Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-77/2022 09.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhər Azər Avto nəqliyyatda sürücü işləyən, Daşkəsən rayonu, Babək küçəsi, ev 3, mənzil 2-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 7-ci küçədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85 ünvanında yerləşən "xxxx" ASC-də avtobus parkında, təmirə dayanmış avtobusun salonunda tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı, sonuncunun əl-qol atması və təhqir etməsi səbəbindən, əsəbi olduğu üçün sonuncunun sifət nahiyyəsinə əl zərbəsi ilə bir dəfə vuraraq sonuncuya alt çənə sümüyünün qəlpəli sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində 11 saylı xətt marşrut üzrə ** AE *** dövlət qeydiyyat nişanlı, “İsuzu Boqdan” markalı avtobusu idarə edir. O, Zərərçəkmiş şəxs 10 ilə yaxın tanıyır, bu vaxta kimi aralarında heç bir narazılıqları olmamışdır. Zərərçəkmiş şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospekti 85 ünvanda yerləşən "xxxx" ASC-də, yəni avtobus parkında avtoelektrik işləyir. İdarə etdiyi sərnişin avtobusu nasaz olduqda o, təmir üçün İkramın yanına aparır. 20.11.2021-cı il tarixdə səhər saat 10:30 radələrində o, avtobusu təmir etdirmək üçün İkramın yanına aparmış, sonuncu elektrik naqilləri təmir etmişdir. Onun üstündə pul olmadığına görə İkrama cəmi bir manat siftə pulu vermiş və demişdir ki, günorta qaraja gələndə qalan pulunu verəcəkdir. Bundan sonra avtobusu yuduzdurmaq üçün avtoyuma məntəqəsinə getmiş, bu zaman İkram arxası ilə gəlib ona öz iradını bildirərərək gördürdüyü işin pulunu tələb etmiş və sexinə bir daha gəlməməsini bildirmişdir. O, İkrama “narahat olma, get işinə, gəlib pulunu verəcəm” sözləri demiş, bundan sonra İkram çıxıb getmiş, özü isə işi ilə məşğul olmuşdur. O, qarajın yaxınlığında kafedə çörək yemiş və xətdə işləmədiyi üçün təxminən 100-150 qram araq içmişdir. Saat təxminən 13 radələrində o, avtobus parkında olarkən öz avtobusun təmiri üçün ona 13 nömrəli açar lazım olduğuna görə İkramın işlədiyi sexə getmiş, həmin vaxtı İkram İlham adlı şəxsin avtobusun salonunda tək olaraq təmir işləri aparmış, o, İkramdan açarı istəmiş, bu zaman İkram ona “sənə demişəm ki, birdə mənim seximə gəlmə” demişdir. O, da avtobusun salonuna daxil olmuş və İkrama xahiş etmişdir ki, belə etməsin, bir-birini uzun müddətdir tanıyırlar, ayıbdır. Bundan sonra İkram əli ilə onun sinəsindən itələmiş və ona qarşı təhqiredici ifadələr işlədərək ona 18 manat pulu verməsini tələb etmiş və yenidən onun sinəsinə, sifətinə əl atan zaman, o, İkramın bu hərəkətinə əsəbləşib yumruqla onun çənə nahiyəsindən yüngül bir zərbə vurmuşdur. Bu zaman İkram ayağı ilə onun sinəsindən itələmiş, ona görə də ayağı büdrəyərək yıxılmışdır. Həmin vaxt avtobusun sürücüsü İlham gəlmiş, İkramı sakitləşdirmiş və onu kənara çəkmiş, bundan sonra oradan getmişdir. Sonradan o, bilmişdir ki, İkram xəstəxanaya getmiş və ondan polisə şikayət edib AR DİN-nin 102 zəng xidmətinə döyülməsi barədə məlumat vermişdir. Lakin onun Zərərçəkmiş şəxs qarşı şikayəti olmamış, xəsarət almamış və MTE-dən keçməkdən imtina etmişdir. Hazırda o, zərərçəkmişə dəymiş 800 manat ziyanı hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və onunla barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 15 ilə yaxındır Gəncə şəhəri Ş.İ.Xətai prospekti 85 ünvanda yerləşən "xxxx" ASC-də, avtobus parkında elekrtik ustası işləyir. X1 həmin avtobus parkının 11 saylı xətt marşrutu üzrə avtobusunun sürücüsü işləyir. Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, tanıyır, əvvəllər heç bir mübahisələri olmamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Hadisədən bir neçə gün əvvəl Eşqinin idarə etdiyi avtobusda təmir işləri görmüş və Eşqinin ona 13 manat pul borcu qalmışdır. 20.11.2021-ci il tarixdə o, həmişəki qaydada işdə olmuş, səhər saatlarında Eşqin yenə idarə etdiyi avtobusu gətirmiş və onun istədiyi işi görmüş, zəhmət haqqı 5 manat etmişdir. Eşqinin pulu vermədiyini görüb o, sonuncudan əvvəlki pulu da, indiki işinin də pulunu verməsini istəmişdir. O, Eşqinin pulu vermək istmədiyini və sərxoş olduğunu görüb, mübahisə yaranmaması üçün sonuncunun üstünə çox getməmiş və pulu istəməyi daha sonraya saxlamışdır. Həmin günü təxminən saat 13 radələrində işlədiyi sexin qarşısında tanıdığı sürücü Şahid2 “İsuzu Boqdan” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun salonunda təmir işləri aparmışdır. Bu zaman Eşqin onun işlədiyi sexə daxil olaraq hansısa aləti, açarı istifadə etmək üçün götürmək istədiyini görmüşdür. O, Eşqinə açarı götürməyə icazə verməmiş və ona demişdir ki, özü işləyir, açarlara əl vurmasın. Eşqin onun təmir etdiyi avtobusa daxil olaraq onunla sözlə mübahisə etməyə başlamış, o, Eşqini, Eşqin də onu təhqir etmişdir. Eşqinə bir daha onun avtobusunu təmir etməyəcəyini bildirib sonuncudan 18 manat pulunu tələb edən zaman Eşqin avtobusun içərisində bir dəfə, qəsdən yumruq zərbəsi ilə onun sifətinin sağ çənə nahiyəsindən vurmuş, çənəsində sınığlar əmələ gəlmiş və möhkəm ağrılar hiss etmişdir. Həmin vaxt ona əl qol atmış və Eşqin yenidən üstünə gələndə, o, özünü müdafiə etmək üçün sonuncunu bir ayaq zərbəsi ilə sinəsindən vurub itələmişdir ki, ondan aralansın. Həmin vaxt Eşqinin ayağı büdrəmiş və avtobusda yıxılmışdır. Bundan sonra avtobusun sürücüsü İlham gəlib Eşqini yola salmış, o, isə öz sexinə getmişdir. Həmin vaxt onun çənə nahiyəsində sınıq xəsarəti olduğu üçün ağrılar çoxalmışdır. Daha sonra o, avtobus parkını tərk edib arvadı Şahid1 ilə xəstəxanaya getmiş və həkim ona lazımı ilkin tibbi yardım göstərmişdir. Bundan sonra o, Eşqindən AR DİN-in 102 xidmətinə və Nizami RPİ-yə şikayət etmişdir. O, aldığı xəsarətə görə Gəncə TTYX-ya, sonra isə arvadı Nazilə ilə Bakı şəhərində Akademik Mirqasımov adına Respublika xəstəxanasına getmiş və orada əməliyyat olunmuşdur, çünki çənə sümüyündə sınıqlar əmələ gəlmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona dəyən 800 manat ziyanı hər ay 100 manat ödəməyəi Eşqin öhdəsinə götürmüş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncunu bağışlayır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs Şahid2 oğu ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, belə ki, həmin şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən avtobus parkında avtoelektrik işləyir, onunla münasibəti yaxşıdır. O, da həmin avtobus parkın sürücüsüdür, Gəncə şəhərində 11 saylı xətt marşrutu üzrə “İsuzu Boqdan” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs da tanıyır, həmin şəxs Gəncə şəhərində 11 saylı xətt marşrutu üzrə ** AE *** dövlət qeydiyyat nişanlı “İsuzu Boqdan” markalı avtobusu idarə edir, onunla da münasibəti yaxşıdır. İdarə etdiyi avtobusda nasazlıq olan vaxtı, tez-tez İkrama müraciət edir, elektrik sahədə problem olanda sonuncu problemləri aradan qaldırır. 20.11.2021-ci il tarixdə idarə etdiyi avtobusda bəzi elektrik nasazlıqları olduğuna görə, avtobusu təmir etdirmək üçün İkramın işlədiyi sexin qarşısında saxlamış və İkramın özünə izah etmişdir ki, avtobusun elektrik xəttlərində müəyyən nasazlıqlar vardır. Həmin günü xətdə olmamış, İkram avtobusun salonuna daxil olaraq işləməyə başlamışdır. Saat təxminən 13 radələrində o, avtobusda öz sürücülük oturacağında oturmuş, həmin ərəfədə onun telefonuna zəng gəlmiş və o, avtobusdan düşərək bir az aralanmış və telefonda danışmışdır. Bir qədər keçəndən sonra avtobusdan səs gəldiyini eşitmiş və sonradan avtobusun salonunda İkramla Eşqinin mübahisə etdiyini görmüşdür. O, avtobusun sağ yan tərəfindən, qabaq qapı tərəfdən gəlmiş və artıq İkramın öz əli ilə çənə nahiyyəsindən tutduğunu görmüşdür. Eşqin isə İkrama tərəf getmək istəyən zaman İkram ayağı ilə Eşqini itələmiş və Eşqin avtobusun salonunda yıxılmışdır. Eşqin ayağa qalxıb İkrama tərəf gedən vaxtı o, Eşqini sakitləşdirib avtobusdan düşürmüşdür ki, əlavə mübahisələri olmasın. Eşqin oradan aralaşıb getmiş, İkram isə öz çənəsindən əli ilə tutmuş və ona bildirmişdir ki, Eşqin yumruqla onu çənə nahiyəsindən vurub xəsarət yetirmişdir. Lakin o, mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. O, da İkrama məsləhət görmüşdür ki, çənə xəsarəti ilə bağlı həkimə müraciət etsin, çünki İkram danışanda çətinlik çəkmişdir. İkram da öz sexini bağlayıb getmişdir. Sonradan bilmişdir ki, İkram çənəsi ilə bağlı Bakı şəhərində xəstəxanaların birində əməliyyat olunmuşdur. İş materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 06.12.2021-ci il tarixli, 1955 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – alt çənə sümüyünün qəlpəli sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 20.11.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin 07.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirli Gəncə şəhər Narkoloji Dispanserin 08.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirli Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş 09.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən ona dəyən 800 manat məbləğində ziyanı hər ay 100 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüş və o, sonuncu ilə razı olmuş, təqsirləndirilənə qarşı əlavə tələb və şikayəti yoxdur. O, təqirləndirilən şəxsi bağışlamış, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişə dəymiş 800 manat məbləğində ziyanı hər ay 100 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, zərərməkmişlə aralarında narazılıq qalmamışdır. Ona görə də onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, dəymiş ziyan ödənilmişdir. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və ziyanı ödəməsi nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 7 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 42 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-77/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-77/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver