Məhkəmə qərarları › İş №1(044)-84/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-84/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-84/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evlihimayəsində 2 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonar Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 0.214 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Kəpəz rayonu D.Qorqud küçəsində yerləşən Metallurq Mədəniyyət və İdman kompleksində saxlanılıb ünvan 3 ünvanında yerləşən Gəncə şəhər, BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qırmızı kağızın içərisində polietilenə bükülmüş ümumi təmiz çəkisi 0.214 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 17 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yanında yerdən qırmızı kağız büküm tapmış, açarkən içərisində politelinə bükülmüş heroinə bənzər kütlə olduğunu görüb cibinə qoymuşdur. Aradan bir neçə saat keçmiş polis işçiləri yaxınlaşaraq onun narkotik maddədən istifadə etməsində şübhəli olduğunu və bunun üçün də polisə getməli olduğunu bildirmişlər. Polis idarəsində ona hüquqları izah edilərək vəkilin iştirakı ilə üstündə olanları təqdim etməsi bildirilmiş, o, da əynində olan qara rəngli gödəkcənin sağ yan cibində 1 ədəd qırmızı rəngli kağızın içərisində politelinə bükülmüş heroinə bənzər kütləni təqdim etmişdir. Həmin kütlənin nə olması soruşulduqda, həmin kütlənin heroin olmasını və onu həmin gün Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yanından tapdığını bildirmişdir. O, həmin kütlədən heç kimə satmadığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini, narkotik vasitədən özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş,lakin ondan hər hansı əşya və predmet aşkar edilməmişdir. Sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən həmin kütlə açılmış, həmin kütlə açıldıqda içərisində qəhvəyi rəngli rəngli narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sonda o, etdiyi cinayət əməlindən peşman olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmaqla, himayəsində 2 azyaşlı uşağı olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafayıl oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin rəis müavini vəzifəsində xidmət edir. ünvan 1 –də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və 17 noyabr 2021-ci il tarixdə saat 21 radələrində o, və baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yaxınlığında saxlamışlar. Ona özlərini təqdim edərək onun narkotik maddə istifadə etməsində şübhəli olduğunu və bunun üçün də polisə getməli olduğunu bildirmişlər. İdarədə vəkil dəvət edərək onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində 1 ədəd qırmızı rəngli kağızın içərisində politelinə bükülmüş heroinə bənzər kütləni təqdim etmişdir. həmin kütlənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını və onu həmin gün Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yanından tapdığını bildirmişdir. Həmin kütlədən heç kimə satmadığını, kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Narkotik vasitədən özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə polis əməmkdaşları tərəfindən həmin kütlə açılmış, açıldıqda içərisində ilk görünüşdən qəhvəyi rəngli narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş həmin maddə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0.64 qram olmuş, sonra kütlə iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 digər Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək ona uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - 17.11.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 19.11.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 17.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 19.11.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - 13.12.2021-ci il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. - 17.11.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmiş, şübəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində 1 ədəd qırmızı rəngli kağızın içərisində politelinə bükülmüş heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlənin nə olması soruşulduqda, sübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını və onu həmin gün Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun yanından tapdığını bildirmişdir. Şübhəli şəxs həmin kütlədən heç kimə satmadığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şübhəli şəxs narkotik vasitədən özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə polis əməmkdaşları tərəfindən həmin kütlə açılmış, həmin kütlə açıldıqda içərisində ilk görünüşdən qəhvəyi rəngli rəngli narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş həmin maddə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0.64 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18.11.2021-ci il tarixli, 16/1224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.64 qram kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qırmızı rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyində təmiz çəkisi 0.124 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0.214 qr., tədqiqata cəmi sərf edildi 0.02 qr,qalıq 0.194 qram. - Məhkəmə-narkoloji ekspertizasının 01.12.2021-ci il tarixli, 1448 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə edir. Narkotik maddə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 19.11.2021-ci il tarixli 6000 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. - 29.11.2021-ci il tarixli 5027 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 02.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - AZE seriyalı 11328926 nömrəli və AZE seriyalı 11328927 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.07.2009-cu il təvəllüdlü Ayxan və 16.06.2013-cü il təvəllüdlü Ayan adlı iki azyaşlı uşağı vardır. - 9 saylı xidmət sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xidmət sahəsinə heç bir şikayət daxil olmamış, müsbət arakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixədə tutularaq Gəncə ŞBPİ-nin MSY-nə təhvil verilmiş, həmin tarixdə 2 saylı İstintq Təcridxanasına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17.11.2021-ci il tarixdən 19.11.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, həmçinin 10.02.2022-ci il tarixdən həbsdə saxlanıldığı 03 ay olmaqla, cəmi 03 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.194 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 32.40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 ay 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 ay 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.194 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar