə aparmışdır. “Ozan” marketin içərisində olarkən anası Vəfa gəlib çıxmış, Vəfa ilə birlikdə nənəsi Səadət, anasının xalası Gülşən və bacısı Leyla da gəlmişdir. Bu zaman anası Vəfa nənəsi Təranənin üstünə gedib marketin giriş qapısının qarşısında nənəsini yerə yıxmışdır. Nənəsinin saçlarını yolub, sağ əlinin baş barmağını əli ilə dartıb sındırmış, nənəsi yerdə olarkən nənəsini təpikləmişdir. Həmin vaxt marketə gələn və küçədə olan adamlar nənəsi Təranəni Vəfadan aralaşdırmışlar. Anası onu qollarından tutub dartdığı üçün hər iki qolundan xəsarət almışdır. Hazırda anası Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketdə satıcı işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində o, “Ozan” marketdə olarkən küçədə marketin giriş qapısının qarşısında iki nəfər qadının dalaşdığını görmüşdür. Sonradan adlarının Vəfa və Təranə olduğunu öyrəndiyi qadınlar yerdə bir-birini vurduğunu, Vəfa adlı qadının Təranə adlı qadını yerə yıxdığını və əlləri ilə vurduğunu görmüşdür. O, Vəfa və Təranənin dalaşma səsinə marketdən bayıra çıxmış və onları yerdə dalaşan vəziyyətdə görmüş, həmin vaxt Vəfa Təranəni əlləri ilə vuraraq döymüşdür. Təranə isə Vəfanın altında əlləri ilə özünü müdafiə etmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır. Vəfa ilə 2009-cu ildə ailə qurmuş, birgə nikahdan 2010-cu ildə qızı Nuray, 2013-cü ildə isə oğlu Nuri dünyaya gəlmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Vəfa Nizami rayon Polis İdarəsinə ondan şikayət etmişdir. Öz şikayətində Vəfa onun Vəfanı təhqir etdiyini bildirmişdir. Lakin onunla Vəfa arasında hər hansı sözlə münahisə olmamış və o, Vəfanı təhqir etməmişdir. xx.xx.2019-cu il tarixdə günorta saatlarında onu və qızı Nurayı təhqiqatçı X5 şikayəti ilə bağlı Nizami rayon Polis İdarəsinə çağırmışdır. Buna görə o, idarəyə getmiş, həmin vaxt anası Təranə də onunla getmişdir. Həmin vaxt saat 15 radələrində onlar Nizami rayon Polis idarəsində olarkən Vəfa gəlib çıxmış, Vəfa qızı Nurayı zorla tutub aparmaq istəmişdir. Qızı Nuray ağlayıb kömək istədikdə anası Təranə araya girmiş və Vəfaya mane olmuşdur. Anası Vəfaya mane olduqda Vəfa şillə və təpiklə anası Təranəni vurmuş, Təranənin saçlarını tutub yolmuşdur. Həmin vaxt polis əməkdaşları, o cümlədən təhqiqatçı X6 aralaşdırmışlar. O, anasını və qızını götürüb oradan uzaqlaşmışdır. xx.xx.2019-cu il tarixdə qızı Nuray səhər saatlarında anası Təranə ilə birlikdə anasının iş yerinə getmişdir. Günorta saat 13 radələrində anası Təranə “Ozan” marketdən qızı Nuraya yemək alarkən Vəfa həmin yerə gəlib çıxmış və anasından Nurayı alıb aparmaq istəmişdir. Bu vaxt Vəfa anasının saçlarından tutub yerə yıxmış, anasının sağ əlinin baş barmağını dartıb sındırmışdır. Daha sonra qızı Nurayı götürüb aparmışdır. O, bu barədə anası ona zəng edib məlumat verdikdə xəbər tutmuş, anası ona zəng edib həkimə aparmasını istəmişdir. O da “Ozan” marketin yerləşdiyi küçəyə gedib oradan anasını xəstəxanaya aparmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsinin növbətçisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə əvvəllər tanımamışdır. xx.xx.2019-cu il tarixdə o, Gəncə şəhər Nizami rayon polis idarəsində xidmətdə olarkən inzibati binanın 1-ci mərtəbəsində giriş qapısının qarşısında Vəfa Nurayı dartıb aparmaq istəmişdir. Vəfa əvvəlcə Nurayı tutub özünə dartmış və qapıya sıxmış, bu vaxt Təranə araya girdikdə saçlarından tutub yolub və bədəninin müxtəlif yerlərindən sillə və təpiklə vurub xəsarət yetirmişdir. O və ətrafda olan digər polis əməkdaşları Vəfanı nizam-intizama dəvət etmiş, lakin Vəfa onlara məhəl qoymayıb Təranəni vurmağa davam etmişdir. O, həmin vaxt araya girib Təranəni Vəfadan aralaşdırmışdır. Bundan sonra Vəfa çıxıb getmişdir. Həmin vaxt Vəfa Təranə və Nuraya xəsarət yetirmiş və idarənin iş rejimini təxminən 10 dəqiqə ərzində pozmuşdur. Hadisə vaxtı idarənin binasında Əşrəfdən, Vəfadan, Nuraydan və Təranədən başqa o və digər polis əməkdaşları olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1782 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki bazu nahiyyələrin qançırları, sağ əlin arxa səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1783 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki dirsək və sağ said nahiyyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1795 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ əlin 1-ci barmağının əsas falanqasının çəp yerdəyişmiş sınığı, sağ əlin 1-ci barmağının qançırı və sağ əl pəncəsinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən döyülməsi Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketin qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, ********* saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhər Nizami rayon polis idarəsinin inzibati binasının 1-ci mərtəbəsində Təqsirləndirilən şəxs 10 yaşlı qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə aparmaq istəmiş, Zərərçəkmiş şəxs2 onunla getmək istəmədiyini bildirib atası ilə qalmaq istədiyini dedikdə X3 Məmmədlini qaldırıb idarənin giriş qapısına çırparaq ona xəsarət yetirmiş, bu vaxt Nizami rayon polis idarəsinin əməkdaşları Təqsirləndirilən şəxs intizama dəvət etmiş, lakin Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq araya girib Zərərçəkmiş şəxs2 onun əlindən almaq istəyən Zərərçəkmiş şəxs1 sillə, yumruq və təpiklə vuraraq döymüşdür. Bu zaman polis əməkdaşları Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aralaşdırmışlar. Həmin vaxt ictimai qayda və idarənin iş rejimi 10 dəqiqə ərzində kobud şəkildə pozulmuşdur. Hadisə idarənin 1-ci mərtəbəsində baş verdiyindən və həmin mərtəbədə müşahidə kamerası olmadığından qeydə alınmamışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketin qarşısında Təqsirləndirilən şəxs yenə də onunla birlikdə yaşamaq istəməyən qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə birlikdə aparmaq istəmiş, bu vaxt ona mane olmaq istəyən Zərərçəkmiş şəxs1 sillə, yumruq və təpiklə vuraraq yerə yıxmış, onun sağ əlinin 1-ci barmağını dartıb sındırmış, bədəninin mütəlif yerlərindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ərtafda kənar şəxslər olmamış, hadisəni həmin vaxt yalnız Şahid1 görmüş, ictimai qayda pozulmamışdır. Ətrafda təhlükəsiz şəhər kameraları, o cümlədən digər müşahidə kameraları olmadığından hadisə qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15 radələrində şikayəti ilə bağlı dəvət edildiyi Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami rayon polis idarəsinin inzibati binasının 1-ci mərtəbəsində onunla birlikdə yaşamaq istəməyən qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə birlikdə aparmaq istəyərkən Zərərçəkmiş şəxs2 onunla getmək istəmədiyi halda, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla Gəncə şəhər Nizami rayon polis idarəsinin iş rejiminin pozulmasında ifadə olunan və ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə Zərərçəkmiş şəxs2 qollarından tutub idarənin qapısına çırparaq ona hər iki dirsək və sağ said nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs1 əli ilə və təpiklə vuraraq sonuncuya hər iki bazu nahiyyələrinin qançırları, sağ əlin arxa səthinin və döş qəfəsinin ön səthinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Ozan” marketin qarşısında onunla birlikdə yaşamaq istəməyən qızı Zərərçəkmiş şəxs2 zorla özü ilə birlikdə aparmaq istəyərkən ona mane olmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu əli ilə itələyib yerə yıxdıqdan sonra onun sağ əlinin 1-ci barmağını əli arxaya qatlamaqla, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağ əlinin 1-ci barmağının əsas falanqasının çəp yerdəyişmiş sınığı, sağ əlin 1-ci barmağının qançırı və sağ əl pəncəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 127.1-ci maddələri ilə düzgün düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur, Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi,Cinayət Məcəlləsinin221.1 və 127.1-ci maddələri təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1, eləcə də Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, ona görə də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə isə təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini xahiş edirlər. Məhkəmə zərərçəkmiş şəxslərin ərizələrini araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə onun barəsində cinayət təqibinə xitam verilməlidir, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallrında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Beləliklə, məhkəmə iclasında işə baxılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, törətdiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə isə Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı müddətdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. Cinayət Məcəlləsinin 99- 1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar