Məhkəmə qərarları › İş №1(044)-94/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-94/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-94/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Muxtar Hacıyev küçəsi, bina 3, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ona görə ittiham edilmişdir ki, o, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. İstintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 16.09.2020-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsi, 3 nömrəli binanın həyətində Zərərçəkmiş şəxs ona məxsus 180 manat dəyərində Redmi-09 markalı mobil telefonuna baxmaq adı ilə istəmiş, sonuncu telefonunu göstərib vermək istəmədikdə əlindən alıb qaçarkən itələyib yıxmaqla Zərərçəkmiş şəxs sağ əlin və sol diz nahiyəsinin sıyrıqları ilə müşayət edilən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib 180 manat dəyərində Redmi-09 markalı mobil telefonunu açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən artıqdır ki, tanıyır. Mehman hal-hazırda onunla eyni binada yaşayır. O, heç bir yerdə işləmədiyi və anası xəstə olduğu üçün ona təcili pul lazım olmuşdur. O da pul tapmaq üçün çalışmışdır. 16.09.2020-ci il tarixdə saat təxminən 01 radələrində o, binanın həyətinə düşmüşdür. Həyətdə olarkən Mehmanı görmüşdü. O, Mehmana yaxınlaşıb salamlaşmış, pula ehtiyacı olduğu üçün ondan Redmi-7 markalı mobil telefon olduğunu demiş və Mehmandan telefon almaq istəyib-istəmədiyini soruşmuşdur. Mehman ona özünün “Redmi-9” mobil telefonunun olduğunu demiş, lakin evə telefon almaq istədiyini bildirmiş, o da Redmi 7 markalı mobil telefonu 100 manata, 10 manata isə kalonka satdığını demişdir. Mehman ondan telefon və kalonkanın harada olduğunu soruşmuş, o da Mehmana evdə olduğunu demiş, bundan sonra onun yaşadığı mənzilə getmişdir. Mehmana öz telefonunu ona verməsini demiş və həmin telefonu anasına göstərib pul alacağını bildirmişdir. Lakin Mehman ona telefonu verməmişdir. Bundan sonra onlar evin həyətinə düşmüşdür. Evin həyətində Mehmana telefonunu ona göstərməsini xahiş etmişdir. Mehman isə telefonu çıxarıb əlində ona göstərmiş lakin telefonu ona verməmişdir. O da telefonu Mehmanın əlindən alıb qaçmışdır. Mehmana fiziki təsir göstərməmişdir. Mehman onu tapa bilməsin deyə evə getməmişdir. Həmin günün səhəri Gəncə şəhərində yerləşən Univermağa gedib orada Elmir adlı satıcıya yaxınlaşmış və Mehmanın telefonunu 180 manata razılaşıb 1 ədədi 50, digəri isə 30 manata olmaqla 2 ədəd 80 manat dəyərində mobil telefon və 100 manat pul almışdır. Bundan sonra həmin 100 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Aldığı 2 ədəd mobil telefonu isə tanımadığı şəxslərə satmışdır. Mehmanın mobil telefonunu satarkən şəxsiyyət vəsiqənin surətini Elmirə vermişdir. O, mobil telefonu Mehmandan alıb qaçarkən onları kənar heç kim görməmişdir. O, telefonu Mehmandan alıb qaçmağı barədə heç kimə danışmamışdır. O, Mehmana həmin vaxt xəsarət yetirməmişdir. Mehmandakı xəsarətlər Mehman onun arxasıyca qaçarkən yıxıldığından əmələ gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mehmandan bir neçə dəfə o əvvəllər də telefon almış, hər dəfə Mehman onu aldatmışdı. Onun özünə məxsus “Redmi-9” markalı mobil telefonu vardır. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Onunla tanışlığı olsa da, hər hansı yaxınlığı olmamışdır. 16 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində o, yaşadığı binanın qarşısında Turalla qarşılaşmışdır. Həmin vaxt Tural ona Redmi-7 mobil telefonunun olduğunu və həmin telefonu satmaq istədiyini demişdir. Lakin Tural ona heç bir telefon göstərməmişdir. O da evə telefon almaq istədiyi üçün Turaldan telefonun harada olduğunu və neçəyə satdığını soruşmuşdur. Tural ona telefonun yaşadığı evdə olduğunu və 100 manata satdığını demişdir. Əlavə olaraq da Tural onda musiqi kalonkası olduğunu və 10 manata satmaq istədiyini bildirmişdi. Bundan sonra onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Orada Tural ondan onun mobil telefonunu istəmiş və həmin telefonu anasına göstərib pul alacağını demişdir. O, da Turalın oğru olduğunu bildiyi üçün Turala telefonunu verməmişdir. Bundan sonra Turalla birlikdə onun yaşadığı binanın qarşısına qayıtmışdır. Orada Tural ondan telefonuna baxmaq istədiyini demişdir. O da telefonu çıxarıb əlində saxlamış və Turala vermədən göstərmişdir. Həmin vaxt Tural telefonu əlindən alıb qaçmış, o da onun arxasıyca qaçmaq istəyəndə ayağı büdrəyərək yıxılmış və sağ əli, sol dizi sıyrılmış və xəsarət almışdır. O ayağa qalxıb Turalın yaşadığı evə getmişdir. Turalın harada olduğunu anasından soruşduqda, anası ona evdə olmadığını demiş, o da bundan sonra polisə gedərək şikayət etmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Tural ondan telefonu alıb qaçdıqdan sonra bu barədə polisə gedərək şikayət etmişdir. Tural onun əlindən telefonu alıb qaçmış, həmin vaxt o onu hədələməmişdir. O, həmin mobil telefonu 460 manata almışdır. Telefon onun özünə qaytarılsa da o zərərçəkmiş şəxslə barışmamışdır. Odur ki¸məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, hal-hazırda Gəncə şəhər Mərkəzi Univermağında telefon satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs telefon mağazasına gələn müştəri kimi tanıyır. Turalla hər hansı əlaqəsi və yaxınlığı olmamışdır. O, əvvəllər bir neçə dəfə Turala telefon satmışdır. 16 sentyabr 2020-ci il tarixdə səhər saat 09 radələrində Tural onun mağazasına gəlmiş və ona Redmi 9 markalı mobil telefonunu satmaq istədiyini demişdir. O, Turaldan həmin mobil telefonun kimə məxsus olduğunu soruşmuş, Tural ona telefonun özünə məxsus olduğunu demişdir. O da telefonu yoxlamış və 180 manata ala biləcəyini demişdir. Bundan sonra Tural telefonu razılaşıb ona satmışdır. O, telefonun imei kodlarını Turalın şəxsiyyət vəsiqəsinin surətinin arxasına yazmış və vəsiqənin surətini və mobil telefonu götürmüşdür. Bundan sonra Turala ümumi dəyəri 80 manat olan 2 ədəd Samsung və FLY markalı mobil telefon və 100 manat pul vermişdir. Tural mobil telefonları və pulu aldıqda sonra çıxıb getmişdir. Həmin gün saat 17 radələrində o, işdə olarkən adını Mehman kimi təqdim edən kişi ona yaxınlaşıb Tural adlı şəxsin ona mobil telefon satıb satmadığını soruşmuşdur. O da Mehmana Tural adlı şəxsin ona Redmi 9 markalı mobil telefon satdığını demiş və telefonu Mehman adlı şəxsə göstərmişdir. Mehman ona həmin mobil telefonun Mehmana məxsus olduğunu demişdir. O da həmin mobil telefonu satmayacağını demişdir. Bundan 1 gün sonra polis əməkdaşları işlədiyi mağazaya gələrək ona özlərini təqdim etmiş və ondan Təqsirləndirilən şəxs ona telefon satıb satmadığını soruşmuşlar. O da Turalın ona satdığı mobil telefonu və Turalın şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşları təqdim etmişdir. Daha sonra isə Nizami rayon Polis idarəsinə gedərək orada hadisə ilə bağlı izahat vermişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Tural həmin mobil telefonu ona satarkən telefonun özünə məxsus olduğunu demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.09.2020-ci il tarixli,1443 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edimiş xəsarətlər-sağ əl, sol diz nahiyələrinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri 16.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 11 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il, saat 18.30-da şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 13.112020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il 11 ay 26 gün müddətə azsadslığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli Qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 11 ay 28 gün müddətə azadlıqadan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(107)-7/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərarına əsasən ona təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 01 fevral 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. 16 dekabr 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd “Redmi 9”markaslı mobil telefonun 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180 manat müəyyən edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserin 21 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqlı olmuş və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İtitham aktına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə maddi ziyan 180 manat olmaqla ödənilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə 16.09.2020-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsi, 3 nömrəli binanın həyətində Zərərçəkmiş şəxs ona məxsus 180 manat dəyərində Redmi-09 markalı mobil telefonuna baxmaq adı ilə istəmiş, sonuncu telefonunu göstərib vermək istəmədikdə əlindən alıb qaçaraq 180 manat dəyərində Redmi-09 markalı mobil telefonunu açıq talamaqla soyğunçuluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq CM-nin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, istintaq orqanı tərəfin dən belə qənaətə gəlinmişdir ki, 16.09.2020-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, M.Hacıyev küçəsi, 3 nömrəli binanın həyətində Zərərçəkmiş şəxs ona məxsus 180 manat dəyərində Redmi-09 markalı mobil telefonuna baxmaq adı ilə istəmiş, sonuncu telefonunu göstərib vermək istəmədikdə əlindən alıb qaçarkən itələyib yıxmaqla Zərərçəkmiş şəxs sağ əlin və sol diz nahiyəsinin sıyrıqları ilə müşayət edilən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib 180 manat dəyərində Redmi-09 markalı mobil telefonunu açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər də Turalla onun arasında telefonla bağlı alqı-satqı münasibətləri olmuşdur. Tural telefonu onun əlindən alıb qaçsa da o Turalın arxası ilə gedərkən ayağı büdrəyərk yıxılmış və yıxılması nəticəsində xəsarətlər almışdır. Məhkəmə zərərçəkmiş şəxsin verdiyi ifadəni inandırıcı və işin hallarına uyğun hesab edir. Belə ki, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Mehmanda sağ əl və sol diz nahiyələrinin sıyrıqlarından ibarət xəsarətlər əmələ gəlmişdir.Həmin rəyin “ilk məlumat” hissəsində isə göstərilmişdir ki, müayinə olunanın deməsinə görə 16.09.2020-ci ildə saat 02 radələrində Tural adlı oğlan onu əli ilə vurub, telefonunu əlindən alıb qaçmışdır. Göründüyü kimi ekspert rəyində də Mehman Turalın ona əl ilə xəsarət yetirməsini göstərmişdir. Məhkəmə Turalın əlləri ilə Mehmanın ayağına xəsarət yetirə bilməsini inandırıcı hesab etmir. Onun Turalın arxası ilə qaçarkən xəsarət alması işin hallarına daha çox uyğundur. Bundan başqa iş materiallarında olan 16.09.2020-ci il tarixli şifahi ərizə protokolunun məzmunundan da göründüyü kimi o baş vermiş cinayət hadisəsi barədə məlumat verərkən Tural tərəfindən ona hər hansı xəsarət yetirilməsi barədə məlumat verməmişdir. Tural tərəfindən ona xəsarətlər yetirilmiş olsa idi Mehmanın bu barədə şifahi məlumat verməsi də qaçılmaz olacaqdı. Cinayət işinin 6-cı səhifəsində olan Zərərçəkmiş şəxs verdiyi izahatın məzmunundan görünür ki, o Turalın arxası ilə qaçmaq istəyərkən Tural ona badalaq vurmuş və nəticədə o yıxılmışdırt. Məhkəmə həmin izahatı da inandırıcı hesab etmir. Belə ki, zərərçəkmiş şəxslə müqayisədə Təqsirləndirilən şəxs daha gənc olmaqla onun hər hansı manəesiz, yəni Mehmana fiziki təsir etmədən də qaçmaq imkanı olmuşdur. Turalın öndə qaça-qaça geriyə badalaq vurması imkanları da real görünmür. (Ərizə iş materiallarına əlavə edilmişdir) Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünü etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin İİ qrup əlil olması və əməli anlaqlılığı istisna etməyən psixi pzuntu vəziyyətində törətməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır (CM 59.1.9, 59.2). Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olsa da əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuşdur. Bundan sonra o, Yevlax rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü üzrə cəza təhdidi altında olarkən hazırki iş üzrə cinayət əməlini törətmişdir. Bu hallar onun cinayət törətməyə meyilli şəxs olmasını, şəxsiyyətinin mənfi səciyyələnməsini deməyə əsas verir və onun törətdiyi əməldən peşman olmasını bildirməsi əsas götürülməklə həbslə bağlı olmayan cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin qarşısının alınmasına xidmət edə bilməz. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətinin mənfi səciyyələnməsi, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza ilə tamamilə toplanılmaqla, qəti cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 6 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq(tutularaq) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1(043)-104/2021 saylı, 05 may 2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş iki il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci ildən 13 noyabr 2020-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Redmi-9” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 manat məbləğində pul köçürülsün. (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq(tutularaq) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsun. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar