Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-90/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Gəncə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən “Mərkəzi Kitabxananın” qarşısında tanışı X5 20 manat pul müqabilində 01 (bir) ədəd kibrit qutusunun işərisində 01 (bir) ədəd gümüşü rəngli folqa kağızda, yəni təmiz çəkisi 0,324 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində Gəncə şəhər, BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən “Əminə” marketin qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Gəncə şəhər, BPİ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı üzərində daşıdığı qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd gümüşü rəngli folqa kağızda təmiz çəkisi 0,324 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda anası ilə birlikdə yaşayır. Təxminən bir il olar ki, psixotrop maddə olan metanfetamin qəbul edir. 28.07.2021-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Gəncə şəhər Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınlığında olan vaxt iki nəfər tanımadığı mülkü geyimli şəxs ona yaxınlaşaraq özünü təqdim etmiş və onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. O da onlara narazılığını bildirməyərək, həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmişdir. Gəncə şəhər BPİ-nin inzibati binasında Təhqiqat Şöbəsinin otağında müdafiəçinin və onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd kibrit qutusunun içərisində psixatrop maddə metanfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Həmin kütləni Gəncə şəhəri Nizami küçəsində yerləşən Mərkəzi kitabxanının yanında Əli adlı şəxsdən 20 manata aldığını, sonra istifadə edəcəyi üçün saxladığını bildirmiş, bundan sonra üzərindən aşkar edilmiş metanfetaminə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, sonar qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq edilmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimə nə verməmiş, nə də ki satmamış, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Əvvəllər istifadə etdiyi psixotrop maddə metanfetamini tanımadığı müxtəlif adamlardan almışdır. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, onlardan qəbul etməyini heç kim bilməmişdir. Hazırda etdiyi cinayət əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla, himayəsində azyaşlı uşağı vardır. Məhkəmədən qeyd edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi 3-cü dalan ev 7-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış 28 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində o, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Rəmiyyədin oğlu ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotok vasitlə üzərində saxlamasında şübhəli olduğu üçün Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınlığında onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş bir ədəd kibrit qutusunda ağ rəngli, kristal formaya bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunda siqaret falqasının üzərində olan kütlənin psixotorp maddə, el arasında “pati”, şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin günü Gəncə şəhəri Mərkəzi kitabxanasının qarşısında Əli adlı şəxsdən 20 manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin psixotrop maddədən heç kimə satmadığını və ya pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi falqayla birlikdə 3,45 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonar isə əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs psixatrop maddəni satmış X11 da müəyyən edilərək, tutulub təhqiqata təqdim edilmişdir. Məhkəmə iclasında Şahid2 Rəmiyyədin oğlu, digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - 27.07.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 29.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 29.07.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - 19.10.2021-ci il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. - 28.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmiş, şübəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd kibrit qutusunun içərisində metanfetaminə bənzər kütləni təqdim etmiş, Həmin əynində olan qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş kibrid qutusunun içərisində olan metanfetaminə bənzər kütlənin nə olması soruşulduqda, sübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin metanfetamin olmasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni 28.07.2021-ci il tarixdə Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Kitabxananın qarşısınıda tanışı Əli adlı şəxsdən 20 manata aldığını, sonra özü istifadə edəcəyi üçün saxladığını bildirmişdir. Şübhəli şəxs həmin kütlədən heç kimə satmadığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şübhəli şəxs narkotik vasitədən özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə polis əməmkdaşları tərəfindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd kibrit qutusunun içərisində olan kütlə açılmış, həmin kütlə açıldıqda içərisində ilk görünüşdən şəffaf ağ rəngli psixatrop maddə olan “metanfetaminə” oxşar kütlə aşkar edilmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş ilk görünüşdən ösixatrop maddə “metanfetaminə” oxşar kütlə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 3.45 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli, 16/769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,45 qram kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda və kibrit qutusunda olan 1(bir) ədəd gümüşü rəngli folqa kağızda, təmiz çəkisi 0,324 qram olan, ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetamin təmiz çəkisi – 0.324 qr., tədqiqata sərf edildi – 0.1 qr., qalıq – 0.224 qr.). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23.11.2021-ci il tarixli, 16/1205 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,45 qram kütlə” yazı “X7 üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (Metamfetamin təmiz çəkisi – 0.224 qr., tədqiqata sərf edildi – 0.5 qr., qalıq – 0.174 qr.). -Məhkəmə-narkoloji ekspertizasının 11.11.2021-ci il tarixli, 1414 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserinin 07.08.2021-ci il tarixli 2840 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. - 25.10.2021-ci il tarixli 5588 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Narkoloji Dispanser qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 10.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 14.01.2022-ci il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, X1 şəhəri Ozan küçəsi 3-cü dalan ev 3-də yaşamaqla müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.07.2017-ci il təvəllüdlü X3 adlı 1 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetamin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29.07.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri Nizami rayonu Ozan küçəsi 3-cü dalan, ev 7 ünvanını hər gün saat 22:00-dan saat 08:00dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və məhkəmə-narkoloji ekspertizasının 11.11.2021-ci il tarixli, 1414 nömrəli rəyinə əsasən o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.174 qram psixatrop maddə mütafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.8 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri Nizami rayonu Ozan küçəsi 3cü dalan, ev 7 ünvanını hər gün saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.174 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.80 (altmış manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-90/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-90/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver