Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-93/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın iştirakı ilə, xx.xx.1985-ci ildə Şəmkir rayonunda doğulmuş, orta təhsilli, işləməyən, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş,məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Şəmkir Rayon Məhkəməsinin 01.07.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktına əsasən 06 ay azaldılmış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, qəsdən cinayət törətdiyinə görə Şəmkir RPŞ-nin İB-i tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək Şəmkir Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılarkən “X2 İntizam Qaydaları” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Hope” markalı “AK007” modelli, “**********00027” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş və 08.04.2020-cu il tarixdə saat 16-10 radələrində təcridxana əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı saxlanıldığı 4-cü rejim korpusun 45-ci kamerasında əynində olan gödəkçənin sağ cibində həmin qadağan edilmiş əşya daxilində danışıq kartları ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şəmkir Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli hökmü ilə Aərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkir. Şəmkir Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan zaman 08.04.2020-ci il tarixdə, təxminən saat 16:10 radələrində təcridxanada onun da saxlandığı 4-cü rejim korpusunun 45 saylı kamerasında saxlanılan şəxslərin üzərinə və kameraya əməkdaşlar tərəfindən axtarış-baxış tədbiri keçirilməmişdən əvvəl hər hansı bir qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, hər hansı qadağan olunmuş əşya varsa təhvil verilməsi təklif edilmişdir, lakin nəticə olmadığından axtarış-baxış tədbiri aparılan zaman əynində olan gödəkçənin sağ cibindən daxilində 2 ədəd danışıq kartı olan X2 İntizam Qaydaları ilə qadağan olunmuş əşya 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra hal şahidlərinin və təcridxana əməkdaşlarının iştirakı ilə həmin qadağan olunmuş əşya olan mobil telefonun aşkar edilməsi barədə protokol tərtib edilmiş, telefon isə zərfə qoyulmuş və möhürlənmişdir. Həmin mobil telefonu o, 18.03.2020-ci il tarixdə Şəmkir Rayon Məhkəməsində olarkən sanitar qovşağında tapmış, yoğun bağırsağına yeridmiş və belə vəziyyətdə təcridxanaya keçirmiş, kamera yoldaşlarından gizlətməklə özündə saxlamışdır. Həmin telefondan istifadə etməklə yaxınları və qohumlarına zəng etmək istəmiş, lakin telefon nömrələrini unutduğu üçün telefondan istifadə edə bilməmişdir. Ona məlumdur ki, mobil telefon təcridxana qadağan olunmuş əşya hesab edilir. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı X1 Bölməsinin rəisi Şahid1 ifadəsində bildirmişdir ki, 08.04.2020-ci il tarixdə saat 16:10 radələrində əldə olunmuş əməliyyat məlumatı əsasında təcridxananın 4-cü rejim korpusun 45 saylı kamerasında həbsdə saxlanılan şəxslərin üzərinə və saxlanıldıqları kameraya əməkdaşlar tərəfindən keçirilmiş axtarış–baxış tədbirləri zamanı təcridxanada həbsdə saxlanılan Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibində daxilində danışıq kartları olan 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 Gürşat oğlu və Şahid3, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadələri elan olunmuş Şahid4 və Şahid5 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 08.04.2020-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Şahid2, Şahid1, Şahid3, hal şahidləri Şahid5 və Şahid4 iştirakları ilə, 2 saylı X1 aparatına daxil olmuş əməliyyat məlumatına əsasən 08 aprel 2020-ci il tarixdə saat 16:10 radələrində 2 saylı İstintaq Təcridxanasının 4 saylı rejim korpusunun 45-ci kamerasında saxlanılan şəxslərin üzərinə və saxlandıqları kameraya qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman kamerada saxlanılan Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ cibində gizlətdiyi bir ədəd işlək vəzyyətdə, daxilində 051-51-02-09 və ***-***-**-** danışıq kartları olan, qələm formasında qara rəngli “Hope” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2020-ci il tarixli, 5/327 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd “Hope” markalı “AK007” modelli “**********00027, **********00027” imei kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır (mobil telefonun proqram təminatında olan imei kodla arxa tərəfindəki markirovka göstəricisində olan imei kod fərqlidir) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. - "xxxx" MMC-nin 16.09.2020-ci il tarixli məktubundan görünür ki, **********48162, **********48170 İMEİ kodlu mobil telefonlar 08.02.2020-ci il tarixindən 09.04.2020-ci il tarixədək Bakcell şəbəkəsində stifadə edilməmişdir. - "xxxx" MMC-nin 16.09.2020-ci il tarixli məktubundan görünür ki, 08.02.2020- 09.04.2020-ci il tarixlərində **********48162 və **********48170 İMEİ kodlu cihazın Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. - "xxxx" MMC-nin 29.09.2020-ci il tarixli məktubundan görünür ki, **********00027, **********48162 və **********48170 İMEİ kodlu mobil telefon 08.02.2020-ci il tarixindən 09.04.2020-ci il tarixədək Azerfon şəbəkəsində istifadə edilməmişdir. - Şəmkir Rayon Məhkəməsinin 2(076)-56/2020 saylı, 01.07.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 02.12.2019-cu il tarixdən hesablanması qərara alınmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 7(003)-1271/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi, Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün məhkəmə onun əməlini həmin maddəyə münasibətdə cinayətlərin residivi kimi nəzərə almır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Şəmkir Rayon Məhkəməsinin 1(076)-56/2020 saylı, 01 iyul 2020-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 7(003)-1271/2021 saylı qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmalı və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 02.12.2019-cu il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 59.94 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Hope" markalı, "AK007" modelli, "**********48162, **********48170 və **********00027" İMEİ kodlu mobil telefon aparatı və 02 ədəd danışıq kartı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 1(076)-56/2020 saylı, 01 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 7(003)-1271/2021 saylı qərarına əsasən 06 ay azaldılması nəzərə alınmaqla) hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02.12.2019-cu il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Hope" markalı, "AK007" modelli, "**********48162, **********48170 və **********00027" İMEİ kodlu mobil telefon aparatı və 02 ədəd danışıq kartı əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunsun. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 59.94 (əlli doqquz manat 94 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2nın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 66 (altmış altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-93/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-93/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver