Məhkəmə qərarları › İş №1(044)-76/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-76/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-76/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonunun Çaparlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanında yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı övladlarına aliment məbləğinin artırılması ilə bağlı mülki işin məhkəmə prossesindən sonra şəxsi mübahisə zamanı aralarında qarşılıqlı dava olmuş və o, dava zamanı əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq üst dodağının selikli qişasının yarası, alt dodağının səthi yarası və qançırı, döş qəfəsinin ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqdan sonra birlikdə Şəmkir rayon Çaparlı kəndində yaşamışlar. Onların əvvəllər münasibətləri yaxşı olmuş, daha sonra isə Təhminənin valideyinləri onun ailə məsələlərinə müdaxilə etdikləri üçün ailə daxili mübahisələri yaranmışdır. 2016-cı ildə isə o, Zərərçəkmiş şəxs ilə boşanmaq üçün Şəmkir rayon məhkəməsinə müraciət etmiş, həmin tarixdə o, məhkəmə qaydasında Zərərçəkmiş şəxs boşanmışdır. Bundan sonra Təhminənin iddiasına əsasən azyaşlı övladları üçün hər ay 240 manat aliment kəsilmişdir. Sonra Təhminə yenidən məhkəməyə müraciət edərək həmin alimentin artırılmasını tələb etmiş, Şəmkir rayon məhkəməsinin qətnaməsinə əsasən həmin alimentin ümumilikdə 280 manat onun tərəfindən ödənilməsi qət edilmiş, o, isə həmin qətnamə ilə bağlı Gəncə Apellyasiya məhkəməsinə müraciət etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Gəncə Apellyasiya məhkəməsinin zalında o və Təhminə olmuş, Apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. Bundan sonra o, məhkəmə zalından çölə çıxmış, məhkəmənin qarşısında hazırkı həyat yoldaşı Şahid2 və qaynanası X3 onu gözləyirmişlər. O, yolun kənarına keçmək istəyəndə Təhminə kənardan onun üstünə gələrək nalayiq sözlərlə onu təhqir etməyə başlamış, Təhminə ona yaxınlaşıb ona əl-qol hərəkətləri atmağa başlamış, o isə Təhminəni əli ilə itələyərək özündən uzaqlaşdırmağa çalışmışdır. Sonra Təhminə yenə onun üzərinə hücum edərək əlləri ilə boyun və sinə nahiyəsinə xəsarətlər yetirmiş, hadisə zamanı onun ayağı ilişərək yerə yıxılmışdır. Həmin vaxt Təhminə əlində olan çanta ilə onun baş nahiyəsinə və təpiklə isə qarın boşluğuna vurmuşdur. Sonra həyat yoldaşı Aynur və qaynanası Familə onları aralaşdırıb sakitləşdirmişdir. Orada xidmət aparan polis əməkdaşları da onlara yaxınlaşmışlar. Hadisənin baş verməsinə səbəb Təhminənin məhkəmədən çıxdıqdan sonra onun ünvanına nalayiq söyüşlər söyüb onu vurması olmuşdur. Hadisə zamanı orada həyat yoldaşı Aynur, qaynanası Familə və kənarda isə tanımadığı şəxslər olmuşlar. Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmış, Təhminə onu vurduqdan sonra təxminən 2-3 dəqiqəyə yaxın əlbəyaxa olmuşlar. Məhkəmədən törətdiyi cinayətə görə səmimi peşmançılıq keçirdiyini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, daha sonra isə Təqsirləndirilən şəxs mütəmadi olaraq digər qadınlarla əlaqə yaratmağa başlamış və öz ailəsinə baxmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə onu Şəmkir rayonunda yaşadıqları evdə nalayiq sözlərlə təhqir etdiyi üçün Turaldan boşanmaq qərarına gəlmiş və 2016-cı ildə Şəmkir rayon məhkəməsinin qətnaməsinə əsasən o, Təqsirləndirilən şəxs boşanmışdır. Sonra himayəsində olan iki azyaşlı övladlarını saxlamaq üçün məhkəmədə alimentlə bağlı iddia qaldırmışdır. Məhkəmənin qətnaməsinə əsasən azyaşlı uşaqlarının hər birinə 120 manat aliment tutulmuşdur. Hazırda iki azyaşlı övladları onun yanındadır. O, iki azyaşlı övladlarını saxlaya bilmədiyi üçün əlavə pul kəsilməsi üçün yenə Şəmkir rayon məhkəməsinə müracit etmişdir. Məhkəmənin qətnaməsinə əsasən uşaqların hər birinə əlavə olaraq 20 manat ödənilməsi göstərilmişdir. Bundan sonra keçmiş əri Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsi ilə razılaşmayıb Apellyasiya şikayəti vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00-da bununla bağlı Gəncə Apellyasiya məhkəməsində olmuşdur. Həmin vaxt keçmiş əri Təqsirləndirilən şəxs, sonuncunun hazırkı arvadı Şahid2 və Turalın qaynanası məhkəmədə olmuşlar. Apellyasiya məhkəməsi Şəmkir Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Bundan sonra onların hər biri məhkəmə zalından çıxıb məhkəmənin binasının qarşısına çıxmışlar. Məhkəmənin binasının qarşısında Təqsirləndirilən şəxsla onun arasında mübahisə düşmüş və onlar əlbayaxa olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əl ilə onun sifətindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Mübahisə zamanı ətrafda olan tanımadığı şəxslər və orada xidmət aparan polis əməkdaşı onları aralayıb sakitləşdirmişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş dava-dalaş təxminən biriki dəqiqəyə yaxın davam etmiş, daha sonra isə Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisə olsa da dava-dalaş yaranmamışdır. Təqsirləndirilən şəxsla barışmaq istəmədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati binasında xidmətdə olmuşdur. Onun vəzifəsi məhkəməyə gələn vətəndaşların binaya daxil olmalarına nəzarət etmək, eyni zamanda məhkəmə binasında sakitçiliyi təmin etməkdən ibarətdir. Həmin gün saat 11 radələrində məhkəmə binasının qarşısında dayanan vaxt adları sonradan ona məlum olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə binasından çölə çıxmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs əlini bir qədər aralıda dayanmış Təqsirləndirilən şəxs qarşı uzadaraq əsəbi formada müraciət etmişdir. O isə Zərərçəkmiş şəxs sakitləşdirib binaya daxil olmuşdur. Bir-iki dəqiqə keçdikdən sonra isə çöldə səs-küy səsləri eşidib binadan küçəyə tərəf çıxanda görmüşdür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əlbayaxa olub bir-birləri ilə dalaşırlar. O, dərhal həmin şəxslərə yaxınlaşıb bir-birindən aralayıb sakitləşdirmişdir. Hətta həmin vaxt ətrafda olan tanımadığı şəxslər də Tural və Təhminəni aralamağa çalışmışlar. Baş vermiş hadisə nəticəsində Təhminənin ağız nahiyəsi qanamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə yaransa da dava-dalaş baş verməmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdiyi üçün bir az keçdikdən sonra oraya gəlmiş polis əməkdaşları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə aparmışlar. Hadisə təxminən 1-2 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. O, ailə qurduqda Turalın əvvəllər ailəli olduğunu bilmişdir. Tural əvvəlki həyat yoldaşı X2 boşanandan sonra birgə nikahdan olan iki azyaşlı övladlarına aliment ödəyir. Zərərçəkmiş şəxs nəzərdə tutulmuş alimentin artırılması üçün Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən həmin aliment əlavə olaraq 40 manat artırılmışdır. X8 rayon məhkəməsinin qətnaməsi ilə razılaşmıyıb yenidən apellyasiya şikayəti vermişdir. xx xxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində keçirilən məhkəmə iclasında Tural və Təhminə olmuşlar, Gəncə Apellyasiya məhkəməsi Şəmkir rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. O isə anası Familə Abdullayeva ilə birlikdə Apellyasiya məhkəməsinin qarşısında dayanıb Turalı gözləmişlər. Bir neçə dəqiqədən sonra Tural məhkəmənin inzibati binasından çıxıb oradan kənarlaşanda Təhminə Turalın arxasınca məhkəmədən çıxaraq nalayiq sözlərlə Turalı təhqir etmişdir. Həmin vaxt Tural Təhminəni özündən uzaqlaşdırmaq üçün kənara itələmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1682 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – üst dodağının selikli qişasının yarası, alt dodağının səthi yarası və qançırı, döş qəfəsinin ön səthinin qançırları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanında yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanda yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş hadisənin qeydə alındığı video görüntünün köçürülmüş diskinə baxış keçirilmiş, görüntüyə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmənin binasından çölə çıxaraq yolun kənarına doğru addımladığı, Zərərçəkmiş şəxs da məhkəmənin binasından çölə çıxdığı, sonra Zərərçəkmiş şəxs əlini Təqsirləndirilən şəxs istiqamətində uzadaraq ona müraciət etməsi və əl hərəkətləri ilə danışa-danışa Təqsirləndirilən şəxs doğru addımlamağa başlayır, Zərərçəkmiş şəxs addımlayıb Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra onlar əlbayaxa olub bir-birlərini əlləri ilə vururlar. Hətta hadisə zamanı Zərərçəkmiş şəxs məxsus mobil telefon da yerə düşür. Həmin vaxt ətrafda olan şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birlərindən aralayırlar. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əmələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibi əlamətləri olmadığı üçün barələrində qeyd olunan maddə ilə cinayət təqibinin başlanması əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Zərərçəkmiş şəxs öz əməli ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində tənbeh tədbirləri görülməsi üçün qərarın surəti inzibati icraat açılması üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinə əlavə olunmuş dava-dalaş barədə videogörüntü olan 1 ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmayıbdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanında yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə azyaşlı övladlarına aliment məbləğinin artırılması ilə bağlı mülki işin məhkəmə prosesindən sonra şəxsi mübahisə zamanı aralarında qarşılıqlı dava olmuş və o, dava zamanı əli ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq üst dodağının selikli qişasının yarası, alt dodağının səthi yarası və qançırı, döş qəfəsinin ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, onun törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Gəncə şəhəri Atatürk prospekti 252 ünvanda yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş hadisənin qeydə alındığı video görüntünün köçürüldüyü 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut olan Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanda yerləşən Gəncə Apellyasiya Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş hadisənin qeydə alındığı video görüntünün köçürüldüyü bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar