Azərbaycan Respublikası adından HÖKM Goranboy rayonu İş № 1(045)-11/2024 11.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Goranboy rayonu, Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmamış, Goranboy rayonu, Hazırəhmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1982-ci ildə Goranboy rayonu Göynüyən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmamış, Goranboy rayonu Göynüyən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 15 sentyabr 2023-cü il tarixdə saat 01:30 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Goranboy rayonu Hazırəhmədli kənd sakini Yusibov Mūzaqil Fərhad oğluna məxsus olan həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq sonuncuya məxsus olan bir baş erkək cinsli dananı gizli talayib ələ keçirməklə zərərçəkmiş şəxsə 1000 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 15 sentyabr 2023-cü il tarixdə saat 01:30 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs məxsus olan həyətdə yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq sonuncuya məxsus olan bir baş erkək cinsli dananı gizli talayib ələ keçirməklə zərərçəkmiş şəxsə 1000 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, yaşadığı Hazırəhmədli kəndində su artezian quyusuna nəzarət edir. Yəni suyun kənd sakinlərinə paylanmasına və pulunun yığılmasına nəzarət edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, qonşudurlar, onunla münasibətləri əvvəllər yaxşı olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Lakin təxminən 10-15 gün əvvəl arteziana görə Müzaqillə aralanında narazılıq yaranmışdır. Belə ki, o, su üçün yığdığı pulu guya ödəməməyi ilə bağlı aralarında narazılıq yaranmışdır. Bundan sonra Müzaqilin heyvanını, yəni həyətində saxladığı danasını oğurlayıb, ona ziyan vurmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə kəndlərində suçu işləyən, Goranboy rayonu Göynüyən kəndindən olan Altay adlı şəxslə gündüz saatlarında görüşüb, Natiq adlı şəxsin çayxanasında çay içən zaman Altaya qonşusu Müzaqilin danasını birlikdə oğurlamağı təklif etmişdir. Əvvəlcə Altay onunla razılaşmasa da, lakin sonradan Altay onunla razılaşmışdır. Gecə saatlarında gedib Müzaqilin danasını oğurlamaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək o, Altaya zəng edərək avtomaşınla gəlidiyini, bayıra çıxmasını, onu götürüb, dananı oğurlamağa getmələrini demişdir. Təxminən saat 01:30 radələrində gedib Altayı götürmüş və özünə məxsus olan “VAZ-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Müzaqilin evi tərəfə getmişlər. O, avtomobili kəndin kənarında saxlamış, Altaya demişdir ki, avtomaşında onu gözləsin, o gedib Müzaqilin danasını oğurlayıb gətirəcəkdir. O, Müzaqilin məhləsinin ayaq tərəfindən keçib, məhlədən tövləyə yaxınlaşmış, tövlənin çöl qapısı tor məftildən olmuş, örtülü olsa da, qıfıl olmamışdır. Tövlənin taxtadan olan qapısı isə açıq vəziyyətdə olmuşdur. O, tövləyə girmiş, orada üç baş iri buynuzlu heyvan olmasını görmüşdür. Bir baş inək, inəyin balası və başqa bir erkək dana olmasını görmüşdür. O, ala dananı, yəni inəyin balasını deyil, digər erkək dananın boğazına bağlanmış kəndiri, oradan tapdığı şüşə ilə kəndirin ortasından kəsmiş, kəndirdən tutub dananı çəkib tövlədən çıxartmış və gəldiyi yerlə, məhlə ilə dananı çəkib aparmışdır. Çəpərin yıxılmış tor məftilindən keçirib avtomobilinə tərəf aparmış, dananı aparan zaman, yəni Müzaqilin məhləsindən çıxartdıqdan sonra Altayın qarşısına gələrək dananın arxasından vurub aparıb avtomobilin arxa salonuna mindirmişlər. Həmin dananın təxminən 50 kq əti olduğunu, diri çəkisinin isə 100 kq olmasını bildirmişdir. Dananı avtomaşına mindirdikdən sonra o, sükan arxasında əyləşmiş, Altay isə onun sağ tərəfində əyləşmiş və avtomobili sürüb Bərdə şəhərinə mal bazarına getmişlər. Təxminən saat 03:30 radələrində Bərdə rayon mal bazarına çatmışlar. Altay avtomaşının yanında gözləmiş, o isə dananı bazara aparmış, təxminən bir saat mal bazarında gözləmiş, müştəri tapa bilməmişdir. O, dananı 750 manata satmaq istədiyini, ancaq alan olmadığını, sonra bir nəfər qarayanız adını bilmədiyi şəxs ona yaxınlaşıb dananı almaq istədiyini bildirdikdə o, dananı 650 manata satdığını bildirmişdir. Həmin adam dananı 620 manata almaq istədiyini dedikdə onunla razılaşmış və dananı 620 manata həmin adama satmışdır. Qayıdıb avtomobilin yanına gəlmiş və avtomobillə yaşadıqları kəndə qayıtmışlar. Yolda pulu bölmüşlər, yəni 300 manat özünə götürmüş, 300 manat isə Altaya vermişdir. 20 manata isə avtomaşına benzin tökmüşdür. O, payına düşən pulun 100 manatını yeyib-içməyə xərcləmiş, 200 manatı isə evlərində saxlamışdır. O, bundan başqa heç yerdən nə əvvəllər, nə də son vaxtlar heç bir oğurluq etməmişdir. Yekunda Təqsirləndirilən şəxs1 əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, su suvarmaqla məşğul olur, yaşadığı Göynüyən və Hazırəhmədli kəndində suvarma ilə məşğul olur, yəni camaatın sahələrini suvarır. Goranboy rayonu Hazırəhmədli kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Goranboy rayonu Hazırəhmədli kəndində Natiq adlı şəxsin çayxanasında Xəyalla oturub çay içən zaman Xəyal ona qonşusu Müzaqilin bir baş danasını oğurlamaq istədiyini və ona kömək etməsini təklif etmişdir. O, əvvəlcə Xəyala razılıq verməmiş, lakin sonradan Xəyal təkidlə xahiş etdiyinə görə onunla razılaşmışdır. Bundan sonra o çıxıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə evində olan zaman təxminən saat 01 radələrində Xəyal onun istifadə etdiyi ***-***- **-** nömrəsinə zəng edərək Müzaqilin danasını oğurlamağa getməyi bildirmişdir. Xəyal ona avtomaşını ilə gəlib, onu kəndin yuxarı tərəfində gözlədiyini bildirmişdir. O, evdən çıxıb Xəyalın yanına getmiş və Xəyala bəlkə lazım deyil demiş, Xəyal isə ona narahat olmamasını, gedib dananı özü çıxaracağını, ona sadəcə kənardan baxmasını, kimsənin gəlib-gəlməməsini izləməsini demişdir. Daha sonra Xəyalın “VAZ-2106” markalı avtomaşını ilə getmişlər və Xəyal avtomaşını Hazırəhmədli və Göynüyən kəndlərinin arasında zibillik deyilən yerdə saxlamış, o, avtomaşında gözləmiş, Xəyal avtomaşından düşüb Müzaqilin danasını oğurlayıb gətirməyə getmişdir. Xəyal getdikdən təxminən 40 dəqiqə sonra qayıdıb gəlmiş, o görmüşdür ki, Xəyal bir baş erkək ala dananın kəndirindən tutub gətirir. O kömək etmiş, dananı avtomobilin arxa salonuna mindirmişlər. Xəyal avtomobili idarə etmiş, o isə yanında əyləşmiş, dananı Bərdə rayonuna, mal-qara bazarına aparmışlar. Avtomaşını bazarın kənarında saxlamışlar. Xəyal dananı bazara aparmış, o isə avtomaşında gözləmişdir. Onlar Bərdə mal bazarına çatanda təxminən saat 03 radələri olmuşdur. Xəyal dananı apardıqdan təxminən 30 dəqiqə sonra qayıdıb gəlmiş və dananı satdığını demişdir. Sonra avtomaşına oturub qayıdarkən yolda Xəyal cibindən çıxardıb ona 300 manat pul verib, dananı 600 manata satdığını bildirmişdir. Bundan sonra Xəyal avtomaşını Goranboy rayonu Dəliməmmədli şəhərinə sürmüş və orada yeməkxanada yemək yemişlər, yeməyin pulunu da Xəyal vermişdir. Sonra isə Xəyal onu aparıb evinə düşürmüşdür. O, bundan başqa heç yerdən nə əvvəllər, nə də son vaxtlar heç bir oğurluq etməmişdir. Yekunda Təqsirləndirilən şəxs2 əməllərindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, öz şəxsi təsərrüfatında iri buynuzlu mal-qara, yəni bir baş inək, inəyin balası və bir baş erkək dana saxlayır. Həmin mal-qaranı həyətindəki tövlədə saxlayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında mal-qaranı tövləyə bağlamış və həmin gecə evində yatmışdır. Sabahı gün xx.xx.2023-cü il tarixdə saat 07 radələrində heyvanlarına baxmağa getdikdə, bir illik, ala, erkək dananın bağladığı yerdə olmadığını, dananı bağladığı kəndiri ortadan kəsib, dananı oğurladıqlarını görmüşdür. Həmin dananın diri çəkisi 180 kq, ətinin çəkisi isə 90 kq olardı. Dananın hazırkı bazar qiyməti ilə dəyəri 1000 manat olmuşdur. O, ətrafa baxmış və dananın kəndiri kəsildiyinə görə dananın oğurlamasını başa düşmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları onun həyətinə gəlib baxış keçirmişlər. O, dananın kim tərəfindən oğurlanmasını həmin vaxt bilməmiş, lakin sonradan bir baş danasının qonşusu Təqsirləndirilən şəxs1 və Göynüyən kənd sakini Altay tərəfindən oğurlandığını bilmişdir. Yekunda təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. İttiham aktının siyahısında şahid qisimndə göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olsa da məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən məlum oldu ki, o, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 sentyabr 2023-cü il tarixdə saat 07-08 radələrində Goranboy rayonu Hazırəhmədli kənd sakini Zərərçəkmiş şəxs həyətindəki tövləsindən 1000 manat dəyərində bir baş danasının oğurlanması barədə DİN-nin 102 Xidməti Zəng Mərkəzinə etmiş olduğu müraciət əsasında dərhal əməliyyat qrupunun tərkibində həmin ünvana getmişlər. Hadisə yerinə baxış keçirilmiş və digər əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Aparılan əməliyyat tədbirləri zamanı, yollarda, obyektlərdə olan kameraların görüntülərinə baxılan zaman həmin gecə qeyd olunan ünvandan Bərdə rayonu istiqamətində şübhəli olaraq “VAZ-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olması müəyyən edilmişdir. Eyni zamanda həmin avtomobilin Goranboy rayonu Hazırəhmədli kənd sakini, Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirləri həyata keçirilən zaman onun xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində rayonun Göynüyən kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qonşusu Zərərçəkmiş şəxs tövləsindən bir baş erkək dananı oğurlamaları və Təqsirləndirilən şəxs1 məxsus “VAZ-2106” markalı, **-CC-*** nömrəli avtomobilin salonuna qoyaraq Bərdə rayonuna mal-qara bazarına aparıb satmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Goranboy RPŞ-yə dəvət edilərək dindirilən zaman Zərərçəkmiş şəxs məxsus bir baş dananı oğurlamalarını etiraf etmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun kənddə nəzarət etdiyi su artezian quyusuna görə kənd sakinlərindən yığmış olduğu pulu ödəmədiyi üçün ondan şikayət edəcəyi barədə kənd sakinlərinin yanında danışdığı üçün acıqla ondan qisas almaqdan ötrü bir baş danasını oğurladığını bildirmişdir. Bundan sonra toplanmış material Goranboy RPŞ-nin İB-yə verilmiş və onların barəsində cinayət işi başlanmışdır. Aparılan əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları bir baş dananı satmış olduqları şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Hazırəhmədli kəndində yaşayan Yusibov Fərhad oğluna məxsus həyətaynı sahədə yerləşən tövlədir. Zərərçəkmiş şəxs həyətyanı sahəsi Hazırəhmədli kəndinin yerləşən hissəsində kəndin kənarında yerləşir. Həyətə girişdə qapı yoxdur, yol bir başa həyətə gedir. Həyətə girişdə ön hissədə bir mərtəbəli mişar daşı ilə inşa olunmuş yaşayış evi girişdə sağ tərəfdə çiy ipəkdən inşa edilmiş tövlə yerləşir, tövlənin hündürlüyü 2,5 metr, uzunluğu isə 6 metr, eni isə 4 metrədir. Tövləyə giriş taxta qapıdandır, qapının üzətində qıfıl yoxdur, tövlənin heç bir pəncərəsi yoxdur, tövləyə girişdə tövlənin ortasında taxtadan heyvanların bağlanması üçün dirək arakəsmə quraşdırılmış, mişar daşları yığılmışdır, tövlənin sol künc hissəsində taxtadan axur düzəldilmişdir. Zərərçəkmiş şəxs bir baş danasının axurun yanında kəndirlə bağlı olduğunu və naməlum şəxs və ya şəxslər tərəfindən kəndir ortadan kəsilərək bir baş dananın oğurlandığını bildirmişdir. Həmin yerdə kəsilmiş vəziyyətdə olan 30 sm dirəyə bağlanmış kəndir olması aşkar edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq həmin tarixdə saat 15:00-dan məhdudlaşdırılmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq həmin tarixdə saat 17:00-dan məhdudlaşdırılmışdır; “Təqsirləndirilən şəxsin barısində qətimkan tədbirinin seçilməsi və MSY-dən həbsdən azad edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və Goranboy RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; ““Təqsirləndirilən şəxsin barısində qətimkan tədbirinin seçilməsi və MSY-dən həbsdən azad edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və Goranboy RPŞ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır; Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlar barışmışlar və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmçinin, həmin Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1 və 177.2.3 maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndiliyi tərəfindən verilmiş xx.xx.2023-cü i il tarixli xasiyyətnamə); İş üzrə Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3),cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamə); - himayəsində üçü azyaşlı olmaqla, altı yetkinlik yaşına çatmayan övladının olmasını (əsas: iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətləri) İş üzrə Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (xx.xx.2023-xx.xx.2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmələrinə görə vəsait dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə hər birinə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ve 177 2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habələ cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdınıdığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 9 (doqquz) iş saatına görə hər birinə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №1(045)-11/2024
Goranboy Rayon Məhkəməsi Hökm — İş №1(045)-11/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver