Məhkəmə qərarları › İş №1(044)-91/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-91/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-91/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 16.08.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, o, 08.07.2021-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngə, ev 10-da yaşayan tanışı X1 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda 0.159 qram və 0.221 qram, ümumilikdə isə 0.38 qram təmiz çəkidə narkotik vasitə olan heroini Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında 20 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 15 radələrində yuxarıda göstərilən ünvanda yerləşən Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağız bükümlərdə olmaqla X4 aldığı ayrı-ayrılıqda 0.159 qram və 0.221 qram, ümumilikdə isə 0.38 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ildir ki, narkotik vasitə olan heroini iynə ilə qoluna vurmaqla qəbul edir. O, təxminən 1-2 aydır ki, istifadə etdiyi kokos adlandırdıqları narkotik vasitə olan heroini Gəncə şəhər 4 saylı orta məktəbin yaxınlığında yaşayan Hamlet adlı şəxsdən almışdır. O, hər dəfəsində bir istifadəlik olan bir ədəd bükümü 10 manat pulun qarşılığında Hamletdən almışdır. Hamlet adətən Gəncə şəhər 4 saylı orta məktəbin yaxınlığında gəzişdiyi üçün o, sonuncu ilə orada görüşüb narkotik vasitə almışdır. Hamlet adətən Gəncə şəhər 4 saylı orta məktəbin yaxınlığında olduğu üçün sonuncunun həmin ərazidə yaşadığını güman etsə də dəqiq yaşadığı ünvanı bilmir. 08.07.2022-ci il tarixdə həmişə olduğu kimi, yenə də Hamletlə Gəncə şəhər 4 saylı orta məktəbin yaxınlığında görüşmüş və sonuncudan 2 büküm narkotik vasitə olan heroin istəmiş, Hamlet ona bir qədər keçdikdən sonra həmişə olduğu kimi Gəncə şəhər 4 saylı orta məktəbin yaxınlığına gedib oradakı zibil qutusunun yanından narkotik vasitə olan heroini götürməyi və 20 manat pulu da həmin yerə qoymağı ona tapşırdığı üçün o, həmin gün saat 15 radələrində Hamletin dediyi yerdə olan zibil qutusunun yanına getmiş, 20 manat pulu oraya qoymuş və həmin yerdən 2 büküm «kokos» kimi dedikləri narkotik vasitə olan heroini götürmüşdür. O, həmin yerdən bir qədər aralaşıb piyada gedərkən Gəncə şəhər 4 saylı ota məktəbin yaxınlığında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını demişlər, onu Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, ona videoçəkilişlə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilən zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd ağ rəngli siqaret falqasına bükülmüş bükülü aşkar edilmişdir. Onun üzərindən aşkar olunub götürülmüş həmin iki ədəd bükülülər açılaraq içərsinə baxış keçirilmiş, orada tünd rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, hər birinin çəkisi 0,30 qram və 0,25 qram müəyyən olunmuşdur. Sonra həmin iki ədəd bükümlər aşkar edildiyi siqaret falqası ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə tərtib olunmuş protokolu onunla yanaşı digər iştirakçılar da imzalamışlar. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 08.07.2021-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra şöbənin baş əməliyyat müvəkkili Şahid2 və kiçik inspektoru Şahid3 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 4 saylı orta məktəbin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə baxış keçirtmək məqsədi ilə sonuncunu Nizami Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Nicad Hüseynova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi Polis İdarəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş vəkilə etirazı olmadığı bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd açar, bir ədəd alışqan, arxa sağ cibindən bir ədəd «İntel» markalı mobil telefon, beş ədəd 1 manatlıq əskinazlardan ibarət ümumilikdə 5 manat məbləğində pul, sağ yan cibindən isə iki ədəd ağ rəngli siaret falqasına bükülmüş bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş həmin iki ədəd bükülülər müdafiəçinin və digər iştirakçıların iştirakı ilə açılıb içərisinə baxış keçirilən zamanı oradan toz şəkilli, qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan «heroinə» bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan iki ədəd bükülülər ayrı-ayrılıqda tərəzidə çəkilmiş, çəkiləri 0,30 qram və 0,25 qram müəyyən olunmuş, daha sonra isə həmin iki ədəd bükülülər birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 0,54 qram müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə heroin olan iki ədəd bükülülər zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və möhürlənərək tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o, və baxış zamanı iştirak edən digər şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən içərisində narkotik vasitə heroin olan iki ədəd bükümlərdən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu iifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.07.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ yan cibindən iki ədəd ağ rəngli siqaret falqasına bükülmüş birinin çəkisi siqaret falqası ilə birlikdə 0.30 qram, digərinin çəkisi isə siqaret falqası ilə birlikdə 0.25 qram, ümumi çəkisi 0.54 qram olan qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə “Heroinə” oxşar kütlələr aşkar edilməklə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.07.2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin özünə məxsus olmasını və 20 manat müqabilində Hamlet adlı şəxsdən alıb özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 13.08.2021-ci il tarixdə təsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 01.10.2021-ci il tarixli 120-95853- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01.10.2021-ci il tarixdə tutularaq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan01.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 01.11.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 11.01.2022-ci il tarixli barəsində axtarış elan edilmiş şəxsin könüllü gələrək təqdim olunması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.01.2022-ci il tarixdə könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinin İnzibati binasına gələrək özünü təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 11.01.2022-ci il tarixli 264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə 25.05.2018-ci il tarixdən psixatrik maddələrdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 25.01.2022-ci il tarixli 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs davranış pozuntuları ilə müşayiət olunan keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri XBT 10 F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədəvə nisbi yaxşılaşma vəziyyətində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbayçan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinijn təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Psixio-Nevroloji Dispanseri btərəfindən verilmiş 13.04.2022-ci il tarixli 2008 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26.10.2011-ci il tarixdə dispanserə müraciət etmiş “Keçirilmiş kəlləbeyin travması nəticəsində şəxsiyyət pozuntusu, emosional-davamsız pozuntusu” diaqnozu qoyulmuşdur. Sonuncu dəfə 01.10.2014-cü il tarixdə dispanserə müraciət etmiş və bundan sonra bir daha dispanserə müraciət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli, 16/664 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Götürül 2 büküm kütlə” yazı və imzalar olan kağız paketdəki, 2 ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.159 qram, 0.221 qram, ümumi təmiz çəkisi 0.38 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir (heroinin ümumi təmiz çəkisi-0.38 qram tədqiqata sərf edildi - 0.1 qr., (hər birindən 0.05 qram) qalıq - 0.28 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30.06.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 12.10.2021-ci il tarixli, 1220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, subay olmasını, kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu, emosional-davamsız pozuntusu xəstəliyinə düçar olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhəri BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 08.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,28 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.28 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar