Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-10/2025 16.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Goranboy rayonunun Qaşaltı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Goranboy rayon X7 Hüquqi Şəxsinin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, həmçinin şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdən hal-hazıradək Goranboy rayon X7 Hüquqi Şəxsinin direktoru kimi fəaliyyət göstərməsi ilə bağlı “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 5.1 və 5.13-cü bəndlərinin tələblərinə əsasən həmin müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirməklə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməli, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etməli, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etməli və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməli olduğu halda, bunlara əməl etməyərək vəzifəli şəxs kimi öz xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Goranboy rayon X7 Hüquqi Şəxsinin tabeliyində olan Dəliməmmədli Ailə Sağlamlıq Mərkəzinin istifadəsinə verilmiş və həmin dövrə dəyəri 20.767,96 (iyirmi min yeddi yüz altmış yeddi manat doxsan altı qəpik) manat təşkil edən “Sysmex” markalı “KX-21N” seriya nömrəli qan analizatoru cihazını 08 sentyabr 2022-ci il tarixdə hər hansı əqd bağlamadan istifadə etməsi üçün daha əvvəl birgə çalışdığı və şəxsi münasibətləri olan, hazırda "xxxx" MMC-nin baş həkimi vəzifəsində işləyən Şahid5 verməklə həmin vaxtdan sonrakı dövrdə tibb müəssisəsinin laboratoriyasına müraciət edən şəxslərə vaxtında tibbi xidmət göstərilməməsinə səbəb olmaqla, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tibb müəssisəsinə müraciət etmiş fiziki şəxslərin (əhalinin) keyfiyyətli tibbi yardım almaq hüquqlarının təmin edilməsi barədə tələbləri pozaraq dövlətin səhiyyə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Goranboy rayon X7 Hüquqi Şəxsinin direktoru kimi “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 5.1 və 5.3-cü bəndlərinin tələblərinə əsasən həmin müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirməklə müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin edərək əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməli və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməli olduğu halda, bunlara əməl etməyərək vəzifəli şəxs kimi öz xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 16 iyul 2024-cü il tarixdə baldızı X5 vasitəsilə ona müraciət etmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 2024-cü ilin iyul çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə göndərilməli olan X1 qızılca xəstəliyinə yoluxmadığı halda, həmin xəstəliyə yoluxmasına dair saxta arayış hazırlanması barədə verdiyi müvafiq tapşırıq əsasında Goranboy rayon X7 Hüquqi Şəxsində hazırlanmış rəsmi sənəd hesab edilən xx.xx.2024-cü il tarixli 1669 nömrəli arayışa X6 “Qızılca B05.8” diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatlar daxil edib həmin arayışı öz imza və möhürü ilə təsdiq edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla Əlişan Səfərovun müvafiq çağırış üzrə vaxtında müddətli həqiqi hərbi xidmətə göndərilməməsinə səbəb olaraq dövlətin səfərbərlik və hərbi xidmətə çağırış, həmçinin səhiyyə sahələrində qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 308.1 və 313-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından hazırkı vaxtadək Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyir. Əlişan Səfərovu qiyabi olaraq tanıyır. Belə ki, iyul ayının əvvəlində baldızı Aynur ona zəng edərək, bir nəfər şəxsi müayinə üçün yanına göndərəcəyini bildirmişdir. Bundan sonra, 16 iyul 2024-cü il tarixdə həmin şəxs, yəni X10 rayon Mərkəzi Xəstəxanasına gəlmiş, o, həmin şəxsi xidməti otağında müayinə etmiş və Əlişanın hərarətinin olmasını görmüşdür. Daha sonra xəstəxananın infeksion şöbəsinin müdiri Xanım həkimi yanına çağıraraq həmin xəstə ilə maraqlanmasını xahiş etmişdir. Buna görə də, xəstə infeksion şöbədə müayinə olunmuş, müayinədən sonra xəstəyə qızılca diaqnozu qoyulmuş və bu barədə vətəndaşa müvafiq arayış verilmişdir. Həmin arayışı isə o, imza və möhürü ilə təsdiq etmişdir. O, X9 sakini kimi bilmiş, Əlişanın müddətli hərbi xidmətdən möhlət almaq üçün saxta qızılca arayışı əldə etmək üçün Bakı şəhərindən Goranboy rayonuna gəlməsindən məlumatı olmamış, baldızı Aynur Əlişan gəlməmişdən öncə ona zəng etmiş, Əlişanı müayinə edərkən hərarətini əli ilə müəyyən etmiş və Əlişanın qızılca xəstəliyindən əziyyət çəkmədiyi halda, qızılca olması barədə saxta arayış hazırlanması üçün göstəriş verməmişdir. Bundan başqa, Dəliməmmədli ASMnin balansında olan qan analizatoru cihazı 2022-ci ildə əvvəllər tanıdığı Elçin həkimə onun göstərişi ilə təhvil verilmişdir. Həmin cihaz Dəliməmmədli ASM-də qalsa idi yararsız vəziyyətə düşə biləcəyindən ehtiyat etdiyi üçün təmir olunması və sonradan istifadə olunması məqsədilə və zəruri xidmətlə əlaqədar əvvəllər münasibətlərinin yaxşı olduğu Elçin həkimə təhvil vermişdir. Bütün bunların nəzərə alınaraq, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Goranboy rayon Mərkəzi Xəstəxanasının hüquqşünası kimi çalışır. Çalışdığı xəstəxananın direktoru Təqsirləndirilən şəxs CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsi və həmin iş üzrə Goranboy RMX-nın zərərçəkmiş hüquqi şəxs qismində tanınması ona məlumdur. Xəstəxananın balansında olmuş “Sysmex markalı” KX-21N seriya nömrəli qan analizatoru cihazının 2 ilə yaxın başqa özəl tibb müəssisəsində istifadə olunması barədə məlumatlı olmamışdır. Belə ki, cihazlar və avadanlıqlara nəzarət hüquq şöbəsinə aid məsələ olmamışdır. Bu səbəbdən də həmin cihazın xəstəxanadan kənarda istifadə olunması barədə onda hər hansı məlumat olmamışdır. “Sysmex markalı” KX-21N seriya nömrəli qan analizatoru cihazının hər hansı əqd bağlanmadan, “TƏBİB”-dən müvafiq razılıq alınmadan xəstəxananın direktoru Təqsirləndirilən şəxs tərəfindən əvvəllər Goranboy RMX-da həkim kimi çalışmış Şahid5 aktla verilməsi, hazırda cihazın Goranboy rayon Mərkəzi Xəstəxanasına təhvil verilməsi, həmçinin Əlişan Səfərova qızılca olması barədə xəstəxana tərəfindən verilmiş əsassız arayışdan məlumatlı olmamışdır. Hazırda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən 2022-ci ilədək Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim-laborant kimi çalışmışdır. O, xəstəxanada çalışdığı dövrdə laboratoriyada müəyyən analizlərin götürülməsində və tədqiqatında çalışmışdır. O, 2022-ci ilin sentyabr ayının əvvəllərində xəstəxanada çalışdığı dövrdə paralel olaraq Naftalan şəhərində yeni istifadəyə verilmiş "xxxx" sanatoriyasında baş həkim kimi çalışmağa başlamışdır. Goranboy RMX-nın tabeliyindəki Dəliməmmədli şəhər sahə xəstəxanasında qan analizatoru cihazı olmuşdur ki, həmin cihaz işlək vəziyyətdə olmamışdır. O, həmin cihazın ona verilməsini, bundan sonra təmir etdirib istifadə etməsi üçün həmin vaxt xəstəxananın direktoru olan Təqsirləndirilən şəxs icazə istəmişdir. Bundan sonra Rauf həkim cihazı aparması üçün ona icazə vermiş və o, Dəliməmmədli şəhər sahə xəstəxanasından həmin cihazı götürmüşdür. O, həmin cihaza xərc çəkmiş, təmir etdirmiş və ardınca isə özü ilə "xxxx" sanatoriyasına gətirmişdir. O, Dəliməmmədli ASM-nin balansında olan Sysmex markalı KX-21N markalı qan analizatoru cihazının 2022-ci ilin sentyabr ayından "xxxx" sanatoriyasının laboratoriyasında istifadə olunduğunu, həmin cihazı Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs razılığından sonra Dəliməmmədli ASM-dən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ixtisasca tibb işçisi olmuş, lakin səhhətində yaranan problemlər səbəbindən bu sahədə fəaliyyət göstərməmişdir. Əlişan Səfərov oğlu kimi himayəsində böyümüşdür. Əlişan magistr təhsilli olmuş, 2024-cü ildə hərbi xidmətə getmək üçün müvafiq yoxlamalardan keçmiş və hərbi xidmət keçmək üçün Naxçıvan MR-da yerləşən N saylı hərbi hissəyə təyin olunmuşdur. Hərbi hissə uzaqda yerləşdiyi üçün o, Əlişanı Naxçıvan MR-na göndərmək istəməmiş və buna görə Əlişan üçün möhlət almağın yolları ilə maraqlanmışdır. Daha sonra o, öyrənmişdir ki, əgər Əlişan infeksion xəstəliyə yoluxsa, hərbi xidmətdən möhlət veriləcək. Buna görə də, əvvəllər tanıdığı rəfiqəsi Aynurə xanıma müraciət etmişdir. Belə ki, Aynurə ilə o, Respublika Klinik Xəstəxanasında müalicə alan zaman tanış olmuş və həmin vaxt Aynurənin bacısının ərinin Goranboy rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləməsini bilmişdir. Buna görə o, Aynurədən ona kömək etməsini xahiş etmişdir. Aynurə də Rauf həkimə zəng etmiş və sonra ona Goranboy rayonuna getməli olduğunu bildirmişdir. Bundan sonra o, Əlişanla birlikdə 16 iyul 2024-cü il tarixdə saat 09 radələrində Goranboy rayon Mərkəzi Xəstəxanasına, Rauf həkimin yanına getmişdir. O, Rauf həkimin xidməti otağının qapısını döyüb içəri boylanaraq “həkim salam, Aynurə xanım göndərən adamam” demişdir. Rauf həkim ayağa qalxıb ona tərəf gələrək “həkim hələ işə gəlməyib, dəhlizdə gözləyin” demişdir. Ardınca o və Əlişan dəhlizdə əyləşib gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Rauf həkim onu səsləyərək yanına çağırmış və sonradan adını bildiyi Xanım həkimə onu işarə edərək “dediyim adamlar bunlardır” demişdir. Bundan sonra o, Xanım həkimlə xəstəxanın birinci mərtəbəsinə enmişdir. Bu zaman Əlişanın adına karta açılmış, çek alınmış və o, Əlişanla birlikdə infeksion şöbəyə getmişdir. Orada olan zaman Əlişan, Xanım həkimə özünü pis hiss etdiyini demişdir. Daha sonra Rauf həkimin göstərişi əsasında Xanım həkim anketə Əlişanın qızılca olmasına dair qeydiyyat aparmışdır. Bundan sonra o, Əlişanın qızılca olmasına dair arayış yazdırmaq üçün poliklinika şöbəsinin tibb bacısına yaxınlaşmışdır. Həmin tibb bacısının yanına o, tək getmişdir. Lakin, tibb bacısı ondan Əlişanı çağırmağını istəmişdir. Bundan sonra, Əlişan içəri daxil olmuş və həmin qadın Əlişanın qollarına baxaraq “bu adamda qızılca yoxdur, mən arayış verə bilmərəm” demişdir. O isə tibb bacısına bu işdən direktor Rauf həkimin məlumatlı olduğunu demiş və anketi tibb bacısına uzatmışdır. Bundan sonra tibb bacısı ona ümumi şöbəyə yaxınlaşmağını bildirmişdir. Yekun olaraq ümumi şöbədə arayış hazırlanmış və Rauf həkim tərəfindən imzalanmışdır. Həmin arayışı Əlişan SHXÇDX-nin Abşeron rayon idarəsinə təqdim etdiyi üçün möhlət əldə edə bilmişdir. Əlişan artıq oktyabr ayında hərbi xidmətə getmişdir. Əlişanın Goranboy rayon Mərkəzi Xəstəxanasında olan zaman hərarəti olmamışdır, Əlişan həmin gün halsız olmamış və Rauf həkim tərəfindən müayinə olunmamışdır, rəfiqəsi Aynurəyə əvvəlcədən Əlişana qızılca arayışı lazım olduğunu demiş, Əlişan uzun illər bundan öncə qızılca xəstəliyinə yoluxmuşdur, Rauf həkim Əlişana əsassız arayış verilməsindən xəbərdar olmuşdur. O, saxta arayış əldə etmək üçün heç kimə rüşvət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ildən Goranboy rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinin müdiri vəzifəsində çalışır. 16 iyul 2024-cü il tarixdə xəstəxananın direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb bir qadın və yanında bir cavan oğlanı ona göstərmiş və həmin şəxslərə köməklik etməsini tapşırmışdır. Belə ki, həmin şəxslərə qızılca barədə arayış lazım olmuşdur. Bundan sonra həmin şəxsin adına çek götürülmüş və anket açılmışdır. Bu proseslərdən sonra həmin şəxs infeksion şöbəyə yaxınlaşmış və o, X2 adına açılmış ambulator kartaya qızılca xəstəliyinə xas göstəricilər yazmağa başlamışdır. Belə ki, həmin kartada o, temperatur yüksəlməsi, ürək tonlarının karlaşması, ağ ciyərdə sərt tənəffüs və s. bu kimi qeydlər aparmışdır. Bundan sonra həmin şəxs arayış əldə etmək üçün poliklinikanın baş tibb bacısı Şahid3 xanımın yanına getmişdir. Arayış tərtib edildikdən sonra isə direktor Rauf həkim imza və möhür ilə həmin arayışı təsdiq etmişdir. Bu proseslər 16 iyul 2024-cü il tarixdə başlamış və həmin gündə də başa çatmışdır. Həmin tarixdən sonra o, həmin şəxsləri xəstəxanda bir daha görməmişdir. Həmin şəxslər Rauf həkimin tanışları olmuş və qızılca arayışı da Rauf həkimin tapşırığı əsasında hazırlanmışdır. Belə ki o, yalnız xəstəxananın rəhbəri Rauf həkimin göstərişlərini həyata keçirmişdir. O, həmin şəxsləri əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Əlişan Səfərov 16 iyul 2024-cü il tarixində hər hansı analiz verməmiş, həkim müayinəsindən keçməmiş, yalnız xəstəxananın direktoru Rauf həkimin tapşırığı olduğu üçün Əlişana qızılca olmasına dair əsassız arayış hazırlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş XXX Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Goranboy RMX-nın Poliklinika şöbəsinin baş tibb bacısı vəzifəsində çalışır. Xidməti otağı Goranboy rayon Mərkəzi Xəstəxanasının 1-ci mərtəbəsində yerləşən 18 saylı otaqdır. İş fəaliyyəti ilə bağlı, Goranboy rayon Mərkəzi Xəstəxanası tərəfindən vətəndaşlara verilmiş arayışların qeydiyyatını o aparır. xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində xidməti otağında olan zaman yanına adını sonradan bildiyi Şahid1 və Əlişan Səfərov adlı şəxslər gəlmişlər. Həmin vaxt Gülgün, Əlişanın qızılca xəstəliyinə yoluxması ilə bağlı arayış verməsini ondan xahiş etmişdir. O, Gülgün xanımdan Əlişanın heç bir müayinədən keçmədiyi halda necə arayış ala biləcəyini soruşmuşdur. Çünki, Əlişanı qarşısında görmüş və sonuncuda qızılca xəstəliyinə dair hər hansı simptomlar olmasını, səpki, yaxud hərarət hiss etməmişdir. Buna cavab olaraq Gülgün, xəstəxananın direktoru Təqsirləndirilən şəxs bu məsələdən məlumatlı olduğunu söyləmiş və Əlişan Səfərova məxsus tibbi kartanı ona uzatmışdır. O, həmin tibbi kartaya nəzər yetirmiş və Əlişan Səfərova qızılca diaqnozunun təyin edildiyini görmüşdür. Daha sonra o, Şahid1 arayışın onun tərəfindən deyil, ümumi şöbə tərəfindən tərtib olunacağını, sonra isə arayışın onun tərəfindən qeydiyyata alınacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra, Əlişanın qızılca xəstəliyinə yoluxması barədə üzərində Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs məxsus imza və möhür olan arayış ona təqdim edilmiş və o da bundan sonra arayışı kitabda qeydə alaraq arayışa nömrə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Goranboy rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Dəliməmmədli Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində işləyir. 19 iyun 2024-cü il tarixdə səhhətində olan problemlərə görə göndəriş əsasında Bakı şəhərində X8 sol ayağından əməliyyat olunmuş və 04 iyul 2024-cü il tarixdə Dəliməmmədli şəhərinə qayıtmışdır. 05 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim nəzarəti altında müalicəsini davam etdirmişdir. 14 iyul 2024-cü il tarixdə işə çıxmış, lakin 20 iyun 2024-cü il tarixdə ona əmək müqaviləsinə xitam verilməsi haqqında xəbər verilmişdir. O isə adına xəstəlik kağızının açıldığını, bu dövrdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu bildirmişdir. Ardınca isə direktor Rauf həkim onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv etmək əvəzinə, yenidən onu işə qəbul etmək barədə əmr imzalamışdır. Beləliklə, xəstəxananın direktoru Təqsirləndirilən şəxs onu işdən qanunsuz azad etmiş, sonradan yenidən işə qəbul etmişdir. Bu xüsusatla bağlı Əmək Müfəttişliyində müvafiq araşdırma aparılmaqdadır. Bundan başqa, müdiri olduğu ASM-də qan analizi cihazı olmuşdur ki, həmin cihaz Goranboy RMX-nın direktoru Rauf həkimin göstərişi ilə 2022-ci ilin sentyabr ayında Elçin adlı həkimə verilmiş və cihaz xəstəxanadan çıxarılmışıdır. Hazırda cihazın harada olması barədə onda hər hansı məlumat yoxdur. Dəliməmmədli ASM-də istifadə olunan 4 ədəd BEKO markalı soyuducular yerindədir, hər hansı soyuducu onun tərəfindən köhnəsi ilə əvəz olunmamışdır, Goranboy RMX-nın maliyyə şöbəsi tərəfindən keçirilmiş müvafiq yoxlama zamanı ASM-də hər hansı çatışmamazlıq aşkar edilməmişdir, barəsində səslənən ittiham yalandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 573 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən onun xx.xx.2024-cü il tarixdə qızılca xəstəliyini keçirməsi inkar olunur. Əlişan Səfərovun laborator müayinəsi zamanı onda qızılca xəstəliyinə qarşı immunitetin olması, onun həmin xəstəliyi çox əvvəllər keçirməsi ilə əlaqədardır; Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Goranboy rayon Prokurorluğunun icraatında olan 183C-24 nömrəli iş materiallarında əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktla Goranboy RMX-nın istifadəsi üçün Şahid5 təhvil verilmiş KX- 21N seriyalı “Qan analizatoru” cihazının Naftalan şəhərində yerləşən "xxxx" sanatoriyasının laboratoriyasında istifadə olunması və saxlanılması müəyyən edilmişdir. Şahid5 ona ünvanlanmış suallara cavab olaraq, həmin cihazın Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs məlumatı daxilində 2022-ci ildən "xxxx" sanatoriyasının laboratoriyasında istifadə olduğunu bildirdi. Baxış zamanı "xxxx" sanatoriyasında istifadə olunan KX-21N seriya nömrəli cihazın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; “Götürmə aparılması haqqında“ 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Naftalan şəhərində yerləşən "xxxx" sanatoriyasının laboratoriyasında istifadə olunan Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazı həmin sanatoriyanın baş həkimi Şahid5 iştirakı və könüllü razılığı ilə müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Götürmə aparılarkən “Sony” markalı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; Dəliməmmədli ASM-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Dəliməmmədli ASM-in inventarı olan Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazı Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs göstərişi ilə müvəqqəti olaraq Goranboy RMX-yə istifadə üçün verilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərara əsasən Naftalan şəhərində yerləşən "xxxx" sanatoriyasının laboratoriyasında istifadə olunmuş və Goranboy rayon prokurorluğunda saxlanılan Goranboy RMX-nın Dəliməmmədli ASM-in balansında olan Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazı Goranboy RMX-nın anbarında saxlanılması üçün xəstəxananın anbardarı X3 təhvil verilmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Goranboy rayon Mərkəzi Xəstəxanası" X17 xx.xx.2024-cü il tarixli, 1669 nömrəli arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X6 “Qızılca B05.8” diaqnozu qoyulmuşdur; “TƏBİB” PHŞ-nin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Goranboy rayon Mərkəzi Xəstəxanası" X12 tabeliyində olan Dəliməmmədli ASM-nin balansında olan Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazının ilkin dəyəri 25960 manat, qalıq dəyəri xx.xx.2022-ci il tarixinə 20767,96 manat olmuşdur; “Goranboy rayon Mərkəzi Xəstəxanası" X12 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazının 2022-ci ilə olan ilkin dəyəri 25960 manat, qalıq dəyəri – 20767,96 manat olmuşdur. 2024-cü ilə olan qalıq dəyəri – 13291,48 manat təşkil edir. Hal-hazırda Goranboy RMX-nın balansında Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazından başqa daha 2 ədəd Sysmex markalı qan analizatoru cihazı mövcuddur. Lakin, göstəriciləri az olduğuna və təktək işlədiyinə görə gecə növbəsi üçün işlədilir; “Sübutların qiymətləndirilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, “Goranboy rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1669 nömrəli arayış və müvafiq qərarla "xxxx" Sağlamlıq Mərkəzi MMC-nin laboratoriyasından götürülmüş Sysmex markalı KX-21N seriya nömrəli qan analizatoru cihazı iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməməsinə, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə məqsədilə verdiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlar ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - Şahid4 ifadəsində müdiri olduğu Dəliməmmədli ASM-də qan analizi cihazı olduğunu, həmin cihazın Goranboy RMX-nın direktoru Rauf həkimin göstərişi ilə 2022-ci ilin sentyabr ayında Elçin adlı həkimə verildiyini və cihazın xəstəxanadan çıxarıldığını, hazırda həmin cihazın harada olması barədə onda hər hansı məlumatın olmadığını göstərmişdir; - Şahid5 ifadəsində Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs icazəsi ilə Dəliməmmədli ASM-nin balansında olan Sysmex markalı KX-21N markalı qan analizatoru cihazını oradan götürdüyünü və 2022-ci ilin sentyabr ayından "xxxx" sanatoriyasının laboratoriyasında onun tərəfindən istifadə olunduğunu göstərmişdir; - Şahid1 ifadəsində X1 Goranboy rayon Mərkəzi Xəstəxanasında olan zaman Rauf həkim tərəfindən müayinə olunmadığını, rəfiqəsi Aynurəyə əvvəlcədən Əlişana qızılca arayışı lazım olduğunu dediyini, Əlişanın uzun illər bundan öncə qızılca xəstəliyinə yoluxduğunu, Rauf həkimin Əlişana əsassız arayış verilməsindən xəbərdar olduğunu göstərmişdir; - Şahid2 ifadəsində X1 16 iyul 2024-cü il tarixində hər hansı analiz vermədiyini, həkim müayinəsindən keçmədiyini, yalnız xəstəxananın direktoru Rauf həkimin tapşırığı olduğu üçün Əlişana qızılca olmasına dair əsassız arayış hazırlandığını göstərmişdir; - şahid XXX Şahid3 ifadəsində X4 qızılca xəstəliyinə dair hər hansı simptomlar olmasını, səpki, yaxud hərarət hiss etmədiyini, Gülgün adlı şəxsin xəstəxananın direktoru Təqsirləndirilən şəxs bu məsələdən məlumatlı olduğunu söylədiyini, Əlişan Səfərova məxsus tibbi kartaya nəzər yetirərkən ona qızılca diaqnozunun təyin edildiyini gördüyünü və daha sonra Əlişanın qızılca xəstəliyinə yoluxması barədə üzərində Goranboy RMX-nın direktoru Təqsirləndirilən şəxs məxsus imza və möhür olan arayışın ona təqdim edildiyini və onun da həmin arayışı kitabda qeydə alaraq nömrə qoyduğunu göstərmişdir; Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 573 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən onun xx.xx.2024-cü il tarixdə qızılca xəstəliyini keçirməsi inkar olunmuş və Əlişan Səfərovun laborator müayinəsi zamanı onda qızılca xəstəliyinə qarşı immunitetin olması, onun həmin xəstəliyi çox əvvəllər keçirməsi ilə əlaqədar olmuşdur; Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, həmçinin şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı etmişdir. CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edildikdə və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Belə ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də qanunla qorunan müxtəlif dəyərlərə dəymiş digər zərərdə, ifadə oluna bilər. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələni həll edərkən zərərçəkmiş vətəndaşların sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi, xarakteri və s. nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Goranboy rayon X7 Hüquqi Şəxsinin tabeliyində olan Dəliməmmədli Ailə Sağlamlıq Mərkəzinin istifadəsinə verilmiş “Sysmex” markalı “KX-21N” seriya nömrəli qan analizatoru cihazını 08 sentyabr 2022-ci il tarixdə hər hansı əqd bağlamadan istifadə etməsi üçün daha əvvəl birgə çalışdığı və şəxsi münasibətləri olan, hazırda "xxxx" MMC-nin baş həkimi vəzifəsində işləyən Şahid5 vermiş və həmin vaxtdan sonrakı dövrdə tibb müəssisəsinin laboratoriyasına müraciət edən şəxslərə vaxtında tibbi xidmət göstərilməməsinə səbəb olmaqla, dövlətin səhiyyə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. CM-in 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edildikdə, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununa təhrif edən düzəlişlər edildikdə, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin əməllərin törədilməsi nəticəsində dövlət hakimiyyət və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, dövlət və bələdiyyə xidmətinin mənafeyinə qəsd edilir. Bu cinayətin predmetlərindən birini təşkil edən rəsmi sənədlər hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazılı aktlar başa düşülür. Rəsmi sənədlər, bir qayda olaraq, özünəməxsus rekvizitlərə (təşkilatın möhürü, ştampı, sənədin nömrəsi, tarixi) malik olur və müvafiq vəzifəli şəxs tərəfindən imzalanır. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 16 iyul 2024-cü il tarixdə baldızı X5 vasitəsilə ona müraciət etmiş 2024-cü ilin iyul çağırışı üzrə müddətli həqiqi hərbi xidmətə göndərilməli olan X1 qızılca xəstəliyinə yoluxmadığı halda, həmin xəstəliyə yoluxmasına dair saxta arayış hazırlanması barədə verdiyi müvafiq tapşırıq əsasında Goranboy rayon X7 Hüquqi Şəxsində hazırlanmış rəsmi sənəd hesab edilən xx.xx.2024-cü il tarixli 1669 nömrəli arayışa X6 “Qızılca B05.8” diaqnozu qoyulmasına dair bilə-bilə yalan məlumatlar daxil edib həmin arayışı öz imza və möhürü ilə təsdiq edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla Əlişan Səfərovun müvafiq çağırış üzrə vaxtında müddətli həqiqi hərbi xidmətə göndərilməməsinə səbəb olaraq dövlətin səfərbərlik və hərbi xidmətə çağırış, həmçinin səhiyyə sahələrində qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə saxtakarlığı etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 308.1 və 313cü maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 – 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qsimində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: -yaşayış və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyəti başçısının Qaşaltı-Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halın olması, ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 308.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən (iki gün islah işləri bir gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə) müəyyən müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, CM-in 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Qanunun tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi həm əsas, həm də əlavə cəzaların təyin edilməsinə aiddir. Əlavə cəzalar müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin, əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəza cərimə cəzası ilə birlikdə universal cəza olmaqla həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə CM-in müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 23-cü bəndində göstərilmişdir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxarılarkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Məhkəmə, qanunvericiliyin tələblərini, həmçinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, şəxsiyyətini, onun tərəfindən gələcəkdə də eyni xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs barəsində CM-in 46.2-ci maddəsini tətbiq etməklə ona dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Bələlklə, məhkəmə belə hesab edir ki, CM-in 46.2 və 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, müəyyən müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: -yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; -məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; -müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, həmin cəzaları qismən toplamaq yolu ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli (CM-in 66.2, 68.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan “Goranboy rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1669 nömrəli arayışın cinayət işinin materiallarına əlavə edilməsi, “Sysmex” markalı “KX-21N” seriya nömrəli qan analizatoru cihazı isə “Goranboy rayon Mərkəzi Xəstəxanası" X15 təhvil verilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etməsinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə hər iş saatına 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə işlah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) 6 (altı) ay müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən (iki gün islah işləri bir gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə) 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2 və 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 2 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naftalan şəhəri və Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habələ cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naftalan Şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar olan “Goranboy rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1669 nömrəli arayışın cinayət işinin materiallarına əlavə edilməsi və “Sysmex” markalı “KX-21N” seriya nömrəli qan analizatoru cihazı isə “Goranboy rayon Mərkəzi Xəstəxanası" X15 təhvil verilməsi nəzərə alınsın. Vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-10/2025
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-10/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver