Məhkəmə qərarları › İş №1(044)-79/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-79/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-79/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 7B-də qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, tamah məqsədi və ya digər şəxsi niyyətlə vətəndaşın şəxsiyyət vəsiqəsini gizlətməklə talamışdır. Belə ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2020-ci ilin mart ayında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən fərdi yaşayış evini sonuncunun mülkiyyətinə keçirməsi ilə bağlı müraciətinə əsasən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək, bu niyyətlə sonuncudan alacağı 3000 (üç min) manat pulun, eləcə də Zərərçəkmiş şəxs məxsus Göygöl RPŞ tərəfindən 04 may 2006-cı il tarixdə verilmiş, AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqinin əslinin verilməsi müqabilində müvafiq həmin mənzilin ona məxsus olması barədə qeydiyyat çıxarışı verəcəyinə qəsdən yalan vədlər verərək inandırıb, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən Büllur şadlıq sarayının qarşısında, həmin tarixdə, tamah məqsədi və ya digər şəxsi niyyətlə Zərərçəkmiş şəxs məxsus AZE 0******* seriya nömrəli vətandaşın şəxsiyyət vəsiqəsini gizlətməklə talayıb, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 3000 (üç min) manat məbləğində pulu isə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə, 2020-ci ilin may ayında istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Göygöl rayon sakini Zərərçəkmiş şəxs övladı X1 vəsiqəsi verilməsi ilə bağlı müraciətinə əsasən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək, bu niyyətlə Zərərçəkmiş şəxs alacağı 750 (yeddi yüz əlli) manat pulun müqabilində Gəncə RQİ və TBŞ-si tərəfindən keçirilən qeydiyyat imtahanlarında iştirak etmədən, birbaşa sonuncunun övladı Hikmət Yusifova sürücülük vəsiqəsi verəcəyinə qəsdən yalan vədlər verərək inandırıb, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən “Moskva” marketin qarşısında, həmin tarixdə, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 750 (yeddi yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirərək təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayından Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 taksi sürücüsü işləmiş, o, bir neçə dəfə Eşqinlə yol getmiş və münasibəti yaranmışdır. Eşqinə yaşayış evləri, torpaq, sürücülük vəsiqəsi və digər sənədləşmə işləri ilə bağlı məsələləri həll edə bildiyini demiş və lazım olsa kimsə müraciət etsə onu istiqamətləndirə biləcəyini məsləhət görmüşdür. 2020-ci il mart ayında Eşqin onunla əlaqə saxlayaraq Ceyhun adlı qohumunun yaşadığı evinin sənədlərinin qardaşının adına olduğunu, həmin evi Ceyhunun adına keçirilməsi ilə bağlı sənədləri düzəltməyə kömək etməyini ondan xahiş etmişdir. O, Eşqinə maraqlanıb xəbər edəcəyini demişdir. O, Daşınmaz əmlak məsələləri üzrə Dövlət Komitəsinin məlumat bürosundan evin sənədləşməsi ilə bağlı məlumat alaraq hansı sənədlərin lazım olmasını öyrənmiş, ona həmin sənədləşmə ilə bağlı hansı sənədlər lazım olmasını və işin ancaq məhkəmə qaydasında həll oluna biləcəyini bildirmişlər. O da Eşqinlə görüşüb söhbət etməyi məsləhət görmüşdür. O, Eşqin, Ceyhun və Ceyhunun oğlu Hikmət Gəncə şəhərinin mərkəz hissəsində görüşmüş, orada Ceyhunla söhbət emiş, Ceyhun qardaşından xəbərsiz evi öz adına keçirmək istəmişdir. O, lazım olan sənədlər barədə Ceyhuna məlumat vermiş və 3000 manat pul veməli olmasını bildirmiş, Ceyhun onunla razılaşmışdır. Təxminən 1 həftə sonra Gəncə şəhəri ərazisində yerləşən “Büllur” şadlıq evinin qarşısında o, Ceyhun, Eşqin və Hikmət görüşmüş, Eşqinə məxsus “VAZ 2106” markalı avtomobildə əyləşmiş, Ceyhun avtomobilin içərisində ona şəxsiyyət vəsiqəsinin əslini, yaşayış yerindən arayışı, atasının qardaşına verdiyi vəsiyyətnamənin kserosurətini və 3000 manat məbləğində pulu vermişdir. Pulu o və Eşqin birlikdə saymış, Ceyhun dəfələrlə ondan aldatmamağı barədə xəbərdar etmiş, o da Ceyhuna, Eşqinlə özünün heç bir fərqi olmadığını, Eşqinin qohumlarına qarşı heç bir səhv hərəkət etməyəcəyini bildirmişdir. O, Ceyhuna 3 ay müddətində sənədləşməni həll edəcəyini demiş, bundan sonra ayrılmışlar. O, karantin olduğu üçün Ceyhuna vəd etdiyi sənədləşməni həyata keçirə bilməmiş, aldığı pulu hissə-hissə xərcləmiş, mağazalara borclarını bağlamış, öz gündəlik xərclərinə sərf etmişdir. Ceyhuna məxsus şəxsiyyət vəsiqəsini isə işi həll edə bilmədiyi üçün gizlətmiş və haraya qoyduğunu isə xatırlamamış, Ceyhun ona zəng edib maraqlandığı zaman isə karantin olduğu üçün sənədləşmənin gecikməsini bildirmişdir. Bundan başqa, 2020-ci ilin may ayında Hikmət ona zəng edərək sürücülük vəsiqəsi almağını ondan xahiş etmiş, Hikmətə 1 ay sürücülük məktəbində oxumalı olmasını demiş, Hikmət sürücülük məktəbində oxuduğunu bildirdikdən sonra Hikmətə maraqlanıb xəbər edəcəyini demişdir. 1 gün sonra o, Hikmətə zəng edərək 750 manat pul verməli olmasını demiş, Hikmət onunla razılaşmışdır. Hikmətə sürücülük vəqisəsini bir həftəyə alıb verəcəyini demişdir. Daha sonra Eşqin də ona zəng edərək Hikmətin Bakıda olduğu üçün gələ bilmədiyini, Hikmətə əsgərlik qabağı sürücülük vəsiqəsi almağın vacib olmasını bildirərək ondan kömək etməsini xahiş etmişdir. Bundan təxminən bir neçə saat sonra Eşqin onunla əlaqə saxlayaraq Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Moskva” marketin qarşısında görüşmüşdür. Eşqinin bildirməsinə görə Hikmətin atasından götürdüyü 750 manat pulu ona vermiş, bundan sonra karantin tədbirləri olduğu üçün sürücülük vəsiqəsi ala bilməmiş və 750 manat pulu da öz şəxsi ehtiyaclarına sərf etmişdir. Hikmətin atası Ceyhun ona zəng edib maraqlandığı zaman karantinlə bağlı işin dayandığını və buna görə heç bir şey edə bilmədiyini demişdir. Daha sonra Ceyhun ondan verdiyi 3750 manat pulu istəmiş, o isə pulu xərclədiyi üçün Ceyhundan vaxt istəmiş, ancaq pul tapa bilmədiyi üçün Ceyhunun pulunu qaytara bilməmişdir. Ceyhun ümumilikdə ona 3750 manat pul ödəmiş, 3000 manat pulu yaşadığı evin sənədlərini Ceyhunun adına keçirməyə görə, 750 manat pulu isə Ceyhunun oğlu Hikmətə sürücülük vəsiqəsi almağa görə almışdır. Evin sənədlərinin düzəldilməsi və sürücülük vəsiqəsi verilməsi ilə bağlı heç bir səlahiyyəti olmamış, pulu aldıqdan sonra qanuni qaydada nəsə edə bilməyi fikirləşsə də, heç bir şey edə bilməmişdir. Pulu öz ehtiyaclarına xərclədiyi üçün Ceyhuna pulunu geri qaytarmamış, Zərərçəkmiş şəxs vəd verəndə maddi marağı pul qazanmaq olmuş, pulun bir hissəsini kiməsə sənədləri həll etməsi üçün vermək və bir hissəsini özünə götürmək istəmiş, ancaq heç kimlə iş görə bilmədiyi üçün bütün pulu özü xərcləmişdir. Təxminən rüsumların nə qədər məbləğdə olmasını bilmiş, ancaq hər hansı bir konkret şəxsə pul verməklə bağlı heç bir fikri olmamışdır. Eşqinə heç bir məbləğdə pul verməmiş, Eşqin qohumu olduğu üçün Ceyhuna kömək etmək istəmiş, ona heç kim sənədləşmə ilə bağlı vəd verməmiş, bütün vəd verdiyi işləri tək görmək istəmişdir. O, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini 3000 manat pulu alan zaman götürmüş, məqsədi sənədləşmə işlərini həll etməyə inandırmaq olmuş, ancaq sonradan sənədləşmə işlərini həll edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsini gizlətmiş və şəxsiyyət vəsiqəsini haraya qoymasını xatırlamamışdır. Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək dələduzluq edib ələ keçirdiyi 3750 manat puldan Eşqin adlı tanışına hər hansı bir məbləğdə pul verməmiş, sonuncu bunun qarşılığında ondan hər hansı bir məbləğdə pul almamışdır. O, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmiş və onunla barışmışdır. Əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusu olmuş, Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə tanımışdır. Yaşadığı ev dünyasını dəyişmiş atasının adına olduğundan kommunal xərclərə görə həmin evi öz adına keçirmək istəsə də, həll yolunu bilməmişdir. 2020-ci ilin mart ayının əvvəllərində qonşusu Şahid1 maşınında bu barədə danışmış, Eşqin ona həmin işlərlə məşğul olan Nurlan adlı tanışının olduğunu demişdir. Eşqindən həmin Nurlan adlı şəxslə danışıb ona xəbər etməsini istəmişdir. Eşqin bir az sonra Nurlanla danışıb ona 3000 manat pul müqabilində yaşadığı evi onun adına keçirilməsinin mümkün ola biləcəyini demiş, o da bununla razı olmuşdur. Eşqinlə birlikdə Nurlanla birinci dəfə Kolxoz bazarının yanında görüşmüş, Nurlan sənədləri özü düzəltdirəcəyini demiş, ancaq necə düzəltdirəcəyi ilə bağlı heç bir söz deməmişdir. Bundan sonra Gəncə şəhərində “Büllür” şadlıq evinin qarşısında o, Eşqin və Nurlan ilə görüşmüş, həmin vaxtoğlu Hikmət də orada olmuşdur. Eşqinə məxsus “VAZ 2106” markalı avtomobildə olmuşlar. O, 3000 manat pulu Nurlana verməsi üçün Eşqinə sayıb vermişdir. Nurlan iki ay ərzində evi onun adına keçirəcəyinə söz vermiş, puldan əlavə öz şəxsiyyət vəsiqəsinin əslini, yaşayış yerindən arayışı və atasının verdiyi vəsiyyətnamənin kserosurətini Nurlana vermişdir. Bundan sonra oğlu Hikmətə sürücülük vəsiqəsi almaq istəsə də pulu olmamış, 2020-ci ilin may ayında oğlu Hikmət Bakıdan ona zəng edərək dayısı Sakitdən sürücülük vəsiqəsi alması üçün 750 manat borc pul götürüb Eşqinə verməsini istəmiş, Hikmət ona dayısı Sakitlə danışıb razılaşdığını demişdir. O və yoldaşı Eşqinlə qaynı Şahid2 yaşadığı ünvan 1-də yerləşən evə gəlmişlər. Eşqin onları qoyub getmiş, Sakitdən 750 manat borc pul alan zaman Sakit ona Eşqinə etibar etmədiyini, 750 manata sürücülük vəsiqəsi almağın mümkün olmadığını demişdir. Ancaq oğlu əsgərə getdiyi üçün xətrinə dəymək istəməmiş və həmin gün ünvan 1 ünvanının qarşısında Eşqinə 750 manat pulu oğlu Hikmətə sürücülük vəsiqəsi təşkil etməsi üçün vermiş, Eşqin həmin aldığı 750 manat pulu da Nurlana verəcəyini bildirmiş, həmin 750 manat pulu Sakitdən borc almışdır. Bir həftə sonra oğlu Hikmət Bakıdan Gəncəyə gəlmiş, oğlu Hikmət Eşqindən sürücülük vəsiqəsi barədə maraqlananda Eşqin Nurlanın qaçdığı üçün heç yerdə tapa bilmədiyini demişdir. Sonradan Nurlan mobil telefonunu söndürmüş, şəxsiyyət vəsiqəsi də Nurlanda qalmışdır. 2020-ci ilin mart ayının əvvəllərində Gəncə şəhərində “Büllür” şadlıq evinin qarşısında Şahid1 3000 manat pulu yaşadığı evi onun adına keçirtməsi üçün oğlu Hikmətin iştirakı ilə vermiş, Eşqin də həmin pulu Nurlana vermiş, 2020-ci ilin may ayında isə ünvan 1-nin qarşısında qaynı Şahid2 iştirakı ilə 750 manat pulu oğlu X8 sürücülük vəsiqəsi düzəltməsi üçün Təqsirləndirilən şəxs verməsinə görə Eşqinə vermişdir. Təqsirləndirilən şəxs əldə etdiyi pulu hər hansı bir şəxsə verib sənədləşmə işlərini həll edəcəyi barədə heç bir söz deməmişdir. Şahid1 ona məxsus 3750 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsində hər hansı maddi marağı olmamışdır. Nurlan evlə bağlı sənədləşmənin həll edilməsi üçün şəxsiyyət vəsiqəsinin əslinin lazım olduğunu dediyi üçün şəxsiyyət vəsiqəsini vermiş, şəxsiyyət vəsiqəsindən istifadə etmədiyindən müddətinin bitməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş zərəri tamamilə ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, qeyd etdiklərini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, X6 onun dostu və Zərərçəkmiş şəxs isə Hikmətin atası olmuşdur. O, taksi xidməti fəaliyyəti ilə məşğul olduğu ərəfələr müştəri qismində Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Nurlan onun nömrəsini götürərək hara lazım olsa onunla gedəcəyini bildirmiş, bundan sonra aralarında münasibət yaranmış, Nurlan ona sənəd işlərində vətəndaşlara kömək etdiyini, müəyyən pul müqabilində vətəndaşlara sürücülük vəsiqəsi və sair sənədlər düzəltdiyini demişdir. Təxminən 2020-ci ilin mart ayında Hikmətin atası Ceyhunla onun avtomobilində olan zaman Ceyhun ona evin sənədlərini öz adına keçirmək istəməsini deyib, elə bir tanışının olub-olmadığını soruşmuş, o, Nurlan adlı tanışının kömək edə biləcəyini bildirmişdir. Ceyhun ona Nurlanla danışıb xəbər etməsini demişdir. O, Nurlanla danışan zaman Nurlan 3000 manat müqabilində evin sənədlərini düzəltdirə biləcəyini demiş, bundan sonra o, Ceyhuna bu barədə demiş və Ceyhun onunla razılaşmışdır. Hətta bir dəfə Kolxoz bazarının yanında Ceyhun və Nurlan onun iştirakı ilə görüşüb söhbət etmişlər. 2020-ci ilin mart ayında Gəncə şəhərində “Büllur” şadlıq sarayının qarşısında onun idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin içərisində o, Nurlan, Hikmət, Ceyhun söhbət etmiş, Ceyhun, o və oğlu Hikmət 3000 manat pulu sayaraq Nurlana vermişlər. Nurlan da iki aya işini həll edəcəyini söz vermiş, Ceyhun Nurlanın tələbi ilə şəxsiyyət vəsiqəsinin əslini, bəzi digər sənədlərin kserosurətlərini də vermişdir. Bundan başqa, təxminən 2020-ci ilin may ayında Hikmət ona zəng edərək özünə sürücülük vəsiqəsi alması üçün Nurlana 750 manat pul verəcəyini, həmin pulu atasından götürüb Nurlana çatdırmasını istəmişdir. O, Gəncə şəhəri, İstanbul küçəsinə gəlmiş, həmin vaxt Hikmətin atası Ceyhun ona 750 manat pul vermişdir. Ceyhunun yanında Sakit də olmuşdur. O da həmin pulu Nurlana vermək üçün Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Moskva” marketin qarşısına gəlmiş, dostu İzmir və Elxan avtomobildə gözləmiş, orada Nurlana 750 manat pul vermişdir. Lakin Nurlan bundan sonra müxtəlif bəhanələrlə Ceyhunu aldadarq vədinə əməl etməmiş və aldığı pulu geri qaytarmamışdır. Nurlanla bir neçə dəfə danışsa da, Nurlan müxətlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. 29.05.2020-ci ildə Nurlanı tapıb Ceyhunun ünvanına gətirmiş, Ceyhun və Nurlan öz söhbətini etmiş və o, daha qarışmayacağını bildirmişdir. Onun ümumiyyətlə heç bir maddi marağı olmamış, qohum olduğu üçün Ceyhuna kömək etmək istəmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 və X4 tanımış, eyni qəsəbədə yaşamışlar. 2020-ci ilin mart ayının ortalarında o və Elxan Eşqinlə birlikdə Eşqinin idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə Gəncə şəhərinə getdikləri zaman Hikmət Eşqinə zəng edərək Gəncə şəhəri, İstabul küçəsində yaşayan dayısıgildən gedib pul götürüb Nurlan adlı şəxsə vermək lazım olduğunu demiş, ona söhbətlərdən Hikmətin özünə sürücülük vəsiqəsi düzəltdirmək üçün Nurlana 750 manat məbləğində pul verməli olması məlum olmuş, Eşqin Hikmətlə razılaşmışdır. Onlar birlikdə Hikmətin dediyi ünvana getmişlər, orada Eşqin avtomobildən düşərək evin qarşısında gözləmiş, o və Elxan avtomobildə gözləmiş, Eşqin həmin evin qarşısında Hikmətin atası Ceyhundan pulu götürüb geri qayıtmış, Ceyhunun yanında Sakit də olmuşdur. Bundan sonra birlikdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Moskva” marketin qarışısına gəlmiş, o və Elxan avtomobildə gözləmiş, Eşqin avtomobildən düşərək marketin yanında Nurlan adlı şəxslə görüşərək pulu vermiş, daha sonra Eşqin avtomobilə əyləşmiş, ancaq Nurlana nə qədər məbləğdə pul verməsi barədə heç bir söz deməmiş, bundan sonra Hacıməlik qəsəbəsinə geri qayıtmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və X6 onun qohumlarıdır, Şahid1 tanımış, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 2020-ci ilin mart ayında qohumu Ceyhunun yaşadığı evi öz adına keçirmək üçün Eşqinin vasitəsi ilə Nurlan adlı şəxs 3000 manat pul verməsindən məlumatı olmuş, Eşqin və Nurlan isə iki ay müddətdə işin həll ediləcəyini bildirmişlər. 2020-ci ilin may ayında Hikmət ona zəng edərək atası Nurlan adlı şəxslə danışdığını, sürücülük vəsiqəsi almağa görə Nurlanın 750 manat pul istəməsini bildirib ondan atası Ceyhuna 750 manat pul borc verməyini istəmişdir. Nurlanın puldan başqa heç bir sənəd istəməməsi şübhə yaratmışdır. O, Nurlanın iş görəcəyindən şübhəli olsa da, Hikmətin xətrinə dəyməmək üçün razılaşmışdır. Həmin gün Ceyhun onun yaşadığı evə gəlmiş, Ceyhuna 750 manat borc pul vermişdir. Eşqin ilə Ceyhun onun yaşadığı evin qarşısında görüşmüş, Eşqin Nurlana veriləsi 750 manat pulu götürmək üçün gəlmiş, Ceyhun 750 manat pulu Eşqinə vermişdir. Eşqin 750 manat pulu Nurlan adlı tanışına verəcəyini, Nurlanın işi həll edəcəyini bildirmişdir. Lakin bir müddət sonra Eşqin və Nurlandan xəbər çıxmamışdır. Telefonla Nurlan ilə danışmış və Nurlanla telefon danışığı zamanı ya pulu qaytarmasını, ya da işi düzəltməsini istəmişdir. Nurlan Bakı şəhərində olduğunu və ertəsi gün üçün görüşmək istədiyini bildirdiyini desə də, bundan sonra Nurlan bir daha onun zənglərini götürməmiş, buna görə yeznəsi Ceyhun 02.07.2020-ci il tarixdə polisə şikayət ərizəsi yazmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Bundan başqa Şahid1 Zərərçəkmiş şəxs 750 manat məbləğində pulu götüdükdən sonra Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Moskva” marketin qarışısına Nurlan adlı şəxslə görüşdüyünü və Nurlan adlı şəxsə pulu verməsini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16 dekabr 2020-ci il tarixli Gəncə RQİ və TBŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs vasitəsi ilə Hikmət Yusifova sürücülük vəsiqəsi verilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədlərin elektron portal çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsi vardır və həmin şəxsiyyət vəsiqəsinin müddəti 04 sentyabr 2017-ci il tarixdə bitmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 Nurlan Adil oğluna Zərərçəkmiş şəxs iştirakı ilə 3000 manat pul verilən yeri göstəmiş və həmin yer Gəncə şəhərində yerləşən “Büllur Saray”ın qarşısı olmuş, eləcə də X7 Təqsirləndirilən şəxs təqdim etmək üçün 750 manatı məbləğində pulu isə ünvan 1 ünvanında vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 16.09.2020-ci il tarixli, 3325 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 12.09.2020-ci il tarixli, 2807 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 17 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 və 178.3.2, 32.4 və 312-ci, 29 və 312-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 312-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işini başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməkdə, tamah məqsədi və ya digər şəxsi niyyətlə vətandaşın şəxsiyyət vəsiqəsini gizlətməklə talamaq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, ...Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur, həmin Məcələnin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, eləcə də böyük ictimai təhlükə törətməyən cinayət hesab edilən Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər az yaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam olaraq ödənilmiş, həmçinin onunla barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tam ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini), himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin könüllü olaraq tam ödənilməsini və onunla barışıq əldə edilməsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, ona törətdiyi cinayətə görə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3 və 68.3.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır və barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə Gəncə şəhərində tutularaq Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25 noyabr 2020-ci il tarixli şübəhli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2020-ci il tarixdə şübəhli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və Gəncə şəhər BPİ-nin MYS-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli axtarış qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görü onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə Bakı şəhərində tutularaq Gəncə şəhəri Nizami Rayon polis İdarəsinə gətirilmiş və daha sonra Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulmuş, eləcə də 20.07.2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) ay 17 (on yeddi) gün həbsdə olmuş, ümumilikdə 02 (iki) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) ay 20 (iyirmi) gün müddətində şübhəli şəxs qismində və həbsdə saxlanılmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlığın məhdudlaşdırlmasının bir gününə islah işlərinin iki gün bərabər tutulmaqla) təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, eləcə də 20.07.2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni ümumi 02 (iki) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 05 (beş) ay 10 (on) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar