Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-87/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq-yəni, təmiz çəkisi 1,526 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla Gəncə şəhər ərazisinin müxtəlif yerlərində daşımış, 28 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər, BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Xəqani küçələrinin kəsişməsində saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, X8 küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zamanı əyinində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızın içərisində şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,526 qram maddə olan, ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərərək ifadəsində göstərdi ki, o, təxminə iyirmi ildir ki, narkotik vasitə istifadə edir. 28.10.2021-ci il tarixdə səhər saat 13 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Xəqani küçələrinin kəsişməsində yerləşən dayancağın qarşısından 1 ədəd gümüşü rəngli kağızda bükülü tapmış, bükümü açanda görmüşdür ki, içərisində 1 ədəd ağ rəngli sellofana bükülmüş içərisində kristal formasında olan patıya yəni metamfetaminə oxşar kütlə olduğunu bilərək həmin metamfetamini cibinə qoymuşdur. 28.10.2021-ci il tarixdə saat 19:00 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Xəqani küçələrinin kəsişməsi ilə gedərkən 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Gəncə şəhər Baş Polis İdarəsinə gəlməyini təklif etmişlər. O, isə polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmiş, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasında o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir əşya, predmetin olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyini bildirmişlər. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız parçası təqdim etmişdir. Həmin kağız parçası masanın üzərinə qoyularaq açılmış, açılan zaman kağız parçasının içərisində 1 ədəd ağ şəffaf polietilen kəsiyində bükülü aşkar edilmişdir. Həmin bükülüdən 1 ədədi açıldıqda içərisində ağ rəngli kristal formasında kütlə aşkar edilmişdir. Bundan sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar və onun tərəfindən üzəri imzalanmış, bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar protokola imza çəkmişlər. Həmin vaxt video çəkiliş çəkilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2008-ci ildən X4 xidmət edir, 13.09.2021-ci ildən isə Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 28.10.2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, və Gəncə BPİ-nin NMB-nin kicik əməliyyat müvəkkili, Şahid1 Məhəmməd oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti ilə Xəqani küçələrinin kəsişməsinin yaxınlığında olduğunu müəyyən edərək həmin əraziyə getmişlər, Təqsirləndirilən şəxs orada olduğunu görmüş ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra ona qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirərək, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətini qəbul edərək Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçisinin iştirakı təmin edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd gümüşü rəngli kağızın içərəsində olan şəffaf rəngli politelinə bükülmüş “metamfetaminə” bənzər kütləni təqdim etmişdir. Həmin kütlənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin “metamfetamin” olduğunu, həmin kütləni Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Xəqani küçələrinin kəsişməsi yerləşən dayancaqdan tapdığını, isdifadə etmək üçün üzərində gəzdirdiyini, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş olan bir ədəd gümüşü rəngli kağızın içərəsində olan şəffaf rəngli politelinə bükülmüş ilk görünüşdən psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aşkar edilmişdir. Şübhəlinin üzərindən aşkar edilmiş ilk görünüşdən psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 2,2 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə əvvəlki vəzyətinə qaytarılaraq zərfə qoyulmuş, bu barədə müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülər diskə köçürülmüş, eləcə də protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında dindirilmiş digər Şahid2 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan şübhəli şəxsin tutulması haqqında 28.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tütülmüş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.10.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızın içərisində şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,526 qram maddə olan, ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 29.10.2021-ci il tarixli, 16/1151 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2.2 qram metamfetaminə bənzər kütlə” və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1.526 qram olan ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəısi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir (metamfetamin çəkisi 1.526 qram, təhqiqata sərf edildi 0.1 qram, qalıq 1.426 qram). Məhkəmədə tədqiq edilmiş və işdə olan 29.11.2021-ci il tarixli video diskə baxış keçirilməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Ekspertizanın rəyi daha mötəbər sübut hesab olunduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin çəkisi 1,426 qram çəki əsas kimi qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 30.11.2021-ci il tarixli 5678 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlu 27.03.2012-ci il tarixdən dispanserdə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.11.2021-ci il tarixli 6103 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixionevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə rayon Mənzil İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 01.12.2021-ci il tarixdə Gəncə şəhər Mənzil İstismar hissəsinin 2 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 409 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 102 saylı hərbi şəhərcik bina 1, mənzil 3-də yaşayır və ailə tərkibi həyat yoldaşı X5 və oğlu X3 ibarətdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.06.2015-ci il tarixli 2(088)-186/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi həkm edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 01.11.2021-ci il tarixli, 1304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 17.12.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 21.12.2021-ci il tarixli 121-40313-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə tutularaq Nizami rayon Polis İdarəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 21.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 01.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs S.C.X10 Cinayətlər Məhkəməsinin 23.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 31.07.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə tədqiq edilmiş və işdə olan 21.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 01.11.2021-ci il tarixli 1304 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.10.2021-ci il tarixdən 30.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs A.C.Sadıqov əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs A.C.Sadıqovun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən, A.C.Sadıqov cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1.426 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.10.2021-ci il tarixdən 30.10.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bor) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13.04.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 1.426 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-87/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-87/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver