Məhkəmə qərarları › İş №1(044)-81/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-81/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-81/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx"MMC-nin X5 İstehsalat şöbəsində anodda qalan elektrolit qalıqlarının təmizləyicisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, o, xuliqanlıq niyyəti ilə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxslər üzərində zor tətbiq edilməsi ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Verilmiş ittihama əsasən o, 15 aprel 2020-ci il tarixdə, saat 20:30 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısında, X8 küçəsi ilə piyada yaşadıqları evə atası Şahid1 Avil oğlu ilə birlikdə gedərkən yüngül dərəcəli sərxoş vəziyyətində birgə yaşayış qaydalarına zidd olaraq, ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər edərək uca səslə sonununcunun ünvanına nalayiq ifadələr işlətməsinə görə onların arxası ilə eyni istiqamətdə piyada hərəkət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən onun qanunsuz əməlləri ilə bağlı hərkətlərinə iradını bidirən zaman o, Zərərçəkmiş şəxs1 ictimai yer hesab edilən həmin küçədə nalayiq söyüşlərlə söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan, zor tətbiq edərək başı və yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət və bədəninin digər nahiyyələrinə vurub sonuncuya sağ bazu oynağının çıxığı, üst dodağın əzilmiş yarası, üst çənədə yerləşən bir ədəd dişin tac hissəsinin hissəvi sınığı, hər iki göz altı nahiyənin qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və hadisə zamanı yaranmış səs-küyə görə oraya gəlmiş ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısınə alan hakimiyyət nümayəndələri hesab olunan Gəncə şəhər BPİ-nin PPXT-nın əməkdaşı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun hərəkətlərinin qarşısını almağa cəhd edərkən hər iki hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmayıb, həmin şəxsləri də fiziki zor tətbiq edəcəyi hədəsi ilə hədələmiş, təkrar onu intizama dəvət edən polis nəfərlərinin qanuni tələbinə tabe olmayaraq onlara fiziki zor tətbiq edib, kənara itələyərək və onu tutub saxlayan zaman əllərindən çıxıb polis əməkdaşlarına müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20:30 radələrində atası Şahid1 ilə birlikdə “Əminə” marketin yanında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından atası Aydının pensiya pulunu alıb Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X8 küçəsi ilə evləri istiqamətində gedərkən o, atası ilə mübahisə etmiş, atasına demişdir ki, “bu axşam vaxtı nə məcbur idi ki, biz bankomatdan pul çıxardırıq”. Atası Aydın isə onu sakitləşdirmişdir ki, “sakit ol gəl gedək evə”. Həmin vaxt o, sərxoş olmuş, belə ki, evdən çıxmamışdan əvvəl təxminən 350 qram spirtli içki olan araq içmişdir. O, həm sərxoş, həm də əsəbləşdiyi üçün özünü normal idarə edə bilməmişdir.Yeni Gəncə bazarının yuxarı hissəsinə çatanda tanımadığı təxminən 50 yaşlı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb “nə üçün yaşlı adamla belə söyüşlə danışırsan” sözlərini deyəndə o, Razimə demişdir ki, “sənin nəyinə lazımdır, bu yaşlı adam mənim atamdır, get işinlə məşğul ol”. Zərərçəkmiş şəxs1 yenidən ona demişdir ki, “atan olsa da küçədə nalayiq söyüşlə danışmayın, gedin evinizdə söhbətinizi edin”. Razim bir daha üçüncü dəfə yenidən ona demişdir ki, “axı sənin ağsaqqal kişiynən nə işin var”. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə qəsdlə kəllə vurmuş, Razim yerə yıxıldıqdan sonra o, yumruğu ilə Razimin başına və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə qəsdlə yumruqla zərbələr vurub sonuncunu döyməyə başlamışdır. Həmin vaxt atası Aydın kənarda dayanıb “ay bala sakitləş, camaatı döymə” deyə ona müraciət etmişdir. Ancaq o, əsəbi olduğu üçün atasının dediklərinə məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 döyməkdə davam etmişdir. Həmin vaxt polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları onu sakitləşdirib Nizami Rayon Polis Bölməsinə aparmışlar. Məhkəmədən himayəsində 2 əkiz az yaşlı uşaqlarının, 2 nəfər isə yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək ifadəsində göstərdi ki, atası Razim 22 yanvar 2021ci ildə kəskin respirator çatmamazlıqdan vəfat etmişdir. Hazırda o Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi mövcud deyildir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o Gəncə şəhər, Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20 radələrində ekipaj yoldaşı Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis seryantı Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində xidmət apararkən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X8 küçəsində bir neçə nəfər şəxslərin oraya yığışdıqlarını görmüşdür. Həmin vaxt o, dərhal idarə etdiyi xidməti patrul avtomaşınını saxlamış, avtomobildən düşüb həmin şəxslərə yaxınlaşanda görmüşlər ki, adları sonradan məlum olan Təqsirləndirilən şəxs özündən yaşca böyük olan X3 yerə yıxaraq onu əl və ayaq zərbələri ilə döyür. Onlar Təqsirləndirilən şəxs sakitləşdirib Razimdən aralamaq məqsədi ilə İlhamı nizam-intizama dəvət edib birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Onlar Təqsirləndirilən şəxs post patrul avtomobilinə əyləşdirib Nizami Rayon Polis Bölməsinə aparıb təhvil vermişlər. O, rəhbərliyə raport yazıb baş vermiş hadisə barədə məruzə etmişdir. Onuda qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o və Elnur heç bir bədən xəsarəti almamışlar. Hazırda onunla barışmış, heç bir şikayət və tələbi yoxdur. İlham ona hər hansı müqavimət göstərməmişdir. İstintaqda İlhamın ona və ekipaj yoldaşına qarşı müqavimət göstərmək kimi verdiyi ifadəsini xatırlamır.Buna baxmayaraq o istintaq zamanı verdiyi ifadəni təsdiqləyir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, o Gəncə şəhər, Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20 radələrində ekipaj yoldaşı Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis seryantı Zərərçəkmiş şəxs2lə idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində xidmət apararkən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X8 küçəsində bir neçə nəfər şəxslərin oraya yığışdıqlarını görmüşdür. Həmin vaxt o, dərhal idarə etdiyi xidməti patrul avtomaşınını saxlamış, avtomobildən düşüb həmin şəxslərə yaxınlaşanda görmüşlər ki, adları sonradan məlum olan Təqsirləndirilən şəxs özündən yaşca böyük olan X3 yerə yıxaraq onu əl və ayaq zərbələri ilə döyür. Onlar Təqsirləndirilən şəxs sakitləşdirib Razimdən aralamaq məqsədi ilə İlhamı nizam-intizama dəvət edib birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Onlar Təqsirləndirilən şəxs post patrul avtomobilinə əyləşdirib Nizami Rayon Polis Bölməsinə aparıb təhvil vermişlər. O, rəhbərliyə raport yazıb baş vermiş hadisə barədə məruzə etmişdir. Onuda qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o heç bir bədən xəsarəti almamışlar. Hazırda onunla barışmış, heç bir şikayət və tələbi yoxdur. İlham ona hər hansı müqavimət göstərməmişdir. İstintaqda İlhamın ona və ekipaj yoldaşına qarşı müqavimət göstərmək kimi verdiyi ifadəsini xatırlamır.Buna baxmayaraq o istintaq zamanı verdiyi ifadəni təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 15 aprel 2020-ci il tarixdə, saat 20:30 radələrində oğlu Təqsirləndirilən şəxslə birlikdə “Əminə” marketin yanında olan bankomatdan onun pensiya pulunu alıb Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X8 küçəsi ilə evləri istiqamətində piyada getmişlər. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. O İlhama bankomatdan pul çıxarmasını bildirmiş, İlham isə ona etiraz edərək başqa vaxt çıxarmağı təklif etmişdir. İlham əsəbi halda ucadan səs-küy saldığından o İlhamı sakitləşdirmək istməmişdir. Bu vaxta adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 adlı şəxs onlara yaxınlaşmış və İlhama irad bildirmişdir. İlham isə Razimə demişdir ki, “bu mənim atamdır, özüm bilərəm necə danışıram, sən get işinlə məşğul ol”. Razim yenidən İlhamı sakitləşdirərək demişdir ki, “atandır lap yaxşı, gedin evinizdə söhbətinizi edin, camaatın ana-bacısı yol ilə gedir, sən də söyüşlə danışırsan”. İlham bu dəfə Razimə nalayiq söyüş söyərək demişdir ki, “get işinlə məşğul ol”, Razim cibindən mobil telefonunu çıxararaq İlhama demişdir ki, “indi polis çağırım, gəlib səni aparsın? İlham da Razimə demişdir ki, “kimi çağırırsan çağır”. Bundan sonra oğlu İlham Razimin sifət nahiyəsinə bir dəfə yumruqla, sonra isə kəllə ilə vuraraq Razimi yerə yıxmışdır. Bundan sonra İlham əl və ayağı ilə Razimi yerdə döyməyə başlamışdır. Həmin vaxt adını sonradan bildiyi Şahid2 adlı şəxs İlhamın Razimi döyməsin görüb tez həmin şəxslərə yaxınlaşmış və İlhamı Razimin üstündən qaldırıb aralamış, lakin İlham yenidən Razimin üstünə oturub sonuncunu yumruqla döyməkdə davam etməyə başlamışdır. İlhamı aralayan həmin şəxs yenidən İlhamı aralaya bilməyəcəyini görüb yol ilə YPX avtomaşınının getiyini görmüş və dərhal yola tərəf qaçıb polis əməkdaşlarını çağırmışdır ki, gəlib İlhamı sakitləşdirsinlər. Həmin vaxt YPX avtomaşınında xidmət aparan əməkdaşlar və eyni zamanda PPX avtomaşınında xidmət aparan polis əməkdaşları İlhama yaxınlaşıb sonuncunu sakitləşdirməyə çalışmışlar. İlham polis əməkdaşlarına tabesizlikdə özünü ifadə edən hər hansı hərəkətlər etməmişdir. Polis əməkdaşları onu maşına mindərərək aparmışlar. O istintaq zamanı ifadəsində İlhamın polis əməkdaşlarına tabeçilik göstərməməsi kimi ifadə verməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X8 küçəsi ilə evinə tərəf gedərkən ondan qarşı tərəflə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 getmiş, Razimdən isə bir neçə addım qabaqda iki nəfər şəxs mübahisə edərək bir-birinə nalayiq söyüşlər söymüşlər, ondan arxada isə tanımadığı təxminən 40-55 yaşları olan üç nəfər qadınlar gedirmişlər. Razim həmin mübahisə edərək nalayiq söyüşlər söyən şəxslərə yaxınlaşaraq küçə ilə qadın-qız getdiyini demiş, adını sonradan bildiyi Təqsirləndirilən şəxs xahiş etmişdir ki, söyüş söyməsin. Təqsirləndirilən şəxs isə Razimə kobud şəkildə, söyüşlə demişdir ki, “sən get işinlə məşğul ol, bu mənim atamdır, özümüz bilərik necə danışırıq. Həmin vaxt o, bilmişdir ki, Təqsirləndirilən şəxs söyüşlə danışdığı yanındakı şəxs sonuncunun atasıdır. Razim yenidən İlhamdan xahiş etmişdir ki, “atandırsa lap yaxşı, gedin evinizdə nə qədər istəyirsiniz danışın və istəsəniz söyüşlə də danışa bilərsiniz, bura küçədir, yol ilə qadınlar keçir”. Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs1 sözlərindən sonra daha da qızışmış, Razimə söyüşlə demişdir ki, “sən get işinlə məşqul ol”. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla vurub Razimi yerə yıxmış, daha sonra isə əl və ayaq zərbələri ilə Razimin başına və bədəninin müxtəlif yerlərinə zərbələr endirərək sonuncunu döyməyə başlamışdır. Həmin vaxt o, dərhal yaxınlaşıb İlhamı arxa tərəfdən tutmuş, sonuncunu Razimin üzərindən aralamaq istəsə də İlham yenidən onun əlindən çıxaraq Razimin üstünə atılmış və sonuncunu yerdə döyməyə davam etmişdir. Bir neçə dəqiqədən sonra o, yaxınlıqda Xidmət aparan polis avtomaşınını görmüş və həmin polis əməkdaşlarını oraya çağırmışdır ki, gəlib Razimi İlhamın əlindən almaqda kömək etsinlər, polis əməkdaşları da oraya gəlmişlər. Adlarını bilmədiyi polis əməkdaşları İlhamı sakitləşdirib sonuncunu nizam-intizama dəvət edib, onu və İlhamı polis maşınına mindirərək polis idarəsinə aparmışlar. İlham polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir. İstintaq zamanı isə İlhamın polis əməkdaşlarına müqavimət göstərməsi kimi ifadə verməmişdir. O ifadəsini oxumadan imza etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər rayonlararası Narkoloji Disoanserdən alınmış 15.04.2020-ci il tarixli səroxluq aktından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Gəncə Təhlükəsizlik Şəhər” kamerası tərəfindən qeydə alınmış video görüntünün köçürüldüyü diskə baxış keçirilməsi haqqında 01 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 3 video görüntünün olduğu müəyyən edilmişdir. Diskin içərisində olan birinci sırada dayanmış “15.04.2019...PPX - Part 1 (2020-04-15 19-59-59 - 2020-04-15 20-24-25)” adlı fayl açılmış, həmin görüntü 15.04.2020, saat 19:59-59-da başlamışdır. Videogörüntüyə baxış zamanı yolun hərəkət hissəsində avtomobillərin hərəkət etməsi, səki ilə isə piyadaların hərəkət etməsi görünmüş, lakin hava qaranlıq olduğu üçün piyadaların xarici əlamətlərini tam müəyyən etmək mümkün olmamışdır. Həmin videogörüntü 15.04.2020, saat 20:24-25-də başa çatmışdır. Diskin 1çərisində ikinci sırada dayanmış 15.04.2019...PPX - Part 2 (2020-04-15 20-24-25 - 202004-15 20-52-56) adlı fayl açılmış, həmin görüntü 15.04.2020, saat 20:24-25-də başlamışdır. Görüntünün 20:46:15 dəqiqəsində yolun kənarında səki ilə hərəkət edən 3-4 nəfər şəxslərin dayanıb bir-birləri ilə söhbət etdikləri görünmüş, hava qaranlıq olduğu üçün həmin şəxslərin əlamətlərini tam müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda küçə işıqlandırma olmadığı üçün hərəkət edən avtomobillərin işıqları sayəsində həmin şəxslərin hərəkətini müşahidə etmək mümkün olmuş və görüntünün bəzi anlarında yolun hərəkət hissəsi ilə avtomobil hərəkət etmədiyi üçün müşahidə aparmaq mümkün olmamışdır. Görüntünün 20:50:00 dəqiqəsində avtomobillərin işıqları sayəsində çətinliklə də olsa yolun kənarında səkidə dava-dalaşın baş verməsi görünmüş, 20:50:04 dəqiqədə isə səki tərəfdən yolun hərəkət hissəsinə daxil olan bir nəfər cavan oğlan hərəkətdə olan yol patrul avtomobilini əli ilə işarə edib dayandırmış, ötüb keçən yol patrul avtomobili geriyə doğru hərəkət edərkən döyən şəxsin hadisə yerindən uzaqlaşması, yerdə yıxılmış vəziyyətdə olan döyülən şəxsin isə ayağa qalxması müşahidə olunmuşdur. Daha sonra isə həmin yol patrul avtomobilinin arxası ilə hərəkətdə olan post patrul avtomobili gəlib orada dayanmış və polis əməkdaşları yerə düşüb səkidə dava-dalaş edən şəxslərə yaxınlaşmışlar. Polis əməkdaşları hadisəni törədən şəxsi post patrul avtomobilinə mindirməyə çalışmışlar. Həmin videogörüntü 15.04.2020, saat 20:52-55-də başa çatmışdır. Daha sonra diskin içərisində üçüncü sırada dayanmış 15.04.2019...PPX - Part 3 (2020-04-15 20-52-56- 2020-04-15 20-55-58)) adlı fayl açılmış, həmin görüntü 15.04.2020, saat 20:52-56-da başlamışdır. Görüntüyə baxış zamanı yolun kənarında post patrul və yol patrul avtomobillərinin dayandığı görünmüş, polis əməkdaşları hadisəni törədən şəxslə söhbət edib həmin şəxsi xidməti avtomobilə mindirməyə çalışmışlar. Görüntünün 20:55-10-da polis əməkdaşları hadisəni törədən şəxsi xidməti avtomobilə mindirdikdən sonra hadisə yerindən çıxıb getmişlər. Eyni zamanda orada dayanmış yol patrul avtomobilləri də hadisə yerindən gedərək görüntüdən uzaqlaşmışlar. Həmin videogörüntü 15.04.2020, saat 20:55-58-də başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə polis əməkdaşları gələn zaman Zərərçəkmiş şəxs1 döyən şəxs və polis əməkdaşlarının yaxınlaşdığı şəxs onun özüdür. Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, onun barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs1 barəsində verilmiş 16.04.2020-ci il tarixli, 550 saylı məhkəmə tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər- sağ bazu oynağının çıxığı, üst dodağın əzilmiş yarası, üst çənədə yerləşən bir ədəd dişin tac hissəsinin hissəvi sınığı, hər iki göz altı nahiyənin qançırları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 15.04.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə, şərh edilən sübutlara əsasən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi cinayət əməli üzrə ittiham öz təsdiqini tapmamışdır və həmin maddə ilə ona bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən polis əməkdaşları olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı müqavimət göstərməklə xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan mənada müqavimət göstərmə dedikdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən polis əməkdaşları olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sadəcə olaraq tabe olmama deyil, onlara qarşı xuliqanlıq hərəkətlərinin qarşısının alınması imkanını aradan qaldıran fəal əks təsir göstərilməsi başa düşülməlidir. Bu zaman ayrılıqda götürüldükdə hər biri müstəqil cinayət tərkibi olan iki davranış aktı-xuliqanlıq hərəkətləri etmə və ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmə mövcud olur. Bu zaman müqavimət göstərmə artıq başlanılmış xuliqanlıq hərəkətlərinin davamı kimi çıxış etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaqda şahid qismində verdiyi ifadəsində özünü idarə edə bilmədiyindən ətrafda kimlərinsə olmasını dərk etməməsini və bunu xatırlamadığını bildirmiş, təqsirləndirilən şəxs qismində dindirilən zaman isə polis əməkdaşlarını itələyərək Razinin üzərinə getməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə o polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini sübut kimi qəbul edir. Çünki məhkəmə iclasında dindirilmiş şahidlər Etibar və Aydın İlhamın polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini qeyd etmişlər. Digər zərərçəkmiş şəxslər, yəni polis əməkdaşları isə Razimlə İlham arasında baş vermiş hadisəni təfsilatı ilə məhkəmədə verdikləri ifadələrində qeyd etsələr də, İlham tərəfindən onlara müqavimət göstərilməsi epizodunu xatırlamadıqlarını, istintaqda verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Bumndan başqa da qeyd edilən zərərçəkmiş şəxslər məhkəmə istintaqı zamanı İlhamın onlara hər hansı müqavimət göstərmədiyini bildirsələr də, sonradan izahatlarında istintaqda verdikləri ifadələri təsdiq etdiklərini qeyd etmişlər. Məhkəmə qeyd edilən zərərçəkmiş şəxslərin ifadələrinə tənqidi yanaşaraq onu qeyd edir ki, hadisə barədə təfsilatı ilə ifadə vermiş zərərçəkmiş şəxslərin, onlara müqavimət göstərməsi ilə bağlı ifadələrin həmin hissələrini xatırlamadıqları inandırıcı deyildir. Bundan başqa da zərərçəkmiş şəxslər polis əməkdaşları olaraq onların vəzifələri ictimai qaydanın qorunmasından ibarətdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hadisə zamanı Etibar adlı şəxs də həmin ərazidə olmuş, Etibar da İlhamı sakitləşdirməyə çalışmışdır. Bundan sonra iki nəfər polis əməkdaşı da yaxınlaşaraq İlhamı sakitləşdirməyə başlamışlar. Göründüyü kimi iki polis əməkdaşı və Etibar adlı şəxsin bilrikdə bir nəfəri sakitləşdirə bilməməsi və onun polisə müqavimət göstərərək yenidən Razimə hücum çəkməsi ağlabatan mühakimə əsasında da məntiqli və inandırıcı deyildir. Əvvəla zərərçəkmiş şəxslərin vəzifələri cinayətin qarşısını almaqdan ibarətdir. Onların gözü önündə 10-15 dəqiqə yenidən xuliqanlıq aktının davam etdirilməsi mümkün deyildir. Belə ki, baş vermiş hadisə ilə bağlı polis əməkdaşlarının sərxoş halda cinayət əməli törətmiş şəxsə güc tətbiq etmək imkanı qaçılmaz olmamışdır. Bundan başqa da “Gəncə Təhlükəsizlik Şəhər” kamerası tərəfindən qeydə alınmış video görüntünün köçürülmüş diskdəki üçüncü sırada yerləşdirilmiş 15.04.2019...PPX - Part 3 (2020-04-15 20-52-56- 2020-04-15 20-55-58)) adlı fayldakı görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ərazidə PPX əməkdaşlarından əlavə YPX əməkdaşları da olmuşlar. Diskdəki görüntülər havanın qaranlıq olması səbəbindən o qədər də aydın görünməsə də istintaq zamanı həmin YPX əməkdaşlarının izahat və ifadələrinin alınması təmin edilməmişdir. Bundan başqa diskə baxış zamanı müəyyən edilmişdir ki, PPX avtomobilinin qapıları açıq olmaqla, polis əməkdaşları avtomobilin ətrafında sərbəst şəkildə gəzişirlər. Diskdə İlhamın polis əməkdaşlarına müqavimət göstərməsi halı müəyyən edilməmişdir.Polis əməkdaşları İlhamı rahatlıqla maşına dəvət edərək polis idarəsinə aparmaq imkanına malik olmuşlar. Polis haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə fiziki qüvvə tətbiq edə bilər. Məhkəmə belə hesab edir ki, polis əməkdaşlarının 15 dəqiqə ərzində İlhamı sakitləşdirməyə çalışması İlhamın həmin əməkdaşlara qarşı müqavimət göstərməsi anlamına gələ bilməz. Bundan başqa da ilk andan İlham polsi əməkdaşlarına güc işlətsəydi həmin əməkdaşlar öz səlahiyyətlərindən istifadə edərək ona qarşı fiziki qüvvə tətbiq edərdilər. Məhkəmə hesab edir ki, iki polis əməkdaşının və Etibar adlı şəxsin köməkliyi ilə fiziki qüvvə tətbiq etmədən də sərxoş halda İlham tərəfindən törədilən hüquqpozmanın davam etməsinin qarşısını almaq mümkün görünürdü. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, Gəncə Təhlükəsizlik Şəhər” kamerası tərəfindən qeydə alınmış görüntülərdə polis əməkdaşlarının sərbəst gəzişməsini, bu zaman İlham tərəfindən hər hansı müqavimət göstərilməməsini və bununla bağlı yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsində göstərilir ki, Cinayət Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Bütün bunları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının CPM-nin müddəalarına əsasən bəraət verilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Həmin maddənin dizposiziyasından müəyyən edilir ki, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma da ifadə edən hərəkətlərin edilməsi cinayət sayılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 15 aprel 2020ci il tarixdə, saat 20:30 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısında, X8 küçəsi ilə piyada yaşadıqları evə atası Şahid1 Avil oğlu ilə birlikdə gedərkən yüngül dərəcəli sərxoş vəziyyətində birgə yaşayış qaydalarına zidd olaraq, ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər edərək uca səslə sonununcunun ünvanına nalayiq ifadələr işlətməsinə görə onların arxası ilə eyni istiqamətdə piyada hərəkət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən onun qanunsuz əməlləri ilə bağlı hərkətlərinə iradını bidirən zaman o, Zərərçəkmiş şəxs1 ictimai yer hesab edilən həmin küçədə nalayiq söyüşlərlə söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan, zor tətbiq edərək başı və yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət və bədəninin digər nahiyyələrinə vurub sonuncuya sağ bazu oynağının çıxığı, üst dodağın əzilmiş yarası, üst çənədə yerləşən bir ədəd dişin tac hissəsinin hissəvi sınığı, hər iki göz altı nahiyənin qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, həyat və sağlamlıq əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, 59.2-ci maddəsinə əsasən təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, “Gəncə Təhlükəsizlik Şəhər” kamerası tərəfindən qeydə alınmış video görüntünün köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 03 (üç) il, müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. “Gəncə Təhlükəsizlik Şəhər” kamerası tərəfindən qeydə alınmış video görüntünün köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar