Məhkəmə qərarları › İş №1(044)-87/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-87/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-87/2020 29.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyatxanov küçəsi 197, ev 38, mənzil 12-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 32-ci küçədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd göy rəngli üzərində “Levis” sözləri yazılmış sellofanda qəzetə bükülmüş təmiz çəkisi 447,5 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək sağ əlində saxlamaqla üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30-da Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz əldə edərək sağ əlində saxladığı bir ədəd göy rəngli üzərində “Levis” sözləri yazılmış sellofanda qəzetə bükülmüş təmiz çəkisi 447,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Narkotik vasitə olan marixuanadan uzun müddətdir ki, istifadə edir. Narkotik vasitədən istifadə etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Tutulmamışdan təxminən 4 gün əvvəl yaşadığı küçənin yaxınlığında sərxoş vəziyyətdə olarkən yadında qalmayan küçədə sellofanda marixuana tapmışdır. Həmin marixuanadan bir qədər istifadə etdikdən sonra küçənin yaxınlığında xatırlamadığı kolun altında saxlamışdır. O, arabir marixuananı siqaret çəkmək yolu ilə qəbul edir. Ona görə də həmin marixuananı saxlamışdır ki, lazım olanda istifadə etsin. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində həmin marixuananı çayın yanında gizlətmək məqsədilə göy rəngli sellofan torbada əlinə alıb Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsinin yaxınlığında piyada getmişdir. Yol ilə gedən zaman tanımadığı polis əməkdaşları onu saxlamış və Gəncə şəhər Nizami rayon Polis bölməsinə dəvət etmişlər. Onlara tabe olub bölməyə getmişdir. Bölmədə həmin sellofan torbada saxladığı kütlənin narkotik maddə olan marixuana olmasını etiraf etmişdir. Həmin kütlə müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 475 qram olmuşdur. Həmin marixuana onun iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Sonra polis əməkdaşı bu barədə protokol tərtib etmişdir. O, həmin protokolla tanış olduqdan sonra imzalamışdır. Narkotik vasitə olan marixuananı istifadəsi üçün saxlamışdır. Marixuananın satışı ilə heç vaxt məşğul olmamış və bu barədə fikri də olmamışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlamasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Nizami rayon Polis bölməsinin rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, bölmə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Gəncə şəhəri, A.Ziyadxanov küçəsi 197, ev 38, mənzil 12-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:30-da Gəncə şəhər Nizami rayon X4 bölməsinin əməkdaşı Şahid2 ilə birlikdə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə Şahsevənlər küçəsinin kəsişməsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Xidməti vəsiqələrini və özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və ona qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və narkotik vasitəni üzərində saxlamasında şübhəli olduğundan birlikdə Nizami rayon Polis bölməsinə gəlməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da onlarla birlikdə Nizami rayon Polis bölməsinə gəlmişdir. Nizami rayon Polis bölməsində təhqiqatçı Ruslan Novruzov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman bütün hərəkətlər video kamera vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbada olan narkotik vasitəni təqdim etmiş və həmin vasitəni yerdən tapmasını bildirmişdir. Sonra həmin narkotik vasitə təhqiqatçı Ruslan Novruzov tərəfindən tərəzidə çəkilmişdir. Bundan sonra müdafiəçinin və baxışda iştirak edən digər şəxslərlə birlikdə təhqiqatçı Ruslan Novruzov tərəfindən protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, heç bir şikayət, təklif və əlavələr daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin ekspertiza təyin edilməsi məqsədilə həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazılar və imzalar olan polietilen torbadakı, digər 1 (bir) ədəd polietilen torbada olan qəzetə bükülmüş təmiz çəkisi 447,5 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd göy rəngli üzərində “Levis” sözləri yazılmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açılmış, onun içərisində şəffaf sellofanda və qəzetə bükülmüş halda, tünd yaşıl rəngli, qurudulmuş vəziyyətdə, spesifik iyə malik olan, narkotik vasitə “marixuana”ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan “marixuana”nın ona məxsus olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 447,3 qram narkotik vasitə marixuana maddi sübut hesab edilmiş və saxlanılması üçün Gəncə şəhər Baş polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X3 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(044)-17/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün, yəni xx xxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunarkən narkotik vasitə marixuananın çəkisinin 475 qram, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 151 nömrəli ekspert rəyində isə 447,5 qram göstərilməsi tərəzi fərqi kimi qiymətləndirilmiş, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azəbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə və həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə dair işlər üzrə Azəbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən, həmçinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən onun həmin məhkumluqları ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlinə cinayətlərin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun həbsdə olduğu müddət cəza müddətinə hesablanmaqla cəzaçəkmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 447,3 qram narkotik vasitə marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 54 (əlli dörd) manat pul Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 447,3 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar