Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-1/2023 26.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Goranboy Rayon Məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1952-ci ildə Goranboy şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, Azərbaycan Respublikası "xxxx" ASC-nin Goranboy rayon Suvarma Sistemləri İdarəsində sürücü işlədiyi dövrdə Goranboy rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ilin 21-24 fevral tarixləri üçün ona verilmiş 009146 nömrəli yol vərəqəsinə əsasən 22 fevral 2022-ci il tarixdə həmin İdarənin balansında olan “MAZ-5337” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yükqaldırıcı kranı idarə edərək Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşən GR-29 nömrəli su artezian quyusunda həyata keçirilməsi nəzərdə tutulmuş təmir işlərinin aparılması üçün Goranboy rayon Suvarma Sitemləri idarəsinin çilingərləri X30, X13 və X14 ilə birlikdə həmin əraziyə gedərək su artezian quyusundaki 100 mm diametrli, 9 metr uzunluğunda olan metal borunu çıxarmaq üçün yükqaldırıcı kranın qolunu su artezian quyusunun üzərinə doğru yönəltmiş və çilingər X3 su artezian quyusundan çıxarılması nəzərdə tutulan metal borunu kranın qoluna bağladıqdan sonra lazımi diqqət və ehtiyatlılıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda, həmin nəticələri görmədən, yəni “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 (j abzası) bəndinin tələblərini pozmaqla yükqaldırıcı kranla qaldırılmış yükün altında adamların olmamasını müəyyən etmədən yükün yerdəyişməsini həyata keçirdiyi zaman metal borunun kranın qolundan açılaraq həmin vaxt təhlükəsiz məsafəyə uzaqlaşmayan X15 üzərinə düşməsi nəticəsində sonuncunun qapalı kəllə beyin travması, baş beyin əzilməsi, C7 fəqərəsinin arxa çıxıntısının xətti sınığı, döş qəfəsinin qapalı travması, sol İ-X qabırğaların, sağ İ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı, iki tərəfli hematoraksa görə keçirilmiş torakosintesis əməliyyatından sonrakı vəziyyət TH4, TH5, TH12 fəqərələrinin cisminin kompression sınığı, onurğa kanalı və baş beyin zədələnməsi, sol said sümüklərinin 1/3 də açıq, sol baldır sümüklərinin aşağı 1/3 də qapalı sınığı, travmatik hemorragik şok İİ-İİİ dərəcəli serebral koma xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş və 26 fevral 2022-ci il tarixdə saat 06:45 dəqiqədə aldığı xəsarətlərdən müalicə olunduğu Gəncə şəhər A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ölmüşdür, bununla da o, ehtiyatsızlıqdan adam öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 fevral 2022ci il tarixdə səhər saatlarında onu Goranboy SSİ-yə çağırmışlar. İdarədən ona Goranboy rayonunun Rəhimli kənd ərazisindəki GR-29 nömrəli artezian quyusunda təmir işlərinin aparılması üçün yol vərəqəsi verilmişdir. Bundan sonra o, idarə etdiyi **-AC-*** dövlət qeydiyyat nişanlı yükqaldırıcı kranla Goranboy rayonunun Rəhimli kənd ərazisinə getmişdir. Həmin ərazidəki GR-29 nömrəli artezian quyusunda suyun azalması səbəbindən quyudakı su nasosunu çıxarmaq üçün orada həmçinin iş yoldaşları Maqsud Musayev, Elşən Abdullayev və Nizaməddin Orucov olmuşdur. GR-29 nömrəli su artezian quyusunun içindəki su nasosunu çıxarmaq üçün ilk növbədə o, kranı ərazidə quraşdırmağa başlamışdır. O, yükqaldırıcı kranı GR-29 nömrəli artezian quyusunun mühafizə zonasından kənarda quraşdırmış və kranın içində əyləşib orada işləyən işçilərdən su artezianın quyusunun qapağını açmaqlarını, daha sonra isə artezian quyusunun içindəki metal borunu krana bağlamaqlarını və ona həmin metal borunu qaldırmaq barədə təlimatlarını gözləmişdir. Aşağıda su artezian quyusunun yanında olan işçilər su atrezian quyusunun içindən çıxan metal borunu kranın qarmağına kəmər vasitəsilə bağladıqdan sonra ona həmin borunu qaldırmağını bildirmişlər. Bundan sonra o, kranı işə salıb su artezian quyusundakı metal borunu çıxarmağa başlamışdır. Metal borunun uzunluğu təxminən 9 metr olmuşdur. Boru su artezian quyusundan tamamilə çıxdıqdan sonra, borunu aşağı hissəsindən Nizaməddin Orucov tutaraq künc tərəfə gətirməyə başlamışdır. Nizaməddin Orucov borunu künc tərəfə gətirdikdən sonra, ona göstəriş verməli idi ki, o da borunu yavaş-yavaş yerə buraxsın. Lakin həmin boru ağır olduğundan boru tərpənməyə başlamış və kranın qarmağına bağlanan kəmərdən açılaraq 10 metr hündürlükdən su artezian quyusunun yanında iş görən Maqsud Musayevin üzərinə düşmüşdür. O, dərhal kranı söndürmüş, Maqsuda tərəf gəlmiş və Maqsudun sağ olduğunu görmüşdür. Bundan sonra Rəhimli kənd sakini, oradakı əkin sahələrindən birinin sahibi Elşən adlı şəxs Maqsudu dərhal öz idarə etdiyi “VAZ 2106” markalı avtomobilə mindirərək Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Maqsudu xəstəxanaya yola saldıqdan sonra o, Elşən Abdullayev və Nizaməddin Orucov ərazidə olan ləvazimatları krana toplayaraq ərazini tərk etmişlər. O, X28 rayonunda və Gəncə şəhərindəki xəstəxalarda müalicə aldıqdan sonra 26 fevral 2022-ci il tarixdə vəfat etdiyini öyrənmişdir. Yükqaldırıcı kranla metal borunun yerdəyişməsini həyata keçirən zaman Maqsud Musayevin su artezian quyusunun yanında dayandığını görməmiş və metal borunun Maqsudun üzərinə düşdükdən sonra, o Maqsudun su artezian quyusunun yanında olduğunu öyrənmişdir. Yekunda Təqsirləndirilən şəxs bildirdi ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etsə də bu mümkün olmamışdır. Etdiyi əməldən peşman olmasını, bu hadisədən sonra arvadının qəhərlənib ölməsini, İ Qarabağ müharibəsinin iştirakçısı olmasını, həmçinin yaşını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, mərhum Maqsud Musayev onun oğlu olmuşdur. X38 rayon Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışmışdır. Oğlu Maqsud işlədiyi dövr ərzində rayon ərazisindəki su artezian quyularında və digər yerlərdə təmir işlərində fəaliyyət göstərmişdir. xx.xx.2022-ci il tarixdə oğlu X38 rayonunun Rəhimli kənd ərazisindəki GR-29 nömrəli su artezian quyusundakı su nasosunun çıxarılması və təmirə gətirilməsi üçün idarənin digər işçilərdən ibarət işçi qrupu ilə həmin əraziyə yollanmışdır. Onda olan məlumata görə ərazidə ilk növbədə kran quraşdırılmışdır. Bundan sonra kran sürücüsü Qalib kranı işə salmış və kranın qolunu su artezian quyusunun üzərinə gətirmişdir ki, həmin quyudan çıxarılacaq boru kranın qoluna bağlansın. Daha sonra quyudan çıxan metal boru kranın qoluna kəmər vasitəsilə bağlanmışdır. Boru krana bağlandıqdan sonra kran sürücüsü Qalib kran vasitəsi ilə metal borunu quyudan çıxartmağa başlamışdır. Bu zaman metal borunun aşağı hissəsindən tutmuş işçilər borunu kənara çəkib yerə qoymaq istəyərkən, metal boru krana bağlandığı kəmərdən açılaraq təxminən 10 metr hündürlükdən oğlu Maqsud Musayevin üzərinə düşmüşdür. Bundan sonra Goranboy rayonunun Rəhimli kənd ərazisindəki GR-29 nömrəli su artezian quyusunun yaxınlığındakı əkin sahələrindən birinin sahibi Elşən adlı şəxs oğlunu öz avtomobilinə mindirərək Goranboy rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Daha sonra oğlu X48 şəhərindəki mərkəzi klinikaya yerləşdirilmişdir. Orada 2 gün müalicə aldıqdan sonra 24 fevral 2022-ci il tarixdə oğlu X48 şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdir. Lakin oğlu Maqud Musayev xəstəxanada 1 gün müalicə aldıqdan sonra, yəni 26 fevral 2022-ci il tarixdə səhər saatlarında xəstəxanada vəfat etmişdir. Yekunda zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirdi ki, onun oğlunun ölümündə tək Təqsirləndirilən şəxs deyil, həmçinin Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri və digər məsul şəxslərin günahı olmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Goranboy rayon Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində o, iş yoldaşları Təqsirləndirilən şəxs, Maqsud Musayev və Elşən Abdullayevlə birlikdə Goranboy SSİ-nin tapşırığına uyğun olaraq Goranboy rayonunun Rəhimli kənd ərazisindəki GR-29 nömrəli artezian quyusunda suyun azalması səbəbindən həmin əraziyə yollanmışdır. Ona və digər işçilərə artezian quyusunun içindəki su nasosunu çıxarıb, idarəyə təmirə gətirməli olduqları bildirilmişdir. GR-29 nömrəli artezian quyusunun içindəki su nasosunu çıxartmaq üçün ilk növbədə artezian quyusunun mühafizə zonasından kənarda kran quraşdırılmışdır. Kran sürücüsü Qalib isə kranın qarmağını su artezian quyusunun üzərinə çəkmişdir ki, metal boru kranın qarmağına bağlanılsın və bundan sonra da Qalib də kranın qoluna bağlanmış borunu quyudan çıxartsın. Musayev Maqsud su artezian quyusunun içində olan metal borunu 2 tərəfdən kəmərlə həmin kranın qarmağına bağlamış və kran sürücüsü Qalibə borunu krana bağladığı barədə məlumat vermişdir. Daha sonra Qalib kranı işə salaraq su artezianın quyusunun içindəki uzunluğu 9 metr olan metal borunu çıxartmağa başlamışdır. Metal boru quyudan tamamilə çıxarıldıqdan sonra borunun aşağı hissəsindən o, borunu tutaraq yavaş-yavaş quyunun mühafizə zonasından kənara çəkməyə başlamışdır. Bu zaman Elşən Abdullayev də onun yanında olmuşdur. O, borunu küncə çəkib qurtardıqdan sonra borunu yavaşca yerə buraxmış və geriyə dönmüşdür. Geriyə dönən kimi isə o, metal borunun kranın qarmağına bağlandığı kəmərdən açılaraq hündürlükdən düşməsini görmüşdür. Saniyələr içində metal boru həmin vaxt quyunun yanında olan Maqsud Musayevin üzərinə düşmüşdür. O, dərhal Maqsuda tərəf getmiş və metal borunun Maqsudun üzərində olduğunu görmüşdür. Elşən borunun bir tərəfini qaldırmış və o, Maqsudu metal borunun altından çıxartmışdır. Daha sonra Elşən, Maqsudun üzünə biraz su vurmuş, bundan sonra Maqsudun sağ olduğunu bilmişlər. O, dərhal hadisə olan ərazidən kənarda olmuş Rəhimli kənd sakini, oradakı əkin sahələrindən birinin sahibi olan Elşən adlı şəxsi yanına çağırmışdır. Elşən dərhal öz idarə etdiyi avtomobillə artezian quyusunun yanına gələrək Maqsudu avtomobilə mindirərək Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Maqsudu xəstəxana yola saldıqdan sonra o, Elşən Abdullayev və Təqsirləndirilən şəxs, ərazidə olan ləvazimatları krana toplayaraq ərazini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Goranboy rayon Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində o, iş yoldaşları Təqsirləndirilən şəxs, Maqsud Musayev və Nizaməddin Orucovla birlikdə Goranboy SSİ-nin tapşırığına uyğun olaraq Goranboy rayonunun Rəhimli kənd ərazisindəki GR-29 nömrəli artezian quyusunda suyun azalması səbəbindən həmin əraziyə getmişdir. GR-29 nömrəli artezian quyusunun içindəki su nasosunu çıxartmaq üçün ilk növbədə artezian quyusunun mühafizə zonasından kənarda kran quraşdırılmışdır. Kran sürücüsü Qalib isə kranın qarmağını su artezian quyusunun yanına çəkmişdir ki, metal boru kranın qarmağına bağlansın və Qalib də həmin bağlanmış borunu quyudan çıxartsın. Bundan sonra Maqsud Musayev su artezian quyusunun içində olan metal borunu 2 tərəfdən kəmərlə həmin kranın qarmağına bağlamış və kran sürücüsü Qalibə borunu krana bağladığı barədə məlumat vermişdir. Daha sonra Qalib kranı işə salaraq su artezianın quyusunun içindəki uzunluğu 9 metr olan metal borunu çıxartmağa başlamışdır. Metal boru quyudan tamamilə çıxarıldıqdan sonra borunun aşağı hissəsindən Nizaməddin borunu tutaraq yavaş-yavaş quyunun mühafizə zonasından kənara çəkməyə başlamışdır. Bu zaman o da Nizaməddinin yanında olmuşdur. Nizaməddin borunu küncə çəkib qurtardıqdan sonra borunu yavaşca yerə buraxmış və geriyə dönmüşdür. Geriyə dönən kimi isə metal boru kranın qarmağına bağlandığı kəmərdən açılaraq hündürlükdən düşmüşdür. Metal boru həmin vaxt quyunun yanında olan Maqsud Musayevin üzərinə düşmüşdür. O, dərhal Maqsuda tərəf getmiş, metal borunun Maqsudun üzərində olduğunu görmüş və bundan sonra Maqsudu borunun altından çıxartmışdır. Bundan sonra hadisə olan ərazidən biraz kənarda olmuş Rəhimli kənd sakini, oradakı əkin sahələrindən birinin sahibi olan Elşən adlı şəxs öz idarə etdiyi “VAZ 2106” markalı avtomobillə artezian quyusunun yanına gələrək Maqsudu avtomobilə mindirərək Goranboy rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Maqsudu xəstəxanaya yola saldıqdan sonra o, Nizaməddin Orucov və Təqsirləndirilən şəxs ərazidə olan ləvazimatları krana toplayaraq ərazini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, yaşadığı Goranboy rayonun Rəhimli kənd ərazisində əkin sahələri var və o, həmin əkin sahəsində yonca əkməklə məşğuldur. Oradaki ərazidə bir çox əkin sahələri mövcuddur. Elə bu səbəbdən də oradaki əkin sahələrinin sulanması üçün əraziyə 2015-ci ildə GR-29 saylı su artezian quyusu salınmışdır. O, ərazidə suyun azalması səbəbindən həmin su artezian quyusundakı su nasosunun nasazlığı və təmirə ehtiyacı olması barədə Goranboy rayon Suvarma Sistemləri İdarəsinə müraciət etmişdir. Müraciətindən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə su artezian quyusunun təmiri üçün Goranboy SSİ-dən həmin əraziyə texnika və işçi qüvvəsi göndərilmişdir. O da həmin vaxt əkin sahələri olan ərazidə olmuşdur. Daha sonra o, su artezian quyusunda təmir işlərilə bağlı əraziyə işçilərin gəldiyini görmüşdür. Bundan sonra işçilərə yaxınlaşmış, salamlaşmış və təxminən 300 metr aralıqdakı “VAZ 2106” markalı avtomobilinə tərəf getmişdir. Bundan sonra ərazidəki işçilər kranı artezian quyusundakı su nasosunu çıxartmaq üçün işə salmışlar. İşçilər ilk növbədə quyudakı metal boruları çıxarmağa başlamışlar. Elə birinci borunu kranın qarmağına bağlayıb havaya qaldırdıqdan sonra, birdən-birə səs küy qopmuşdur. Səs küy qopduqdan sonra o, dərhal quyuya tərəfə qaçmış və dəmir borunun hündürlükdən düşərək orada işləyən Maqsud Musayevin üzərinə düşdüyünü və xəsarətlər aldığını görmüşdür. O, dərhal təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım maşınının gec gələcəyindən ehtiyat edərək, o, dərhal özünə məxsus “VAZ 2106” markalı maşınını su artezian quyusunun yanına sürmüş və Maqsudu maşınına mindirirək Goranboy rayon Mərkəzi Xəstəxanasına tərəf yola çıxmışdır. Yolda gedərkən Goranboy SSİ-nin sahə rəisi Rasim Abdullayevi görmüş və Rasimə əl işarəsi ilə arxasınca gəlməsini bildirmişdir. Rasim Abdullayev də onun arxasınca öz idarə etdiyi “VAZ 2107” markalı avtomobillə getməyə başlamışdır. Xəstəxanaya çatdıqda həkim və tibb bacıları yardıma gələrək Maqsud Musayevi götürüb xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Bundan sonra o, hadisə baş verən əraziyə qayıtmış, həmin su artezian quyusunun ərazisindəki qapını bağlamış və yenidən xəstəxanaya qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X31, Goranboy rayon prokuroru X10, Goranboy rayon prokurorunun müavini X21, Goranboy rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X35, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri Goranboy rayonunun Rəhimli kəndi ərazisində əkin torpaq sahələrində yerləşən Azərbaycan Meliorasiya və X52 Səhmdar Cəmiyyətinin X20 İdarəsinin balansında olan GR-29 nömrəli subartezian quyusunun mühafizə zonasıdır. Həmin quyu Rəhimli kəndinin yaşayış hissəsindən təxminən 1 km aralıda, əkin torpaq sahəsində yerləşir. Quyunun ətrafı 15 metrlik setka çəpərlə torpaq sahəsindən ayrılmışdır. Həmin ərazi subartezian quyusunun mühafizə zonası hesab edilir. Quyunun mühafizə zonasında 1 ədəd 0.4 Kv-lıq transformator vardır. Həmçinin quyunun mühafizə zonasında, suyun çıxdığı borunun yanında yerdə 1 ədəd 100 mm-lik 9 metr uzunluğunda metal boru və 1 ədəd suyun çıxdığı yerə bağlanmaq üçün nəzərdə tutulmuş göy rəngli 1.5 metr uzunluğunda metal boru vardır. 100 mm-lik, 9 metr uzunluğunda olan borunun yanında çınqıl daşlar üzərində qanabənzər ləkələr vardır. Baxış iştirakçısı, Goranboy SSİ-nin kran sürücüsü Təqsirləndirilən şəxs səhər saatlarında idarənin çilingərləri X30, X13 və X14 ilə birlikdə GR-29 nömrəli subartezian quyusunun su nasosunun təmirə göndərilməsi üçün həmin nasosu çıxartmaq məqsədilə rəhbərliyin göstərişinə əsasən hadisə yerinə gəldiklərini, onun, subartezian quyusunun su çıxan yerinin 9 metrlik borusunu krana bağlayaraq yavaş-yavaş yerdən çıxarmasını, bu zaman çilingərlər Nizaməddin Orucovun və Elşən Abdullayevin borunun digər başından tutub mühafizə zonasının kənarına çəkmələrini, Maqsud Musayevin isə quyunun kənarında yerdə olan elektrik naqillərini toplamasını, qəfildən borunun krana bağlanan hissədən açılaraq yerə düşməsini və bu zaman Maqsud Musayevin başına və qoluna dəyərək xəsarət yetirməsini bildirmişdir; “Meyitə baxış keçirilməsi haqqında” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X31, Goranboy rayon prokuroru X10, Goranboy rayon prokurorunun müavini X21, Goranboy rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X35, məhkəmə-tibbi eksperti X11 və hal şahidlərinin iştirakları ilə X22 meyitinə baxış keçirtmişdir. X15 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ-in Goranboy rayon şöbəsinin meyitxanasında arxası üstə uzadılmışdır. Meyitin əynində geyim əşyaları yoxdur. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 171 sm-dir. Bədənin ümumi dəri örtüyü ağımtıl ölü rəngdədir. Əl ilə yoxlandıqda bədən səthi soyuqdur. Döş qəfəsinin ön səthində sol körpücük nahiyəsində və sol qoltuqaltı nahiyədə 6-cı və 7-ci qabırğa səviyyəsində 6x3 və 7x4 sm ölçüdə göyümtül bənövşəyi rəngli gematomlar vardır. Çürümə əlamətləri yoxdur. Başının tükləri qara rəngdə olub 3-4 sm-dir. Kəllə qapağı sümükləri tamdır. Göz yarığı qapaqlar vasitəsilə qapanmamışdır, şabalıdı rəngdədir. Göz bəbəkləri dairəvi formada olub bərabər dərəcədə genəlmişdir, əl ilə yoxladıqda burun sümüyü və qığırdaxları tamdırlar. Ağzı qapalıdır. Dili ağız boşluğunda yerləşir, dişləri yoxdur. Diş yuvaları hamardır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Baxış zamanı X17 bədəni üzərində sol saidin bayır səthində 14x4 sm ölçüdə üzərində cərrahi tikişləri olan yara aşkar edilmişdir. Həmin nahiyə deformasiyalı olub, sümük kreptasiyası eşidilir; “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Goranboy rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X31, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə götürmə aparmışdır. Götürmə vaxtı Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi kranın qarmağından açılmış 2 ədəd kəməri könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi kranın qarmağından açılmış 2 ədəd kəmər götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Həmin kəmərlər parça materialdan hazırlanmaqla dairəvi formadadır, eni 8.5 sm-dir, uzunluğu isə 1.5 metrdir. Kəmərlərin üzərində didilmə əlamətləri olmuş, lakin heç birinin tamlığı pozulmamışdır; Əmək müqaviləsindən (kontraktından) görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Goranboy SSİ (işəgötürən) arasında xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən işçi öhdəsində olan KRAN-5337 markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı kranın texniki təəhlükəsizlik qaydalarına uyğun idarə edilməsi, saz və işlək vəziyyətdə saxlanılmasını öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X24 Publik Hüquqi şəxsin 26 fevral 2022-ci il tarixli, 10 saylı (meyitin ekspertizası) rəydən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin əzilməsi, C7 fəqərəsinin arxa çıxıntısının xətti sınığı, döş qəfəsinin qapalı travması, sol İ-X qabırğaların, sağ İ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı, iki tərəfli hematoraksa görə keçirilmiş torakosintesis əməliyyatından sonrakı vəziyyət TH4, TH5, TH12 fəqərələrinin cisminin kompression sınığı, onurğa kanalı və baş beyin zədələnməsi, sol said sümüklərinin 1/3 də açıq, sol baldır sümüklərinin aşağı 1/3 də qapalı sınığı, travmatik hemorragik şok İİ-İİİ dərəcəli serebral koma bərk küt alətin (lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə metal borunun üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükləli olub saglamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb sol qabırğaların sınması nəticəsində ağ ciyərin cırılması, zədələnməsi zamanı baş vermiş daxili qan itirmə olmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1753 nömrəli, 26 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Goranboy rayonu Rəhimli kəndi ərazisində GR-29 nömrəli su artezian quyusunda təmir işlərinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış borunun altında adamların olmaması müəyyən edilmədən yükün yerdəyişməsinin həyata keçirilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin (j abzası) bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin tələbləri pozulmuşdur. Goranboy rayonu Rəhimli kəndi ərazisində GR-29 nömrəli su artezian quyusunda təmir işlərinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün altında adamların (konkret halda X15) olmamasını müəyyən etmədən yükün yerdəyişməsini həyata keçirdiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin (j abzasının) tələbləri Goranboy SSİ-də sürücü işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Su artezian quyusunda təmir işlərinin aparılması zamanı qaldırılmış yükün altında dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin tələbləri X26 tərəfindən pozulmuşdur. Su artezian quyusunda kran vasitəsilə borunun çıxarılması normativ tələblərə zidd deyil. Artezian quyusunun işçi borusunun vertikal vəziyyətdə yerləşdiyini və onun üzərində hər hansı çıxıntının olmadığını nəzərə aldıqda, həmin borunun kranın qarmağına kəmər vasitəsilə etibarlı bağlanması mümkün deyildir. Belə olan halda vertikal borunun quyudan təhlükəsiz çıxarılması xüsusi tutucu vasitələrin tətbiqi ilə təmin edilə bilərdi. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 16 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 10 may 2022-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yükqaldırıcı kranın qoluna borunu bağlamaq üçün istifadə edilmiş iki ədəd kəmər maddi sübut kimi qiymətləndirilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 may 2022-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” itizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5070 nömrəli, 01 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kranı idarə edə bilməsi üçün nəzərdə tutulan sənədləri olmadığı halda kranı idarə etməsi baş verməsinin hadisənin təşkilati səbəbi olmuşdur. Baş vermiş hadisənin texniki səbəbi yükqaldırıcı kranla qaldırılmış borunun altında adamların olmaması müəyyən edilmədən yükün yerdəyişməsinin həyata keçirilməsi olmuşdur. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il tarixdə 15 nömrəli avtokran sürücüsü vəsiqəsi verilmişdir. Kranın qolunun hərəkət zonasında insanların yerləşməsinin istisna edilməsi və ya yerləşməsi aşkar olunaraq işin dayandırılması yolu ilə hadisənin baş verməsinin mümkünlüyü istisna edilə bilərdi. Qeyd olunanları nəzərə alaraq kranın təhlükəsiz istismarı mümkün idi. Goranboy rayonu Rəhimli kəndi ərazisində GR-29 nömrəli su artezian quyusunda təmir işlərinin aparılmasında iştirak edən zərərçəkmiş X30 hadisə vaxtı təhlükəsizlik geyimlər, əlcək, dəbilqə, xüsusi formalarla təmin olunmadığı, eləcə də işin icrasına rəhbərlik etməli olan məsul şəxs iştirak etmədiyi halda həmin işin aparılmasını həyata keçirdiyinə və iş prosesi zamanı qaldırılmış yükün altında dayanmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin tələbləri tərəfindən pozulmuşdur. Goranboy SSİ-də sürücü işləyən Təqsirləndirilən şəxs Goranboy rayonu Rəhimli kəndi ərazisində GR-29 nömrəli su artezian quyusunda təmir işlərinin aparılması zamanı borunun kranın qarmağına kəmər vasitəsilə etibarlı bağlanması təmin edilmədən və kranlarla işin aparılmasının təhlükəsizliyinə cavabdeh olan şəxsin iştirakı olmadan həmin işin aparılmasını həyata keçirməsi “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.12 bəndinin tələblərinə zidd olmuşdur. Goranboy rayon Suvarma Sistemləri idarəsinin çilingəri X15 əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimatlandırılmaqla biliklərinin yoxlanılaraq işə buraxıldığını, həmin işlərin görülməsi ilə əlaqədar texniki sənədlərin tərtib edildiyini, işin təhlükəsiz görülməsi üçün müvafiq texnikaların ayrıldığını, həmçinin hadisənin baş vermə səbəb və şəraiti nəzərə aldıqda, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi X23, rəis müavini X18, baş mexaniki X19, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi X12 və sahə rəisi X7 tərəfindən X15 ölümü ilə əlaqədar texniki səbəb əlaqəli əməyin mühafizəsi və texniki təhlükəsizılik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7223 nömrəli, 18 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, yükqaldırıcı krandan istifadə edilməklə yükün yerdəyişməsi işinin aparılması zamanı kranın sazlığının yoxlanılıb-yoxlanılmaması məhkəmə tərəfindən araşdırılmalarla həll edilə bilər. Təqdim edilmiş iş materiallarında olan məlumatlarda göstərildiyi kimi, su artezian quyusunda təmir işləri aparılan zaman yükün ilməkdən düşməsi kəmərin qırılması səbəbindən deyil, metal borunun qarmağa bağlandığı kəmərdən açılması, yəni yükün düzgün ilməklənməməsi səbəbindən baş vermişdir. Həmçinin işçilərin təhlükəsizlik geyimləri ilə təmin edilmədən işə buraxılması baş vermiş hadisənin texniki səbəbi ola bilməzdi. İstehsalatda və digər sahələrdə yükqaldırıcı kranla işlərin görülməsi Azərbaycan Respublikasının dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın tələblərinə uyğun təşkil edilməli və aparılmalıdır. Həmin sahəyə dair hər hansı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında təlimat adı çəkilən qaydanın tələblərinə uyğun hazırlanmalıdır. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidmətinin X15 xx.xx.2022-ci il tarixdə xəsarət alıması və sonradan xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı və İZ formalı aktın surətindən görünür ki, təhqiqat komissiyası bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən X20 İdarəsinin rəisi X8 cavabdehliyini, 4.2-ci bəndinə əsasən idarənin çilingəri X5 cavabdehliyini, 4.3-cü bəndinə əsasən idarənin kran sürücüsü Təqsirləndirilən şəxs cavabdehliyini və 4.4-cü bəndinə əsasən idarənin Kürəkçay istismar sahəsinin rəisi X2 cavabdehliyini müəyən etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə qeyd edir ki, CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin ictimai təhlükəliliyi daha çox təqsirkarın şəxsiyyəti, onun müəyyən olunmuş qaydalara münasibəti və s. ilə əlaqədar olur. Müasir dövrdə elm və texnikanın, istehsalatın yüksək sürətlə inkişaf etdiyi bir şəraitdə ictimai münasibətləri tənzim edən çoxlu sayda qaydalar yaranır. Məhz bu səbəbdən müəyyən etinasız, laqeyd münasibət nəticəsində həmin qaydaların pozulması ehtiyatsızlıqdan törədilən adam öldürmə cinayətlərinin sayının artmasını şərtləndirir. Bu cinayət obyektiv cəhətdən məişətdə, təsərrüfatda, istehsalatda, xidməti və peşə vəzifələrinin yerinə yetirilməsi zamanı və s. hallarda müxtəlif qaydaların pozulması ilə müşayiət olunan və nəticədə başqa şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə xarakterizə olunur. Təqsirkarın hərəkət və ya hərəkətsizliyi ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmalıdır. Ehtiyatsızlıqdan adam öldürmə müxtəlif təhlükəsizlik qaydalarının kobud surətdə pozulması, təqsirkarın diqqətsizliyi, laqeydliyi, etinasızlığı, məsuliyyətsizliyi nəticəsində baş verir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs etinasız, laqeyd münasibət nəticəsində Goranboy rayonu Rəhimli kəndi ərazisində GR-29 nömrəli su artezian quyusunda təmir işləri aparan zaman yükqaldırıcı kranla qaldırılmış borunun altında adamların olmamasını müəyyən etmədən yükün yerdəyişməsini həyata keçirmiş və bu baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Bununla da “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin (j abzasının) tələbləri Goranboy SSİ-də sürücü işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuş və bu ehtiyatsızlıqdan adam ölümünə səbəb olmuşdur. CM-in 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - törətdiyi əməli etiraf edib peşman olmasını; - müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon İHB-nin Goranboy şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli xasiyyətnamə); yaşını; müharibə veteranı olmasını (əsas: iş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X34 Birliyi tərəfindən verilmiş M V № 016785 nömrəli vəsiqənin surəti). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dəyəri olmadığından iş üzrə maddi sübut - hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yükqaldırıcı kranın qoluna borunu bağlamaq üçün istifadə edilmiş iki ədəd kəmər məhv edilməli (CPM - 132.1.1), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi1 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yükqaldırıcı kranın qoluna borunu bağlamaq üçün istifadə edilmiş iki ədəd kəmər məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X9, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Müdafiəçi1 hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(045)-1/2023
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-1/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver