Məhkəmə qərarları › İş №1(044)-98/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-98/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-98/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1995-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd kağız bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,321 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 22 dekabr 2020-ci il tarixdə saat 17-30 dəqiqədə Gəncə şəhəri, Nizami rayonu, Nizami prospekti, 6 nömrəli məktəbin yaxınlığında «Covid-19» pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin rejiminin tələblərini pozduğu üçün Gəncə şəhər Nizami rayon PB-nin əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon Pİ-nin növbətçi hissəsinə gətirilən zaman üzərində psixotrop maddə olmasını bildirdiyinə görə orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli, cins materialdan olan şalvarın sağ yan cibindən 01 ədəd qırmızı rəngli kağız bükümündə təmiz çəkisi 0,321 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər hər hansı bir cinayət törətməmişdir. Bir neçə vaxtdır ki narkotik vasitə qəbul edir, arabir də psixotrop maddə olan metamfetamindən istifadə edir. 20 dekabr 2020-ci il tarixdə, həftənin bazar günü günorta saatlarında o, bazarlıq etmək məqsədilə Şəmkir rayonunun bazarına gedərkən yol kənarında yerdə qırmızı rəngli kağızda bükülü olmasını görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyi üçün o, həmin bükülünü götürüb açanda içərisində “şüşə” kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. Onun narkotik vasitəni tapmağını heç kəs görməmiş, heç kəsin bu barədə məlumatı olmamış, ailə üzvləri də bunu bilməmişdir. O, həmin metamfetamindən 1-2 dəfə özü istifadə etmiş, daha sonra isə üzərində saxlamışdır. 22 dekabr 2020-ci il tarixdə o, Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhəri, Nizami prospektində 6 nömrəli məktəbin yaxınlığında karantin polis postunda polis əməkdaşları onu saxlamışlar və şəxsiyyətini təsdiq edən sənədi ondan istəmişlər. O, Şəmkir rayonundan olduğu üçün və eyni zamanda üzərində psixotrop maddə olduğu üçün bir az özünü şübhəli aparmış, sənədi vermək istəməmiş, şəxsiyyəti barədə məlumat verməmişdir. Belə olan halda polislər onu Nizami rayon Polis İdarəsinə aparmışlar ki, karantin qaydalarını pozduğuna görə barəsində tədbir görülsün. Ondan üzərində hər hansı bir qadağan olunmuş əşya olub-olmaması soruşulduqda o, üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra onu Müdafiəçi1 adlı vəkillə təmin etmişlər, şübhəli kimi hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli cins materialdan olan şalvarın sağ yan cibindən qırmızı rəngli kağız bükülüdə Şəmkirdən tapdığı metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlə kağızla birlikdə aptek tərəzisində çəkilmiş və kağız bükülü ilə birlikdə ümumi çəkisi 0,72 qram olmuşdur. Bundan sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilərkən başqa hər hansı bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kağız bükülüdəki metamfetamin onun, müdafiəçinin və digər iştirakçıların iştirakları ilə zərfə qyoularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. O, əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kəsə də narkotik vasitə verməmişdir. Polis əməkdaşları onu Polis İdarəsinə aparan zaman ona qarşı heç bir zor tətbiq etməmişlər, o, heç bir təzyiq və təsirə məruz qalmamışdır. Törətdiyi əməlindən peşmançılıq keçirməsini, həmçinin onun evli olmasını və arvadının hamilə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 Sayəddin oğlu ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən X2, 2016-cı ildən isə tutduğu vəzifədə xidmət edir. O, 22 dekabr 2020-ci il tarixdə şöbənin əməliyyat müvəkkili, polis leytenantı X5 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, 6 saylı orta məktəbin yaxınlığında «Covid-19» pandemiyası ilə bağlı karantin rejimi qaydalarına nəzarəti həyata keçirmək üçün təşkil olunmuş stasionar postda olan vaxt saat 17:30 radələrində bir nəfər şəxsin yolu keçmək istədiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti barədə məlumat verməsini tələb etmişlər. Əvvəllər tanımadıqları, sonradan adının Təqsirləndirilən şəxs kimi bildikləri şəxs özü barədə məlumat verməmiş, eyni zamanda pandemiya ilə bağlı hər hansı bir icazə sənədinin olmadığını bildirmişdir. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs sərtləşdirilmiş karantin qaydalarını pozması faktı üzrə barəsində inzibati qaydada tədbir görülməsi üçün Nizami rayon Polis İdarəsinə aparmışlar, bu barədə raport yazıb İdarənin Növbətçi hissəsinə təhvil verərkən məsul növbətçi Şahid1 Təqsirləndirilən şəxs üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş və digər əşyalarının olub-olmamasını, əgər vardırsa təqdim etməsini bildirəndə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi1 adlı vəkillə təmin edilmiş, onun, əməliyyat müvəkkili polis leytenantı Şahid3, məsul növbəçi vəzifəsini icra edən, polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə vəkili Müdafiəçi1 iştirakı ilə Nizami rayon Pİ-nin Növbəçi hissəsində şəxsi baxış aparılan zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli kağıza bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə onlar tərəfindən baxış keçirilərkən bükümdə kristal formalı, psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin kütlə aptek tərəzisində çəkilmiş, bükümlə birlikdə ümumi çəkisi 0,72 qram olmuşdur. Həmin kütlə onların, Təqsirləndirilən şəxs və vəkili Xəqani Əkbərovun iştirakları ilə qablaşdırılmış, zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 110 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa bir dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini bir neçə gün əvvəl Şəmkir rayonunda bazarın yaxınlığından tapdığını, bir neçə dəfə psixotrop maddədən əvvəllər də istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər kimlərdənsə narkotik vasitə və ya psixotrop maddə alıb-almaması, kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satıbsatmaması barədə onun məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 Sayəddin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Məmmədin soyadını atasının adını daşıması üçün dəyişdirmişdir. Məmməd evlidir və onlarla birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəlcə bazarda göy-göyərti satmaqla məşğul olmuş, sonra isə ona və ailəyə ev işlərində, təsərrüfatda ona köməklik etmişdir. Son vaxtlar onun səhhətində yaranmış problemlə əlaqədar olaraq işləyə bilməmiş və onun oğluna olan nəzarəti zəifləmişdir. Buna baxmayaraq, onun səhhətində problemlər yarandığından ailənin maddi ehtiyaclarını Məmməd təmin edir. O, evdə olarkən 22 dekabr 2020-ci il tarixdə eşitmişdir ki, Məmmədi Gəncə şəhərində polislər saxlayıblar. Bundan sonra o, Gəncə şəhərinə gəlmiş və ona məlum olmuşdur ki, Məmmədi polislər postda saxlayıb Nizami rayon polisinə aparanda üzərindən psixotrop maddə çıxmışdır. O, əvvəllər Məmmədin narkotikdən və psixotrop maddədən istifadə etməsini bilməmiş, sonuncu ondan gizli şəkildə o cür işlərə qurşanmışdır. Sonra Məmməd evə buraxılanda o, Məmmədlə danışan zaman sonuncu ona bildirmişdir ki, psixotrop maddəni Şəmkirdə bazarın yanından tapmış, özü bir neçə dəfə istifadə etmiş, üzərində olarkən Gəncə şəhərində postu keçən zaman polislər saxlayıb Polis İdarəsinə aparanda üzərindən həmin psixotrop maddə aşkar edilmişdir. O, psixotrop maddənin Məmmədə məxsus olub-olmamasını soruşanda sonuncu psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. O, oğlunun əvvəllər kimdənsə narkotik vasitə və psixotrop maddə almasını, eyni zamanda Məmmədin kiməsə narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, o, 1990-cı ildən X2, 2017-ci ildən isə tutduğu vəzifədə xidmət edir. O, 22 dekabr 2020-ci il tarixdə Nizami rayon Polis İdarəsinin məsul növbətçi vəzifəsini icra edərkən həmin gün saat 17:30 radələrində Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə əvvəllər tanımadığı, sonradan adını Təqsirləndirilən şəxs kimi müəyyən etdikləri şəxsi növbətçi hissəyə gətirərək bildirmişlər ki, Gəncə şəhəri, Nizami rayonu, 6 saylı orta məktəbin yaxınlığında «Covid-19» pandemiyası ilə bağlı karantin rejimi qaydalarını yoxlamaq üçün təşkil edilmiş stasionar polis postunda olarkən Təqsirləndirilən şəxs posta yaxınlaşıb özünü təqdim etməmiş, şəxsiyyəti barədə məlumat verməkdən imtina etmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs polisin qanuni tələblərini yerinə yetirmədiyi və sərtləşdirilmiş karantin rejimi qaydalarına əməl etmədiyi üçün Nizami rayon Polis İdarəsinə gətirilmişdir. O, Təqsirləndirilən şəxs növbətçi hissəsinin X4 salmamışdan əvvəl sonuncuya üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş və digər əşyalarının olub-olmamasını, əgər vardırsa da təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi1 adlı vəkillə təmin edilmiş, onun, Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinə gətirən Nizami rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə vəkili Müdafiəçi1 iştirakı ilə Növbətçi hissədə şəxsi baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış zaman sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli kağıza bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən bükümdə kristal formalı, psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin kütlə aptek tərəzisində çəkilmiş, bükümlə birlikdə ümumi çəkisi 0,72 qram olmuşdur. Həmin kütlə onların, Təqsirləndirilən şəxs və sonuncunun vəkili Xəqani Əkbərovun iştirakları ilə qablaşdırılmış, zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 110 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı həmin şəxslərdən başqa digər kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa bir dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini bir neçə gün əvvəl Şəmkir rayonunda bazarın yaxınlığından tapdığını, bir neçə dəfə psixotrop maddədən əvvəllər də istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər kimlərdənsə narkotik vasitə və ya psixotrop maddə alıbalmaması, kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satıb-satmaması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 dekabr 2020-ci il tarixli raportdan görünür ki, Gəncə şəhər Nizami RPB-in əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 Sayəddin oğlu və polis leytenantı Şahid3 əvvəlcədən müəyyən edilmiş cədvəl əsasında Gəncə şəhəri Nizami prospektində piyada xidmətdə olan zaman karantin qaydalarını pozduğu üçün Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospekti, 6 nömrəli məktəbin yaxınlığında saxlayaraq barəsində tədbir görülməsi üçün ərazi aidiyyatı üzrə aparıb Gəncə şəhər Nizami RPİ-nin Növbətçi hissəsinə təhvil verən vaxt Təqsirləndirilən şəxs öz üzərində psixotrop maddə saxladığını bildirdiyi üçün sonuncunun üzərinə şəxsi axtarış keçirən zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli kağıza bükülmüş içərisində 0,72 qram çəkidə kristal formalı, psixotrop maddə “metamfetamin”ə oxşar kütlə aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 dekabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokodan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli kağıza bükülmüş içərisində 0,72 qram çəkidə kristal formalı, psixotrop maddə “metanfetamin”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2020-ci il tarixli, 16/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə oxşar kütlə.» sözləri olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə olan digər 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi – 0,321 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 685 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəmkir rayon polis Şöbəsinin 20.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs kimdənsə narkotik vasitə almamış və ya heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami RPİ-nin polis Bölməsinin 21.02.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs kimdənsə narkotik vasitə almamış və ya heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.01.2021-ci il tarixli, 253 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.01.2021-ci il tarixli, 253 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir. İş materiallarına əlavə edilmiş tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs arvadı hamilədir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 0,321 qram çəkidə psixotrop maddə olan metamfetaminin əldə olunma mənbəyini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından ayrıca material ayrılmış, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədilə qanunsuz əldə edib üzərində daşıyaraq saxlaması müəyyən edilmədiyindən barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə icaat başlanması üçün qərarın surəti Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,321 qram psixotrop maddə olan metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə hesab edilən metamfetaminin ekspertizadan qaytarılmış qalığı, yəni 0,301 qram psixotrop maddə olan metamfetamin Gəncə şəhər Baş Polis İdarəsində ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, cinayət işinə əlavə olunmuş bir ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş İ siyahısının İİ bəndindən görünür ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (onun əvvəllər məhkum olunmamasını, evli olmasını, arvadının hamilə olmasını) təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22.12.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 dekabr 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X1 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X3 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 kəndi ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 685 nömrəli nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,301 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bundan başqa iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,301 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar