Məhkəmə qərarları › İş №1(045)-10/2024

Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-10/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-10/2024 04.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Füzuli rayonunun Bala Bəhmənli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Belə ki, o, tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 avqust 2023-cü il tarixdən şifahi razılıq əsasında Goranboy rayonu Xanqərvənd kənd sakini Zərərçəkmiş şəxs məxsus olmaqla həmin kənddə yerləşən 195 baş xırdabuynuzlu heyvandan ibarət fermada çoban işləməsi ilə əlaqədar ona etibar edilmiş, həmin fermada saxlanılan xırdabuynuzlu heyvanların 9 başını mənimsəyərək talamaq qərarına gəlmiş və bu məqsədlə 22 avqust 2023-cü il tarixdə hər birinin təmiz ət çıxarı 20 kq, həmin dövr üçün orta bazar qiyməti 340 manat, ümumi qiyməti 3060 manat olan 9 baş xırdabuynuzlu heyvanı tanışı Rizvan Əhmədovla birlikdə taksi kimi sifariş etdikləri Şahid3 idarə etdiyi “Vaz-2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq Rizvan Əhmədovun yaşadığı Beyləqan rayonuna aparıb, orada “Görüş” adlanan ərazidə qeyd olunan xırdabuynuzlu heyvanları Füzuli rayon sakini Şahid5 950 manata sataraq əldə etdikləri pulun onun payına düşən hissəsini özünün şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs məxsus 3060 manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, Füzuli rayonu, Balabəhmənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. O, Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarına çobanlıq etmişdir. Belə ki, 2023cü ilin iyul ayında Zərərçəkmiş şəxs fermasında çoban işləyən Namaz adlı şəxs onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs yanından ayrılacağını, özünün əvəzinə onun işləmək istəyib-istəmədiyini soruşmuşdur. O, Namazla razılaşmışdır. 30 iyul 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs fermasında çoban olaraq işləməyə başlamışdır. O, xırdabuynuzlu heyvanları təhvil alarkən heyvanların sayı 190 baş olmuşdur. Daha sonra isə 6 baş xırdabuynuzlu heyvan əlavə edilmişdir. Ümumilikdə, o, Zərərçəkmiş şəxs və onun şəriki Faiq adlı şəxsin 196 baş xırdabuynuzlu heyvanını otarmışdır. Həmin heyvanların 1 başını Zərərçəkmiş şəxs, 1 başını şəriki Faiq götürüb aparmış, 1 baş heyvan isə tələf olmuşdur. O, qalan 193 baş xırdabuynuzlu heyvanı gündə 2 dəfə, 4 saat müddətində otarmaq üçün örüş sahəsinə aparmışdır. Zərərçəkmiş şəxs bunun qarşılığında ona aylıq 300 manat məvacib verməli olmuşdur. 22 avqust 2023-cü il tarixdə uzun müddətdir ki tanıdığı, əslən Beyləqan rayonundan olan X5 onun yanına gəlmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs məxsus fermada olmuşdur. X10 bir qədər söhbət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs şəriki Faiq də fermada olmuşdur. Faiq onun üçün su, yemək, siqaret gətirmişdir. O, Rizvanla təklikdə söhbət edən zaman Rizvan Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları oğurlamalarını təklif etmişdir. O, Rizvanla razılaşmamışdır. Bundan sonra X12 birlikdə fermadan getmişdir. Təxminən 1 saat sonra Rizvan Əhmədov ona zəng edərək yenidən Zərərçəkmiş şəxs xırdabuynuzlu heyvanlarını oğurlamalarını bildirmişdir. O, bu dəfə razılaşmış və 6 baş xırdabuynuzlu heyvan hazırlayacağını bildirmişdir. 22 avqust 2023-cü il tarixdə, saat 21 radələrində Rizvan Əhmədov ağ rəngli “Vaz 2107” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə fermaya gəlmişdir. Onlar 6 baş heyvanı həmin avtomobilin yük yerinə qoymuşlar. Onlar ilk öncə Beyləqan rayonuna getmişlər. Orada 6 baş heyvanı Beyləqan rayonunda Allahqulu adlı şəxsə satmışlar. Sonradan ona məlum olmuşdur ki, Allahqulu əslən Füzuli rayonundandır. Onlar 6 baş heyvanı Allahquluya 1020 manata satdıqdan sonra o, Rizvan Əhmədov və “Vaz 2107” markalı avtomobilin sürücüsü ilə birlikdə Beyləqan rayonunda yolun qırağında yerləşən kafelərdən birində oturub yemək yemişlər. Bundan sonra, o və Rizvan Əhmədov birlikdə Füzuli rayonuna getmişlər. “Vaz 2107” markalı avtomobilin sürücüsü də, Beyləqan rayon sakini olduğu üçün orada qalmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o və X13 Seyidova məxsus 9 baş deyil, 6 baş xırdabuynuzlu heyvanı mənimsəyərək satmışlar. O, Zərərçəkmiş şəxs heyvanlarına çobanlıq etməmişdən öncə Zərdab rayonunda el arasında Fləci deyilən şəxsin heyvanlarını otarmışdır. Lakin, ona təcili pul lazım olan zaman Həci ona kömək etmədiyi üçün yanından ayrılmışdır. O, həmin “Vaz 2107” markalı avtomobilin sürücüsün əvvəllər görməmişdir. Həmin taksi sürücüsünü Rizvan çağırmışdır. Sürücü Beyləqan rayonunda yaşamışdır. Xırdabuynuzlu heyvanların oğurluq olması barədə sürücünün məlumatı olmamışdır. O, Beyləqan rayonunda yolun qırağında oturaraq yemək yedikləri kafenin adını xatırlamır. Onun Zərərçəkmiş şəxs fermasında çoban işləyməyi ilə bağlı sonuncu ilə əmək müqaviləsi olmamışdır. Əməlindən peşmandır, zərərçəkmş şəxsə dəymiş ziyanı tez bir zamanda tam olaraq ödəyəcəyinə söz verərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xaiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonu, Xanqərvənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2008-ci il tarixdən etibarən Goranboy rayonunun Xanqərvənd kəndində fermer təsərrüfatı ilə məşğul olur. Onun 195 baş xırdabuynuzlu heyvanı olmuşdur. 2023-cü ilin yaz aylarından etibarən Tərtər rayon sakini Faiqlə şərik işləmişdir. Onların 195 baş xırdabuynuzlu (quzu) heyvanlardan 58 başı Faiqə, qalanı isə ona məxsus olmuşdur. Onların Namaz adında çobanı olmuşdur. Namaz İ Qarabağ müharibəsinin iştirakçısı olmuş, başından travma almışdır. Buna görə də, Namaz əsəbləşəndə qoyunları çubuqla döymüş və bunun da nəticəsində onların bir neçə heyvanı tələf olmuşdur. Buna görə də, o, Faiqə yeni çoban tapmalı olduqlarını, Namazın heyvanları döydüyünü bildirmişdir. Həmin ərəfədə Namaz özü də onların yanından ayrılmaq istəmişdir. O, Namaza öz yerinə çobanlıq edə biləcək bir nəfəri tapmasını bildirmişdir. Namaz Xəzər adlı şəxsin qoyunlarına çobanlıq edə biləcəyini bildirmişdir. Onlar onunla razılaşmışlar. Xəzər adlı çoban 01 avqust 2023-cü il tarixdən etibarən onların 195 baş qoyununa çobanlıq etməyə başlamışdır. Əvvəlcə Xəzər normal şəkildə çobanlıq etmişdir. O, özü də fermaya gedib qoyunlara nəzarət etmişdir. 23 avqust 2023-cü il tarixdə, saat 14 radələrində onun həmkəndisi Azər ona zəng edərək xırdabuynuzlu heyvanlarının fermada olduğunu, lakin otarılmaq üçün fermadan çıxarılmadığını, çoban Xəzərin isə fermada olmadığını və telefona cavab vermədiyini bildirmişdir. O, dərhal Xəzərə zəng etmişdir, lakin onun telefonuna zəng çatmamışdır. O, Xanqərvənd kəndində yerləşən fermasına getmiş, Xəzərin orada olmdığını, heyvanların isə fermanın içərisində olduğunu görmüşdür. O, orada heyvanları sayan zaman 9 baş, cinsləri toxlu, təmiz çəkiləri 20 kq, hər birinin qiyməti 300-350 manat olan xırdabuynuzlu heyvanının olmadığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, qoyunlarının mənimsənilməsini X5 təşkil etmişdir. O, Rizvan Əhmədovu tanımamışdır. Rizvanın kim olduğunu bilməmişdir. Lakin, məlumatı olmuşdur ki, X14 zəng edərək, qoyunları hazırlamasını və birlikdə mənimsəyəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Xəzər adlı çobanı əvvəllər tanımamışdır. Xəzəri onların keçmiş çobanı Namaz onlara tapmışdır. Xəzər onun yanında 01 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixinədək qoyunlarına çobanlıq etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanla bağlı heç bir ödəniş etməsə də sonuncunu bağışlamış və ondan heç bir şikayəti tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi və buna dair müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Goranboy rayonu, Xanqərvənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun atası Zərərçəkmiş şəxs 2008-ci il tarixdən etibarən Goranboy rayonunun Xanqərvənd kəndində fermer təsərrüfatı ilə məşğul olmuşdur. O da vaxtaşırı Xanqərvənd kəndində yerləşən fermalarına gedib-gəlmişdir. Onların 195 baş xırdabuynuzlu heyvanı olmuşdur. 2023-cü ilin yaz aylarından etibarən Tərtər rayon sakini Faiq şərik olaraq onlara qoşulmuşdur. Belə ki, 195 baş xırdabuynuzlu (quzu) heyvandan 58 başı Faiqə, qalanı isə onlara məxsus olmuşdur. Onların Namaz adında çobanı olmuşdur. Namaz İ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Namaz başından travma almışdır. Buna görə də, Namaz əsəbləşəndə qoyunları çubuqla döymüşdür. Buna görə də, onlar yeni çoban axtarmışlar. Həmin ərəfədə Namaz özü də onların yanından ayrılmaq istəmişdir. Onun atası Zərərçəkmiş şəxs Namaza öz yerinə çobanlıq edə biləcək bir nəfəri tapmasını bildirmişdir. Namaz Xəzər adlı çoban olduğunu bildirmişdir. Xəzər adlı çoban 01 avqust 2023-cü il tarixdən etibarən onların 195 baş qoyununa çobanlıq etməyə başlamışdır. Əvvəlcə Xəzər normal şəkildə çobanlıq etmişdir. O özü də fermaya gedib qoyunlara nəzarət etmişdir. Onlar 23 avqust 2023-cü il tarixdə xırdabuynuzlu heyvanlarının fermada olduğu, lakin otarılmaq üçün fermadan çıxarılmadığı, çoban Xəzərin isə fermada olmadığı və telefona cavab vermədiyi barədə xəbər eşitmişlər. Atası Zərərçəkmiş şəxs dərhal Xəzərə zəng etmiş, lakin sonuncunun telefonuna zəng çatmamışdır. Atası və o birlikdə Xanqərvənd kəndində yerləşən fermalarına getmişlər, Xəzərin orada olmadığını, heyvanların isə fermanın içərisində olduğunu görmüşlər. Onlar orada heyvanları sayan zaman 9 baş, toğlu, təmiz çəkiləri 20 kq, hər birinin qiyməti 300-350 manat olan xırdabuynuzlu heyvanın olmadığını görmüşlər. Sonradan onlar öyrənmişlər ki, qoyunların mənimsənilməsini X5 təşkil etmişdir. O, Rizvan Əhmədovu tanımamışdır. Rizvanın kim olduğunu bilməmişdir. Lakin, məlumatı olmuşdur ki, X14 zəng edərək qoyunları hazırlamasını və birlikdə oğurlayacaqlarını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Xəzər adlı çobanı əvvəllər tanımamışdır. Xəzəri onların keçmiş çobanı Namaz tapmışdır. Xəzər və Rizvan birlikdə onlara məxsus 9 baş xırdabuynuzlu heyvanı mənimsəyərək başqa şəxsə satmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 30 ildir ki, heyvan alıb satır. Belə ki, onun oğlu Bakı şəhəri, Nəsimi rayonunda qəssab işləyir. O, rayondan heyvan alıb Bakı şəhərində qəssab işləyən oğluna göndərir. O, X2 uzun müddətdir ki tanımışdır. Onların uzaq qohumluqları da vardır. 22 avqust 2023-cü il tarixdə, günorta saatlarında Rizvan Əhmədov ona zəng edib 06 baş xırdabuynuzlu(quzu) heyvan satdığını, almaq istəyib-istəmədiyini soruşmuşdur. O, almaq istədiyini bildirmişdir. Rizvan Beyləqan rayonunun Daşburnu qəsəbəsinə gələcəyini, orada görüşmələrini bildirmişdir. O, Rizvanla razılaşmışdır. 22 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Rizvan ona zəng edərək gəldikləri avtomobilin xarab olduğunu, Beyləqan rayonunda “Görüş” adlı yerdə olduqlarını, onun oraya gəlməsini bildirmişdir. O, öz avtomobili ilə həmin yerə getmişdir. O, orada Rizvandan başqa tanımadığı 4 nəfərin olduğunu görmüşdür. Onlar 06 baş xırdabuynuzlu(quzu) heyvanı yerə düşürmüşlər. Həmin quzuların çəkisi 20-25 kq arasında dəyişmişdir. Onlar 06 baş quzu üçün 1000 manata razılaşmışlar. O, 800 manatı onlara vermiş, 200 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Rizvan və yanındakı tanımadığı adam onunla razılaşmışdır. 06 baş quzunu onun maşınına qoyduqdan sonra o, yaşadığı Füzuli rayonu, Qayıdış-1 qəsəbəsindəki evinə qayıtmışdır. 23 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Rizvan ona zəng edərək qalan 200 manatı verməsini tələb etmişdir. O, Rizvana pulunun olmadığını, həftənin bazar günü verəcəyini bildirmişdir. Həmin gün günorta saatlarında o, Rizvan və onun yanındakı tanımadğı şəxs Füzuli rayonu, Qayıdış-1 qəsəbənin yaxınlığında yerləşən adını bilmədiyi kafedə görüşmüşlər. Onlar yeyib-içmüşlər. Onlar ondan 200 manatı verməsini bildirsələr də, o, pulunun olmadığını bildirmişdir. Sonda o, 150 manat pul tapıb veə biləcəyini, daha sonra ondan qalan 50 manatı tələb etməmələrini bildirmişdir. Onlar razılaşmışlar. O, borc 150 manat pul tapıb Rizvana vermiş və bir daha ona zəng edib pulun qalanını istəməmələrini bildirmişdir. Bundan sonra o, öz evinə getmişdir. Allahqulu Həziuyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Rizvan Əhmədov və Təqsirləndirilən şəxs hər birinin çəkisi 20-25 kq olan 06 baş xırdabuynuzlu(quzu) heyvan almışdır. O, 06 baş xırdabuynuzlu heyvan üçün Rizvan Əhmədova və Təqsirləndirilən şəxs ümumilikdə 950 manat pul vermişdir. Onun həmin 06 baş xırdabuynuzlu heyvanın oğurluq olmasından xəbəri olmamışdır. Hətta o, bunu Rizvan Əhmədovdan soruşmuşdur. Rizvan ona heç vaxt oğurluq heyvan sata bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayır, heç bir yerdə işləmir, qardaşına məxsus olan, etibarnamə ilə idarə etdiyi “Vaz 2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, bu yolla ailəsini dolandırır. O nə X3, nə də Təqsirləndirilən şəxs Elbrus oğlunu tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 2023-cü ilin avqust ayının sonlarında Elnur adlı tanışı ona zəng edib Tərtər rayonuna müştəri olduğunu bildirmişdir. Elnur ondan müştərini neçəyə apardığını soruşmuş, o, Tərtər rayonuna müştərini 80 manata apara biləcəyini demişdir. Elnur onu Vüqarla calaşdırmışdır. O, Vüqarla danışmış və Vüqar ona demişdir ki, Tərtər rayonunda adam var, gedib həmin adamı götürəcəklər. Həmin adam maşına 4 baş quzu qoyacaq və geri qayıdacaqlar. O, razılaşmışdır. O, 22 avqust 2023-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi avtomobillə Vüqarla birlikdə Kəbirli kəndinə gəlmişdir. Onlar həmin kənddə Şahid2 götürüb Tərtər rayonuna getmişlər. Yolda Vüqar və Müsəddiq onları Tərtərə çağıran şəxslə zəngləşmişdir. Həmin şəxs onları Goranboy rayonunun kəndlərindən birinə çağırmış və yolun qırağında onları gözlədiyini bildirmişdir. O, etiraz edib Tərtərə gəlməyinə görə 80 manata danışdığını bildirmişdir. Vüqargil ona bidirmişdir ki, Goranboya getməyinə görə əlavə pul verəcəklər. Onlar Goranboy rayonuna gəlmişlər, Rizvan adlı şəxs onları qarşılamışdır. Rizvan onları Goranboy rayonunun adını bilmədiyi kəndində fermaya aparmışdır. Həmin fermada 1 nəfər şəxs olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Xəzərdir. Rizvan Xəzəri fermanın sahibi kimi təqdim etmişdir. Xəzər fermadan 3-4 ədəd içərisində paltar olan paketi gətirib maşına qoymuşdur. Bundan başqa, Rizvan və Xəzər 6 baş quzu gətirib maşına qoymuşlar. Bu zaman o, narazılıq etmişdir. O, maşının baqajına 6 baş quzunun yerləşməyəciyini bildirmişdir. Rizvan ona taksi olaraq əlavə pul verəcəyini bildirmişdir. Rizvan və Xəzər fermadan 6 baş quzunu gətirib maşının baqajına yerləşdirmişlər. Sonra onlar maşına oturmuşlar. O, maşını Goranboy rayonundan Beyləqan rayonuna sürmüşdür. Yolda Rizvan telefonda kimləsə danışıb həmin şəxsi “Görüş” adlı yerə dəvət etmişdir. Saat 23-24 radələrində onlar həmin yerə çatmışlar. Həmin yerə qara rəngli “Qaz 24” markalı avtomobil gəlmişdir, bu avtomobilin sahibi Rizvanla telefonla danışan və Rizvandan heyvanları alan şəxs olmuşdur. Rizvan 6 baş quzunu həmin şəxsə satıb ona 130 manat pul vermiş və onlara bir yerdə çörək yeməyi təklif etmişdir. Həmin yerdə kafe bağlı olduğundan Beyləqan rayonunda “Şestoy” adlanan ərazidə kafeyə getmişlər. Onlar orada yemək yemişlər. Onlar birlikdə oturmuşlar. Onlar yeməyi bitirdikdən sonra Xəzərlə Rizvan hesabı ödəmişlər. Bundan sonra Rizvan və Xəzər oturduqları kafenin qarşısından taksi ilə Füzuli rayonuna getmişlər. O, Vüqar və Müsəddiq isə onun maşını ila qayıtmışlar. O, Müsəddiqi Beyləqan rayonu, Kəbirli kəndində, yaşadığı evin qarşısında düşürdükdən sonra Vüqarı düşürüb evə getmişdir. Səhəri gün Vüqar ona zəng edib onları Bakı şəhərinə aparmağını istəmişdir. O da onları Bakıya aparmaqdan imtina etmişdir. Bu hadisədən 1 həftə sonra o bilmişdir ki, Rizvan və Xəzərin gətirdiyi heyvanlar oğurluqdur. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüqar ona demişdir ki, Tərtərdə onun maşınına 4 baş quzu qoyulacaq. O, həmin sifarişə əsasən Tərtər rayonuna getmiş, oradan sifarişi verən Rizvan onları Goranboy rayonuna dəvət etmişdir. O, Goranboy rayonuna Rizvanın dediyi yerə getmiş, orada onun maşınına 6 baş quzu qoyulanda o etiraz etmiş, bu zaman Xəzər heyvanlardan 2 baş quzunun onun quzusu olduğunu bildirmiş və heyvanların pulunu verəcəklərini dediklərindən o razılaşıb 6 baş quzunu maşınının baqajına qoymuşdur. O, heyvanların oğurluq olmasından şübhələnməmişdir. Nə Rizvan, nə də Xəzər Zərərçəkmiş şəxs məxsus fermadan oğurluq etmələri barədə əvvəlcədən ona və onunla Goranboy rayonuna getmiş Vüqar və Müsəddiqə məlumat verməmişlər, onlar oğurladıqları heyvanı satıb, əldə etdikləri puldan Müsəddiqə və Vüqara 1 manat belə pul verməmişlər. Rizvan ona onları Goranboy rayonundan Beyləqan rayonuna gətirməyi üçün 130 manat taksi pulu vermişdir. Bundan başqa, yolda Rizvan Müsəddiqə 1 qutu siqaret almış, marketdən enerji içkiləri almış və həmin gecə onlar Beyləqan rayonunda “Şestoy” adlanan əraziyə getmişlər, orada Rizvan onlara qonaqlıq vermişdir. O, heyvanların oğurluq heyvanlar olduğunu bilsəydi, həmin heyvanları gətirməzdi. Rizvan Allahqulu adlı şəxsə satdığı quzuların oğurluq olduğunu bildirməmiş, özünün olduğunu bildirərək onu da aldatmışdır. Hadisə baş verən gün Rizvan və Xəzər onun maşınına 6 baş quzu qoymuşdur. O, bu quzuların erkək yaxud dişi olduğunu bilməmiş, quzuların hər birinin diri çəkisi 18-20 kq olmuşdur. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Müsəddiq ifadəsində bildirmişdir ki, o, Beyləqan rayonu Kəbirli kəndində yaşayır, heç bir yerdə işləmir, kənd sakinlərinin əkin sahələrini suvarmaqla ailəsini saxlayır. O, X3 təxminən bir ildir ki, tanıyır. Belə ki, bir il bundan əvvəl o, alimentə görə Beyləqan rayon məhkəməsi tərəfindən inzibati həbs olunub Beyləqan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılarkən Rizvanı tanımışdır. O, Rizvanın konkret olaraq hansı əməlinə görə inzibati qaydada həbs olunduğunu bilməmişdir, Rizvanın özünün ona deməyinə görə bankın pulunu vermədiyinə görə həbs olunmuşdur. Həbsdən çıxandan sonra Rizvanla onun əlaqəsi davam etmiş, bir-biri ilə telefon əlaqəsi yaratmışlar, hətta Rizvan həbsdən çıxandan sonra Kəbirli kəndinə onların evinə gəlmiş, həmin gün o, Rizvanı qonaq kimi qarşılamışdır, Rizvan onun evində bir gün qonaq qalıb getmişdir. Təxminən 2 ay bundan əvvəl, 2023-cü il avqust ayının sonlarında Rizvan ona zəng edərək Tərtər rayonunda olduğunu, xalası oğlunun yanında olduğunu, xalası oğlunun 4 baş qoyun verdiyini, həmin qoyunu Beyləqan rayonuna aparmaq üçün taksi axtardığını bildirmiş və ondan xahiş etmişdir ki, ona maşın tapsın. Onun öz maşını olmadığından tanışı, Beyləqan rayonu Örənqala kəndində yaşayan Şahid4 zəng etmişdir. Vüqar da onun kimi suçudur, kənddə müxtəlif şəxslərin sahələrini suvarır. O, Vüqara Tərtər rayonuna gedib-gəlməyə taksi axtardığını bildirmişdir. Vüqar ona demişdir ki, tanışı var, Tərtər rayonuna gedib-gəlməyə neçə manat pul alacağını soruşub ona xəbər verəcəkdir. Bir neçə dəqiqədən sonra Vüqar ona zəng edib Cəfər adlı tanışının Beyləqandan Tərtər rayonuna gedib-gəlməyə 100 manat pul istədiyini bildirmişdir. O, Rizvana zəng edib taksinin Tərtər rayonuna 100 manata gələ biləcəyini demiş, Rizvan ona demişdir ki, taksini Tərtərə göndərsin. O, Vüqara demişdir ki, taksini Tərtərə göndərsin, taksini Tərtərdə Rizvan qarşılayacaqdır. Vüqar ona təklif etmişdir ki, Tərtərə birlikdə getsinlər, o da bikar olduğundan Vüqarla birlikdə sonuncunun tanışı Cəfərin sürdüyü VAZ- 2107 markalı avtomobillə Tərtər rayonuna getmişlər. Onlar saat 16 radələrində Beyləqandan çıxmışlar, təxminən 2 saata Tərtər rayonuna çatmışlar. O, Tərtər rayonunda Rizvana zəng edib Tərtərdə olduğunu bildirmişdir, Rizvan onlara olduğu yeri demiş, taksi sürücüsü Cəfər əvvəl etirazını bildirib Tərtərə gəlməyə 100 manata danışdığını, Rizvanın dediyi yerin Goranboy rayonu olduğunu bildirmişdir. Rizvan özü yol maşını ilə onların olduqları yerə gəlib onlarla birlikdə xalası oğlu kimi təqdim etdiyi şəxsin olduğu fermaya maşını sürdürmüş. Rizvanın onları apardığı ferma Goranboy rayonunun ərazisinə düşmüş, ancaq həmin ərazinin hansı kəndin ərazisi olduğunu bilməmişdir. Fermada bir nəfər şəxs olmuş, həmin şəxsin adı Xəzər olmuşdur. Rizvan Xəzəri onlara təqdim edib xalası oğlu olduğunu, fermanın sahibinin Xəzər olduğunu və Xəzərin özünə quzu verdiyini demişdir. Rizvanla Xəzər fermaya girib oradan 6 baş quzu götürmüşlər, quzuların 5 başı erkək, 1 başı dişi olmuşdur. Rizvanla Xəzər quzuları maşının baqajına yerləşdirmişlər, maşının sürücüsü Cəfər Rizvana etirazını bildirib ona 4 baş quzu götürüləcəyini, nə üçün 6 baş quzu qoyulduğunu soruşmuşdur. Xəzər Cəfərə demişdir ki, quzuların 2 başını özü üçün götürür. Onlar maşına əyləşmişlər, Vüqar qabaqda sağ oturacaqda oturmuş, o, Rizvan və Xəzər isə arxada oturmuşlar. Onlar Goranboy rayonundan Beyləqan rayonuna gəlmişlər. Yolda Rizvan kiminləsə telefonla danışıb həmin şəxsi Beyləqan rayonunda “Görüş” deyilən yerə dəvət etmişdir. O, sonradan bilmişdir ki, Rizvanın telefonla danışdığı həmin şəxs Allahqulu adlı şəxsdir. Allahqulu qəssablıqla məşğuldur, Rizvan Beyləqana gətirdiyi quzuları Allahquluya satmaq barədə əvvəlcədən danışıb razılaşmışdır. Onlar saat 22 radələrində Beyləqan rayonunda “Görüş” deyilən yerə gəlib çatmışlar, Allahqulu “Görüş” deyilən yerə qara rəngli QAZ-24 markalı avtomobillə gəlmişdir. Rizvan 6 baş quzunu Allahquluya 1050 manata satmaq barədə razılaşmış, Allahqulu Rizvana “Görüş” deyilən yerdə 800 manat pul vermiş, qalan 250 manatı sonra verəcəyini bildirmişdir. Allahqulu Rizvandan aldığı quzuları “QAZ-24” markalı maşınına qoyub aparmış, Rizvan Cəfərə 130 manat pul vermişdir. Sonra Rizvan onlara təklif etmişdir ki, gedib haradasa çörək yesinlər. Onlar Cəfərin maşını ilə Beyləqan rayonuna gəlmişlər, Beyləqanda kafelər bağlı olduğundan Beyləqan rayonunda “Şestoy” adlanan ərazidə kafeyə getmişlər. Onlar orada yemək yemişlər. Cəfər də onlarla oturmuşdur. Onlar yeməyi bitirdikdən sonra Xəzərlə Rizvan hesabı ödəmişlər. Bundan sonra Rizvan və Xəzər oturduqları kafenin qarşısından taksi ilə Füzuli rayonuna getmişlər. O, Vüqar və Cəfər isə sonuncunun maşını ilə qayıtmışlar. Onlar onu Beyləqan rayonu, Kəbirli kəndində, yaşadığı evin qarşısında düşürdükdən sonra çıxıb getmişlər. Bu hadisədən 1 həftə sonra Goranboy rayon prokuroluğundan onun mobil telefonuna zəng gəlmiş, Zərərçəkmiş şəxs adlı şəxsə məxsus quzuların Rizvan Əhmədov və Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı, bu barədə izahat verməli olduğu bildirilmişdir. O, həmin vaxt quzuların oğurluq olduğunu öyrənmişdir. X16 və Təqsirləndirilən şəxsla əlaqəsi olmadığından, harada olduqlarını bilmədiyindən və maddi vəziyyəti çətin olduğundan Goranboy rayon prokurorluğuna gedib izahat verə bilməmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rizvan və Xəzər özlərini elə aparırmışlar ki, sanki Xəzər fermanın yiyəsi idi, Rizvan isə quzuları Xəzər tərəfindən ona verilmiş hədiyyə kimi götürmüş. Rizvan maşının baqajına 6 baş quzunu qoymaq istəyəndə sürücü Cəfər Rizvana bildirmişdir ki, o, 4 baş quzunu aparmağa razılaşmış, bu zaman Xəzər 2 baş quzunun özününkü olduğunu bildirmiş, özü üçün götürdüyünü demiş və sürücüdən xahiş etmişdir ki, maşının baqajına 6 baş quzu qoysunlar. Bundan başqa, onlar maşına minib gələrkən Xəzər də onlarla birlikdə maşına minmiş, onlar Xəzərdən nə üçün fermasını sahibsiz qoyduğunu soruşmuşlar. Xəzər yaxınlıqdakı fermanı göstərib həmin fermada çobanların olduğunu və bu çobanların özünün fermasına da nəzərat edəcəyini bildirmişdir. Onlar da Xəzərin bu sözünə inanmışlar. Nə Rizvan, nə də Xəzər Zərərçəkmiş şəxs məxsus fermadan oğurluq etmələri barədə əvvəlcədən ona və onunla Goranboy rayonuna getmiş Vüqar və Cəfərə məlumat verməmişlər, onlar oğurladıqları heyvanı satıb, əldə etdikləri puldan ona və Vüqara 1 manat belə pul verməmişlər. Rizvan yalnız Cəfərə 130 manat taksi pulu vermişdir. Bundan başqa, yolda Rizvan ona 1 qutu siqaret almış, marketdən enerji içkiləri almış və həmin gecə Beyləqan rayonunda “Şestoy” adlanan əraziyə getmişlər, orada Rizvan onlara qonaqlıq vermişdir. Rizvan Allahqulu adlı şəxsə satdığı quzuların oğurluq olduğunu bildirməmiş, özünün olduğunu bildirərək onu da aldatmışdır. Hadisə baş verən gün Rizvan və Xəzər Cəfərin maşınına 6 baş quzu qoymuşdur. Bu quzuların 5 başı erkək, 1 başı dişi olmuş və hər bir quzunun diri halda çəkisi 20-25 kq olmuşdur. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Vüqar ifadəsində bildirmişdir ki, Beyləqan rayonunun Örənqala qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2023-cü ilin sentyabr ayınadək fəhlə işləmişdir. Artıq onun ürəyində problem olduğu üçün işləyə bilmir. O, X3 2021 -ci il tarixdə tanımışdır. O, Rizvan Əhmədovla birlikdə 2021-ci il tarixdə əkin sahəsində tanış olmuşlar. Belə ki, əkin sahəsinin sahibi onu və Rizvan Əhmədovu fəhlə olaraq öz torpaq sahəsini suvarmaq üçün çağırmışdır. Onlar orada Rizvan Əhmədovla həmsöhbət olmuşlar. Həmin vaxt Rizvanla birlikdə “Mosu” ləqəbli Müsəddiq adlı şəxs də onlarla fəhləliyə gəlmişdir. 2023-cü ilin yay aylarında o, Müsəddiqlə birlikdə yenə də əkin sahəsini suvarmışlar. 22 avqust 2023-cü il tarixdə Müsəddiq ona zəng edib dostunun heyvan aldığını, Tərtər rayonuna getməli olduqlarını, taksi ilə həmin heyvanları Beyləqan rayonuna aparmalı olduqlarını, tanış taksinin olub-olmadığını soruşmuşdur. O, Müsəddiqə Beyləqan rayonunda Cəfər adlı şəxsin olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğunu, onunla birlikdə gedə biləcəklərini bildirmişdir. O, Cəfərə zəng edib bu barədə məlumat vermişdir. Cəfər razılaşmışdır və ona yoldaşlı şəkildə gedib heyvanları birlikdə gətirmələrini bildirmişdir. O, razılıq vermişdir. 22 avqust 2023-cü il tarixdə, saat 18 radələrində o, Müsəddiq və Cəfər sonuncuya məxsus avtomobillə Tərtər rayonuna yola düşmüşlər. Onlar Tərtər rayonuna çatdıqdan sonra bir qədər orada gözləmişlər. O, Müsəddiqdən qoyunları hansı dostunun aldığını soruşmuşdur. Müsəddiq həmin şəxsin Rizvan olduğunu bildirmişdir. Müsəddiq Rizvana zəng edib harada olduğunu soruşmuşdur. Rizvan Goranboy rayonuna gəlmələrini bildirmişdir. Onlar Goranboy rayonuna getmişlər. Rizvan Goranboy rayonunun Xanqərvənd kəndində olan işıqforun yanında dayanmışdır. Onlar Rizvanı götürmüşlər və birlikdə Xanqərvənd kəndində yerləşən fermaya getmişlər. Fermanın içində Xəzər adlı şəxs onları qarşılamışdır. Rizvan və Xəzər 06 başqa xırdabuynuzlu heyvanı Cəfərin “Vaz 2107” markalı avtomobilinin baqajına yükləmişlər. O, Rizvan, Xəzər, Müsəddiq və Cəfər birlikdə sonuncuya məxsus avtomobillə Beyləqan rayonuna qayıtmışlar. Onlar 23 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonunda olan “Görüş” adlı yerə çatmışlar. O və Cəfər əl-üzlərini yuyub qayıdanda gətirdikləri 06 baş xırdabuynuzlu heyvanın “Volqa” markalı, qara rəngli avtomobilin yük yerində olduğunu görmüşlər. Başa düşdüyü qədəri ilə Rizvan və Xəzər 06 baş xırdabuynuzlu heyvanı “Volqa” markalı qara rəngli avtomobilin sahibinə satmışlar. Onlar birlikdə Beyləqan rayonunun Xaçın qəsəbəsinə gedən yolun üzərində yerləşən yolkənarı kafeyə getmişlər. Onlar orada yeyib-içmişlər. 23 avqust 2023-cü il tarixdə, saat 05 radələrində Cəfər onu Beyləqan rayonunun Örənqala qəsəbəsində yaşadığı evin qarşısına düşürmüşdür. Bundan sonra onun onlarla heç bir əlaqəsi olmamışdır. Daha sonra onun telefonuna Gornboy rayon prokurorluğundan zəng gəlmişdir. O, həmin vaxt Beyləqan rayonuna gətirdikləri 06 baş heyvanın Rizvan və Xəzər tərəfindən oğurlandığını öyrənmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Rizvan, Xəzər, Müsəddiq və Cəfər sonuncuya məxsus avtomobillə Goranboy rayonundan Beyləqan rayonuna hər birinin çəkisi 25 kq olan 06 baş heyvan gətirmişlər. O, həmin heyvanların oğurluq olduğunu bilməmişdir. O, həmin 06 baş heyvanın Rizvan Əhmədova məxsus olduğunu bilmişdir. Çünki, Müsəddiq ona həmin heyvanların Rizvan Əhmdovun olduğunu bildirmişdir. Goranboy rayon prokurorluğundan ona zəng gələndən sonra o, Müsəddiqə zəng vurmuş və həmin heyvanların oğurluq olduğunu niyə ondan gizlətdiyini soruşmuşdur. Müsəddiq özünün də bundan xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 hal şahidlərinin iştirakı ilə Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermaya baxış keçirtmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, sözügedən fermadan Xəzər adlı şəxs 9 baş xırda buynuzlu heyvanı oğurlamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 18:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Tutulmuş şəxsin azad edilməsi və təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy şəhər Mərkəzi Bazarının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Goranboy rayonunun ərazisində 2023-cü ilin avqust ayı üçün, təmiz çəkisi 20 kiloqram olan bir baş quzunun qiyməti 320 manat təşkil edir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş DİNnin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7530 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 9 baş təmiz ət çıxarı 20 kq olan quzunun hadisə baş verən tarixə, yəni, 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3060,00 manat (9 baş x 340,00 manat) müəyyən olunmuşdur (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.); İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(045)-10/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət Məcəlləsi 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti tələbi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxslər barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1ci maddəsində göstərilən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən yuxarıda qeyd olunan hallar, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət və məhkəmə qərarı ilə tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdən hal hazıradək isə məhkəmənin qərarı əsasında tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 ay 24 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsi -198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01-03 sentyabr 2024-cü il tarixdə tutulduğu 2 (iki) gün və 24 aprel 2024-cü ildən hal-hazıradək həbsdə saxlanıldığı 2 (iki) ay 10 (on) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 07 (yeddi) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar