Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-77/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 may 2020-ci il tarixdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarət obyektinin yan hissəsində olan dövlət mülkiyyətinə aid 325 kvadrat metr torpaq sahəsi üzərində əvvəlcə özül beton tökdürməklə özbaşına tikinti işləri, daha sonra 2020-ci ilin iyun ayının əvvəllərində, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan tarixdə həmin özül betonun üzərinə yüngül konstruksiyalı ticarət obyekti yerləşdirməklə özbaşına quraşdırma işləri aparmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2011-ci ildə Zərərçəkmiş şəxs zavodunun qarşısında olan 32,5 kv. metr köməkçi sahəni etibarnamə əsasında X3 almış və həmin ərazidə tikinti işləri üçün layihə, sərəncam olmuş, həmin ərazidə köşkün yerləşdirilməsinə dair Gəncə şəhər MKTİB ilə 02 iyun 2020-ci il tarixdə müqavilə bağlamışdır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X12 küçəsi 38 ünvanında yerləşən Zərərçəkmiş şəxs çörək sexi 2013-cü ildən fəaliyyət göstərir və həmin vaxtdan sexə o, rəhbərlik edir. 2011-ci ildə Zərərçəkmiş şəxs zavodunun qarşısında olan 32,5 kv metr köməkçi sahəni etibarnamə əsasında X3 almış və həmin ərazidə tikinti işləri üçün layihə, sərəncamı da vardır. Sadəcə olaraq maddi vəziyyəti ilə əlaqədar olaraq qeyd olunan 32,5 kv. metr ərazidə un və şirniyyat məmulatlarının satışı üçün tikintini həyata keçirə bilməmişdir. Lakin o, həmin ərazidə dəmir konstruksiyanın şirniyyat mağazası kimi quraşdırılması üçün ərazidə özül betonlama işlərini 28.05.2020-ci il tarixdən aparmağa başlamışdır. Həmin ərazidən 7 metr kənarda olan yaşayış binasının bir nəfər sakini, həmin binada yaşayan Faxrəddin adlı şəxs ondan pul almasa, orada olan tikinti ətrafı səki daşlarını düzdürməyə imkan verməyəcəyini bildirmiş, o, isə həmin şəxsə məhəl qoymamışdır. Çünki onun orada düzəldəcəyi hər hansısa bir obyekt üçün bütün icazə sənədləri olmuş və o, qanuni iş görmüşdür. 28.05.2020-ci il tarixdə o, həmin ərazinin 32,5 kv/m hissəsində dəmir konstruksiya quraşdırılması üçün yerin üz səthinə beton tökdürmüş, sonra isə həmin satış obyektinin ətrafının səliqəli və təmiz olması üçün onun ətrafı ilə gedən yola düzdürmək üçün üzlük daşları gətirib yığmışdır. Fəxrəddin həmin binanın bir neçə sakini ilə orada görülən işlərə maneçilik törətmək istəmiş, ancaq həmin binanın sakinləri və Faxrəddin görmüşlər ki, onun bütün sənədləri var, həmin sənədlər qanunidir. Bundan sonra o, eşitmişdir ki, guya orada olan ağacları kəsərək yerində hansısa obyekt tikməyi ilə bağlı Fəxrəddin ondan şikayət etmişdir. Ancaq həmin ərazi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə ona məxsusdur və həmin 32,5 kv/m sahədə heç vaxt ağac olmayıb, həmin ərazidə təxminən 300 kv/m əraziyə şəxsi vəsaiti ilə müxtəlif növ həmişə yaşıl ağaclar əkmiş, həmin ağacları da o, şəxsi vəsaitim hesabına sulamışdır. Buna baxmayaraq, o, 32,5 kv/m ərazidə şirniyyat mağazası tikəcəyi üçün həmin yerdə heç bir ağac əkməmiş və ondan əvvəl də orada heç bir ağac olmamışdır. Həmin torpaq sahəsinin dövlətə məxsus olması ilə bağlı onun məlumatı olmamışdır. Həmin torpaq sahəsində o, özül betonlama işlərini 28.05.2020ci il tarixdə aparmış, dəmir konstruksiyanı isə ora 2020-ci ilin iyun ayının əvvəllərində qoymuşdur ki, həmin tarix dəqiq olaraq onun yadında deyildir. Həmin özül betonlamanın aparılması üçün hər hansı bir başqa rəsmi icazəsi yoxdur, o, həmin yerin Zərərçəkmiş şəxs çörək zavoduna məxsus olduğunu zənn etmiş, həmçinin hesab edirmiş ki, təqdim etdiyi sərəncamlar tikinti üçün əsasdır. Hazırda o, həmin 32,5 kv metr torpaq sahəsini rəsmi olaraq sənədləşdirmiş, belə ki, Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının sərəncamı və onunla ƏMDX arasında bağlanmış icarə müqaviləsinə əsasən həmin torpaq sahəsinin yerləşdiyi ərazi daxil olmaqla 42 kv. metr torpaq sahəsi onun istifadəsinə verilmişdir. Buna görə də o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən X8 ifadəsində göstərdi ki, 2020-ci il tarixli fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti”nin Əsasnaməsi və “X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını təmin etmək, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə olunması məqsədi ilə onların əməkdaşları Şahid1, Şahid2 və Nümayəndə 23.06.2020-ci il tarixdə Gəncə şəhər ərazisində növbəti monitorinq keçirmişlər. Monitorinq zamanı Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində Təqsirləndirilən şəxs məxsus Zərərçəkmiş şəxs ticarət obyektinin yan hissəsində, ümumi istifadədə olan səkinin və binaların arasındakı gediş-gəliş yolunun kəsilərək və təqribən 30 kv.m torpaq sahəsi zəbt edilərək əvvəlcə özül beton tökülməsi, daha sonra isə üzərinə yüngül konstruksiyadan ibarət paviliyon tipli ticarət obyektinin qurlaşdırılması faktı aşkar edilmişdir. Bununla bağlı yerindəcə araşdırma apararkən məlum olmuşdur ki, həmin tikinti işini və quraşdırma işlərini aparan şəxs Təqsirləndirilən şəxs olmuş və həmin şəxsə torpaq qanunvericiliyinin tələbləri izah olunaraq ondan quraşdırma işlərini dayandırmasını və müvafiq sənədləri təqdim etməsini tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs onların tələblərinə məhəl qoymadan qanunsuz aparılan quraşdırma işlərini davam etdirmişdir. Aşkar olunmuş qanun pozuntusu ilə bağlı əməkdaşlar tərəfindən yerində müvafiq akt tərtib olunmuş, qanunvericiliyə zidd olaraq aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə onların xidməti tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş vətəndaş tikintii işlərini davam etdiriəcəyini bildirmişdir. Monitorinq zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs zavoduna məxsus olduğunu demiş, buna görə həmin zavodun çıxarışı, zavoda məxsus olan torpaq sahəsi, həmçinin qanunsuz tikilinin yerləşdiyi ərazi tərəflərindən bir daha yoxlanılmış və Təqsirləndirilən şəxs yalan məlumat verməsi, qanunsuz tikilinin dövlət mülkiyyətinə məxsus torpaq üzərində aparılması müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlayaraq həmin torpaq sahəsini qanuni şəkildə rəsmiləşdirmiş, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Sonradan adını bildiyi Müşviq Əliyevi yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs sexini işlədən şəxs kimi tanımış, lakin Müşfiqlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Yaşadığı binanın arxa tərəfində, onun evinin pəncərəsinin qarşısında 2020-ci ilin may ayının axırlarında Müşfiq mağaza tikməyə başlamış və tikdiyi mağaza onun pəncərəsinin qarşısını kəsdiyindən o, Müşfiqə öz etirazını bildirmişdir. Lakin Müşviq həmin yerdə mağaza tikmək üçün sənədinin olduğunu ona bildirmiş və tikinti işlərini davam etdirmişdir. Buna görə o, məcburiyyət qarşısında qalıb polisə şikayət ərizəsi ilə müraciət etmiş və polis tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Araşdırma aparıldıqdan sonra Müşviq tikdiyi mağazanı bir qədər kənara çəkmiş, hal-hazırda onun Müşfiqdən heç bir şikayət və tələbi yoxdur. Müşviq mağazanı səkinin kənarında tikdiyindən o, elə zənn etmişdir ki, Müşfiq səkinin kənarında olan ağacları kəsmiş və ya köçürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il tarixli fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti”nin Əsasnaməsi və “X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında” Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını təmin etmək, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə olunması məqsədi ilə ƏMDX Gəncə Ərazi şöbəsinin əməkdaşları Şahid2 və Nümayəndə ilə birlikdə o, 23.06.2020-ci il tarixdə Gəncə şəhər ərazisində növbəti monitorinq keçirmişlər. Monitorinq zamanı Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində Təqsirləndirilən şəxs məxsus Zərərçəkmiş şəxs ticarət obyektinin yan hissəsində, ümumi istifadədə olan səkinin və binaların arasındakı gediş-gəliş yolunun kəsilərək və təqribən 30 kv.m torpaq sahəsi zəbt edilərək əvvəlcə özül beton tökülməsi, daha sonra isə üzərinə yüngül konstruksiyadan ibarət paviliyon tipli ticarət obyektinin qurlaşdırılması faktı aşkar edilmişdir. Bununla bağlı yerində araşdırma apararkən həmin tikinti və quraşdırma işlərini aparan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Onlar həmin şəxsə torpaq qanunvericiliyinin tələbləri izah olunaraq ondan quraşdırma işlərini dayandırmasını və müvafiq sənədləri təqdim etməsini tələb etmişlər, lakin Təqsirləndirilən şəxs onların tələblərinə məhəl qoymadan qanunsuz aparılan quraşdırma işlərini davam etdirmişdir. Aşkar olunmuş qanun pozuntusu ilə bağlı onlar tərəfindən yerində müvafiq akt tərtib olunmuş, qanunvericiliyə zidd olaraq aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə onların xidməti tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş Təqsirləndirilən şəxs tikinti işlərini davam etdiriəcəyini bildirmişdir. Monitorinq zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs zavoduna məxsus olduğunu demiş, buna görə də onlar həmin zavodun çıxarışı, zavoda məxsus olan torpaq sahəsi, həmçinin qanunsuz tikilinin yerləşdiyi ərazini bir daha yoxlanılmışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs yalan məlumat verməsi, qanunsuz tikilinin dövlət mülkiyyətinə məxsus torpaq üzərində aparılması müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 30.05.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 38B saylı binanın yaxınlığında olan çörək sexinin qarşısında tikintiyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq özül beton tökülmüş ərazi ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs ticarət obyektinin yan hissəsində yerləşir və 32,5 kvadrat metr sahəni əhatə edir. Həmin torpaq sahəsi üzərində özül beton işləri aparılmışdır. Hadisə yerinə baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 15.02.2011-ci il tarixli, 33 nömrəli Sərəncamından görünür ki, X5 Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsindəki 38 saylı binanın qarşısında mağaza tikintisi üçün 100 kv.m. torpaq sahəsinin təhkim edilmişdir. Həmin Sərəncamda sifarişçiyə layihələndirmənin vaxtı və qaydası üzrə memarlıq və tikinti şöbəsinin tapşırığını ve inşaat pasportunda nəzərdə tutulan digər şərtdəri yerinə yetirmək, ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihəlindirmə ərəfəsində memarlıq və tikinti şöbəsi ilə, şəhər mühəndiskommunikasiya xətlərinə qoşulması isə müvafiq qaydada aidiyyəti təşkilatlarla razılaşdırılmaq, layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini razlaşdırmaq üçün memarlıq və tikinti şöbəsinə məlumat vermək tapşırılmışdır. Həmin Sərəncama əsasən layihələndirmə işləri tam başa çatdıqdan sonra sənədlər razılaşdırma və qeydiyyatdan keçirilməsi üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməli, layihə sənədləri mərhələsindən asılı olmayaraq memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Sifarişçi tikintinin aparılmasını əlaqədar təşkilatlarla müvaliq qaydada razılaşdırdıqdan, Nizami Bələdiyyəsi ilə topaq münasibətlərini həll etdikdən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sahəsinin plan və ölçü təsvirini aldıqdan və DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tikinti işlərinə başlaya bilər. İş materiallarında olan 03.03.2014-cü il tarixli notarial ərizədən və etibarnamədən görnür ki, X2 şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsindəki 38 saylı binanın qarşısında mağaza tikintisi üçün verilmiş 100 kv.m. torpaq sahəsini etibarnamə ilə 30 il müddətinə Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan “Şəhər ərazisində aşıq sahələrdə ictimai iaşə və ticarət xidmətlərinin göstərilməsi haqqında” 02.06.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə Gəncə şəhər MKTİB tərəfindən Təqsirləndirilən şəxs M.C.Paşayev küçəsi 38 ünvanında köşkdə meyvə-tərəvəz satışının həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 19.06.2020-ci il tarixli məktubundan görünür ki, sözügedən ərazidə yüngül konstruksiyalı müvəqqəti köşkün quraşdırılması ilə bağlı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən heç bir qərar qəbul edilmədiyi göstərilmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-in 03.12.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı M.C.Paşayev küçəsi 38F ünvanında və onun ətrafında qanunsuz ağac kəsilməsi və köçürülməsi halları müəyyən edilməmişdir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-in 15.12.2020-ci il tarixli məktubundan görünür ki, 02.06.2020-ci il tarixli 07 saylı müqavilə ilə Təqsirləndirilən şəxs nəzərdə tutulan səyyari meyvə-tərəvəz köşkündə xidmət ö ay müddətində həyata keçirilməsi nəzərdə tutulur. Həmin müqavilənin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ticarət obyektinin yan hissəsində olan 32,5 kvm ümumi istifadədə olan dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində tikinti və quraşdırma işlərinin aparılmasına heç bir aidiyyəti yoxdur. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hər hansı bir torpaq üzərində tikinti aparılmasına icazə vermək səlahiyyətinə malik deyildir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 13.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 24.06.2021-ci il tarixli, 158 nömrəli Sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, M.C.Paşayev küçəsinin qərb tərəfində yerləşən 42 kv.m. torpaq sahəsi 49 il müddətinə icarə əsasında Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 30.08.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, M.C.Paşayev küçəsinin qərb hissəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 42 kv.m. torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən icarə şərtləri əsasında müvəqqəti, 30.08.2023-cü il tarixədək istifadəyə qəbul edilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs tikinti və quraşdırma işləri apardığı torpaq sahəsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısı X6 verməsi və onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlaması həmin torpaq sahəsinin onun qanuni şəkildə istifadəsində olmaqla cinayət törətdikdən sonra əməlin ictimai təhlükəliliyinin aradan qaldırıldığını göstərir. Eyni zamanda, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyinin aradan qalxdığı nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 40.1, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 188.2-ci mаddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 74-cü maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-77/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-77/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver